Xocalıdan əvvəl yaşanmış “İkinci Xocalı Soyqırımı”

 

Qaradağlı faciəsi dünyanın diqqətindən kənarda qalan Xocalı faciəsidir

 

İkinci Xocalı Soyqırımı” adlandırılan Qaradağlı faciəsindən 22 il ötür. XX əsrin ən böyük insanlıq facəsi adlandırılan Xocalı faciəsindən 9 gün əvvəl baş vermiş Qaradağlı faciəsi xalqın yaddaşında Xocalı faciəsi qədər acınacaqlı izlər buraxıb.

Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycan kəndi idi. Sovet hakimiyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı Azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Xankəndi ilə Xocavənd rayon mərkəzi arasında yerləşən Qaradağlı erməni kəndlərinin mühasirəsində olduğundan Qarabağ münaqişəsinin başladığı ilk gündən fasiləsiz olaraq erməni quldur dəstələrinin aramsız hücumlarına məruz qalmışdır. Ətrafındakı yüksəkliklərdən ara-sıra atılan atəşlər nəzərə alınmasa, 1988-ci ilin fevralından 1992-ci ilin fevralınadək Qaradağlıya 305 dəfə düşmən hücumu olmuşdu. Bu döyüşlərin hər birində isə kənd sakinləri itkilər vermişlər. Ermənilərin Qaradağlıda insanlığa sığmayan vəhşiliklər törətməsinə şərait yaradan əsas səbəblərdən biri kəndin Azərbaycanın digər yaşayış məntəqələri ilə torpaq əlaqəsinin kəsilməsi və dörd tərəfdən mühasirəyə alınmış kəndin səmasında Azərbaycan vertolyotlarının mütəmadi atəşə məruz qaldığından hava xətti ilə də heç bir köməyin göstərilməməsi idi. 1991-ci ilin yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı ilin sonunda demək olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi. Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq ərlərinə, oğullarına və qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından köməklik etmişlər.

 1991-ci ilin noyabr ayının 20-də Qarakənd üzərində içərisində Azərbaycan dövlət rəsmilərinin də olduğu vertolyotun ermənilər tərəfindən vurulması yerli əhalinin təşvişini daha da artırdı. Mühasirə vəziyyətində olan kəndlə əlaqə ancaq vertolyotlar vasitəsilə mümkün idi. Bundan sonra kəndə gələn vertolyotlar kənd əhalisinin bir hissəsini təhlükəsiz yerlərə aparmağa başladılar.

Erməni yaraqlıları demək olar ki, hər gün kəndə həmlələr edir, müdafiəçilər bütün istiqamətlərdən olan atəşlərə atəşlə cavab verməli olurdular.  1992-ci il yanvarın 8-də ermənilər yenidən kəndə güclü hücuma keçdilər. Milli Ordununkönüllü müdafiə dəstəsinin döyüşçüləri bu hücumun qarşısını alıb quldurları geriyə çəkilməyə məcbur etdilər. Bu döyüşdə Əliqismət Kərimov, Alov Əzizov, Namiq Hüseynov, Ərəstun Məmmədov, İlqar Hüseynov qəhrəmanlıq köstərərək, çoxlu sayda erməni yaraqlısını zərərsizləşdirdilər.

Moskvadan asılı olan o zamankı respublika rəhbərliyi Qaradağlının harayını eşitməzliyə vurur, heç bir əməli tədbir həyata keçirmirdilər.  1992-ci il yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi: “Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan Qaradağlı düşmən hədəfinə çevrilsə də, qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur. Yaddaşımızda həkk olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış evləri, müxtəlif inzibati binalar od tutub yanır, günahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır. Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işğal olunmasından sonra Qaradağlıda vəziyyət daha da gərginləşib. Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.”

Amansız döyüş 5 gün davam etmişdi. Axırıncı gün Qaradağlı müdafiəçilərinin hərbi sursatı tükənmək üzrə idi. Onlar son anda da kömək üçün müraciət etsələr də, kənardan heç bir kömək gəlmədi. Güllələri qurtaran döyüşçülər qərargaha - kolxoz inzibati binasına yığışmağa başladılar. Yaralılar və həlak olmuş döyüşçülərin meyidləri də qərargaha gətirildi. Qərargah uğrunda amansız döyüş fevralın 17-si gecə səhərə qədər davam etdi. Səhər qərargahdan düşmənə tərəf atəşlərin sayı xeyli azalmışdı. Qəhrəman döyüşçülər arabir atəş açmaqla erməniləri yaxına buraxmırdılar. Artıq sonuncu güllələr atılırdı. Bunu hiss edən erməni quldurları qərargaha yaxınlaşaraq, rus dilində: “Çölə çıxın, silahlarınızı, əşyalarınızı, qiymətli əşyalarınızı və sənədlərinizi töküb bir cərgəyə düzülün” deyə meqafonla fasiləsiz qışqırmağa başladılar və bununla da o vaxtkı respublika rəhbərliyi tərəfindən taleyin hökmünə buraxılmış Qaradağlı, kənd sakinlərinin qəhrəman müdafiəsinə baxmayaraq düşmən tərəfindən işğal olundu.

 Təcavüzün gedişində minlərlə soydaşımız həlak olub, əsir və girov götürülüb, 877 şəhər, qəsəbə və kənd yandırılaraq talan edilibdir.

 

Sevda Qurbanqızı

 

Olaylar.- 2014.- 18 fevral.- S.13.