Rusiyadakı Azərbaycan
diasporunun
fəaliyyəti Ramin Məmmədovun
nəşrlərində
Əvvəli ötən sayımızda
Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin
xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri
soyqırımların dünya ictimaiyyətinə
çatdırılmasında informasiya vasitələri,
yazılı ədəbiyyatın rolu danılmazdır. Sevindirici haldır ki, müxtəlif ölkələrdə
yaşayan soydaşlarımız və diaspor rəhbərləri
bu istiqamətdə xüsusi fəallıq göstərərək
həmin ölkələrin KİV-ləri ilə yaxından əməkdaşlıq
edir, müxtəlif maarifləndirici materiallar dərc edirlər.
Belə soydaşlarımızdan biri də Azərbaycanla
bağlı çoxsaylı kitablar yazan Ramin Məmmədovdur.
Ümumrusiya Azərbaycanlıları Konqresinin
(ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı
(RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region
hökuməti yanında millətlərə dair işlər
üzrə Məsləhət Şurasının, Azərbaycan
və Rusiya Jurnalistlər İttifaqının üzvü. Əlihüseyn Şükürov Ramin Məmmədovun
qələmə aldığı kitablar barədə
yazdığı məqalələrdən birində “Rusiya şəhərlərinə
səfərlərim” kitabından bəhs edir: “Müəllif
yazır ki, bu gün Moskva ali məktəblərində
yüzlərlə həmvətənlərimiz-alimlər
çalışırlar. Onlardan biri də fizika-riyaziyyat elmləri
doktoru, professor Valeh Quliyevdir. Valeh müəllim 1969-cu ildə Azərbaycan Dövlət
Universitetinin mexanika-rizyaziyyat fakultəsini fərqlənmə
diplomu ilə bitirib. Hazırda o Moskva
Dövlət Açıq Universitetində Ali riyaziyyat
kafedrasının müdiri və tətbiqi riyaziyyat fakultəsinin
dekanı, Beynəlxalq Mineral Ehtiyatları Akademiyasının
akademikidir.
Ramin Məmmədov müəyyən edib ki,
Sankt-Peterburqda da alimlərimizin, DİO-da, başqa dövlər
qurumlarında çalışan azəri
övladlarının sayı onlarla yox, yüzlərlədir.
Onların sırasında çox iş görüb az
tanınanlar da var. Məsələn, bu topluda təqdim olunan
ziyalılardan biri də Köçəri Həsənovdur. O,
Sankt-Peterburq şəhərində OOO “Biznes-Lİnk” və
AOZT “Xoldinq-Eksluziv” firmalarının baş direktoru, “Sozdatel
Peterburqa” ordeni laureatıdır. Kitablarında oxunaqlı, eləcə
də yığcam təqdim etdiyi məlumatlardan nəzərə
çarpır ki, Ramin Məmmədovun
çalışqanlığı, azərbaycançılığa
dair bir-birinin ardınca çıxardığı kitabların
əks-sədası Rusiya regionlarında kifayət qədər yayılıb. Odur ki, müəllifin həmin ölkədə həmvətənlərimizin
keçirdiyi və onların dəvətilə iştirak
etdiyi mərasimlərdən kitabdakı materiallara istinadən
açıqlamalar verməklə qonşu ölkədə Azərbaycan
dünyasının necə intensiv genişləndiyini də
göstərmiş olaram”. Əlihüseyn
Şükürovun sözlərinə görə,
“Doğmalarımın axtarışında” kitabı ilə
tanışlıqda ona məlum olub ki, Ramin Məmmədov
2004-cü ilin aprel-may aylarında ziyalıların, diaspor
icmaları fəallarının axtarışı üzrə
Moskva, Sankt-Peterburq, Kirov, Şolkovo, Kostroma, Şarye, Nijni
Novqorod, İstra, Petrozavodsk, Sıktıvkar şəhərlərində
araşdırmalar aparıb: “Petrozavodskda “Avesta” adlı Azərbaycan
milli-mədəni muxtariyyatının rəhbəri Zaman Rəsulovla
və təşkilatın üzvlərilə
görüşlər keçirir. