“Rəssama niyə qız vermirlər”?
Müsahibimiz gənc və istedadlı rəssam Vasif Səftərovdu. Qazaxda
doğulan rəssam təbiəti
çılpaqlığı ilə tərənnüm etməyə
çalışır. 4-5 yaşlarından etibarın bu sənətə bağlanan
Vasif 26 yaşı olmasına baxmayaraq həm də tələbələr yetişdirir.
-Nə vaxtdan bu sənətə marağınız yaranıb?
-4-5 yaşlarından
rəssamlığa marağım olub.
6-cı sinifdə oxuyarkən Adil İsgəndərov
adına Mədəniyyət Mərkəzində Hacı
müəllimin rəssamlıq kurslarına yazıldım. Elə
o kurs vasitəsi ilə
Türkiyədə təşkil edilən “Uluslarası çocuk” şənliyinə qatıldım.
Beləcə rəssam kimi fəaliyyətə
başladım. Daha sonra
müxtəlif sərgilərə qatılaraq uğurlu
nəticələr əldə etdim
-Rəssamlığa ayrılan diqqət gənc rəssam kimi sizi qane edirmi?
-Bu gün incəsənətin
bir sıra sahələrinə diqqət
ayrılır. Rəssamlıq elə bir
sahədir ki, heç
vaxt gündəmdə olmur.
Müəyyən müddət gündəmə gəlsə
də bu ötəri olur.
Düşünürəm ki, bu sahəyə də diqqət var.
Amma vəziyyət yenə də ürəkaçan
səviyyədə deyil.
-Etiraf edək ki, bu gün imkansızlıqdan başqa işlə, hətta fəhləliklə də məşğul olurlar...
-Çox
imkansız rəssamlarımız var ki, çarəsizlikdən fəhləlik edib bir tökə
çörək pulu arxasıyca gedir. Belələrini çox
tanıyıram. Rəsm əsərləri
satılmadığı üçün
bu yola əl atmaq məcburiyyətində qalırlar. Bunun da əsas səbəblərindən
biri orijinal işlərə
elə də qiymət verilməməsidi. İncəsənətin
bu növü yerli camaat üçün
bir o qədər də
maraqlı deyil. Bu gün rəssama qız vermirlər. Rəssam dostum ailə həyatı qurmağa
hazırlaşanda istədiyi qızın atası bilib ki, oğlan
bu işlə məşğuldu. Deyib, o acından ölənin
nəyinə qız verim. Bizdə rəssama
bu cür
yanaşırlar. Əslində bu sənət
aristokratlar üçündü.
Çox dərin mənaya malik
olduğundan düşünürəm ki, sənət bu səbəbdən
bir çoxları tərəfindən
anlaşılmır. Yəni, rəsm əsərlərinin dəyəri
dərk edilmir.
-Sənətin əsas incəliyi nədir?
-Bu sənətin əsas incəliyi ruhdu. Toxunmaq, hiss etmək, yaratmaq və
yaşamaq. Rəssamlıq mənim üçün həyatın əsas enerji verən mənbəyidi. Bir
gün belə rəsm çəkməsəm
düşünürəm ki, günümü hədər vermiş
oluram.
-Bu yaxınlarda İradə İsakın Facebook səhifəsində müəllifi siz olduğunuz gözəl bir portret gördüm...Həqiqətən də çox uğurlu alınıb...Nədən məhz İradə xanım?
-İradə
İsakı bir aparıcı kimi çox sevirəm. Xəbər
eləmədən portretini çəkdim.
Daha sonra hələ ki, tam olmayan
versiyasını ona göstərdim, çox bəyəndi.
-Ümumiyyətlə, portret üçün sifarişləriniz çox olur?
-Portret üçün
sifarişlərim çox
olur. Ola bilər ki, kimsə mənə hər hansı şəxsin portretini çəkməyi
sifariş versin. Çəkirəm, yaxşı da
alınır. Amma yenə
də istədiyim kimi olmur. İstəyirəm ki, subyekti özüm seçim, kiməsə deyim ki, portretinizi çəkmək istəyirəm.
