Harada bir Türk varsa, biz oradayıq
Bülənt
Gürcam: “Məqsəd həm Türk Cümhuriyyətlərini bir-birilərinə
daha
sıx tanıtmaq, həm də onların Avropaya inteqrasiyasına kömək göstərməkdir”
“Diaspor daxilində bir sıra problemlər
mövcuddur”
Azərbaycanı Avropada layiqincə təmsil edən
diaspor təşkilatlarından biri də “Belçika-Azərbaycan
Evi” təşkilatıdır. Yarandığı gündən
ölkəmizin üzləşdiyi problemlər, Dağlıq
Qarabağ münaqişəsi, eləcə də Xocalı
soyqırımının Belçika və dünya ictimaiyyətinə
çatdırılması, zəngin tarixi-mədəni irsinin
təbliği istiqamətində çalışan
“Belçika-Azərbaycan Evi” ötən müddət ərzində
qeyd edilən istiqamətlərdə bir sıra uğurlu layihələr
də imza atıb. Bir müddət əvvəl
isə “Belçika-Azərbaycan Evi” təşkilatı və
onun sədri Bülənt Gürcamın rəhbərliyi ilə
daha bir yenilik edilib. Belə ki, təşkilat sədri
Türkiyədə beynəlxalq əhəmiyyətli bir mətbu
orqanın nəşrinə nail olub. Həm yeni işıq
üzü görən qəzetin çap edilməsi səbəbi,
həm rəhbərlik etdiyi “Belçika-Azərbaycan Evi” təşkilatının
mövcud və gələcək fəaliyyəti, həm də
Belçikadakı Azərbaycan diasporunun hazırkı durumu
barədə adı çəkilən təşkilatın sədri
Bülənt Gürcamla söhbətləşdik.
-Bülənt
bəy, "Belçika Azərbaycan Evi" olaraq 2014-cü il üçün iş planı tərtib
etmisinizmi və təşkilat olaraq cari ildə hansı tədbirlər,
layihələr həyata keçirməyi
düşünürsünüz?
-“Belçika-Azərbaycan Evi” öz fəaliyyəti
ilə Azərbaycanı istər Avropada, istərsə də
Türk Dünyasının mərkəzi sayılan Türkiyədə
tanıtdırmağa devam edir, Təşkilat olaraq
yarandığımız gündən qarşımıza
qoyduğumuz məqsəd və vəzifələr də məhz
bundan ibarətdir. Fəaliyyət göstərdiyimiz
müddətdə qarşımıza qoyduğumuz məqsəd
və vəzifələrin reallaşdırılması istiqamətində
bir sıra layihələr, tədbirlər həyata
keçirmişik. Məlum olduğu kimi bu il Belçikada Avropa Parlementinə seçkilər
keçiriləcək. Bunu nəzərə
alaraq biz Belçikada Avropa Parlamentinə namizəd olacaq şəxslərlə
görüşlər keçirməyi
düşünürük Həmin görüşlərdə
başlıca məqsədimiz və hədəfimiz isə
Avropa Parlamentinə namizədlər arasında Azərbaycanla əlaqədar
ciddi işlər görməkdir. Görüşlərin
nəticəsi olaraq həmin namizədlərlə ciddi işlər
aparılacaq, onlara Azərbaycan ərazilərinin erməni
işalına məruz qalması barədə məlumatlar
veriləcək. Nəticə etibarilə həmin
namizədlərin Avropa Parlamentinə seçiləcəyi təqdirdə
Azərbaycana, onun üzləşdiyi problemlərin həllinə
nə kimi yardım edəcəkləri barədə təsəvvürlər
yaranacaq. Bir sözlə bu kimi
görüşlərlə çalışırıq ki,
Avropa Parlamentinin üzvü olacaq gələcək deputatlar Azərbaycanın
haqq işinə dəstək versinlər.
-Qarşıdan Xocalı
soyqırımının 22-ci
ildönümü gəlir. “Belçika-Azərbaycan Evi” olaraq
Xocalı soyqırımı ilə əlaqədar tədbir
keçirəcəksinizmi?
