Cənnətdən gələn məktub

 

Məhəlləmizin başında Ağabəy adında yaşlı bir kişi yaşayırdı. İlk baxışdan başqalarından heç nə ilə fərqlənməyən bu insanla qısa söhbətdən məlum olurdu ki, həddindən artıq dindardır, bir az da dəqiq desək avamdır (rus türkcəsində desək, fanatikdir) və dar düşüncəsi ilə bütün məhəllə sakinlərindən fərqlənir. Əslində məhəlləmizin sakinlərinin əksəriyyəti, xüsusilə də qocalar dindar idi. Amma “Məşədi İbad” demiş, bir o qədər yox. Bu kişi həyatının mənasını dini qanunlara ciddi riayət etməkdə görürdü. Deyərsiniz burda pis nə var ki?! Heç nə. Məsələ bunda idi ki, o, bütün bunlara şüurlu şəkildə deyil (məsələn, birindən eşitdiyi hədisin doğru və yalan olmasının fərqinə varmadan), kortəbii şəkildə əməl edirdi. Amma bu kişinin bir özəlliyi də vardı ki, o, dindar olduğu qədər də çalışqan idi. Bütün ömrünü ağır zəhmətlə çalışaraq ailəsini dolandırırdı. Məni görən kimi yanına çağırar, həmsöhbət olardıq. Çox söhbətlər edərdi. Danışardı ki, ömründə bir tikə belə haram çörək yeməyib, heç kimin bostanına daş atmayıb, qonşunun toyuğunu həyətində görəndə “mənimkidir”-deməyib. Bir sözlə saf, təmiz, alın təri ilə, halal bir ömür yaşayıb. Çevrəsindəkilər də bunu təsdiq edər, istər qohumları olsun, istərsə də qonşuları onun geniş ürəkli insan olmasından, cüzi qazancından daim kimsəsizlərə əl tutmasından ağız dolusu danışırdılar.

Hələ bu harasıdır? Ağabəy kişinin atası haqqında danışırdılar ki, o, dükandan heç nə almaz, hətta taxılı belə öz qapısında əkib becərərdi ki, birdən bu taxıl müsəlman olmayan məmləkətlərdən gətirilər. O da yeyər, ibadəti zay olar. Bir sözlə bu ailənin möminliyi təkcə bizim kənddə deyil, bütün ətraf kəndlərdə məşhur idi.

Ağabəy kişidə mənim diqqətimi ən çox çəkən cəhət o idi ki, o, hər şeyi qismətlə, alın yazısı ilə bağlayırdı. Məsələn, güclü qar yağırdı, o işə gedə bilmirdi. (Əksər kənd sakinləri kimi Ağabəy əminin də ruzusu gündəlik işdən çıxırdı). Belə günlərdə arvadı Məsmə xala ondan soruşardı:

-A kişi, bu gün işə gedəcəksən, səninçün bir şey hazırlayım?

Ağabəy kişi cavab verərdi:

-Qismətimdə olarsa gedərəm.

Arvadı hirslənər və astadan deyərdi:

-Görüm sənin bu dünyaya qismət olub doğulan gününə daş düşəydi.

Ağlım kəsəndən qismət məsələsinə mənim xüsusi yanaşmam olub və mən bu qismət məsələsini heç vaxt qəbul etməmişəm. Ağabəy kişinin qismət konsepsiyasına da inamsız yanaşırdım. Peyğəmbərlərin belə dolanmaq üçün ağır zəhmət çəkdikləri halda birinin heç bir zəhmət çəkmədən evdə oturub qismətini gözləməsi nə dərəcədə doğrudur? Qismət məsələsində mən kəndimizin ən məzəli adamı sayılan, bir az da qulağı ağır eşidən Ağadadaş kişiyə daha çox üstünlük verirdim. Çünki, o, həmişə deyərdi ki, “Allah çəkdiyin zəhmətə qiymət versin”. Və ona “sabahın xeyir” deyəndə “aqibətin xeyir” deyil, “axırın xeyir” - deyərdi. Yeri gəlmişkən, Ağadadaş kişi çox şən, hazırcavab və Allaha şükürlü bir insan idi. Hər dəfə evə təzə bir əşya alanda mənə göstərərdi. Evlərində özü demiş Xruşşov dövründən qalma enli bir dəmir çarpayı vardı. Bu çarpayını mənə göstərib deyərdi:

-Bax, bu çarpayıda üçümüz yatırıq.

