“Sevgilimi içimdə uydurub
sevirəm”
İradə Aytel: “Gəlin etiraf edək,
insan sevəndə yenidən doğulur,
insan sevəndə ətrafı
sevir, həyatı sevir, yaşamağı sevir”
Yazar İradə Aytelin “Olaylar”a müsahibəsi.
- Klassik sual: yazmağa nə vaxt
başladınız?
- Hərfləri öyrənəndən
bu işin içindəyəm. Yadımdadır ki, ikinci sinifdə oxuyanda şeir
yazırdım. Təxminən
altıncı sinifdə oxuyurdum, yazdığım bir pyes
vardı.
- Ədəbiyyat
İradə Aytelin istədiyi
yerdir?
- Yox! Bəlkə də bu insan
üçün faciədir ki, istədiyin yerdə deyilsən.
Heç yerinin harada olduğunu da bilmirsən.
Bir müddət televiziyada işləmişəm,
veriliş aparıcısı idim. İndi anlayıram ki,
o sevdiyim iş imiş. Ədəbiyyatda varammı? Dəqiq
bilmirəm. Təkcə onu bilirəm ki, nə ədəbi, nə
də media qruplaşmasının heç birində yoxam. Bəlkə
elə ona görədir ki, özümün ədəbiyyatda
olduğumu, yaxud olmadığımı bilmirəm. Lakin bir həqiqəti
dəqiq bilirəm, məndə ədəbiyyat var. Ədəbiyyatsız
yaşaya bilmərəm!
-
Qruplaşma dediniz, bunu necə anlayaq?
- Necə olacaq, bu gün əsil söz adamları, ədəbiyyat
adamları qalıb kənarda bir qrup sözdən kənarlar
onları maliyyələşdirənlərin hesabına mətbuatda
at oynadır. KİV onları yazıçı, şair,
jurnalist kimi bütün günü reklam edir. Bir-birlərini
camaata sırımaqla əsil ədəbiyyatı kölgədə
qoyurlar. Bax, onların içərisində yoxam.
- Yazdıqlarınıza
keçək. “Fahişə mələk”
– mələyin fahişəyə çevrilməsi necə
baş verdi?
- “Fahişə mələk”
mənim sevdiyim hekayəmdir. Mən oradakı Sevinci - fahişə mələyimi
çox sevirəm. Əslində o mələk fahişə
deyil, fahişə insanlar onu fahişə edib. Dahi Nizaminin belə
bir fikri var: “Günəşi örtsə də qara buludlar,
yenə Günəş adlı bir qüdrəti var.” Bu hekayədə
də Sevincin timsalında sevinclər kimi saf, təmiz, mələk
qəlbli insanların iyrənc insanlar, qara buludların
arxasında gizləndiyini göstərməyə
çalışmışam. Mələk deyərkən, bətnində
körpə olan qadınları mələyə bənzətmişəm.
Onlar hansı yolun yolçusu olsalar da, üzlərində bir
nur var. O mələkləri qorumalı olduqları halda bəzi
insanlar onları fahişəyə çevirirlər.
- Yaradıcılıq nümunələrinizdə
kədər var. Nədən
sıxılırsınız?
- Doğrudur, sıxılıram. Hərdən mənə
elə gəlir ki, bu zamana hansısa əsrdən
düşmüşəm, ayaqlaşa bilmirəm. “Ay bu
dünyanın adamları, mənim dünyamı
hansınız görüb” deyə şeirlərimi yük
altında qoyuram. Bəlkə də səhv edirəm, amma bəzi
insanların düşüncə tərzi, dünyaya
baxışı məni qane etmir. Ən çox da müharibələri
anlamıram. Axı niyə müharibə olmalıdır? Niyə
qan tökülməlidir? Niyə analar bala tabutuna
sarılmalıdır? Niyə körpələr ac-susuz
küçələrdə can verməlidir? İyirmi birinci əsrin
adamı niyə bütün bunlara yol verir? İmperialist siyasətlər
millətləri biri-birinə düşmən edir.
- “Facebook”
profilinizdə paylaşdığınız
bir statusda deyirsiniz ki, yeni yazdığınız şeirinizi
paylaşmağa cəsarətiniz çatmır. Maraqlıdır, niyə? Yoxsa ki,
yazdığınız xoşunuza gəlmədi?
- Özünə inanan insanam. Yazdıqlarımı bilirəm,
tanıyıram. Mənə doğmadırlar. Həmin
şeirimin isə yaxşı bir poeziya nümunəsi
olduğunu bilirdim. Amma niyə paylaşmaq istəmirdim?
İnsanların məni anlamayacağından, içimdəki
harayı yanlışa yozacaqlarından qorxurdum:
Ay adamlar,
Sevgilim məni atıb!
Gəlin,
Gəlin,
asın məni ürəyimdən
Bədənimi nuş eyləyin!
