Azərbaycan diasporunun
mövcud
problemləri və onların həlli yolları
XX əsrin 90-ci illərində Azərbaycan
tarixində ikinci dəfə öz
müstəqilliyini əldə etdikdən sonra dövlətin
qarşısında bir sıra mühüm vəzifələr
dayanırdı.. Ölkədə
siyasi və iqtisadi inkişafa nail olmaqla yanaşı, xaricdə
yaşayan azərbaycanlıların təşkilatlanması,
onların ölkəmizin ümumi maraqlarının müdafiəsi
işinə cəlb edilməsi də görülməsi vacib
olan işlərdən idi. Müstəqilliyin ilk illərində
qeyd edilən istiqamətlərdə istənilən səviyyədə
iş görülməsə də, lakin 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra digər sahələrdə
olduğu kimi, diaspor quruculuğu işində də əsaslı
dönüş baş verdi. Qısa zaman ərzində diaspor
quruculuğu, bu sahənin inkişaf etdirilməsi Azərbaycan
Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi.
2001-ci il, may ayının 23-də ümummilli
lider Heydər Əliyevin imzaladığı “Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsi haqqında” sərəncamı ilə
diaspor quruculuğu işinin təməli qoyuldu. Həmin ilin noyabr ayının 9-10-da
Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı
keçirildi. Təsadüfi deyil ki, həmin gün Azərbaycan
tarixinə böyük bir prosesin başlanğıcı kimi
daxil oldu. Qurultayda çıxışı zamanı
ümummilli lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların
bir araya gəlməsini belə xarakterizə etmişdi:
“Dünya Azərbaycanlılarının I Qurultayı müstəqil
Azərbaycanın həyatında, bütün dünya azərbaycanlılarının
həyatında tarixi hadisədir. Bütün dünyaya səpələnmiş
azərbaycanlıların birliyi, həmrəyliyi indi həm
bizim üçün, müstəqil Azərbaycan dövləti
üçün, həm də dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlılar
üçün xüsusi əhəmiyyət kəsb edir”
Əgər Dünya
Azərbaycanlılarının I Qurultayı xaricdə
yaşayan soydaşlarımızın bir araya gətirilməsi,
onların diaspor prosesində iştirakının sürətləndirilməsini
nəzərdə tuturdusa, ümummilli liderin 2002-ci il, iyulun 5-də
“Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması haqqında” Fərmanı isə bu işin mərkəzləşdirilmiş
qaydada həyata keçirilməsini özündə ehtiva
edirdi. Fərman Azərbaycan diasporunun fəaliyyətinin
mütəşəkkil qaydada əlaqələndirilməsi,
dünya azərbaycanlılarının birliyinin təmin
olunması baxımından mühüm əhəmiyyyət kəsb
edən tarixi sənəd idi.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan diaspor siyasəti sonrakı illərdə cənab
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildi. Dövlət başçısının bilavasitə
iştirakı ilə 2006 və 2011-ci illərdə Dünya
Azərbaycanlılarının növbəti qurultaylarının
keçirilməsi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması və digər mühüm hadisələri
bu sıraya aid etmək mümkündür. Məhz həyata
keçirilən məqsədyönlü tədbirlər və
görülən işlərin nəticəsidir ki, hazırda
dünyanın əksəriyyət ölkəsində onlarla
diaspor təşkilatlarımız fəaliyyət göstərir.
Dünyanın dörd bir yanına səpələnmiş
soydaşlarımız yaşadıqları ölkələrdə
Azərbaycanı layiqincə təmsil edir,
xalqımızın üzləşdiyi problemləri həmin
dövlətlərin rəsmi və qeyri-rəsmi qurumları,
cadə insanlara çatdırırlar. Düzdür, müstəqillik
illərində Azərbaycan diasporu kifayət qədər
formalaşıb güclü inkişaf yolu keçsə də,
ancaq nəzərə almaq lazımdır ki, qloballaşan
dünyamızın reallıqları diaspor quruculuğu sahəsində
Azərbaycanın qarşısında yeni vəzifələr
qoymaqdadır. Müasir dövrün reallıqlarını nəzərə
aldıqda isə ortaya belə bir nəticə
çıxır ki, bu gün Azərbaycan diasporunun fəaliyyəti
gözlədiklərimizdən hələ də zəifdir.
