Xocalı: erməni faşizminin avtoportreti...

 

Bəşəriyyət tarixinə geniş bir zaman çərçivəsində nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin heyrətamiz dərəcədə az olduğunu görürük. Mütəxəssislərin hesablamalarına görə, son 200 ildə ən azı 22 müharibə baş verib. İyirmi birinci əsrin lap əvvəlindən – 2001-ci il 11 sentyabrdan ABŞ-ın “beynəlxalq terrora qarşı müharibə” elan etməsini və bu prosesin indiyədək davam etdiyini də nəzərə alsaq, deyə bilərək ki, üçüncü minilliyin bircə günü də savaşsız ötüşməyib.  Bütün sivilizasiya tarixini əhatə edən beş min illik zaman kəsiyində 150 milyondan artıq insan bu müharibələrdə həlak olub. Həlak olanların da 73 faizi yalnız XX əsrdə baş vermiş müharibələrin payına düşür. Təkcə İkinci Dünya müharibəsindən sonra bütün dünyanın 151 yerində 231 silahlı konflikt baş verib ki, bunların da yarıdan çoxu 1990-cı ildən – Soyuq Müharibə qurtarandan sonrakı ən yaxın tarixi dövrə təsadüf edir. BMT-nin məlumatlarına görə, ötən onilliklərdə silahlı konfliktlərdə həyatını itirən mülki vətəndaşların sayı dramatik şəkildə artıb, ümumi qurbanların 90 faizinə çatıb. Bu acı reallığın səbəbini İnsanın fitrətində,  onun malik olduğu “şər başlanğıcın”  xeyir başlanğıcı”nı üstələməsində görən, bəşər tarixində yaşanmış və yaşanacaq acı olayların qaçılmaz olduğunu iddia edənlər də var. İkinci Dünya müharibəsinin başlamasını öz nəzəriyyəsinin doğruluğunun təsdiqi kimi qələmə verən və bu müdhiş savaşahaqq qazandırmağa” cəhd edən Ziqmund Freyd kimi...

Amma bütün müharibələrin içində  öz miqyası, qəddarlığı, insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları vardır ki, onlara Ziqmund Freydheç bir vəchlə haqq qazandıra bilməzdi. Təkcə Azərbaycan tarixinin deyil, bütün bəşər tarixinin ən dəhşətli hadisələrindən biri olan Xocalı qətliamı məhz həmin cinayət aktlarından biridir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş Xocalı soyqırımını törətdi. Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətləri belə üstələyən bu soyqırımı aktı təkcə Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsinə qədər Qarabağda baş verən bütün olaylar bu faciənin məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğuna heç bir şübhə yeri qoymur. Xocalının mühasirəyə alınaraq mülki şəxslərin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin əsl niyyətini açıq şəkildə ortaya çıxarır. O qanlı fevral gecəsində  63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşdü. Öldürdükləri uşaqların, qocaların, qadınların cəsədlərini tanınmaz hala salmaq qədər alçaq mənəviyyata və xəstə təfəkkürə malik olan ermənilər bəşər tarixində ermənilik adına əbədi şərəfsizlik gətirən soyqırımı aktına imza atdılar. Faciənin törədilməsindən yalnız iki gün sonra hadisə yerinə çatmaq mümkün oldu. Şahidlərin qarşılaşdıqları tükürpərdici mənzərə sözlə ifadə edilə bilməyəcək qədər ağır və amansız idi. Bütün tarixi, köküruhu ilə yaşadığı torpağa bağlı olan sadə insanların, o torpaqda yenicə ayaq tutub yeriməyə başlamış məsum uşaqların cəsədlərini soyuq qış fəslində isti vətən torpağı öz ağuşuna almışdı. Kim bilir, son nəfəslərində istəkləri, diləkləri nə olmuşdu  soydaşlarımızın. Nəsibləri isə vətən torpağını qucaqlayaraq şəhidlik zirvəsinə ucalmaq oldu...