Belədə həmin
iş daha gözəl və daha uğurlu alınır. Naturadan çəkməyi sevirəm, düşünürəm
ki, rsəmə baxıb portret çəkmək əsər
yaratmaq deyil. İndi yaxşı rəsm çəkənlərlə rəssamı
səhv salırlar.
Rəssamın daxili duyğuları olmalı, hər zaman yeniliyə can atmalıdı.
-Bir portretin üzərində
nə qədər işləməli olursunuz?
- Ta ki, istədiyim
nəticəni əldə
edənə qədər.
Bəzən birinci mərhələdə,
bəzən də daha gec istədiyim
nəticəni əldə
edirəm.
-Gözəl və bənzərsiz bir əsər yaratmaq üçün xüsusi
ab-hava, məkan-zaman fərqi olmalıdırmı?
-Rəssam üçün hər anın bir əhval-ruhiyyəsi
var. Onun üçün
məkan, zaman fərqi olmamalıdı. Peşəkar rəssam hər
mühitdə rəsm
çəkə bilər.
Bəzən deyirlər ki,
rəsm çəkmək
üçün ən
gözəl ab-hava təbiətin qoynunda olur. Bunlar tamamilə absurd fikirlərdi.
Çünki hər əhval-ruhiyyədə,
fərqli məkanlarda
bənzərsiz əsərlər
yaratmaq olur. Rəssam həm də özünü təkrar etməməlidi. Daima yenilikçi
olub bir-birindən fərqli obrazlar yaratmalıdı. Həm kədərli,
həm də sevincli anlarında. Haldan-hala düşdükdə fərqli
əsərlər ortaya
çıxır.
-Təbiəti necə tərənnüm edirsiniz?
-Bir rəssam kimi təbiəti olduğu kimi tərənnüm edirəm.
Çünki hər şey
öz təbii halında daha gözəl və cəzbedicidi. Müəllimim Hacı deyirdi, ki, sənin müəllimin mən yox, təbiətdi, çünki o məni öyrədib, öyrənə
biləcəyin qədər
də səni öyrədəcək. Çalışmalıyıq ki, təbiətdən
nələrsə öyrənə
bilək. Sənətkar hər zaman dəniz kimi dalğalanmalı, coşmalıdı.
Öncə də dediyim
kimi, mənim üçün zaman və məkan fərqi yoxdu. İstənilən anda fərqli
əsərlər yarada
bilərəm. Bir sözlə,
daxilində bir burulğan yaratmalıdı.
Belə əsərlər tarixə
həkk olunur, ölməzlik qazanır.
-Rəssam və musiqiçidə düşünürəm
ki, istedad hərtərəfli olur. Siz başqa hansı qabiliyyətlərə maliksiniz?
-Düz qeyd etdiyiniz, incəsənət
adamında bu sənətin bir sıra keyfiyyətləri
cəmləşir. Mən də
bir rəssam kimi pianino çalır,
heykəltəraşlıqla məşğul oluram.
-Azərbaycan rəssamlığın
inkişafına görə
Avropa ölkələrindən
geridədi...
-Rəssamlığın mövcud durumuna görə Avropadan xeyli, bəlkə də 150-200 il
geridəyik. Çünki Avropada
bir çox sahələrdə inqilablar
baş verib, yeniliklər əldə olunub. Təəssüflər olsun ki, bizdə vəziyyət fərqlidi. Sənətdə inqilab edib dünya səviyyəsinə
qalxa bilmirik. Bu reallıqdı. Azərbaycanda hansısa gənc
rəssamı tanıyırıq?
Əlbətdə ki,
yox...Həqiqətən
də qabiliyyətli gənclərimiz çoxdu.
Sadəcə olaraq onlara müəyyən cığır
açmaq, bu yolda yardımçı olmaq lazımdı.
-Azərbaycanda rəsm əsərlərinin satışı
necədi?