-Üçüncüsü kimdir, ay Ağadadaş kişi?

-Mən, arvad, bir də ki, rəhmətlik atam mənimlə Səkinənin (arvadının adı Səkinə idi) arasında yatır.

-Bu necə olur?

Gecələr elə ki, dönürəm arvada tərəf, tez deyir ki, sən atanın goru, mənimlə işin olmasın.

Ağadadaş kişinin 4-ü qız, 3-ü oğlan olmaqla 7 uşağı vardı və bu qızları köçürmək onu əməllicə “bankrot etmişdi”. Hər dəfə bu barədə söhbət düşəndə Ağadadaş kişi ah çəkər, deyərdi: Kasıbın əkdiyi bitmir ki ...

Deyəsən mətləbdən uzaqlaşdıq. Biz axı Ağabəy kişidən danışırdıq. Ağabəy kişinin bütün xasiyyətlərini mənimsəmiş, bircə bu qismət işində atasının əksi olan oğlu Coşqun bu yöndə onunla mübahisə edirdi. Amma Ağabəy kişi “kor tutduğunu buraxmaz” məsəlinə ciddi riayət edirdi. Coşqun yüksək ailə tərbiyəsi görmüşdü və buna görə də kənddə hamının sevimlisi idi. Bir də ki, onun ürəyində atasından qorxu hissi var idi. Çünki, Ağabəy kişi ötkəm adam idi və sözü çəp gələn kimi ”bös-böyük cahıl” olan Coşqunun qulağını şillə ilə alışdırırdı. Odur ki, o, çox zaman atasının səhv, yanlış fikirlərini sükutla qarşılayırdı. Bunu görən atası da:

-Görürsən, heç nə deyə bilmirsən. Belə tutarlı faktların qarşısında nə deyə bilərsən ki..?

Ağabəy kişinin savadlı, daha doğrusu ali təhsilli adamları görməyə gözü yox idi. Fikirləşirdi ki, elm uşaqların başını xarab edir və onlar dindən uzqlaşırlar. Oğlunu məktəbə göndərməklə çox səhv iş gördüyünü düşünürdü.

-Nəslimizdə oxumuş yox idi, canımız çıxmırdı ki, bir tikə çörək qazanıb acından ölməmişik.

Oğlunun İnşaat Mühəndisləri Universitetinə daxil olması isə Ağabəy kişini əməlli-başlı özündən çıxarırdı. Lakin anasının uzun-uzadı xahiş-minnətindən sonra yumşalıb bir söz deməmişdi. Sovet dövrünü yaşamış, böyük texniki tərəqqinin şahidi olmuş bir insanın bu dərəcədə avam olması təəccüb doğururdu.

İllər keçir, həyat öz axarı ilə davam edirdi. Artıq Coşqunun evlənmək, ailə qurmaq vaxtı çatmışdı. O, qonşuluqdakı Gültac adlı bir qıza könül bağlamışdı. Lakin Ağabəy kişi bu izdivacın qəti əleyhinə idi. Səbəbi də o idi ki, qız ali təhsilli idi və kənd məktəbində ədəbiyyat müəllimi çalışırdı. Ailələri isə namaz qılmır, oruc tutmur, nə bilim ağ balıq və kolbasa yeyirlər. Bunu bilən kənd camaatı tez-tez Ağabəy kişidən soruşurdular:

-Ay Ağabəy, de görək, xeyir iş nə vaxtdı?

-Hansı xeyir iş?

-Oğlunun xeyir işin deyirik də.

-Kim sizə dedi ki, mən xeyir iş etmək istəyirəm? Gedin öz işinizlə məşğul olun.

Coşqun isə yiyələndiyi ixtisasa aid iş tapa bilmir, atası kimi isə xırda işdə çalışmaq istəmirdi. Hər dəfə bu barədə söz düşəndə Ağabəy kişi hirslənərdi:

-Sən ağa, mən ağa, inəkləri kim sağa?

