Əlibəy
Hüseynzadənin yurdunda
möhtəşəm yubiley tədbiri
Salyanda dahi
mütəfəkkirin 150 illik yubileyi qeyd edildi
Prezident
İlham Əliyevin Əlibəy Hüseynzadənin 150 illik
yubileyinin qeyd edilməsi ilə əlaqədar
imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin
doğulduğu rayonda onun yubileyi qeyd edilib. Salyan rayon İcra
Hakimiyyəti və Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
birgə təşkilatçılığı ilə
baş tutan yubiley tədbirində respublikanın
sayılıb seçilən ziyalıları, alim və
professorlar, Əlibəy Hüseynzadə irsinin tədqiqatçıları,
kütləvi informasiya vasitələrinin rəhbərləri
və rayon ziyalıları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə
Salyan rayonunun mərkəzində ucaldılmış
ümummilli lider Heydər Əliyevin, eləcə də
Əlibəy Hüseynzadənin abidəsini ziyarət edib, dahi
mütəfəkkirin ev muzeyi ilə tanış olublar. Yubiley
tədbirini giriş sözü ilə açan Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, bir
neçə ay əvvəl Azərbaycan Mətbuat
Şurasının rəhbərliyi
və bir sıra KİV nümayəndələrinin
rayon icra hakimiyyətinin başçısı ilə
görüşü zamanı belə bir təşəbbüs
irəli sürülüb: “Hər bir tarixi şəxsiyyətə,
mütəfəkkirə xüsusi diqqət və qayğı
ilə yanaşan cənab prezident İlham Əliyevin Əlibəy
Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə
bağlı imzaladığı sərəncam bizim hər
birimizdə sevinc, qürur hissi
yaşatdı”. ATXƏM sədri buna görə ölkə
başçısı İlham Əliyev və Salyan rayon
İcra Hakimiyyətinin başçısı Tahir Kərimova
minnətdarlığını ifadə edib: “Əlibəy
Hüseynzadə dedikdə çoxsahəli bir şəxsiyyət
göz önünə gəlir. Əlibəy Hüseynzadə
türklük, türkçülük məfkurəsini
yaradanlardan biri kimi xarakterizə edilir”. İlham
İsmayılov deyib ki, dahi mütəfəkkir həyatını,
varlığını türk birliyinə sərf edib:
“Əlibəy Hüseynzadə dedikdə türk
dünyasında ictimai fikrə təsir edən bir şəxsiyyət
göz önünə gəlir. Əgər biz zamanında
Əlibəy Hüseynzadənin türk dünyasının
birliyi istiqamətindəki
çağırışlarını həyata keçirsəydik
bəlkə də sonrakı dövrdə üzləşdiyimiz
bəlalarla qarşılaşmayacaqdıq”. Eyni zamanda onun mətbuat aləmi ilə
sıx bağlı olduğunu deyən İlham
İsmayılov qeyd edib ki, Əlibəy Hüseynzadənin fəaliyyətinin
böyük bir hissəsi məhz “Fyüzat” jurnali ilə
bağlıdır: “Məhz həmin jurnalda Əlibəy
Hüseynzadə belə bir tezislə çıxış
etmişdi ki, bizə türk hissiyatlı, İslam etiqadlı,
Avropa qiyafəli fədai lazımdır. Sonradan
fyüzatçılar onu təkmilləşdirərək
türkləşmək, müasirləşmək,
islamlaşmaq kimi təqdim etdilər”
Azərbaycan Mətbuat Şurasının
İdarə Heyətinin üzvü, Bakı Dövlət
Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev
Əlibəy Hüseynzadənin həyat və
yaradıcılığından bəhs edən məruzə
ilə çıxış edib. Şamil Vəliyev də
Əlibəy Hüseynzadənin 150 illik yubileyinin geniş
şəkildə qeyd edilməsinə görə prezident
İlham Əliyev və rayon İcra Hakimiyyətinin
başçısı Tahir Kərimova minnətdarlığını
bildirib. Əlibəy Hüseynzadənin yubileyinin təkcə
Azərbaycanda deyil, eləcə də Türk dünyası və
Avropa ölkələrində qeyd olunacağını deyən
Şamil Vəliyev bu istiqamətdə ilk tədbirin məhz
dahi mütəfəkkirin anadan olduğu Salyan rayonunda
keçirilməsini təqdirəlayiq hal hesab edib. Şamil Vəliyev
bildirib ki, Əlibəy Hüseynzadə təkcə Azərbaycanın
fikir, mütəfəkkir şəxsiyyəti yox, ümumilikdə
Türk, ümumİslam dünyasının tanınan şəxsiyyətidir:
“Təbii ki, işi, əməli, ideyaları ilə. O ideyalar
ki, Azərbaycan insanını hürriyətə,
azadlığa, vətənpərvərliyə, insan olmağa
səsləyir. Bu gün bizim bayrağımızda
simvollaşan 3 rəng məhz onun ideyasının məhsuludur.
