Amerikada Azərbaycan diasporası inkişaf
edir
Mehriban Nəsib:
“Günü-gündən daha çox uğur
qazanırıq”
“Son
nəfəsimə qədər Vətənimə xidmət edəcəm”
Dünyanın dörd bir yanında fəaliyyət göstərən Azərbaycan diasporu okeanın o tayında da öz aktivliyi ilə seçilir. Hazırda Birləşmiş Ştatlarda bir çox diaspor təşkilatları mövcuddur ki, onlar da zaman-zaman keçirdikləri tədbirlər vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırlar. Sevindirici haldır ki, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız təkcə diaspor təşkilatı daxilində deyil, eləcə də ondan kənarda, fərdi şəkildə də öz mübarizəsini aparır, Azərbaycan həqiqətlərinin amerikalılara çatdırılması istiqamətində məqsədyönlü addımlar atırlar. Hətta həmin insanların fərdi şəkildə gördükləri işlər bir çox hallarda bir təşkilatın fəaliyyətinə bərabər sayıla bilər. Belə aktiv soydaşlarımızdan biri də Amerikadakı Azərbaycan diasporunun fəallarından sayılan Mehriban Nəsibdir. Onunla söhbətimizdə qarşıdan gələn Xocalı soyqırımı ilə bağlı Amerikada keçiriləcək tədbirlər, eləcə də bu ölkədəki Azərbaycan diasporunun vəziyyətindən danışdıq.
-Mehriban xanım, müntəzəm olaraq sosial şəbəkələrdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin Amerika və dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyünüz işlərlə bağlı fotoşəkillər paylaşırsınız. Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı da hansısa aksiya və təbdir keçirməyi düşünürsünüzmü?
– Bəli. Mən Nyu-Yorkda yaşayan
vətənpərvər azərbaycanlı kimi
bunu özümə borc
bilirəm və öz qarşımda bunu bir məqsəd kimi qoymuşam.
Çalışıram ki, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasında mənim də bir
əməyim olsun. O ki,
qaldı Xocalı Soyqırımının 22-ci
ildönümünə həsr olunmuş
tədbirlər silsiləsinə, bəli, tədbirlərimiz var. Bu məqsədlə
fevralın 20-də Nyu-Yorkun məşhur Times Meydanında (Times Square) Azərbaycan-Amerika İttifaqı (Azerbaijan America Alliance) tədbir keçirdi
və biz gənclər də orada iştirak etdik. Bundan başqa fevral ayının 26-da Ermənistanın BMT-dəki
daimi nümayəndəliyi
qarşısında saat 10-dan 12-yə qədər
etiraz aksiyamız olacaq.
Saat 12-dən 14-ə qədər isə BMT-nin Bas Qərargahı
qarşısında etiraz aksiyamız
keçiriləcək. Aksiya zamanı biz həm də çalışacağıq
ki, insanları ermənilərin
Xocalıda törətdikləri vəhşiliklər barədə
məlumatlandıraq. Bunun üçün
informasiya bülletenləri
hazırlamışıq. Bir sözlə,
Amerikanin azərbaycanlılar yaşayan hər şəhərində belə
tədbirlərin keçirilməsi planlaşdırılıb.
-Ümumiyyətlə, Birləşmiş Ştatlarda yaşayan soydaşlarımız, xüsusilə, gənclərimiz Azərbaycan problemlərinin amerikalılara çatdırılmasında nə dərəcədə maraqlı olurlar?
–Çox
təssüflə deməliyəm ki, gənclərimiz,
xüsusən də gənc nəsil bu
işdə o qədər də maraqlı
deyil. Bu problemi aradan qaldırmaq üçün mntəzəm olaraq
gənclərimizlə sıx əlaqə saxlamağa
və onlara bunun Vətənimiz
üçün nə qədər önəmli
olduğunu çatdırmağa
çalışıram. Bəzən gənclər məni
“millətçi” olmaqda
günahlandırır və bu yolla dünya
ictimaiyyətinə bir şey
çatdıra bilməyəcəyimizi düşünürlər.
Onlar məni
“hələ də ermənilərlə uğraşmaqda”
günahlandırır və yeni yollar tapmağı məsləhət
görürlər. Bəli, yeni yollar axtarıb tapmalıyıq. Amma mən düşünmürəm ki, biz öz
məqsədimizdən əl çəkməliyik. Niyə ermənilər 100 il bundan əvvəl kimsənin xəbəri olmayan və heç bir şahid, sübutu olmayan qondarma erməni soyqırımını hər
yerdə tanıtmağa çalışırlar, biz isə haqlı olduğumuz
və cəmisi 20-25 il bundan
qabaq olan faciəmizi dünyaya çatdırmamalıyıq?