Saçlarımda tumar izi,
Dodağımda hərarət var.
Sinəm
altı köz-közsə
də,
Sinəm
üstdə məhəbbət
var!
Nuş eyləyin sevgi-sevgi
Muncuqlayan
sinəmi də
Nuş eyləyin sevgilimin
ürkək-ürkək
Toxunduğu bədəni də.
Param-parça edin məni
Ac qurd kimi
Gözləriniz parıldasın bir
tikəlik,
Bir gecəlik
ov üstündə.
Baxışıma göz açmayın,
Ürəyimdən söz açmayın.
Parçalanan ovdu deyin,
Zaman onu qovdu deyin
Sevgisindən,
Sevincindən,
vicdanından
Öz canından!
Zaman onu qovdu deyin!!!
Bu şeiri paylaşandan sonra mənə yazılan məktubların
hamısı eyni mövzudaydı: “Niyə sevgiliniz sizi
atıb?”, “Bədəninizi nuş etdilərmi?” və s. Burada
kimsə içimdəki haraya diqqət yetirmədi (əlbəttə,
bu hamıya aid deyil), burada bir qadın ağrısına və
poetik fikirlərə baş qoşan olmadı. Bax, bunları
bildiyimçün cəsarət etmirdim. Lakin bir həqiqət
də var, kütlə üçün yazmıram. Sənətə
xidmət edirəm. Hərənin öz şairi var, başa
düşməsələr də üzülmərəm.
- Şeirlərinizdən
birində “Mən
yoxam! Doğulmamışam! Məni sən uydurmuşdun!” kimi fikirlər səsləndirirsiniz.
Həqiqətənmi birini sevmək onu sevmək
üçün uydurmaqdır?
- Başqalarını bilmirəm.
Təəssüf ki, məndə belədir. Sevəndə
sevdiyim insanı içimdə tanrılaşdırıram.
Qüsurlarını görmədən, içimdəki ideal
insanı uydurub sevirəm. Gəlin etiraf edək, insan sevəndə
yenidən doğulur, insan sevəndə ətrafı sevir, həyatı
sevir, yaşamağı sevir.
- “Sədnik Paşa
Pirsultanlı nasiri” tam bədii kitab nümunəsi deyil. Folklorşünas alim Sədnik Paşa
Pirsultanlının nəsr əsərləri barədə bəhs
edən elmi tədqiqatdır. Digər 7
kitabınız isə bədii ədəbiyyata aiddir. Hansını yazmaq sizin üçün çətin
idi?
- Yazanda içdən, sevə-sevə
yazıram. Ona görə də yazmaq çətin olmur, sadəcə
əmək tələb edir. Sədnik müəllim mənim ən
sevimli müəllimim, yol göstərənim, mənə ədəbiyyatda
qanad verənim olub. Onun yoxluğu həqiqi mənada məni
sarsıtdı. Deyirdi ki: “Aytel, mən öləndən sonra
qoymazsan unudulum, hansı ədəbi mühitdə olsan, məndən
söz salarsan”. Elə bu söhbətdə də məndən
əvvəl siz onu xatırladınız. Onun haqqında olan
kitabı da sevə-sevə yazmışdım. Təəssüf
ki, müəllimimin poeziyasından yazmaq qismət olmadı.
Gözləyirdi. Tez-tez deyirdi, “Aytel, ölsəm kitab qalacaq,
yaz”. Yazmadım. Bunu özümə bağışlaya bilmirəm.
Nə də ki, bilmirəm bundan sonra yaza biləcəmmi? Uzun
müddətə yazılan kitabım “Partizanın acı həqiqətləri”
adlı sənədli romanım oldu. Partizan Mirdamət Seyidovun
həyat və döyüş yollarından bəhs edən
kitab demək olar ki, arxivlərdə ərsəyə gəldi.
Kitabın son səhifəsini yazan gün eşitdim ki, M.Seyidov
rəhmətə gedib. Əvvəlcədən bilsəydim bəlkə
də o kitab da yarımçıq qalardı.
- Sosial şəbəkələrdə
və real həyatda da yazıçı Kənan
Hacını təqdir etdiyiniz görünür. Kənan Hacını digər
yazıçılardan fərqlənirən nədir?
- Kənan Hacının
yaradıcılığı barədə
fikirlərimi yazmışam, hələ ki, mətbuatda
işıqlanmayıb. Kənanın özəlliyi ilk olaraq onun səmimi
olmasındadır. Kənan riyakar deyil, necə varsa elədir.
Yazılarında da heç vaxt saxtakarlığa yol vermir.
İç dünyası necədirsə yazıları da elədir.
Bax, bu səmimiyyət bu günki söz adamlarında az-az
rastlanan xüsusiyyətdir. Yeri gəlmişkən, Kənan həm
də mənim “Qanlı öpüşlər” hekayələr
kitabımın redaktorudur.
