Xocalıda axşam düşdü,

amma səhər bir daha açılmadı

 

Hər il fevral ayının 26-sı

Xatırla Türk oğlu,

Unutma nə olar!

İnsanlıq adına vurulan ləkəni.

Unutma, unutma,

Ayağa qalx sən!

Türk oğlu,

Ər oğlu,

Gözündən pərdəni at…..

Aç, bir ayıl!

Kimlər qarşında bax, at oynadır.

Bax at oynadır.

Ayıl, Türk oğlu ayıl

 

               Şəfəq Azər

 

Bu günlərdə hər bir azərbaycanlı, türk qanı daşıyan hər bir insan Xocalı adlı şəhərimizdə baş verən dəhşətli qırğınlardan danışır. Əllərimizdə Azərbaycan bayrağı, qulaqlarımızda xocalılıların fəryadı var. Müxtəlif ölkələrdə, qurumlarda Xocalıda baş verən qırğına ədalət istəyirik. Haqlı davamıza dayaq çıxanları axtarırıq. Bu işləri etmək bizim millət kimi, insan kimi borcumuzdur. Bunlar öz yerində. Amma Xocalıda dəhşət yaşadılan o insanların-gözləri çıxarılmış, bədənlərinə min-bir yara vurulmuş, təhqir olunmuş insanlarımızn şəkillərinin paylaşılması özlüyündə çox ağır gəlir. Bu şəkillərə quru-quru baxanların o insanların acılarını dərindən dərk edə biləcəyinə inamım azdır. Xocalı bir millətin deyil, insanlığın faciəsidir. Xocalıda törədilənlər Allaha qarşı çıxmaqdır. 25 fevral tarixinin gecəsi gəldi, amma səhəri açılmadı. Sabahı olmayan bir gecə yaşandı.

 

 

Haradır Xocalı?

 

7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar aşkarlanıb. Həmçinin burada arxitektura abidələri –1356-1357-ci illərə aid olan dairəvi qəbr və XlV əsrə aid mavzoley vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş verən hadisələrlə əlaqədar olaraq Fərqanədən qaçqın düşmüş 54 ahısqa türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulan bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.

 

Nələr baş verdi bir gecədə?

 

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən ibarət idi. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdu ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar gülləbarana tutulublar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.

 

Yüzlərlə insan məhv edildi

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda Azərbaycan türklərinə qarşı soyqırım oldu.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam və şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-cı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

 

Ermənilər heç kimə məhəl qoymur

 

İndi dünyadan ermənilərin törətdiklərinə hüquqi qiymət verməsini gözləyirik. Amma ermənilər heç kimə məhəl qoymur. Xocalı hadisələri regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf edirdi. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşüb və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar. Gördüyümüz odur ki, ermənilər heç bir beynəlxalq qaydalara əməl etməkdə maraqlı deyil və etmək fikrində də deyil. Bu günlərdə türkiyəli bir alim dünya arxivlərindən tapdığı sənədlərdən danışırdı. Həmin sənədlərdə məşhur siyasi liderlərin ermənlərin soyqırım iddialarının saxta olduğunu bilmələrini təsdiqləyən məlumatlar var. Niyə də olmasın, axı, onsuz da erməni öz gücü ilə heç bir işə nail ola bilməzdi.

 

Gerçəklər çox acıdır

 

Bütün yazılanlar Xocalı haqqında hər bir azərbaycanlının bildikləri və ya bilməyə borclu olduğu məlumatlardır. Amma o gecədən sonra necə-necə insan üçün gündüzlər də əbədi qaranlığa çevrildi. Necə-neçə ailənin çırağı söndü. Həm də yalnız Xocalı sakinlərinin deyil. Azərbaycanın müxtəlif bölgələrindən olanların həyatında qaranlıq səhifələr açıldı. Bunları bir xronologiya kimi qəbul etmək sadəcə mümkün deyil. Xocalıda həmin gecə əsir düşən Elçin Quliyevin ailəsində olduqdan sonra bu acı həqiqəti daha dərindən dərk etdim. O, polis kimi fəaliyyət göstərirmiş. Xocalıya da yardıma gedib. Həmin gecədən sonra onun nə ölüsündən, nə dirisindən xəbər tutan olmayıb. Bunları mənə Elçinin anası danışırdı. Gözləri yaş içində. Elçin ailəli idi, yenicə doğulan və atasının üzünü heç bir zaman görməyən bir körpə qızın atası idi. Elçin haqqında söhbətimizi içəri otaqdan gələn “Elçin, Elçin” sədaları yarıda kəsir. Yerimdə donub qalıram. Elçinin anası haraya qaçıb gəldikdən sonra izah edir. Atasıdı... Elçindən sonra əsəbləri pozuldu. Ata alim imiş, amma oğul xəstəsinə çevrilir. Xocalıya gedir, yüzlərlə meyidin içindən oğlunu axtarmağa çalışsa da, tapa bilmir. Bu sarsıntıya tab gətirə bilmir və əsəbləri pozulur. Yatağa düşür. Heç bir kəlmə də danışmır. Sadəcə bir-iki saatdan bir Elçinin adını təkrar-təkrar çağırıb yenə gözlərini bir nöqtəyə tikir. Bu sadəcə faciənin qurbanına çevrilən ailələrdən biridir. Orada canlı-canlı hadisəni yaşayanları danışdırmağa isə insan cəsarət etmir. Bu ailənin faciəsini dərk etdikdən sonra nəfəs almaqda zorlandığım o kədərli evdən çıxar-çıxmaz dərk etdim. Elçin və onun əzizləri üçün 26 fevral sabahı heç açılmayıb. Günəş Xocalıda o gecədən sonra heç doğmayıb. Səsimizi çatdırmaq istədiyimiz güclərin çirkin siyasətləri nəticəsində illərdir Azərbaycanın şəhər və kəndlərində, neçə-neçə ailəsində bu cür faciələr yaşanır. Və millətimiz o gecələrə işıq tutacaq günəşin doğmasını səbirsizliklə gözləyir. O günəş doğacaq, doğmağa məcburdur, yoxsa hələ gülməyin mənasını dərk etmədən torpağa qarışan körpələrin ruhu bizi bağışlamaz...

 

Aygün

 

Olaylar.- 2014.- 26 fevral.- S.6.