Nə üçün bundan
əl çəkməliyik?! Biz nəinki
Xocalı Soyqırımına siyasi qiymətin
verilməsinə nail olmalıyıq, həmçinin
bu soyqırımın bütün
dünya ictimaiyyətinə, nəsildən-nəsilə
çatdırılmasına çalışmalıyıq. Bu bizim
qarşımızda duran böyük
və ümdə vəzifələrimizdəndir.
-Ümumiyyətlə, Amerikada Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz?
-Amerikada Azərbaycan diasporası inkişaf edir. Günü-gündən daha çox
uğur qazanırıq.
Bildiyiniz kimi Simali Amerikanın Azərbaycan Gəncləri
Şəbəkəsi (Azerbaijani Youth of
North America ) ASA Cəmiyyəti
ilə bərabər bu istiqamətdə çox işlər görür. Bu şəbəkənin
səyi nəticəsində
Xocalı faciəsi Amerikanın bir çox ştatlarında tanınıb. Mən
bu fürsətdən
istifadə edib Cavid Huseynova, Tomris xanım Azəri və bu işdə əməyi keçmiş
hər kəsə böyük minnətdarlığımı
bildirir və Amerikadakı Azərbaycan gəncləri adından onlara çox sağ olun deyirəm!
Ümumiyyətlə, götürəndə, diasporamız son zamanlar çox işlər görür və inkişaf edir. Amma biz digər xalqların (məsələn, ermənilər,
gürcülər və
ən yaxınımız
olan Türkiyə Türklərinin) diaspora təşkilatlarından zəifik.
Bu da azərbaycanlılarin
burada hələ yeni olması və kifayət qədər şəbəkələnməməsi
ilə əlaqədardı.
Azərbaycanın adını çəkəndə
“harda yerləşir ki?!” sualı ilə qarşılaşmaq
nə qədər ağırdırsa, Ermənistanın
adını çəkəndə
hər kəs “bəli, mən bilirəm, harada yerləşir” cavabını
almaq ondan daha çox üzücüdür. Ona görə
də biz daha çox işləməliyik,
fəaliyyət göstərməliyik.
-Sizcə, diasporumuz daxilində hansısa problemlər varmı və həmin problemləri aradan qaldırmraq üçün
nələri təklif
edərdiniz?
-Bu suala artıq demək olar ki, yuxarıda
cavab verdim. Bizim diasporada birləşə
bilmək problemi var. Bundan başqa, diasporamızda dil problem mövcuddur. Gənclər
ingilis dilinə nə qədər yaxşı və tez yiyələnirsə (həmin gənclərin də çoxu diaspora
təşkilatlarından uzaq
dururlar), yaşlı nəsil bir o qədər gec ve çətin yiyələnir. Onların ingilis dilində
danışıq aparmaq
qabiliyyətləri demək
olar ki, yox dərəcəsindədir.
Bu da bizim
ən böyük problemlərimizdən biridir.
Bundan başqa, diasporamızda maliyyə problemləri var. Müəyyən
bir layihə həyata keçirmək üçün diaspora təşkilatlarımıza müraciət
etdikdə onların “bizdə maliyyə yoxdur” cavabını eşitmək gəncləri
və Azərbaycanla bağlı layihə həyata keçirmək istəyən digər insanları çox kədərləndirir. Diasporamızın ən böyük problemlərindən biri də buradakı cəmiyyətlərin heç
birinin ofisinin olmamasıdır. Hətta 55 illik
fəaliyyəti olan
ASA-nın belə ofisi yoxdur. Yəni yox dərəcəsindədir.
Cəmiyyətin binası dağılıb
və onun təmiri çox böyük maliyyə tələb edir. Digər cəmiyyət və təşkilatların isə
heç birinin dağılmış da olsa belə binası, ofisi yoxdur.
-Bəs türk diaspor təşkilatları
ilə əməkdaşlığınız
hansı səviyyədədir?
- Çox şükür
ki, əladir! Bizim Amerikada və elə Nyu-Yorkda da ən böyük
dəstəyimiz Türkiyə
diaspora təşkilatları
və onların birləşdiyi Türk-Amerikan
Dərnəkləri Federasyonudur
(TADF). Bizə, krım Türklərinə
və digər Türk ölkələrinin
diaspora təşkilatlarına
çox böyük dəstək verən TADF-ə,
onun keçmiş başqanı Ali Çinar
bəyə və yeni başqan Atilla Pak bəyə təşəkkürümüzü bildiririk. Hər zaman, yaxşı
və pis gündə yanımızdadırlar
və dəstəkçimizdirlər.
