Diaspor quruculuğu, lobbiçilik və
dünya azərbaycanlılarının həmrəyliyi
HEYDƏR ƏLİYEVİN adı ilə
bağlıdır
Əvvəli
ötən saylarımızda
Təsadüfi
deyildir ki, cənab İlham Əliyev 2004, 2006 və 2008-ci illərdə
diplomatlarımızla keçirdiyi
görüşlərdə diaspor və lobbi quruculuğu işinin keyfiyyətcə yeni
dövrün tələbləri səviyyəsində
qurulmasını strateji hədəflərdən
biri kimi müəyyənləşdirmişdir: "Xaricdə yaşayan
azərbaycanlılar bu və digər məsələlərdə
səfirliklərə öz köməyini
göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan
diasporunun nümayəndələri ilə
görüşlər keçirmişəm. Biz,
bir tərəfdən, onları
qorumalıyıq, müdafiə etməliyik.
Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil
olunsunlar. Həm icra
orqanlarında, həm qanunvericilik
orqanlarında, həm də biznes sahəsində
onların mövqeləri daha da güclənsin. Yəni, bu,
bizim vəzifəmizdir. Eyni
zamanda, onlar da öz doğma
vətənlərinə xidmət etməli, kömək
göstərməlidirlər. Ona görə də səfirliklər Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsi
ilə sıx əlaqədə olmalıdırlar və xaricdə
yaşayan soydaşlarımızla işlər
daha yüksək səviyyədə
qurulmalıdır. Mən bilirəm ki,
bu iş bir çox ölkədə
gedir. Səfirliklər bu
baxımdan işləyirlər. Mən bunu
bilirəm. Amma, əlbəttə, istərdik
ki, bunun böyük nəticəsi, səmərəsi
olsun". Hazırda dünyada
elə diasporlar var ki, hələ öz
dövləti yaranmamışdan xeyli qabaq formalaşmış, təşkilatlanmışdır.
Onlar bu gün də fəaliyyət göstərdiyi
ölkələrin ictimai-siyasi həyatına
fəal təsir imkanlarına malikdirlər. Məsələn, bu
gün İsrail
dövləti məhz güclü yəhudi
lobbisinin və diasporunun
mütəşəkkil fəaliyyəti ilə dünya miqyasında öncül
mövqe tutur. Beynəlxalq
aləmdə məşhurlaşmış "Soxnut" yəhudi təşkilatının illik büdcəsi 600 milyon
ABŞ dollarına yaxındır və bu
qurum İsrailə külli
miqdarda yardım edir.
Azərbaycan Prezidenti diaspor
quruculuğu sahəsində qabaqcıl
dövlətlərin təcrübə və köməyindən
istifadəni də zəruri sayır.
Eyni zamanda, müxtəlif
ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin
gücləndirilməsini, çevikliyinin
artırılmasını, bu təşkilatların
vahid mərkəz ətrafında birləşdirilməsini
strateji məqsədlərdən biri kimi önə çəkir.
Diaspor quruculuğu sahəsində həyata
keçirilən ardıcıl işlər nəticəsində
Amerika, Avropa, Asiya və Şimali Afrikanın
ayrı-ayrı ölkələrində 100-dən çox yeni azərbaycanlı
icması yaradılmış, bununla da, xaricdəki soydaşlarımızı birləşdirən
qurumların sayı 400-ü ötmüşdür.