Bu qanlı hadisənin şahidi, bütün ailəsindən yalnız qucağındakı körpə qızını və 4 yaşlı oğlunu xilas edə bilmiş gənc bir ana  göz yaşları içərisində, ürək parçalayan Xocalı tarixçəsini söyləyir: “Xocalıdakı ov silahlarını da camaatdan almışdılar. Bizim özümüzü müdafiə etməyə heç bir imkanımız yox idi. Yalnız ərim tüfəngini gizlədib saxlamışdı. Biz od-alov içərisindən viran olmuş Xocalının kənarına güclə gəlib çıxa bildik. Sonra gördük ki, silahlılar bizi izləyərək, güllələr yağdırır. Onlar bizə çatıb öldürmək, ya da əsir götürmək istəyirdilər. Ərim dayanıb onlara atəş açmağa başladı. Qışqırdı ki, “Qaçın, ələ keçməyin!” Ailəmizin üzvlərindən bir neçəsi arxadan vurulub yerə sərildi. O isə hələ də silahlılarla vuruşurdu. Mən ayaq yalın, baş açıq, iki balamla uzaqlaşıb kol-kosun içində, qaranlıqda gözdən itəndə güclə onun bağırtısını eşidirdim: “Qaçın, gizlənin, görünməyin!” Biz xilas olduq. O isə şəhid...”

Azərbaycanlı Ər son nəfəsinə qədər vuruşdu ki, özü ölsə də, ailəsi düşmən əlinə keçməsin. Bu faciədən möcüzəli təsadüf nəticəsində qurtulmuşların hamısı bu gün  Xocalı dərdinin ağır yükü altında inləyir. Milli qəhrəmanımız Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini  bütün dünyaya nümayiş etdirir. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər. Erməni millətçiliyinin və separatizminin baş ideoloqu, körpə balaların qatili Balayanın Xocalı hadisələrindən 4 il sonra yazdığı “Qəlbimizin dirilməsi” kitabını oxuyarkən bir daha bunun şahidi olursan: “... Biz Xaçaturla uşaqların saxlandığı zirzəmiyə enən vaxt, əsgərlərimiz artıq onlardan birini ovuclarından pəncərə çərçivəsinə mıxlamışdılar. Uşağın səs-küyünü azaltmaq üçün Xaçatur onun ağzına öldürdüyümüz anasının kəsilmiş döşünü soxdu. Sonra mən onun başının, döşünün və qarnının dərisini soydum. O, qan itirməsindən 7 dəqiqə sonra öldü. Birinci ixtisasıma görə həkim olduğum üçün humanistəm və ona görə də uşağın başına gətirdiklərimizdən sevinc duymadım. Lakin qəlbim şadlanırdı. Xaçatur uşağın bədənini hissələrə böldü və itlərə atdı. Axşam biz eyni hərəkətləri üç türk uşağı ilə etdik. Mən erməni, vətənpərvər və vətəndaş kimi borcumu yerinə yetirdim...”

Bu - XXI əsrdə erməni faşistinin özü tərəfindən öz qələmi ilə yaradılmış mükəmməl obrazı, avtoportretidir!

