“Rəqs yalnız bayram
günlərində yada düşür”
İlham Kərimli: “Sənəti inkişaf etdirmək üçün rəqqasın toy bazarına qatılmağı vacibdi”
Müsahibimiz
peşəkar rəqqas, hind rəqslərinin mahir
ifaçısı İlham Kərimlidi. 19 ildir ki, pedaqoq kimi
çalışan rəqqas sənət yeniliklərindən,
rəqsə oaln münasibətdən söz açıb. O,
mövcud durumla bağlı gileyini də gizlətmir.
-Şablon
da olsa, ilk olaraq sənətə gəlişinizdən söz
açaq. Məncə hər bir oxucu üçün
maraqlı olar. Niyə məhz rəqs sənətini
seçdiniz, nə zamandan marağınız yarandı?
-Həvəsim, istedadım olduğu
üçün uşaqlıqdan bu sənətə meyillənmişəm.
Amma heç vaxt rəqqas və ya rəqs müəllimi
olacağımı düşünməmişdim. Teatra daha
çox maraq göstərdim, sənədlərimi Mədəni
Maarif Texnikumuna verdim. Texnikumda
rejissorluq fakültəsini bitirdikdən sonra Mədəniyyət
və İncəsənət Universitetinin kino-rejissorluq
fakültəsinə daxil oldum. Zaman keçdikcə rəqsə
olan marağım özünü daha aydın biruzə verməyə
başladı. Texnikum və universitetdə oxuduğum illər
ərzində rəqslə bağlı fəaliyyətimi də
davam etdirir, ansambllarda çalışırdım. Qastrollara,
konsert proqramlarına, tədbirlərə də dəvət
alırdım. Get-gedə bu sənəti daha çox sevməyə
başladım. Bir müddət sonra müəllim kimi də fəaliyyətə
başladım. Beləcə artıq 19 ildir ki, bu işlə
məşğul olub yeni tələbələr
yetişdirmişəm.
-Kino-rejissorluq
fakültəsini bitirdiniz. Amma nədənsə bu peşə
üzrə çalışmadınız...
-Ümumiyyətlə, rəqs müəllimində
də rejissorluq qabiliyyəti olmalıdı. Çünki rəqsə
düzgün quruluş verilməsi üçün bu önəmlidi.
Rejissorluğu bitirdiyim üçün mənə görə
hər hansı rəqsə quruluş vermək elə də
çətin olmur.
-Nə
zamansa kinorejissor kimi çalışmağı
düşünürsünüz?
- Çox istəyərdim. Kino-rejissorluq
fakültəsini bitirmişəm, lakin rəqqas kimi
çalışıram. Məndə o bacarıq, o istedad
olsaydı istəyərdim...Hələ çox tez olduğunu
güman edirəm. Düşünmürəm ki, bu sahədə
nəsə əldə edə bilərəm.
-Bəy-gəlinlərlə
də işləyirsiniz. Son zamanlar düşünürəm
ki, bu da rəqqaslar üçün bir bazara çevrilib...
-Ümumiyyətlə rəqsə indiki
dövrdə daha çox tələbat var, nəinki illər
öncə. Artıq rəqsə getmək ənənə
halını alıb. Eləcə də bəy-gəlinlər
üçün. Hər bir cütlük istəyər ki,
öz toylarında maraqlı bir nömrə ilə
çıxış etsin. Bizə müraciət edən bəy-gəlinlər
çoxdu. Cütlüklə məşq edərək həyatlarının
ən mənalı günü üçün maraqlı bir
ideya yaradırıq.
-Daha
çox hansı rəqslərə maraq göstərirlər?
- Baxır istəyə, zövqə. Amma ən
çox milli və lirik rəqsə üstünlük verilir.
-Ərəb
ölkələrində də
çalışmısınız...
-Dörd il ərəb ölkələrində
işləmişəm, daha sonra Hindistanda, Rusiyada işləmişəm.