- Qanlı öpüşlərdən söz
saldınız. Eyni adlı hekayəniz də
var. İradə xanım qanlı öpüşlər nə
deməkdir?
- O hekayəm nakam bir sevginin
harayından yaranıb. Sevdiyi insana əli çatmayan
aşıqın son çarəsi, artıq ruhu göylərdə
olan sevgilisinin cisminə sahib olaraq, onun qanlı
dodaqlarını dönə-dönə öpməsi və “Sən
mənimsən” təsəllisidir. Onlara bu dünyada
qovuşmaq qismət olmadı, bəlkə ruhları
qovuşar arzusuyla yazdığım hekayədi. Amma bir həqiqəti
də deyim, əsil sevgilər qovuşanda, yəni ailə həyatı
qurulanda o sevgi zaman-zaman deformasiyaya uğrayır. Məhz buna
görə mən əsl sevgilərin elə nakam
qalmasının tərəfdarıyam.
- Yazarkən hər hansı bir yer
seçirsiniz, yoxsa bunun o qədər əhəmiyyəti
yoxdur?
- Maraqlı sualdır (gülür). Sanki siz mənim yazı prinsipimdən
xəbərdarsınız. Qəribədir ki, mənim
yazmağım üçün doğrudan da məxsusi yer, həm
də kompüter var. İş yerimdə masamın
üstündə noutbuk var, inanırsınızmı onda
heç bir səhifə də yaza bilmirəm. O sadəcə
internet istifadəsi üçündür. Yazmaq
üçün ayrıca kompüterim və masam var.
Yalnız o kompüterin arxasında nəsə
düşünüb yaza bilirəm.
- İradə
xanım, bütöv
insan həyatını kiçik şeir qəlibinə
sığışdırmaq mümkündürmü?
- Əlbəttə mümkündür. Bununçün gərək
Füzuli olasan, Nəsimi olasan... Anna Axmatova olasan, Məmməd Araz olasan, Ramiz
Rövşən olasan, Musa Yaqub olasan.
- Siz də düşünürsünüz
ki, artıq adi insanlar sizə lazım deyil və tənhalığa
çəkilməyin vaxtıdır?
- Mən elə tənhayam. Özümdə olan tənha,
içinə qapandığım tənha.
- Yazdıqlarınızı
sizi göstərən
güzgü hesab etmək olarmı?
- Olar. Çox vaxt özümü yazıram. Məni
tanımaq üçün yazdıqlarıma baxmaq kifayətdir.
- Daha çox sərbəst şeirlərə
üstünlük verirsiniz. İfadə
üçün belə rahatdır?
- Şeiri yazanda
heca ya da, sərbəst olacaq – əvvəlcədən
bilmək olmaz.
O şeir insanın içində necə yaranırsa, elə
doğulur. Əslində sərbəst şeir hecadan da çətin
məsuliyyət tələb edənidir. Hecanı bilmədən
sərbəstdə yazmaq olmaz.
- Peşəkar yazar olmaq İradə Aytelə
asan başa gəldi?
- Peşəkar olduğumu bilmirəm. Bunu oxucularım bilir.
Amma indiki zamanda özünütəsdiq çox
çətindir. Həm də
asandı. Bir də
görürsən ki,
ədəbiyyata dəxli
olmayan birisi reklam olundu və
kütləyə ədəbiyyatçı
kimi sırındı.
Belə olanda asandı.
- Yaradıcılıq və ədəbiyyat sevgisi hardandır? Sizi real həyatda sıxan nələrsə vardı
ki, kitablara üz tutdunuz?
- Yuxarıda bu barədə danışdıq.
Onu deyim ki, mən
kitablara məqsədli
şəkildə üz
tutmadım. Kitablar özü
məni tapdı.
- Gələcək
işləriniz haqqında
məlumat verərdiniz.
- Bir roman üzərində
işləyirəm. Yeni
şeirlərimdən ibarət
kitabım bu il çap
olunacaq. Bədi əsər, məsələn,
hekayə də şeir kimidi, məqsədli yaza bilmirəm. Mövzu gəlidikcə yazıram.
Gündəlik isə, məni
oxuyanlar bilir, elə gün olmur ki, mətbuatda
hansısa yazım getməsin. Araşdırma, köşə, reportajlar və s.
- İradə xanım, bura qədər danışdıqlarınız xaricində əlavə demək istədikləriniz
var?
- Elə əhatəli suallar verdiniz ki, demək
istədiklərimin hamısından
danışdıq. Mənə isə
sizə və kollektivinizə uğurlar arzulamaq qaldı. Ədəbiyyat həyatın içidi,
həyatın ruhudu, həyatın mənəviyyatıdır.
Mənəviyyata xidmət
edən sizə yalnız “Alqış!” deyirəm!
Mənsur Rəğbətoğlu
Olaylar.- 2014.- 15-17 fevral.- S.13.