Nikah müqaviləsi və
ya evlənmə sazişi
nədir?
Hər gün kütləvi informasiya vasitələrindən onlarla qadının hüququnun pozulduğu xəbərini eşidirik. Gəlin yaşadığı ünvanda qeydiyyata salınmır. Bəzilərinin el adəti ilə gəlin köçməsinə baxmayaraq heç rəsmi nikahı da yoxdur. Ata evinə qayıdarkən doğmalarından ögey münasibət görür… Depressiyaya düşür, intihara cəhd göstərir! Boşanmış qadınlar körpələri qucaqlarında “Adam içində”, “Ümid Var” kimi verilişlərdə həyat hekayələrini danışıb insanlardan kömək istəyirlər…
Bəs nə etməli?
Problemin kökündən həll
olmasına necə nail olmalı? Əlbəttə
ki nikah müqaviləsi
bağlamaqla. Gəlin görək bizim cəmiyyətdə nigah
müqaviləsinə münasibət necədir?
Ailə psixoloqu Tünzalə Verdiyeva
tərəflərin toy ərəfəsində
hər sahədə razılığa gəldiklərini, əksər
hallarda yalnız nikah
müqaviləsi bağlamaqda qız evinin oğlan evi ilə bir qərara gələ
bilmədiklərini deyir: “Tərəflər
toy ərəfəsində hər bir sahədə razılığa gəlirlər,
hətta bəylə gəlin toyda rəqs
etmək üçün bir
ay müəllim yanına da
gedirlər. Amma nikah
müqaviləsi haqqında nəinki danışmaq, hətta
düşünmək belə heç kimin ağlına gəlmir. Bunu
ayıb hesab edirlər. Bir-birinə
inamsızlıq kimi qiymətləndirirlər.
Hətta gəlin desə ki, nikah müqaviləsi imzalayaq,
bəy “nə danışırsan, eşidən olar! Ayıb deyilmi?” deyərək
gəlinin sözünü qəribçiliyə
salır. Böyüklər isə “Heç
kim boşanmaq üçün evlənmir, ay
bala” deyərək belə halların bizim xarakterimizə, milli
mentalitetimizə uyğun
olmadığını bildirirlər. Belə şeylər
avropalılara xasdır.
-Ümumiyyətlə gəlin nikah müqaviləsinin əsas özəlliyinin nədən ibarət olduğunu çatdıraq. Nikah müqaviləsi nədir?
-Nikah
müqaviləsi nikaha daxil
olan şəxslər arasında bağlanan, nikah
dövründə və ya nikah pozulduqda ər-arvadın
əmlak hüquqlarını və vəzifələrini
müəyyən edən sazişdir. Nikah
müqaviləsi yazılı formada
bağlanır və notariat qaydasında təsdiq
olunur. Ər-arvad əmlakla bağlı öz aralarında şifahi
razılığa gəlsələr belə, nikaha
xitam verilən zaman həmin
şifahi razılaşmaya əsaslanaraq əmlak
iddiası irəli sürə bilməz. Nikah
müqaviləsində tərəflərin bir-birinin
gəlirlərində iştirak
üsulları, ailə xərclərində iştirak
qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın
əmlakının hüquqi rejimi müyyənləşdirilir. Nikah müqaviləsi həm də ər-arvadın
mövcud olan və gələcəkdə
əldə edəcəkləri əmlaka dair
bağlana bilər.
-Nikah müqaviləsi ər-arvad arasında könüllü bağlansa da, bəzi məsələlər var ki onları nikah müqaviləsinə daxil etmək olmaz...
- Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini məhdudlaşdıra
bilməz. Bu o deməkdir
ki, ər-arvad bir-birlərinin əmək
fəaliyyətini seçməyə, təhsil almasına, ixtisas seçməsini qadağan
edə, yaxud onu məhdudlaşdıra
bilməz. Nikah müqaviləsi tərəflərin
məhkəməyə müraciət etmək hüququnu
məhdudlaşdıra bilməz. Məsələn, ər
arvadına gələcəkdə ona
qarşı aliment tələbi ilə məhkəməyə
iddia verməsinə, yaxud
birgə əmlakın bölünməsinə dair iddia qaldırmasına
qadağa qoya bilməz.
Eyni zamanda müqavilədə
tərəflərin məhkəməyə müraciət etmək
hüququndan imtina etməsinə
dair müddəalar da
nəzərdə tutula bilməz. Nikah müqaviləsində ər-arvadın
qeyri-əmlak hüquq və vəzifələri
müəyyənləşdirilə bilməz. Bu
müqavilədə yalnız əmlak xarakterli
müddəalar göstərilə bilər. Bu
o deməkdir ki, nikah müqaviləsi ilə tərəflər
bir-birini sevməyə, hörmət etməyə,
ailə sədaqətini saxlamağa, spirtli içkilərdən istifadə etməməyə
məcbur edilə bilməz. Lakin qeyri-əmlak
xarakterli halların yaranmasından
asılı olaraq ər-arvadın əmlak
xarakterli hüquq və
vəzifələri müəyyənləşdirilə bilər.
Məsələn, tərəflərdən birinin
qeyri-etik hərəkəti nəticəsində
digər tərəfə pul
kompensasiyasının verilməsi nikah
müqaviləsində nəzərdə tutula
bilər.
- Nikah müqaviləsi ilə ər-arvadın övladla bağlı hüquq və vəzifələri necə müəyyənləşir?
Nikah müqaviləsi ilə ər-arvad uşaqlarla bağlı hüquq
və vəzifələrini müəyyənləşdirə
bilməz. Məsələn, ər-arvad müqavilədə boşanma zamanı uşaqların atanın yaxud ananın yanında qalmasını və ya valideynlərin uşaqla
görüş qaydalarını nəzərdə
tuta bilməz. Lakin buna baxmayaraq ər-arvad nikah müqaviləsində uşaqların
saxlanmasında və təhsil almasında xərcləri
müəyyən edə bilər. Nikah
müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun
qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin
razılığı ilə istənilən dövrdə dəyişdirilə,
yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada
olmalıdır. Nikah müqaviləsinə xitam verilərsə,
ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə
də xitam verilir.
Əgər evlənən cütlüklər nikah
müqaviləsinə imza atsalar,
qadınlar arzuolunmaz vəziyyətlərdən
sığortalanarlar!
Nigar Məhərrəm
Oalylar.-
2014.- 27 fevral.- S.13.