Əlibəy Hüseynzadə bizə türk hissiyatlı,
İslam etiqadlı, müasir geyinən insan təlqin etdiyinə
görə bu gün bizimlə bir yerdədir. Onun digər bir
möhtəşəm xətt hərəkatı, fikir
düsturu da var. Əlibəy Hüseynzadə deyirdi ki, biz
türküz, islamız, qafqazlıyız, insanız. Əlibəy
Hüseynzadə haqqında yazanlar sağlığında onu
dahi adlandırıblar. O, Türkiyəyə gedəndə
yazırdılar ki, Əlibəy Hüseynzadə korların
gözü, karların qulağı, lalların dili idi.
Çünki Əlibəy Hüseynzadə Azərbaycan
insanının arzu və istəklərini irəli
sürürdü”. Əlibəy Hüseynzadənin Azərbaycan
Xalq Cümhuriyyətinin ideoloji əsaslarını yaradan bir
şəxsiyyət olduğunu deyən Şamil Vəliyev
bildirib ki, o, həmçinin Azərbaycanda həm ictimai-siyasi
fikir, həm də məişət və mədəniyyət
həyatında islahatlar aparan islahatçı bir şəxsiyyət
olub: “Əlibəy Hüseynzadə Azərbaycanda azad
informasiyalı vətəndaş cəmiyyəti
ideyasını irəli sürən bir şəxsiyyətdir.
Həmin tezislər bu günümüz üçün də
çox əhəmiyyətlidir. Əlibəy Hüseynzadə
Azərbaycanda ilk olaraq monarxist rejimdən müasir, konstitusiyalı dövlət rejiminə
keçid ideyasını irəli sürən və bu istiqamətdə
silsilə məqalələr yazan bir şəxsiyyətdir.
Çar Rusiyasının müstəmləkə rejimindən
qurtulmaq və müasir, modern Azərbaycan qurmaq ideyası
Əlibəy Hüseynzadə təfəkkürünün məhsuludur
ki, sonradan “Açıq Söz” qəzeti və açıq
sözçülər Fyüzatçılıq Hərəkatını
yeni siyasi model səviyyəsinə gətirdilər. Türkləşmək,
müasirləşmək, islamlaşmaq ideyası bu gün də
bizim bayrağımızda əksini tapır. Bir xalq olaraq hər
birimiz həmin bayrağa ehtiram və rəğbətlə
yanaşırıq. Prezidentdən tutmuş sıravi
insanımız, şagirdimizə qədər ona ehtiram
göstəririk. Əlibəy Hüseynzadə bir fikir
adamı kimi həmişə Azərbaycanın müstəqilliyi,
bütövlüyü, birliyi uğurunda mübarizə aparan,
fikir söyləyən bir şəxsiyyət idi. Ona görə
də Əlibəy Hüseynzadənin fikirləri bu gün
özümüzü tanımaq, özümüzü idarə
etmək və başqalarına tanıtmaq baxımından
düstur misalındadır. Eyni zamanda Əlibəy
Hüseynzadə Azərbaycanda siyasət mədəniyyətini
formalaşdıran bir şəxsiyyətdir. O
respublikaçılıq ideyasını irəli sürən
və hər zaman demokratizmi müdafiə edən insan idi. Azərbaycan
və Azərbaycançılıq ideyası onun əsərində
çox yüksək qabarıq şəkildə və elmi əsaslarla
şərh olunur”. Əlibəy Hüseynzadə irsinin tədqiqatçısı,
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
çıxışında Əlibəy Hüseynzadənin qəzetçilik
fəaliyyəti ilə bağlı çıxış edib.
O, deyib ki, Əlibəy Hüseynzadə böyük bir fikir
insanı idi: “Əlibəy Hüseynzadə qəzetçi, Azərbaycanın
ilk hərbi həkimi, Rusiya müsəlmanları və
Türk dünyasının birliyinə çalışan,
ortaq türk dili ideyasını ortaya atan böyük bir
düha idi. Əlibəy Hüseynzadə təkcə Azərbaycan
deyil, eləcə də Türkiyədə qəzetçiliklə
məşğul oldu. O, elə bir dildə yazırdı ki, həmin
dil ortaq türkcə idi. Əlibəy Hüseynzadənin
ümumtürk ortaq dil konsepsiyası onun
yaşadığı zamanda da birmənalı
qarşılanmırdı. Ona müxtəlif cür münasibət
göstərirdilər. Ancaq Əlibəy Hüseynzadənin
böyüklüyü onda idi ki, “Həyat” qəzetində məhz
onun fikrinin əleyhinə olan insanlara da yer verilirdi. Əlibəy
Hüseynzadə təkcə Azərbaycan Cümhuriyyətinin
deyil, ümumilikdə Türk Dünyasının böyük
lideridir. O, eyni zamanda müasir, modern Türkiyənin fikir
babasıdır. Mustafa Kamal Atatürk deyirdi ki, mənim
cismimin, sümüyümün sahibi Əlirza əfəndidirsə,
fikrimin babası Ziya Göyalpdır. Ziya Göyalp isə
bildirir ki, mənim fikrimin babası Əlibəy Hüseynzadədir.