Rus xalq rəqsləri ilə də məşğul
olmuşam. Rusiyada olduğum müddətdə müxtəlif
tədbirlərdə, konsert proqramlarında
çıxış etmişəm. Hazırda da Rusiyadan
çoxlu dəvətlər alıram. Öyəndiyim yenilikləri,
məlumatları tələbələrimə
ötürürəm.
-Nə
qədər tələbəniz var?
-200, bəlkə də bir az artıq.
-Tələbələrinizi
hind rəqsləri üzrə hazırlayırsınız,
yoxsa...?
-Hind rəqsləri ilə bağlı məndə
demək olar ki, tədris yoxdu. Böyük rəqs
ansamblında hind rəqs dərslərini
keçirəm ki, konsertlərdə, tədbirlərdə birgə
çıxış edə bilək.
-Bir
çox hallarda bəzi müğənnilər, eləcə də
rəqqaslar “mən birinciyəm” deyir....Sizi bu yanaşmaya
münasibətiniz necədi?
-Mən deməzdim ki, filan rəqsin ilk
ifaçısıyam. İlk olmaq üçün gərək
onu qazanasan. Hind rəqslərinin böyük təbliğatı
ilə mən məşğul olmuşam. Bu danılmaz
faktdı. Müxtəlif rəqs nömrələri
hazırlayıb onlara quruluş vermişəm. Rəqsi
olduğu kimi çatdırmaqla yanaşı onu sevdirmək də
vacibdi. Özümü bu rəqsdə birinci adlandıra bilmərəm,
bu mənə görə eyibdi. Birinci sözündən
heç vaxt xoşum gəlməyib. Elə rəqslərim var
ki, bugünki gündə belə nömrələrə
heç bir rəqqasın repertuarında rast gəlmək
olmaz. Amma mən bunu açıqlamaram.
-Hansı
rəqslərin ilk ifaçısı olmusunuz?
-Fərhad Vəliyevlə işlədiyim
“Çarli Çapli” rəqs nömrəsi var ki, heç kəs
onu ifa etməyib. İlk ifaçısı mən olmuşam.
“Teodor” obrazını da rəqsdə ilk dəfə mən
oynamışam. Fərhad Vəliyevin quruluşunda
“Çayçı” rəqsini ifa etmişəm. 25 il bundan
öncə Dövlət Rəqs Ansamblının ifasında
bu rəqs ifa edilmişdi. Fərhad Vəliyevin quruluşunda
“Süleymanı” rəqsini ifa etmişəm,
tamaşaçılar tərəfindən böyük rəğbətlə
qarşılanıb.
-Müəllimlərinizdən
danışaq...
-Teatr sənətində Həsən
Alixseyn, hazırda Moskvada Dərviş Teatrında aktyor fəaliyyətini
davam etdirən Şirzad Hüseynov olub. Milli rəqslərdə
isə Kamil Dadaşov, Fərhad Vəliyev və
başqaları olub. Onların sayəsində öyrəndiklərimi
təkmimləşdirmişəm. Artıq 20 ildir ki,
özüm də müəllim kimi çalışıram.
-Rəqqaslar
20 il səhnədə ola bilərlər. Təqaüd məsələsi
müəyyən qədər yəqin ki, öz təsirini
göstərir. Nə zaman səhnədən getməyi
düşünürsünüz?
-Məndə solo karyera olduğu
üçün çalışıram ki, hər zaman
formada qalım. Nə zaman formam korlansa, o vaxt səhnə fəaliyyətimi
dayandırmağı düşünürəm. Əlbəttə
ki, səhnədən getsəm, müəllim kimi fəaliyyətimi
davam etdirəcəyəm.
-KİV-də
bu sənətin geniş işıqlandırılmaması,
tarixi, davamçıları haqda məlumat verilməməsi
sizi incidirmi?