Hazırda bir ölkə daxilində fəaliyyət
göstərən ayrı-ayrı icma və
qurumların tədricən vahid mərkəzdə
birləşməsi prosesi
başlanmışdır. Ukrayna (1997-ci il) və Rusiyanın
(2000-ci il) ardınca, 2004-cü ilin mayında 18 icma və
təşkilatı birləşdirən Türkiyə Azərbaycan
Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmiş, 2005-ci ilin
aprelində isə Kanadada Azərbaycan Təşkilatları
Federasiyası yaradılmışdır. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları
Konqresinin (AAK) təsis
edilməsi isə soydaşlarımızın artıq qitə
miqyasında təşkilatlanmağa
başladıqlarını nümayiş etdirmişdir. AAK-nın
Nizamnaməsində regionda məskunlaşmış
azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini
qorumaq, insan hüquq və azadlıqlarının
qorunmasının həyata keçirilməsi Konqresin
əsas vəzifələri kimi təsbit edilmişdir. Ötən beş
il ərzində AAK Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması, soydaşlarımız arasında birliyin və həmrəyliyin təmin
olunması, milli-mənəvi dəyərlərimizin
qorunması, mədəni irsimizin təbliği
ilə bağlı bir sıra layihələr
həyata keçirə bilmişdir. Bu gün AAK-da
təmsil olunan diaspor
təşkilatlarının sayı 65-ə çatmış,
qurumun dəstəyi ilə Avropanın bir çox ölkələrində
yeni diaspor təşkilatları
yaradılmışdır. AAK-nın yaradılması Avropa ölkələrində yaşayan
azərbaycanlıların təşkilatlanması prosesini daha da sürətləndirmiş, diaspor
təşkilatlarının fəaliyyətini keyfiyyətcə
yeni müstəviyə
çıxarmışdır. Azərbaycan həqiqətlərinin
Avropa ictimaiyyətinə
çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının
müdafiəsi, cəmiyyətə inteqrasiyası, milli-mənəvi
dəyərlərimizin qorunub
saxlanılması, mədəni irsimizin təbliği
sahəsində daha genişmiqyaslı
işlərin aparılmasına imkan
yaradılmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral
2006-cı il tarixli sərəncamı
ilə 2006-cı il martın 16-da Bakı
şəhərində Dünya Azərbaycanlılarının
II qurultayının keçirilməsi diaspor
quruculuğu işinə yeni
nəfəs verməklə, ötən 6 ilin
ən əlamətdar hadisələrindən biri kimi yadda
qalmışdır. Dünya Azərbaycanlılarının II qurultayının
keçirilməsində məqsəd hesabat
dövründə diaspor quruculuğu
istiqamətində görülmüş
işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi
bəzi problemləri, yaşadıqları ölkələrin
iç siyasətinə
təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha
geniş əlaqələrinin
qurulmasına xidmət edən tədbirlərin
hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 2006-cı il
martın 16-da keçirilmiş qurultayda Azərbaycan diasporunun
hazırkı vəziyyəti müzakirə edilmiş,
bu sahədə çalışan təşkilatların
fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi qərara
alınmışdır. Həmçinin ölkə
həqiqətlərinin, xalqımıza qarşı törədilmiş
terror və soyqırımı aktları
ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə
çatdırılmasının daha müasir metodlarının hazırlanması,
digər xalqların diaspor təşkilatları
ilə əlaqələrin gücləndirilməsi məsələləri
xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa
çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun
fəaliyyət konsepsiyasının hazırlanması barədə
qərarın qəbul edilməsi, dünya
azərbaycanlılarına müraciətin, habelə Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı
xüsusi bəyanatın, işğal
olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə
bağlı beynəlxalq təşkilatlara müraciətlərin
və digər sənədlərin qəbulu istər təbliğatı,
istərsə də səmərəli əks-hücumun təşkili
baxımından böyük əhəmiyyətə
malikdir. Hazırda Azərbaycan
inkişafının elə yüksək mərhələsindədir
ki, respublikamızın bütün
həyati əhəmiyyətli sahələrdə
qazandığı böyük uğurlar beynəlxalq səviyyədə geniş təbliğ olunmalıdır. Prezident İlham
Əliyevin qurultaydakı proqram xarakterli, dərin məzmunlu nitqi
də məhz diaspor quruculuğu
sahəsində perspektiv fəaliyyət
prioritetlərinin müəyyənləşdirilməsi
baxımından son dərəcə maraq doğurur. Dövlət başçısı bütün
sahələrdə yüksək dinamizmlə inkişaf
edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini,
respublikamız haqqında tam obyektiv, dolğun
informasiyaların dünya ictimaiyyətinə
çatdırılmasını milli diaspor təşkilatları qarşısında
vacib məsələ kimi
qaldırmışdır. Son illər Cənubi Qafqazda həyata
keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi
qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ
çox iş
görülməli, erməni lobbisinin,
bütövlükdə isə antiazərbaycançı
şəbəkənin respublikamızaqarşı
apardığı əks-təbliğatın
qarşısı daha müasir,
səmərəli vasitələrlə alınmalıdır.