Bir gün kəndin işi-gücü olmayan avara cavanları Ağabəy kişiyə sataşmaq qərarına gəldilər. Bir kağıza gözəl bir xətlə “Bismillahir-rəhmanir rəhim. Bu məktub cənnətdən göndərilib. Mömin insanlara müjdə, Allahı tanımayanlara isə ciddi xəbərdarlıqdır. Məlumunuz olsun ki, Səudiyyə Ərəbistanında ağ paltar geyinmiş şəxs bir kişinin yuxusuna girib və ona bildirib ki, insanlar dindən üz döndərib, bu yaxınlarda onlar cəzalandırılacaqlar və bu məktubu alan hər şəxs onun üzünü köçürüb başqalarına da paylamalıdır” sözlərini yazıb xəlvəti həyətlərinə atdılar. Ağabəy kişi bu məktubu oxuyan kimi şiri-nərə döndü:

-Gördünüz ki, mən sizə demişdim, belə getsə dünya dağılacaq.

Məktubu özündə saxlamaqdan qorxan Ağabəy kişi onu kənd camaatına paylamaq qərarına gəldi. Lakin camaat bunu alarsa hərəsi bir neçə nəfərə vermək lazım olduğunu anladığından heç kim bu kağızı ondan almadı. Onda Ağabəy kişi məktəbə gedib məktubları şagirdlərə payladı. Bunun məktəbdə necə tufan qopardığını kənd məktəbində müəllim işləyən atam mənə axşam danışdı. Coşqun atasının bu hərəkətindən çox üzüldü. Demək olar ki, hər gün atasından bir gülünc hərəkət eşidirdi.

Ağabəy kişinin bir özəlliyi də onda idi ki, bir balaca dini savadı olanı, məsələn Quranı qırıq-qırıq da olsa oxuya biləni alim adlandırırdı. O cümlədən özü də mollaların ağzından bir neçə kəlmə eşitdiyindən məclislərdə özünü alim, oxumuş, savadlı bir insan kimi aparır, tez-tez mollalarla mübahisə edirdi. Hətta son zamanlar Ağabəy kişinin özünü alim sayıb yanına məsləhətə gələnlər də vardı. Elə ki, bir çətin məsələ haqqında söhbət düşdü, Ağabəy kişi döşünü qabağa verib “Mütrüb dəftəri”indəki Qasım əmi kimi deyərdi:

-Burda çətin nə var bəyəm? Məndən soruşun, cavabını verim.

Birisi soruşardı:

-Ay qonşu, nə qədər çalışıram bu uşağı avaraçılıqdan qurtara bilmirəm, sən alim adamsan nə məsləhət görürsən?

Ağabəy kişi bunu da qismətlə bağlayıb deyərdi.

- Bu onun alnına yazılıb, əgər qismətində varsa avaraçılıqdan qurtaracaq.

Bizim ailəmizdə 6 yaşından etibarən Qurani-Kərimi oxuyub-öyrənmək bir ənənə halını almışdı. O cümlədən 6 yaşıma çatanda məni də Gülhüseyn mollanın yanına qoydular ki, Quranı Kərimi və qiraəti öyrənim. Elə bu andan da atam məni özü ilə tez-tez yas məclislərinə aparardı ki, qiraətə qulaq asım və düzgün tələffüzü öyrənim. Ağabəy kişi də adəti üzrə heç bir məclisi buraxmazdı. Gözünü mollanın ağzına dikər, mərsiyə oxunduqda isə istər-istəməz gözlərindən yaş axardı. Ağlamaq işində o qədər mahir olmuşdu ki, arvadlar onun yanında yalan idi. Məclislərin birində molla xəlifələrdən birinin ələvilərə zülmündən danışırdı. Guya bu xəlifə ələvilərdən birini təhqir etmiş, həmin şəxs də əsəbiləşərək, Kufə şəhərindən əlini uzadıb, Şam şəhərində xəlifənin bığlarını dartmışdı. Molla bu söhbəti avazla danışır, arada hönkürüb ağlayırdı. Pah atonnan, bilsəniz Ağabəy kişi necə ağlayırdı? Göz yaşı su yerinə axırdı. Onun göz yaşlarını Kür çayına töksəydilər, Kür daşar, Aran rayonlarını yenidən sel basardı.

 

Ardı var

 

Yeqzar Cəfərli 

 

Olaylar.- 2014.- 28 fevral.- S.13.