Qarabağın işğalı zamanı Zori Balayanın Serj Sərkisyanla birlikdə hərbi geyimli fotoları da onların birlikdə törətdiyi cinayət əməllərinin sübutudur. Bu ölkənin həkim-yazıçısı da, prezidenti  Xocalı soyqırımı və bütövlükdə Qarabağın işğalı üzərində “erməni millətinin qəhrəmanlarına” çevriliblər. Lakin tarixi həqiqətlər bunun qəhrəmanlıq deyil, növbəti xəyanət olduğunu sübut edir. Bu faciə Qafqazlarda türk tarixinin qanlı səhifələrindən biri olsa da, birincisi deyil. Xocalı soyqırımı bizi tarixi keçmişimizə yenidən nəzər salmağa və acı həqiqətləri bir daha xatırlamağa və xatırlatmağa sövq edir. Xocalı soyqırımının kökü baş verdiyi tarixdən çox-çox əvvəlki zamanlara gedib çıxır. Bu faciəyə təkcə Qarabağ ətrafında cərəyan edən hadisələrin tərkib hissəsi kimi yox, həm də Azərbaycanın tarixi uğurları, zəngin dövlətçilik ənənələri, ölkəmizin yerləşdiyi geopolitik məkan və Qafqaz regionunda tutduğu önəmli yer kontekstində yanaşmaq onun əsl səbəblərini üzə çıxarmağa kömək edir. Tarixdən yaxşı məlumdur ki, Azərbaycan dövlətçiliyi özünün ən yüksək zirvəsinə Səfəvilər dövlətinin yaradılması ilə çatmışdı. Zamanında böyük bir coğrafi məkanı əhatə edən bu dövlətin zəifləməsi ilə Azərbaycan öz sərhədləri içərisində  daralmağa başladı. Səfəvilər dövlətinin süqutu, Azərbaycanın pərakəndə şəkildə xanlıqlara parçalanması sonda bütün regionun rus imperiyasının nəzarəti altına keçməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətçiliyinin zəifləməsi bütövlükdə Qafqaz regionunun imperiya caynağına keçməsinə səbəb oldu. Lakin faciə bununla bitmədi. Minilliklər ərzində Avrasiyanın sahibi olan qüdrətli türk dövlətçiliyinin dirçəlməsinə bir daha imkan verməmək məqsədi ilə Altaylardan Balkanlara qədər uzanan türk qurşağını parçalamağa çalışan rus imperiyası “məzlum” erməni tayfalarını məhz Qafqazda, əzəli türk torpaqlarında yerləşdirməyə başladı. Türk zolağının strateji mərkəzində yerləşən Azərbaycan imperyanın şikarına çevrildi. Son üç yüz ildə əhalisi daim artmaqda olan  Azərbaycanın ərazisi daim azalmağa, dəfələrlə bölünərək imperiya tərəfindən udulmağa məruz qaldı  bu günkü Azərbaycan dövləti mövcud olduğu bütün siyasi-mədəni tarixi ərzində ən az torpaqlara malikdir. XX əsrdə çarizm imperiyasını əvəzləyən sovet imperiyası da bu ənənəyə sadiq qalaraq Azərbaycanı parçalamaqda davam etdi. Qəddarlığı ilə öz sələfindən heçgeri qalmayan sovet imperiyası soydaşlarımızın böyük bir hissəsini Asiya çöllərinə sürgün etməklə, Zəngəzur mahalını da düşmənlərimizə təhvil verdi. Bütün bunlara mətinliklə sinə gərən millətimiz yetmiş il ərzində sovet əsarətinə qarşı mübarizəsini  milli azadlıq hərəkatını davam etdirdi. Bu üzücü mübarizə 20 Yanvar faciəsindən keçərək milli dövlətçiliyimizin bərpasına yol açdı.

Əslində, Xocalı hadisələri Azərbaycanda sovet imperiyasının dayaqlarını laxladan milli azadlıq hərəkatını boğmağa yönəlmiş Qanlı Yanvar faciəsinin davamı idi. Xalqımızın mübarizlik əzmini sındırmağa, Azərbaycanı yenidən əsarət altına almağa yönəlmiş zorakılıq aktı idi. Rus imperiyası törətmiş olduğu 20 Yanvar faciəsində əldə edə bilmədiyinə Xocalı faciəsində bilavasitə iştirak etməklə nail olmaq istəyirdi. Qafqazın itirilməsini heç zaman həzm edə bilməyən rus imperiyası Xocalı qətliamının törədilməsinə göstərdiyi “dəstəklə” yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirdi və əsl niyyətini ortaya qoydu. Xocalı soyqırımı əslində, bütün dünya türklüyü qarşısına atılan imperiya “əlcəyi”  idi.

 

Ardı var

 

Müqəddəs   yurdlarımıza  qayıtmaq arzusu ilə,

 

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

 

Olaylar.- 2014.- 26 fevral.- S.10.