Dövlət başçısı, Azərbaycan Prezidenti İlham
Əliyev Dünya
Azərbaycanlılarının II qurultayındakı
çıxışında respublikamız haqqında məlumat
qıtlığının tamamilə aradan
qaldırılması vacibliyini bəyan etmişdir: "Azərbaycanın
addımları bütün sahələrdə,
o cümlədən xarici
siyasətdə müsbət nəticələrini verməkdədir...
Əfsuslar olsun ki, Azərbaycan
həqiqətləri dünya ictimaiyyəti
tərəfindən o qədər də
yaxşı dərk edilmir. Məlumat qıtlığı var,
bəzi hallarda informasiya
blokadası ilə də üzləşirik. Çünki
bizim əleyhimizə dünyanın erməni
lobbisi fəaliyyət göstərir və
hər vəchlə çalışır ki,
Azərbaycanı ləkələsin, Azərbaycanda gedən
proseslərə mənfi don geyindirsin və beləliklə, Azərbaycanı
təcrid edilmiş vəziyyətə
salsın". Prezident İlham
Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının
maraq və mənafeyinin qorunmasını
dövlətin başlıca vəzifəsi hesab
edir. Rusiyada miqrantlara qarşı münasibətin
kəskin dəyişməsi ilə əlaqədar olaraq 3 il öncə Moskvada ticarətlə məşğul olan azərbaycanlıların üzləşdiyi
problemlərin aradan qaldırılması üçün xüsusi
dövlət komissiyası yaradan, çevik tədbirlər həyata keçirən
cənab İlham Əliyev milli
diasporumuzun etibarlı hamisi olduğunu təsdiqləmişdir.
Bu addımı ilə ölkə
başçısı Azərbaycan dövlətinin heç bir vətəndaşının
taleyinə biganə olmadığını, onlara
daim sahib
çıxacağını bildirmişdir.
Cənab İlham Əliyevin diasporumuzun tanınmış nümayəndələrini
mühüm dövlət
mükafatları, fəxri adlarla təltif
etməsi də onun qayğıkeş rəhbər
olmasından irəli gəlir. Dövlət
başçısı ,Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev diaspor quruculuğu baxımından ümumtürk
birliyinin möhkəmləndirilməsi xəttini
də xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək,
təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli
dövlətləri ilə münasibətləri
gücləndirmək xəttinə üstünlük
verir. Prezident türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə,
mental
xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi
təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. 2007-ci ilin
mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I Forumunun
keçirilməsi də iki qardaş və dost ölkənin
xaricdəki diaspor təşkilatları
qarşısında duran strateji
vəzifələri müzakirə etmək, bu
sahədə fəaliyyətin səmərəli
koordinasiyasına nail olmaq
məqsədi daşımışdır. Qurultayda Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının daha sıx əməkdaşlıq etməsini,
bədnam erməni lobbisinə qarşı fəal mübarizə
aparmasını nəzərdə tutan bir sıra razılaşmalar, bəyanatlar qəbul
olunmuşdur.
