Xocalıdakı erməni
vandalizminə
hüquqi qiymət verilməlidir
Sabir
Məmmədov: “Zori Balayanın xüsusi canfəşanlığı
ilə Qarabağda
yaşayan
ermənilər azərbaycanlılara qarşı
qalxırdılar”
Qarabağ müharibəsi veteranı, Xocalı
şəhər Polis Bölməsinin ilk rəisi, təqaüddə olan
polis mayoru Sabir Məmmədovun “Olaylar”-a müsahibəsi.
- Xocalı soyqırımının 22-ci ildönümüdür. Sabir müəllim, canlı şahid kimi nə hiss edirsiniz?
- Çox dəhşətli idi.
İnsan oğlu hələ
belə faciəyə şahidlik etməyib.
Həmişə Xocalıdan danışanda əzab çəkirəm.
Özüm özümə sual verirəm ki: - Niyə
belə oldu? Xocalıda törədilən
soyqırım bəşəriyyətin faciəsidir. Müdrik prezidentimiz İlham
Əliyevin “Qalx ayağa
Azərbaycan!” çağırışı, Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun “Xoşməramlı
səfiri”, millət vəkili Mehriban
Əliyevanın bu istiqamətdə Azərbaycanın
ədalətli mövqeyinin dünya dövlətləri tərəfindən
tanınması üçün
gördükləri iş
danılmazdır. Heydər Əliyev Fondunun
Moskva nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva tərəfindən
“Xocalıya ədalət” kampaniyası bütün
dünya ölkələrini humanizmə
çağırır. Biz də bu çağırışa qoşulub,
onların ətrafında gələcək üçün
nikbin əhval-ruhiyyədə birləşirik.
Görülən işlərin qarşılığında dünya fikirləşməli və
Xocalıdakı erməni vandalizminə hüquqi
qiymət verməlidir.
- Qarabağda vəziyyət gərginləşəndə Özbəkistanın Buxara vilayətində daxili işlər orqanlarında çalışırdınız. Gəlməyə bilərdiniz, amma gəldiniz. Sizi Azərbaycana, xüsusilə də vəziyyətin gərgin olduğu Xocalıya nə gətirdi?
- 1982-ci ildə Buxara şəhərinə getdim.
Orada məni polis orqanlarına qəbul etdilər. Fəaliyyətimə görə, məni 1988-ci ildə
hüquqi təhsil almaq üçün Özbəkistan Polis
Akademiyasına göndərdilər. Sessiya
üçün akademiyaya getməyə başladım. 1990-cı ildə bir gün yoldaşlarla oturub
televizora baxanda 20 yanvar hadisələrini göstərdilər.
Bakıda törədilən qanlı hadisələri
görəndə sarsıldım. Nə edəcəyimi
bilmirdim. Akademiyadakı tacik, özbək, rus tələbə
və müəllim yoldaşlarım mənə deyirdilər
ki: “Sizdə Heydər Əliyev kimi güclü lider var. Niyə
xalq onu prezident seçmir ki, sizi bu bəladan qurtarsın?” Bu məni düşündürməyə
başladı. Eyni zamanda Vətən
torpaqlarının əldən getməsi təhlükəsi məni
narahat edirdi. Hər iki məsələ məndə
güclü təsir oyatdığı üçün
90-cı ilin mayında Azərbaycana gəldim. Gələn kimi daxili işlər naziri, general Məhəmməd
Əsədova köçürülmə məsələsinə
görə raport yazdım. Özbəkistandan
mənə teleqram gəldi ki, Buxara Dİİ-in generalı məni
çağırır. O, mənə bildirdi ki: “Raport yazdığın
üçün səni Azərbaycanda tələb edirlər.
Sənin iki yolun var. Ya burada qalıb
işləməlisən, ya da ki, Azərbaycana getməlisən”.
Vətən həsrəti və Heydər
Əliyev haqqında deyilən sözlər məni Özbəkistanda
qalmağa qoymadı. Azərbaycana gəldim.
M.Əsədov məni dərhal DQMV
Dİİ-nin Əsgəran rayon polis şöbəsinin nəzdindəki
Xocalı polis bölməsinə ilk rəis kimi göndərdi.
