Məcnun Kərimovun
xatirə lövhəsi
açıldı
Sənətşünaslıq elmləri doktoru, professor Məcnun Kərimovun
Azərbaycan Milli Konservatoriyasında xatirə
lövhəsinin açılışı olub.
Açılış mərasimində mərhum sənətkarın
yaxın dostları, ailə üzvləri iştirak
edib.
Tədbiri
giriş sözü ilə açan Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli Məcnun
Kərimovla bağlı xatirələrini
bölüşüb: “Onunla ilk
tanışlığımız Şah İsmayıl Xətai
ilə bağlı təşkil olunan məclisdə oldu. Həmin
məclisdə söz düşdü ki, hansı musiqi səsləndirilsin.
Bu zaman Məcnun Kərimov öz ansamblından söz
açaraq gördüyü işlərdən də
danışdı. O zaman mənə bəlli oldu ki, bu insan
böyük yükü çiyinləri üzərində
daşıyır. Qədim musiqi alətlərinin bərpası,
onların tanıtımı Azərbaycan üçün
çox vacib bir iş hesab edilməlidi. Zaman keçdikcə
onun yaratdığı ansanbl məşhurlaşmağa
başladı. Dövlət tərəfindən ansambla
dövlət statusu da verildi. Onun müəllifi olduğu
kitablar məncə bizim böyük silahımızdı. Bu
kitabda Azərbaycan musiqi alətləri haqda istənilən məlumatı
almaq olar. O son dərəcə təvazökar, mülayim xasiyyət bir insan idi.
Professor Vidadi Xəlilov da Məcnun Kərimovla bağlı
xatirələrini bölüşüb. O, əvəzolunmaz
xidmətə malik olan Məcnun Kərimovun sənətə
verdiyi töhfələrdən söz açıb: “O sənətə
töhfə vermək, onu dirçəltmək, qədim
kökləri bərpa etmək üçün yaranıb. O nəinki
dost-tanışlar, ailə üzvləri ilə də
mülayim davranardı. Çox təmkinli bir insan idi. Daha
sonra Məcnun Kərimovun digər yaxınları,
qardaşı Kərəm Kərimov da çıxış
edib. Qeyd edək ki, M. Kərimov “Azərbaycan Musiqi Alətləri”,
“Tarixi yaşadan musiqi alətləri” kitablarının müəllifi
olub.
Xatırladaq ki, Məcnun Kərimov sentyabrın 1-i 1945-ci ildə Zəngəzur
mahalının Şəki kəndində müəllim ailəsində
anadan olub. 1972-ci
ildə Üzeyir Hacıbəyov adına
Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri»
şöbəsini bitirib. 1991-ci ildən
Bakı Musiqi Akademiyasının «Qədim musiqi
alətlərinin bərpası və təkmilləşdirilməsi»
elmi laboratoriyasının müdiri
vəzifəsində çalışıb. 1995-ci ildə «Azərbaycanın
qədim simli çalğı alətləri»
(tarixi-nəzəri, bərpa və təkmilləşdirmə
məsələləri) mövzusu üzrə
dissertasiya müdafiə edib.
O, Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə
görə 2006-cı ildə Azərbaycan Respublikasının
Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına
layiq görülüb.
Olaylar.-
2014.- 28 fevral.- S.9.