2009-cu ilin oktyabrında Bakı şəhərində
Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci
sammitinin keçirilməsi ümumtürk birliyinin
möhkəmləndirilməsi istiqamətində həyata
keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. İlk
dəfə 2006-cı ildə türkdilli
ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli
Ölkələrin Parlament
Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq
mədəni irsə, dinə, dilə malik
olan dövlətləri bir
araya gətirdiyi üçün
assambleya böyük rol oynayır. Sammit iştirakçılarının ümumi
fikri bundan ibarət olmuşdur ki, türkdilli dövlətlərin yerləşdikləri
bölgələrin dünya siyasətində
və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün
üzvləri arasında sıx birliyi, əməkdaşlığı
zəruri edir. Türkdilli Ölkələrin
Parlament Assambleyası parlamentlərarası
ünsiyyətin demokratik forumu
kimi təşəkkül tapacaq,
bölgələrin əmin-amanlıq və inkişaf
ərazilərinə çevrilməsi məqsədi ilə
müxtəlif təşəbbüslərin irəli
sürülməsinə və həyata keçirilməsinə
əlverişli şərait yaradacaqdır. Türkdilli
ölkələrin dövlət
başçılarının oktyabrda
Naxçıvanda keçirilmiş IX zirvə
görüşü Türkiyə, Azərbaycan,
Qazaxısan və Türkmənistan arasında münasibətlərin
keyfiyyətcə yeni mərhələdə
intensiv inkişafı, ümumi
səylərin vahid məqsədlər
naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə
yadda qalan zirvə
toplantısında türk dövlətləri
arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin
yaradılmasının vacibliyini önə
çəkmişlər. Eyni zamanda, türkdilli dövlət
başçıları ildə iki dəfə
- rəsmi və qeyri-rəsmi görüşmək barədə
razılığa gəlmişlər. Rəsmi
imzalanmış Naxçıvan bəyannaməsinə görə
isə yaxın perspektivdə Türkdilli
Ölkələrin Əməkdaşlıq
Şurasının yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev
zirvə toplantısındakı dərin məzmunlu
çıxışında türkdilli
dövlətlərin birliyini zəruri edən
amilləri bir daha diqqətə
çəkmişdir: "Biz bilirik ki, beynəlxalq
müstəvidə öz mövqeyini
müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən
məsələlərdə vahid
mövqedən çıxış etsək və bu birliyi mütəmadi
işlərlə möhkəmləndirsək, bizim
beynəlxalq mövqelərimiz daha da güclü
olacaqdır. Çünki türkdilli
ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər,
neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü
iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları
biz əgər bir yerə
toplasaq və bir yerdə
cəmləşdirsək, türkdilli
ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir.
Bu gücə çevrilmək üçün biz səmərəli
işləməliyik. Bu, bizim
əlimizdədir, bizim iradəmizdən
asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində
daha da güclənir".
Müasir dövrdə diaspor
quruculuğunun konkret zamanla məhdudlaşmayan, daim
fəallıq və zəhmət tələb edən
uzunmüddətli proses olduğunu
xüsusi vurğulamağa
ehtiyac yoxdur. Reallıq göstərir ki,
xaricdəki Azərbaycan diasporunun
imkanlarından geniş istifadə
olunması, ölkə həyatının müxtəlif sahələrində
meydana çıxan problemlərin həllində
onun fəal iştirakının gerçəkləşdirilməsi
yolunda hələ çox
işlər görülməlidir.
Prezident İlham Əliyevin bu
sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü
və prinsipial siyasət aparması deməyə
əsas verir
və möhtərəm Prezidentin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə Azərbaycan
xalqına təbrikində deyir ki,
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
31 Dekabr
– Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ərəfəsində
Sizi ürəkdən salamlayır, hər
birinizə ən xoş arzularımı
çatdırıram.
Mənəvi birliyimizin rəmzinə çevrilmiş
bu bayram
soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik
duyğularını təcəssüm etdirir.