- Xocalının müdafiəsi
üçün şəhərdə demək
olar ki, sistemli şəkildə müdafiə
üçün təhlükəsizlik strukturu yox idi. İlk Polis Şöbəsi məhz bu məqsədlə
yaradılmışdı?
- Xocalıya gələndə
heç oturmağa yer yoxdu. Şöbənin yaradılması üçün
şərait məhdud idi. Məsələ
ilə əlaqədar DQMV Dİİ-nin rəisi Kovalyovun qəbuluna
getdim. Məruzə elədim.
Kovalyovun tapşırığı ilə mənə iki ədəd
qatar vaqonu verildi. Vaqonları
gətirib Xocalı aeroportunun yaxınlığındakı təpəliyin
üstünə qoydurdum. Həmin vaqonlarda
bölməni yaratdıq. Lakin buna baxmayaraq
Dİİ-nin rəis müavini Sadir Məmmədov M.Əsədov
və V.Polyaniçko qarşısında məsələ
qaldırdı ki, Xocalıda bina yoxdur. M.Əsədovun
köməkliyilə biz Xocalıda 52 otaqdan ibarət ikimərtəbəli
binanı inşa etdik. Binanın təhvil
verilməsində isə M.Əsədov şəxsən
iştirak elədi. İşə 58 nəfərlik
şəxsi heyət götürüldü.
- Qarabağda yaşayan ermənilər Sadir Məmmədovu “zəhmli
polkovnik” adlandırırdılar.
- Vəziyyət gərginləşəndə
Xankəndinə hər adam
gedib gələ bilmirdi. Qorxurdular. Rəhbərlikdən də Ağdama qədər gəlirdilər,
amma o tərəfə keçə bilmirdilər. Amma polkovnik Sadir Məmmədov Xankəndində ermənilərin
arasında təkcə işləyirdi. Qorxmaz adam idi. Ermənilər ona təzim
edirdilər. Hətta işinə
düzgün yanaşmayan erməniləri azad edirdi. S.Məmmədov Xankəndində olmayanda bir polis əməkdaşı
ora gedə bilmirdi. S.Məmmədov
yalnız Xankəndində olanda biz şəhərə gedə
bilirdik. Çəkinmədiyi
üçün ermənilər polkovnikin başına 1 milyon
rubl pul qoymuşdular. Qorxmazlığı
üçün ermənilər S.Məmmədova “zəhmli
polkovnik” adı vermişdilər. Biz hər
həftənin 1-ci günü Əsgəran rayon Polis
Şöbəsində, ikinci günü isə Dağlıq
Qarabağda V.Polyaniçkonun iştirakı ilə əməliyyat
müşavirəsində iştirak edirdik. Bizi həmin müşavirələrə də Sadir
Məmmədov aparırıdı.
-
1990-cı ildə siz,
S.Məmmədov və Xocalı DİŞ-in rəis
müavini T.Hüseynovla birlikdə Xankəndindən Xocalı
aeroportuna gələndə ermənilər bizə öz
torpaqlarımızda fotoaparatla şəkil çəkməyə
qoymurdular. Sabir müəllim, bu nə ilə əlaqədar
idi?
- Həmin dövrdə aeroportu ruslar
mühafizə edirdilər. Erməniləri də
azərbaycanlılara qarşı həmin ruslar
qızışdırırdılar. Qarabağdakı
ruslar ermənilərdən təxribat işlərində alət
kimi istifadə edirdilər. Ruslar da ermənilərin
dediklərini edirdilər. Ona görə,
çəkiliş üçün azərbaycanlıları
aeroporta buraxmırdılar. Həmin
dövrdə İrəvandan Xankəndinə 32 reys sərnişin
təyyarəsi gəlirdi. Biz bütün
bu relslərə nəzarət edirdik. İrəvandan
Qarabağa gələn təyyarələr barədə M.Əsədova
məlumat verirdim. Mənim və M.Əsədovun
səyləri nəticəsində reyslərin sayı 32-dən
1-2-yə endirildi. Sonradan isə Ermənistandan
Qarabağa edilən təyyarə reyslərinin sayını həftədə
1 dəfəyə endirdik.