-KİV-də bizə xüsusi yer
ayrılsa, rəqslə bağlı materiallar hazırlansa daha
yaxşı olar. Televiziyada rəqs, onun tarixi, təbliği ilə
məşğul olan verilişlər yoxdu. Bu tip maarifləndirici
verilişlər yoxdu. Ola bilər hərdən bir rəqslə
bağlı hansısa material yayımlansın. Lakin bu hal
mütəmadi xarakter almır. Rəqs yalnız bayram günlərində
yada düşür. KİV-in əsas rolu maarifləndirmədi.
Sənətkar üçün də əsas odur ki,
gördüyü işə dəyər verilsin, onu layiqincə
təqdim edə bilsin.
Ola bilər ki, sponsor, reytinqə görə bu
tip proqramlar yayımlamır. Hazırda hər hansı maarifləndirici
verilişə nəzər yetirsək görərik ki,
tamaşaçı kütləsi zəifdi. Bu dəqiqə
düşündürən , maarifləndirən mövzulara
deyil, tamaşaçı kütləsini özünə cəlb
edən mövzulara üstünlük verilir. Bu da bizim səhvimizdi.
Tamaşaçını bu cür düşündürən
verilişlərə yönləndirmək lazımdır. Bu
gün televiziyada yayımlanan hansı proqramın adını
çəkmək olar ki, müğənni qatılmasın.
Belə veriliş yoxdu. Bu tip verilişlərin reytinqi
aşağı olacaq, sponsor tapılmadığı
üçün tezliklə bağlanacaq. Bu səbəbdən
hər hansı dramaturq, yazıçıdan daha çox
müğənniyə üstünlük verilir. Yenə də
ümid edirəm ki, yaxın gələcəkdə bu cür
verilişlər yayımlanacaq.
-Özünüz
necə, belə təşəbbüslə
çıxış etmisinizmi?
-Bir layihəm var. Layihəni təqdim etmək
üçün isə sponsor lazımdı. Çünki
efirdə hər bir dekorasiya, mövzu tamaşaçıya
yüksək səviyyədə təqdim edilməlidi.
-Bu sənətlə
bağlı daha nələrin
işıqlandırılmasına ehtiyac var?
-Qədim milli, folklor rəqslərimizin daha
geniş işıqlandırılmasına ehtiyac var. Qədim
milli rəqsləri yeni formatda təqdim etmək olar. Bir şərtlə
ki, sənətin kökü qalsın. Köhnəni qoruyub
saxlamaq, təzəni isə maraqlı bir təqdimatla çatdırmaq
lazımdı. Əks halda köhnə bəlkə də bir o
qədər diqqət çəkməyəcək. Amma onu
yeniləşdirsən, fərqli aranjemanda təqdim etsən
daha yaxşı olar. Bu gün mənim kimi bir çox müəllimlər
yeni rəqs nömrələri axtarırıq, amma tapa
bilmirik. Musiqilərin böyük əksəriyyətinin
başı toy bazarına qarışıb. Bu səbəbdən
yeni rəqs nömrələri az hallarda yaranır. Nə qədər
yeni rəqs yazılsa sənət də bir o qədər
inkişaf edəcək
-Özünüz
necə toy bazarı ilə məşğulsunuzmu?
-Bəzən ola bilər ki, kimlərsə
etiraf etməz, amma mən açıq şəkildə deyirəm
ki, toylarda, el şənliklərində oluram. Bunsuz
mümkün deyil. Toy da bizim bir qazanc mənbəyimizdi.
Hamı bilir ki, müxtəlif tədbirlərdən sənətçilər
maddi baxımdan heç nə əldə etmir. Gəlirim var,
amma xərcim ondan da çoxdu. Mənim elə milli geyimlərim
var ki, onlara külli miqdarda pul xərcləmişəm. Hər
dəfə bu məsrəfi öz cibimizdən
qarşılasaq əlbəttə ki, maddi imkanımız nə
vaxtsa tükənəcək. Bu baxımdan toy bazarı əlimizdən
tutur. Sənəti inkişaf etdirmək üçün rəqqasın
toy bazarına qatılmağı vacibdi.