Dünya azərbaycanlılarının həmrəyliyi
hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də
daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda
və konkret nəticələrdə
göstərir. Azərbaycanlılar arasında həmrəyliyin
daha da möhkəmlənməsi
və diaspor qurumlarının təsirli
qüvvəyə çevrilməsi prosesi
uğurla davam edir. Son illərdə xarici ölkələrdə yaşayan
soydaşlarımızın hüquqlarının təminatı,
Azərbaycan haqqında obyektiv məlumatların
yayılması və dövlət maraqlarının
qorunması sahəsində diaspor təşkilatlarının
rolu xeyli
artmışdır. Dövlətimiz diaspor
təşkilatlarına bu istiqamətdə
indiyə qədər verdiyi dəstəyi
bundan sonra da davam etdirəcəkdir.
Azərbaycan
Respublikasında ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs
əsasında həyata keçirdiyimiz
ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi
dəyişikliklərə gətirib çıxarmış,
ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Fərəhləndirici haldır ki, bu ilin
əvvəlində biz “Azərspace-1” milli peykini orbitə
çıxararaq dünyanın kosmik
dövlətləri sırasına qoşulduq.
Bu günlərdə isə Bakıda
Avropanın aparıcı neft-qaz şirkətləri
ilə imzalanmış “Şahdəniz -2” enerji
sazişi Azərbaycanın uzunmüddətli
və dayanıqlı tərəqqisi yolunda
aydın üfüqlər açır. Haqlı olaraq XXI əsrin müqaviləsi
adlandırılan bu möhtəşəm
layihə 1994-cü ildə imzalanmış “Əsrin
kontraktı” kimi Avropanın enerji təminatı xəritəsində əsaslı
dəyişiklik edəcək və dövlətimizin beynəlxalq
rolunu daha da gücləndirəcəkdir.
Azərbaycanda son
on ildə sosial-iqtisadi
sahədə baş vermiş
güclü sıçrayış cəmiyyət
həyatının bütün sahələrinə
müsbət təsir göstərmiş, ictimai-siyasi
proseslərin sağlam məcraya yönəlməsini
şərtləndirmişdir. Respublikamız demokratiya
yolu ilə inamla
addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin
inkişafına geniş şərait
yaradılır. Bu il keçirilmiş Prezident
seçkiləri göstərdi ki, Azərbaycanda
siyasi mədəniyyətin səviyyəsi
yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə
söykənir.
Hazırda Azərbaycan
bölgədə həm də beynəlxalq iqtisadi,
siyasi, humanitar tədbirlərin
və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm
məkanı kimi tanınır. Azərbaycanın
iki il ərzində
BMT Təhlükəsizlik Şurasında təmsil olunması
isə dövlətimizin nüfuzuna və
yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür.
Uğurlarımızla
bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi
təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün
bərpası kimi taleyüklü
vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün
qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları
da bu işə öz dəstəklərini verməlidirlər.
Bir reallığı da
qeyd etməliyəm ki,
müasir dünyada yaşanan qlobal proseslər
müsbət meyillərlə yanaşı, ölkələrin
milli inkişafına, xalqların milli-mənəvi
dəyərlərinin qorunmasına bir çox problemlər də yaradır. Belə
şəraitdə dünya ölkələrində
yaşayan həmvətənlərimizin həmrəyliyi
güclənməli, diaspor
qurumlarının fəaliyyəti daha
mütəşəkkil və çevik
olmalıdır. Birliyimizin və həmrəyliyimizin
əsasında dayanan müstəqil Azərbaycan
Respublikasının qorunması və inkişaf
etdirilməsi, dünya birliyində
mövqelərinin möhkəmləndirilməsi hər birimizdən
xüsusi səy tələb edir. Biz hamılıqla milli mənafelərimizin
müdafiəsi, soydaşlarımızın hüquq
və azadlıqlarının təmin olunması, dövlətimizin
tərəqqisi və beynəlxalq nüfuzunun
artırılması naminə azərbaycançılıq
ideyası ətrafında daha sıx birləşməliyik.
Bu bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıram! Məlumatı "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Rusiya və Azərbaycan jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov göndərib.
MURMANSK-MOSKVA-BAKI-MASALLI-MURMANSK.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 7 fevral.-
S.15.