İlk növbədə xaricdə yaşayan azərbaycanlılar
arasında istənilən səviyyədə təşkilatlanma
əldə edilməyib. Hələ
də bir çox ölkələrdə yaşayan azərbaycanlılar
özlərini kənarda saxlamaqla milli məsələlərin
həllində tam fəallıq nümayiş etdirmirlər.
Diaspor təşkilatları daxilində baş verən ziddiyyətlər,
qarşılıqlı anlaşılmazlıq, liderlik
uğrunda mübarizə və digər problemlər azərbaycanlıların
vahid bir mərkəzdə fəaliyyət göstərməsinə
mane olur. Elə Prezident İlham Əliyev də 2011-ci ilin iyul
ayında keçirilən Dünya Azərbaycanlılarının
III Qurultayı zamanı bu məqama xüsusi diqqət
yetirmişdi: “ Mən hesab edirəm ki, diaspor təşkilatlarımız
fəaliyyət göstərdikləri ölkələrdə
bütün Azərbaycan icmasını birləşdirməlidir.
İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı
diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində
iştirak etsin, öz dəstəyini versin, öz köməyini
göstərsin və eyni zamanda, diaspor təşkilatları tərəfindən
də lazım olanda kömək görsün. Bunu etmək
üçün bu təşkilatlar daha da güclü
olmalıdır. Mən hesab edirəm ki, ən vacib amillərdən
biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda
bir ölkədə bir neçə diaspor təşkilatı
fəaliyyət göstərir, böyük ölkələrdə
əlbəttə ki, onların sayı onlarladır. Əksər
hallarda cəmiyyətlər arasında əlaqələr
sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən
ziddiyyətlər, müəyyən problemlər,
anlaşılmazlıq ortaya çıxır. Mən çox
xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son
qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə
də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir.
Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona
görə hesab edirəm ki, diaspor təşkilatlarının
fəaliyyətinin inkişafı üçün biz birliyi
tam şəkildə təmin etməliyik”.
Diaspor sahəsində
mövcud olan digər bir mənfi məqam isə hər
hansı bir qurumun yaranması və fəaliyyəti zamanı
onların Azərbaycandakı daxili məsələlərlə
bağlılığının olmasıdır. Hətta eyni
təşkilat daxilində fəaliyyət göstərən
soydaşlarımız fərqli siyasi baxışlarına
görə həmin təşkilatı tərk edir ki, bu da istər-istəməz
soydaşlarımız arasında birlik, həmrəylik
bağlarının qırılmasına gətirib
çıxarır. Etiraf etmək lazımdır ki, xarici
ölkələrdə yaşayan soydaşlarımız və
əksər diaspor təşkilatlarımızın həmin
ölkələrin ictimai-siyasi həyatında, seçkili
orqanlarda aktiv iştirakı da arzu etdiyimiz səviyyədə
deyil. Hələ də tam əminliklə deyə bilmərik
ki, soydaşlarımız yaşadıqları dövlətlərin
siyasətinə, yerli ictimai rəyə təsir etmək
qüdrətindədirlər. Əksəriyyət ölkələrdə
yaşayan azərbaycanlılar bu istiqamətdə olduqca
passivdirlər, o dövlətin
siyasi həyatında iştirak etmək gücündə
deyillər. Bir çox hallarda isə xaricdəki azərbaycanlılar
buna maraq göstərmirlər. Yalnız həmin ölkənin
biznes həyatında öz sahibkarlıq fəaliyyətini
qurmağa meyilli olurlar. Xüsusi diqqət yetirilməli olan məqam
diaspor təşkilatları ilə səfirliklərin əlaqələridir.