- Zori Balayanın tez-tez Xocalı və Xankəndində
görünməsi nə ilə əlaqədar idi?
- Zori Balayan Qarabağa yalnız təxribat
üçün gəlirdi. Balayanın
xüsusi canfəşanlığı ilə Qarabağda
yaşayan ermənilər azərbaycanlılara qarşı
qalxırdılar. Hətta bir dəfə
Zori Balayanı Xocalı aerportunda saxladıq. Sonra isə onun Xocalıya gəlməsinə
qadağa qoyduq. Robert Köçəryan, Serj Sərkisyan
və Zori Balayan Qarabağda törədilən təxribat
planlarını hazırlayan əsas şəxslər idilər.
R.Köçəryan Dağlıq Qarabağda
ipək kombinatında işləyəndə azərbaycanlıları
sıxışdırırdı. Onları
işə buraxmırdı. S.Sərkisyan
daha sonralar özünü Ermənistanın “milli qəhrəman”-ı
elan edərək fəxrlə Xocalı soyqırımında
iştirak etdiyini deyirdi. Xocalıda törədikləri
soyqırıma görə, sonradan növbə ilə
R.Köçəryan və S.Sərkisyan Ermənistan prezidenti
təyin edildilər.
- Xocalı soyqırımına
Serj Sərkisyanın
başçılıq etməsi barədə yayılan məlumatlar
həqiqətdir?
- Soyqırıma S.Sərkisyan, R.Köçəryan, Z.Balayan
başçılıq edirdilər. Həmin
şəxslərin xüsusi canfəşanlığı nəticəsində
Xocalıda bir gecədə 613 nəfər
öldürülüb. Xocalıda törədilən
soyqırıma liderlik edənlərdən biri məhz bu
gün Ermənistan prezidenti olan Serj Sərkisyan olub. Həmin şəxslər rusların əlilə
soyqırıma başçılığı əllərinə
almışdılar.
- Soyqırım üçün
nəyə görə məhz Xocalı hədəf
seçildi?
- Xocalı Qarabağda mərkəzi mövqedə yerləşirdi. Şuşa tərəfdən Xankəndinə,
Ağdamdan isə Əsgərana yaxın idi. Şəhər bir tərəfdən də
Qarabağdakı əsas magistral yolun girişindəydi. Şəhərin sağ və sol hissəsində
20-yə qədər ermənilər yaşayan kəndlər
yerləşirdi. Xocalı məhz həmin
erməni kəndlərinin əhatəsində idi. Kərgicahan,
Meşəli, Cəmilli, Malıbəyli, Quşçular kəndi
işğal edildikcə, artıq Xocalı mühasirədə
qalmışdı. Qalan bütün kəndlər
də erməni-rus birləşmələri tərəfindən
alınandan sonra Xocalı ortada təkləndi. Həmin dövrdə isə Xocalı sakinləri
silahsız idilər. Əvvəlcədən
şəhər sakinlərindən ov tüfənglərinə
qədər yığılmışdı. Xocalını yalnız Əsgəran RPŞ-dan
aldığım 8 ədəd “Makarov” tapançası ilə
mühafizə edirdik. Bu cür vəziyyətdə biz
rusların top və tanklarının qarşısında
heç nə edə bilməzdik. Şəhər
gözlərimizin qarşısında məhv olurdu.
- Vəziyyət gərginləşəndə
Boris Yeltsin Ayaz Mütəllibov və Nursultan Nazarbayevlə
Xankədinə gəlmişdi. Sabir müəllim,
Qarabağdakı vəziyyət barədə Yeltsinə məruzə
olundu?
- 1991-ci ilin 18 sentyabrında Bakıdan mənə rəsmi
göstəriş gəldi ki, Rusiya prezidenti Boris Yeltsin,
Qazaxıstanın dövlət başçısı Nursultan
Nazarbayev, Azərbaycan prezidenti Ayaz Mütəllibov, daxili
işlər naziri Məhəmməd Əsədov və s.
yoldaşlar Dağlıq Qarabağda baş verən prosesləri
həll etməyə gələcəklər. 19-20-si
sentyabrda şəxsi heyəti yığıb dislokasiya yolu ilə
qruplar təyin etdim. Sentyabrın 21-də
isə prezidentləri gətirən vertolyot Xocalı aeroportuna
endi. Onlar Xocalıdan Xankəndinə getdilər.