-Libaslarınızın
qiyməti neçədi?
-Libaslar heç də ucuz deyil. Mənim elə
geyimlərim var ki, 1500 manat civarındadı. Eləsi var 500,
800 dəyərindədi. Səhnə geyimləridi,
tamaşaçının rəğbətini qazanmaq,
maraqlı təqdimat etmək üçün işləmək
lazımdı. İşləmək üçün isə əlbətdə
ki, toy bazarına müraciət etməlisən.
-Toy
qiymətiniz neçədi?
-Qiymətim çox yüksək olsa da
bunu açıqlaya bilmərəm. Hətta utanardım bu
sözü deməyə, bu gün ən bahalı mənim rəqslərimdi.
Bir çoxları da bu fikrimi təsdiqləyə bilər.
-Tərəf
müqabillərinizdən danışaq. Uzun müddət Fatimə
xanımla birgə çalışmısınız. Son
zamanlar sizi bir arada görə bilmirik...
-Tərəf müqabili kimi bir müddət
Fatimə xanımla oynamışam. 16 ildir ki dostuq, səhnədə
də bir yerdəyik. Artıq bir yerdə işləmirik, hərəmiz
öz işimizlə məşğuluq. Hazırda mən tələbələrimlə
tərəf müqabilliyi edirəm.
-Oksana
xanımla münasibətləriniz necədi?
-O da hind rəqslərinin
ifaçısıdı, münasibətimiz də çox
normaldı... Bir-birimizlə düşmənçiliyimiz də
yoxdu. Səhnə böyükdü, hər kəsə yer var.
Hər kəs sənətini nümayiş etdirir.
Tamaşaçının da öz zövqü var. Hərə
onun zövqünə uyğun birinin ifasını bəyənir,
ona rəğbət göstərir. Hər bir
ifaçının öz tamaşçısı var.
-Peşəkar
rəqqas olmaq üçün nə tələb olunur?
-Peşəkarlıqdan söz düşəndə
hərəsi özünü peşəkar adlandırır.
Sizə bir söz deyim, sənətkarı peşəkar eləyən
illər və onun təcrübəsidi. 19 ildir ki, pedaqoji fəaliyyətlə
məşğulam. Yenicə fəaliyyətə başlayan
yeniyetmənin təcrübəsi əlbətdə ki, mənlə
müqayisədə zəif olacaq. 30 ilin pedaqoqu ilə
müqayisədə mən nisbətən zəif ola bilərəm.
Bu gün tv-də yayımlanan bəzi verilişlərin
aparıcısı heç jurnalistika fakültəsini bitirməyib.
Elə aparıcılarımız var ki, jurnalistikanı bitirməsə
də söz bazası, təxəyyülü, yüksək səviyyədə
düşünmə bacarığı ilə
tamaşaçının sevimlisinə çevrilə bilir.
Lakin elələri də var ki, jurnalistikanı bitirsə də
tamaşaçını özünə cəlb edə
bilmir. Əsas təcrübə və bacarıqdı. O
zamanlar elə aktyorlarımız var idi ki, rəqs fakültəsi
belə istedqadları ilə seçilib.
-Son
olaraq yeniliklərdən danışaq. Sizi sevənləri
hansı yeniliklər gözləyir?
-Kamil Dadaşovla
yeni layihəmiz olacaq. Qızlardan ibarət rəqs
ansamblı yaratmışıq.
Oğlanlardan ibarət isə
yeni bir rəqs hazırlamışıq.
Bir çox rəqslər qurmuşuq. Qızlardan ibarət tacik
rəqsi hazırlamışıq.
Coşqun Sadıqovun musiqisinə
hazırlanan “Şal” rəqsini də hazırlayırıq. Yeni ispan rəqsini
hazırlayıram.
Nigar Məhərrəm
Olaylar.-
2014.- 19 fevral.- S.10.