Acı da olsa qeyd etmək lazımdır ki, bir çox hallarda
bu əlaqələr heç də arzuladığımız
səviyyədə deyil. Hətta təssüflər olsun ki,
diaspor təşkilatlarının fəaliyyətinə bu və
ya digər dərəcədə mane olmağa
çalışan diplomatik nümayəndəliklərimiz də
var. Məsələnin kifayət qədər ciddiliyi hətta
Prezident İlham Əliyevə də məlumdur. Elə bunun
göstəricisidir ki, 2011-ci ilin iyulunda keçirilən
Dünya Azərbaycanlılarının III Qurultayı
zamanı dövlət başçısı bu məsələyə
xüsusi diqqət yetirdi və öz iradlarını bildirdi:
“Səfirliklərlə diaspor təşkilatları
arasındakı əməkdaşlıq daha da güclü,
daha da məqsədyönlü olmalıdır. Mən bu
alqışları eşidirəm və görürəm ki,
nə demək istədiyimi siz də yaxşı başa
düşürsünüz. Mən çox dərinə getmək
istəməzdim, amma bəzi hallarda səfirliklərlə
diaspor təşkilatları arasında olan ziddiyyətlər məni
çox incidir. Biz buna yol verməməliyik. Səfirlik Azərbaycan
dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin
rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin
xarici ölkələrdə simvoludur. Biz elə etməliyik
ki, səfirliklərlə diaspor təşkilatları
arasında daim mehriban münasibətlər olsun. Əgər hər
hansı bir problem, anlaşılmazlıq, yaxud da ki,
narazılıq varsa, o, dərhal öz həllini
tapmalıdır. Yəni, hərə bir tərəfə,
öz küncünə çəkilməməlidir ki, biz
sonra müdaxilə edək və vəziyyəti
normallaşdırmağa çalışaq. Onlar özləri
bir-birinə hörmətlə yanaşmalıdırlar,
bir-birinin fəaliyyətini dəstəkləməlidirlər,
çünki bizim bir Vətənimiz var - Azərbaycan dövləti.
Ona görə də mən sizdən xahiş edirəm ki, əgər
bu vaxta qədər, indi kimin səhvindən nə olub olub, onu
gərək qoyaq kənara, o səhifəni bağlayaq. Bundan
sonra diaspor təşkilatları və səfirliklər bir
komanda şəklində, bir yumruq kimi işləməlidirlər
və Azərbaycanın nə qədər gözəl ölkə
olduğunu yaşadıqları ölkənin vətəndaşlarına
birgə çatdırmalıdırlar. Yenə də demək
istəyirəm ki, əksər hallarda biz səfirliklərlə
diaspor təşkilatları arasında çox gözəl əməkdaşlıq
edirik. Ancaq dediyim kimi, elə hallar da var və əminəm ki,
bu qurultaydan sonra bu məsələlər də yoluna
qoyulacaqdır”.
Nəhayət, Azərbaycan
diasporunun güclü lobbi fəaliyyətinə keçməsi
üçün artıq məqsədyönlü addımlar
atılmalıdır. İlk növbədə diaspor təşkilatlarının
lobbi konsepsiyası olmalıdır ki, onlar buna əsaslanaraq
işlərini düzgün istiqamətdə qura bilsinlər.
Bunun üçün də diaspor nümayəndələri
yaşadıqları ölkələrin dövlət və
özünüidarə strukturlarına işə girməyə,
parlament və bələdiyyələrə seçilməyə
çalışmalıdırlar. Bu sadalanan işlər
bütün diaspor təşkilatlarımızla birgə və
əlaqəli şəkildə hər yerdə həyata
keçirilməlidir. Bu gün təssüf ki, diaspor təşkilatlarımızın
lobbiçilik strategiyası yox dərəcəsindədir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 11 fevral.-S.15.