Vertolyotda Bakı və Türkiyədən gəlmiş
jurnalistlər də vardı. Jurnalistlər
də Xankədinə getmək istəyirdilər. Onların arasında Azərbaycan Teleradio Şirkətinin
əməkdaşı Nadejda İsmayılovna, Elmira Axundova
(hazırda millət vəkili), Tünzalə Qasımova,
operator Elxan Əliyev, Türkiyədən “Zaman” qəzetinin
müxbiri Yılmaz Polad vardı. Mənim
müavinim Hafiz Adilov da daxil olmaqla onları birtəhər mənim
xidməti “UAZ” maşınıma mindirib Xankədində
getdik. Şəhərə çatanda ermənilər
mitinq keçirirdilər. Çətinliklə
şəhərə keçə bildik. “Ştab”-a getmək
daha çətindi. Ermənilər başa
düşəndə ki, biz azərbaycanlıyıq, hücuma
keçib söyüşlə döyməyə
başladılar. Y.Polad ağır xəsarət
aldı, E.Əliyevi isə oğurladılar. Qadınları zorla əsgərlərin arasına
saldım ki, öldürməsinlər. Sonradan
N.ismayılovna Yeltsinə məruzə etdi ki, ermənilər
jurnalistlərdən birini oğurlayıblar. B.Yeltsin bildirdi ki, oğurlanan şəxs
tapılmasa, Dağlıq Qarabağ haqqında heç nə
deməyəcək. 40 dəqiqədən
sonra E.Əliyevi azad edib birbaşa Bakıya yola salmaq
üçün aerporta apardılar.
- Dediniz ki, jurnalistlərlə
Xankəndinə gedəndə ermənilər şəhərdə
mitinq keçirirdilər. Etiraz nümayişləri
Yeltsinin səfərinə hesablanmışdı?
- Ermənilər Rusiya
prezidentinin səfərindən istifadə edərək
bildirirdilər ki, guya Dağlıq Qarabağ onlara aiddir. Yeltsinin orada olmasından istifadə edib iddialarına
qanunilik qazandırmaq istəyirdilər.
- Dağlıq Qarabağda
doğulan azərbaycanlı
uşaqları niyə qeydiyyata götürmək istəmirdilər?
- Ermənilər Dağlıq Qarabağın
onlara aid olduğunu iddia etdikləri üçün bu cür
addımlara əl atırdılar. Hətta S.Sərkisyan,
R.Köçəryan hərbi xidmətdən
qayıtmış azərbaycanlıların işə
götürülməsinə əngəl törədirdilər.
Qeydiyyata alınan azərbaycanlı
uşaqların əksəriyyətinin milliyyətini və
adlarını erməni yazırdılar. Azərbaycanlıları
Dağlıq Qarabağdan bezikdirib çıxarmaq
üçün belə edirdilər. S.Məmmədov
və M.Əsədovun köməkliyilə Dağlıq
Qarabağdakı kəndlərdə bölmələr
yaratdı. Dağlıq Qarabağdakı
azərbaycanlıların çoxluğunu göstərmək
üçün bu vacib idi.
Mənsur
Rəğbətoğlu
Qeyd edək ki, Sabir
Məmmədov sabiq daxili işlər naziri Məhəmməd Əsədovun əmrilə
“Əla xidmətə
görə”, “Əla milis işçisi” döş nişanları,
“I dərəcəli məharət
dərəcəsi”, “Xocalı
yaddaşı” diplomuna
layiq görülüb.
Həmçinin “Qafqaz
media” İB-nın fəxri
fərmanı, “Əsl
insan məktəbinin təşkilatçısı”, “İdeal dünya uğrunda göstərdiyi
fəaliyyətə görə”,
“Qalib sultan” diplomları
ilə də təltif edilib.
Olaylar.- 2014.- 26 fevral.-
S.12.