-Azərbaycanda rəsm
əsərləri bir
o qədər də satılmır. Satılan əsərlərin qiyməti də 150-300 arasıdı. Azərbaycan üçün
əsərlərin yüksək
məbləğə satılması
xarakterik deyil. Kim deyirsə, inanmayın.
Xaricdə belə əsərlər
10 min dollardan etibarən
satılmağa başlayır.
Əsər satmazdan öncə gərək heç olmasa mövqeyin ola,
yoxsa xaricdə heç sənin üzünə də baxmazlar. Nüfuzun varsa, tanınırsansa
əlbəttə, rahat
hərəkət edə
bilərsən. Sənətkarı irəli aparan yaratdığı əsərlə
yanaşı onun cəmiyyətdəki nüfuzudu.
-Qazancınız necədi?
-Qazancım şükürlər
olsun ki, normaldı. Hazırda kurslardan birində
çalışıram. Kitabı-Dədə Qorqudu yeni bir formada səsləndirmişik.
Həmin
kitablar diski ilə birgə satışa çıxarılıb.
-Xarici rəssamlardan ən çox kimləri bəyənirsiniz?
-Xarici rəssamlardan ən çox Salvador Dali və Pablo Pikassonun rəsmlərindən ilhamlanıram.
Çünki onlar azad ruhda yaradıblar, kiminsə təsiri altında olmayıblar.
Yerli rəssamlar sırasında
Səttar Bəhlulzadənin
adını qeyd etməmək olmaz. O
təbiətin Məcnunu
olub.
-Hansı üslubda yaradırsız?
-Rəssamlıqda üslub sonradan yaranıb. Kimi abstrakt, kimi modern, kimi imperializm, kimi dinamizim və fərqli üslublarda yaradıb.
Mən təbiətcə çox
sərbəstəm. Hansı üslubda
yaratmaq daxili dünyadan asılıdı.
Mən çəkirəm, istər-istənəz
çəkilən əsərə
baxıb üslubu müəyyənləşdirmək olar.
-Tələbələrinizdən danışaq...
-Tələbələrim var. 5-15 yaşlı uşaqlarla çalışıram. Gələcəklərinə
ümidim var. Düşünürəm
ki, yaxşı rəssam ola
bilərlər. İstərdim ki, sənətin inkişafı üçün
çoxlu sərgilər,
yüksək səviyyədə
auksionlar təşkil
edilsin.
- Nədənsə ölkəmizdə
rəssamlığın əsas
qolu olan çılpaq rəsmlər
çəkilmir. Bu nədən irəli gəlir?
-Mədəniyyət deyəndə heç aidiyyatı olmayan bir məsələni, mentaliteti ortaya atırıq. İnanın ki, mentalitetin
mədəniyyətə heç
bir aidiyyatı yoxdu. İncəsənət özü birbaşa
olaraq mədəniyyətə
bağlıdı. Bu tip əsərlərin yaranmamasının
səbəbi milli-mentalitetdi.
Rəssamlıqda, musiqidə çərçivə
olmamalıdı. İncəsənətdə sərhəd olmamalıdı.
Əgər adət-ənənələri incəsənətlə qarşı-qarşıya
qoysaq sənətin inkişafına ciddi ziyan vura bilərik.
Məsələn, mən hər
hansı əsər çəkirəm, amma emalatxanada saxlayıram.
Niyə?
Çünki bu cür əsəri sərgiyə
qəbul etməyəcəklər.
Əslində belə olmamalıdı.
Hər hansı qalereyaya getdikdə nümayiş olunan rəsmlərə əsər kimi baxmalıyıq. Rəssamlıq və musiqi elə böyük qüvvəyə malikdir ki, hər şey
onun qarşısında
acizdi. Bəşəriyyət yaranandan həm
səs, həm də qədim daş lövhələr bunu sübuta yetirib.
Nigar Məhərrəm
Olaylar.-2014.-
18 fevral.- S.12.