-“Belçika-Azərbaycan
Evi” olaraq hər zaman Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi və Xocalı
soyqırımının Belçika cəmiyyəti, eləcə
də dünya ictimaiyyətinə çatdırılması
istiqamətində fəaliyyət göstərmişik. Hər il təşkilat olaraq coyqırımla əlaqədar
müxtəlif tədbirlər təşkil etmişik. Bu il də Xocalı soyqırımının
22-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər
üzərində işləyirik. Məlumat
çün deyim ki, Türkiyədə çap edilən və
beynəlxalq əhəmiyyətli mətbu orqan kimi tanınan qəzetimizdə
Xocalı soyqırımı haqqında geniş məlumatlar
yerləşdirəcəyik. Həmin mətbu
orqan vasitəsilə beynəlxalq birliyi, dünya ictimaiyyətini
Xocalı barədə məlumatlandırmaq istəyirik.
Avropaya gəldikdə isə bu barədə nə səfirliklərimiz,
nə də Azərbaycan Respublikası Disporla İş
üzrə Dövlət Komitəsi hər hansı bir
hazırlıq görmədiyindən və əlimizdə
bununla bağlı informasiyalar olmadığından təssüflər
olsun ki, heç bir proqram barədə
düşünmürük.
- Belçikada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
bilik və həmrəyliyi sizi qane edirmi?
-Xeyr. Təssüflər
olsun ki, Belçikada yaşayan azərbaycanlılar arasında
birlik və bərabərlik yoxdur. Soydaşlarımız
tam əksinə olaraq bölünmüş və
parçalanmış vəzyyətdədirlər, Hesab edirəm
ki, bunun da başlıca səbəblərindən biri Azərbaycanın
Belçikadakı səfirliyinin və Diasporla İş
üzrə Dövlət Komitəsinin bu məsələyə
diqqət yanaşmamasıdır. Həmçinin
ayrı-ayrı cəmiyyətlə arasında
ayrıseçkilik edilmə tendensiyası
soydaşlarımızın parçalanmasına, birlik və
bərabərliyin pozulmasına gətirib çıxarır.
-Sizcə bu gün
Azərbaycan diasporunda
çatışmayan əsas cəhətlər, problemlər
hansılardır?
-Diaspor daxilində bir sıra problemlər
mövcuddur. Bu sıraya sahibsizlik, onlara lazım
olan diqqətin göstərilməməsi və diaspor təşkilatları
ilə əlaqələrın olmaması başlıca
problemlər hesab edilə bilər. Eyni
zamanda diaspor təşkilatları, onların
gördüyü işlər barədə informasiyaların
olmamasını da bu sıraya aid etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə
deməsinə baxmayaraq bu işlə məşğul olan
müvafiq qurum və təşkilatlar təssüflər olsun
ki, öz üzərilərinə düşən vəzifələri
yerinə yetirmirlər. Demək olar ki, hər kəs öz işi ilə məşğuldur.
Səfirliklər barədə də eyni şeyi söyləmək
olar. Səfilriklər sanki '”yan gəlib yatmaq ''
yerinə çevrilib, Əgər qeyd etdiyim problemlər
süzəlməsə Azərbaycan diasporunda problemlərimiz hər
zaman olacaq.
-Bəs siz bir
təşkilat rəhbəri olaraq Azərbaycan
diasporunun daha güclü və başarılı fəaliyyət
göstərməsi üçün nələri təklif edərdiniz?
-Azərbaycan diasporunun daha güclü fəaliyyət
göstərməsi üçün ilk növbədə
birlik olmalıdır. Paralel olaraq diaspor təşkilatları,
müvafiq qurumlarla normal əlaqə yaradılmalıdır.
Bu işə məsul olan nazirlik və digər
dövlət qurumları qeyd etdiyim məsələyə
xüsusi diqqət yetirməlidir. Hamıya
məlumdur ki, Bakıda bununla bağlı çoxsaylı
kitablar çap olunur, tədbirlər görülür,
milyonlarla vəsait sərf olunur. Ancaq xarici ölkələrdə
bunun heç
bir effekti olmur. Yəni biz işlərimizi xaricilərə
və Dünya ictimaiyyətinə göstərməliyik, Bunun
üçünsə lazımı işlər görməliyik.