Əlibəy Hüseynzadənin Atatürklə də sıx
münasibətləri yaranmışdı”. Akif
Aşırlı qeyd edib ki, Əlibəy Hüseynzadə hər
zaman Azərbaycan, Azərbaycançılıq
üçün çalışıb. Onun sözlərinə
görə, Əlibəy Hüseynzadə Azərbaycanı
türkçülüyün mərkəzi hesab edirdi.
Azərbaycan Jurnalistlər Liqasının sədri
Yadigar Məmmədli də deyib ki, Əlibəy Hüseynzadənin
gördüyü işlər çoxşaxəlidir:
“Əlibəy Hüseynzadə ilk növbədə milli kimlik
məsələsini gündəmə gətirdi”. Yadigar Məmmədli
onu da vurğulayıb ki, Əlibəy Hüseynzadəni hələ
yaxşı öyrənməmişik və cəmiyyətə
təqdim etməmişik: “Baxmayaraq ki, aradan düz 150 il
keçib. Hesab edirəm ki, Əlibəy Hüseynzadə
adına mərkəzin yaradılmasına da ehtiyac var”.
Salyan rayon Ziyalılar Birliyinin Qulam Sadiqin
sözlərinə görə, Əlibəy Hüseynzadə,
Xəlil Rza Ulutürkün türkçülük uğrunda
apardığı mübarizəni bu gün ATXƏM sədri
İlham İsmayılov davam etdirir. Salyandakı Əlibəy
Hüseynzadənin abidəsinin müəllifi, heykəltaraş
Nəriman Qəhrəmanoğlu dahi mütəfəkkirin heykəlini
sevə-sevə hazırladığını və bundan
zövq aldığını söyləyib.
Salyan rayon İcra Hakimiyyətinin
başçısı Tahir Kərimov
çıxışında qeyd edib ki, Əlibəy
Hüseynzadə dahi şəxsiyyət, gözəl rəssam,
həkim və publisist olub.
Bildirib ki, Əlibəy Hüseynzadə
türkçülük, Azərbaycançılıq
ideyaları ilə yaşamış, bu istiqamətdə
çalışmışdır: “Əlibəy Hüseynzadə
öz elmi əsərlərində də “Avropa qiyafəsində
dünyaya inteqrasiya etməliyik” fikrini təlqin edirdi”. Tahir Kərimov
Əlibəy Hüseynzadənin publisist fəaliyyəti ilə
insanları maarifləndirməyə
çalışdığını da vurğulayıb:
“Əlibəy Hüseynzadənin həyat yolu heç də
asan olmayıb və bir çox təzyiqlərə məruz
qalıb. Ancaq bütün bunlara baxmayaraq bu insanlar xalq yolunda
çalışmaqdan yorulmurdular. Bu gün
Turançılıq, istiqbal deyəndə biz Əlibəy
Hüseynzadəni başa düşürük. Belə bir
insanın məhz salyanlı olması siz salyanlıların fəxridir.
Əsrin əvvəlində Əlibəy Hüseynzadə, əsrin
sonlarında isə Xəlil Rza Ulutürk. Budur bizim şərəfimiz,
vüqarımız”. Yubiley tədbirinə yekun vuran ATXƏM sədri
İlham İsmayılov deyib ki, orta məktəblərdə
Əlibəy Hüseynzadənin tədrisinə çox
böyük ehtiyac var: “Təklif edirəm ki, bu ili Salyanda
Əlibəıy Hüseynzadə ili elan edək və ali məktəblərə
yüksək bal toplayaraq daxil olan tələbələrə
ATXƏM, QHT-lər adından mükafatlar təqdim edək.
Düzdür, hər il icra hakimiyyətinin
başçısı öz adından həmin tələbələrə
mükafatlar verir. Ancaq belə bir mükafatın təsis edilməsi
də yaxşı olar. Çünki gənclərin mütləq
Əlibəy Hüseynzadə irsini dərindən öyrənməsinə,
ona yiyələnməsinə, bu ideologiyaya sahib olmalarına
böyük ehtiyac var. Biz də bu parlaq ideyaların
davamçısı olmağımızla özümüzdə
qürur duyuruq”.
Süleyman İsmayılbəyli
Bakı-Salyan-Bakı
Olaylar.-
2014.- 26 fevral.- S.4.