Çox sağ
olun, TADF.
-Amerika, xüsusilə Nyu-York ermənilərin çoxluq təşkil etdiyi yerlərdən biridir. Bu mənada
Sizin Azərbaycanla əlaqədar keçirdiyiniz
tədbirlərə ermənilər
təzyiq göstərməyə
çalışırlarmı?
- Doğrudur. Bu barədə az da olsa yuxarıda dedim. Ermənilərin çox güclü
diasporası var və təssüflə qeyd etməliyəm ki, erməni gəncləri diaspora ilə çox sıx əlaqə yaradırlar. Bunu ermənilərin
keçirdikləri tədbirlərdə
(Columbia University-də keçirdikləri
konfrans buna əla nümunə idi) iştirak etdikdə gördüm.
Gənclər “siz bizə
tapşırıq verin
ki, biz vətən üçün nə etməliyik? Nə qədər
pul toplamalıyıq?!”
sualına cavab verən təşkilat rəhbəri “siz yaxşı oxuyun, şəbəkələnin, ətrafınıza
çoxlu amerikanlar toplayın və puldan narahat olmayın. Bizim pulumuz var və
biz sizə lazım olduğu qədər pul verəcəyik” dedi. Həmin konfransı hətta telefonuma belə şəkmişəm). Düzü, bu,
məni çox kədərləndirmişdi. Bəli, onlar bizim tədbirləri dağıtmağa çalışırlar,
əsasən də
gənclər. 2013-cü ildə Columbia Universitetində
keçirdiyimiz Xocalı
tədbirini dağıtmaga
çalışmaqları buna əyani nümunədir. Bundan başqa
onların səfirlik,
konsulluqlarının qarşısında
keçirdiyimiz tədbirləri
dağıtmaga çalışmaqlarını
xüsusi qeyd etmək istəyirəm.
Yəqin
ki, Azərbaycan Prezidenti BMT-də çıxış etməyə
gələndə ermənilərin
etiraz aksiyası keçirdiklərini eşitmisiniz. Biz onlarla
üzbəüz dayanmışdıq
və demək olar ki, söz
müharibəsinə çıxmışdıq.
Onlar çalışdılar bizə
mane olsunlar, amma alınmadı. Bir Azərbaycan
Türk qızı kimi əlimdən gələni edəcəm
ki, Amerikada Azərbaycan həqiqətləri
öz yerini alsin. Son nəfəsimə
qədər Vətənimə
xidmət edəcəm
və nə qədər ki, Qarabağ işğaldan azad olmayıb bu mənfurlara nifrətim keçməyəcək. Ən böyük arzum
Qarabağın azad edilməsi və Xocalı soyqırımının
günahkarlarının öz
cəzasını almasıdır.
Bundan başqa həm də Amerikada Azərbaycan gəncləri
olaraq şəbəkələnmək,
ən yaxşı vəzifələri tutmaq və Azərbaycanı ən yaxşı tərəfdən tanıtmaq
başlıca qayəmdir.
İnşallah Böyük
Allahın köməyi
ilə bunlara nail olacağıq. Buna inanıram. Sonda çox sevdiyim
bir cümləni qeyd etmək istəyirəm. “Sorma ki, Vətən
sənin üçün
nə edib? Sor ki, sən Vətən
üçün nə
etmisən”.
Düzdür, çoxları düşünəcək
ki, bu çox
çeynənmiş cümlədir.
Amma məni tanıyan hər kəs bilir ki, Vətənimi nə qədər
sevirəm. Çünki Vətən sənin
doğulduğun torpaqdır,
Vətən sənin Anandır. Vətən
sənin qürurundur,
taleyindir, Vətən
sənin bəxtin və nəhayət vətən
sənin hər şeyindir. Bir gün heç yerdə qala bilmədiyində qayıdacaq
evindir. Vətən, Azərbaycan mənim
sevgimdir. Azərbaycan mənim
hər şeyimdir və mən son nəfəsimədək Azərbaycana
və Türk Millətinə xidmət edəcəm. Fikrimi Siseronun cümləsi ilə bitirirəm: “Mən ya vətənimin
azadlığı uğrunda
yaşamalı ya da onunla birlikdə
məhv olmalıyam”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 22-24 fevral.-
S.15.