Ancaq Belçikada vəziyyət tamamilə fərqlidir.
Hər kəs özünün reklamı
üçün çalışır. İş
isə ikinci planda qalıb.
-Bəzən belə bir fikri irəli
sürülür ki, Azərbaycanın haqq işi uğrunda apardığı
mübarizəni artıq Avropanın küçə və
meydanlarindan dəyirmi masalar çərçivəsinə və
konfrans salonlarina keçirməyin zamanı yetişib. Siz bir diaspor təşkilatının rəhbəri
olaraq bu fikirlə razısınızmı?
-Tamamilə düzgün yanaşmadır. Biz
“Belçika-Azərbaycan Evi” olaraq bunu illərdir ki, deyirik və
imkan daxilində biz belə işləməyə
üstünlük veririk. Onsuz da bizim problemlərimizin
həllinin dəyirmi masalarin arxasında olduğunun fərqindəyik.
Biz Qarabağımızı da elə masa
arxasında siyasət həyata keçirənlərin
günahı üzündən itirmişik, Dünya bu dəqiqə
belə işləyir və ona görə lobbiçiliyin
gücünə inanırıq. Eyni zamanda
xaricdə yaşayan Azərbaycan diasporasının bu işdə
rolunun böyük olduğuna inanırıq. Amma bizim inanmamız
kifayət etmir. Gərək ölkə
daxilindəkilər də bunu qəbul etsin və xaricdəki
diasporaya dəstək olsun.
-Siz həm də
bir yazar, mətbuat orqanlarının rəhbərləri
kimi tanınırsınız. Bu baxımdan Azərbaycan
həqiqətləri və Dağlıq Qarabağ problemi barədə
yeni bir kitab üzərində işləyirsinizmi?
-“Beliçka-Azərbaycan Evi” və
fərd olaraq mən müntəzəm
olaraq qeyd edilən istiqamətlərdə də
çalışıram. Məlumat
üçün qeyd etmək yerinə düşər ki, mən
və rəhbərlik etdiyim “ Belçika-Azərbaycan
Evi” ötən müddət ərzində 3 kitab çap etdirmişik. Eyni zamanda bir qəzet nəşr etdiririk. İnternet saytımız var. Bütün bunları
yalnız öz imkanlarımız hesabına həyata
keçiririk. Ancaq buna baxmayaraq bizim
çap etdirdiyimiz kitabları bir səlahiyyətli qurum belə
dilə gətirməyib. Bunun isə səbəbi
bizə açıqca aydındır. Yəni
biriləri gərək səndən xeyir görsün ki, onun
müqabilində gördüyün işləri təqdir
etsin, sənin adını çəksin. Əks
halda sənin gördüyün işlərın onlar
üçün heç bir faydası yoxdur. Baxmayaraq ki, gördüyün işlər millət,
dövlət və Azərbaycan üçündür.
-Yeri gəlmişkən bir müddət əvvəl belə
bir məlumat yayıldı ki, “Belçika-Azərbaycan Evi”
Türkiyədə “Türkhaber” adlı qəzet təsis edib.
Belə bir qəzet təsis etmək hansı zərurətdən
meydana çıxdı və adı çəkilən mətbu
orqanı təsis etməkdə qarşıya qoyulan məqsəd
nədir?
-“Türkhaber” qəzeti “Harada bir Türk varsa, biz
oradayıq” devizi ilə yola
çıxıb, Bizim bu qəzeti təsis etməyimizdə məqsəd
həm Türk Cümhuriyyətlərini bir-birilərinə
daha sıx tanıtmaq, həm də onları Avropaya
tanıtmaq və inteqrasiyasına kömək göstərməkdir.
Bu günə qədər “Türkhaber” qəzetinin
7 sayı işıq üzü görüb. Hələlik
həftədə bir dəfə, 3000 ədəd çap olunur
ve pulsuz paylanılır, Qəzetimizin başda Azərbaycan
olmaqla bütün Türk Cümhuriyyətlərinə
paylanması nəzərdə tutulub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-
2014.- 20 fevral.- S.15.