Azərbaycan-Amerika Alyansından

uğurlu tanıtım aksiyası

 

Birləşmiş Ştatlartda  fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı hər il olduğu kimi, bu il də okeanın o tayında Xocalı soyqırımının tanıtım aksiyasını keçirib.

Bu barədə məlumat verən Azərbaycan-Amerika Alyansının təsisçisi və sədri Anar Məmmədov bildirib ki, bir neçə gün ərzində Birləşmiş Ştatların Nyu-York şəhərinin hər gün 100 mindən çox insanın baş çəkdiyi məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunub. Alyans sədri qeyd edib ki, ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyib: “Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar etdi. Bundan başqa, Nyu-York metro stansiyalarına Xocalı soyqırımından bəhs edən posterlər yerləşdirilmişdi. Stansiyalarının sayına görə dünyanın ən iri metropoliteni olan Nyu York metrosunun 34 stansiyasında bərkidilən posterlər bu nəqliyyat vasitəsindən istifadə edən insanları da Xocalı qətliamından xəbərdar etdi. Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarət idi. Àxşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldilmişdi”. Alyans sədri qeyd edib ki, fevralın 17-i Nyu-Yorkdan başlanan multimedia kampaniyası hal-hazırda Vaşinqtonda gerçəkləşdirilməyə başlayıb: “Multimedia kampaniyası ənənəvi olaraq metro stansiyalarında posterlərin yerləşdirilməsindən başladı. Vaşinqton metrosunun 25 stansiyasından istifadə edən sərnişinlər Xocalı haqda məhz bu posterlər vasitəsilə məlumat əldə edirdilər. Axşam saatlarında isə mobil proyeksiya maşını bəşər faciəsinin statistikasını Vaşinqtonun binaları üzərində işıqlandırırdı”. Anar Məmmədov bildirib ki, mart ayının ortalarına qədər davam edəcək Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq Soyqırım kimi tanınmasına və qəbul edilməsinə xidmət edəcək: “Yuxarıda qeyd etdiyim kimi, Alyans yarandığı ildən etibarən hər il Birləşmiş Ştatlarda Xocalı soyqırımı tanıtım kampaniyası keçirir. Hər dəfə də biz bu faciənin insanlara daha geniş, daha operativ, daha məzmunlu şəkildə tanıdılmasına çalışırıq, bunun üçün müxtəlif üsullar fikirləşirik. Sözsüz ki, ABŞ kimi nəhəng, rəngarəng, həm siyasi, həm coğrafi baxımdan mühüm ölkədə belə bir aksiyanın keçirilməsi həqiqətin olduğu kimi tanıdılması üçün son dərəcə əhəmiyyətli və effektivdir. Sorğular, baxış sayları və statistika onu göstərir ki, Alyansın həyata keçirdiyi kampaniya amerikalıların diqqətini cəlb edə bilib. Ən azı onlar 22 il bundan öncə Azərbaycana, Xocalının dinc sakinlərinə qarşı edilmiş amansızlıqlardan və baş vermiş bəşəri cinayətdən xəbər tuta bilirlər. Hesab edirəm ki, həyata keçirdiyimiz kampaniya Xocalı soyqırımının dünya miqyasında tanınmasına və qətliamın əsl miqyasının ölçülərək ədalətli qərar verilməsinə kömək edəcək. Bu məqsədlə biz bu il həm də müxtəlif xalqların nümayədələrinin iştirakı bir çarx da çəkdik. Onların bir neçə dildə Xocalı soyqırımına, bu faciəyə olan münasibətini lentə aldıq. Zənnimcə, bütün dünya azərbaycanlılarının paylaşmalı, geniş yaymalı olduğu bir çarxdır. Tarixi həqiqətləri olduğu kimi çatdırmaq üçün hər birimiz çalışmalıyıq”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 27 fevral.- S.15.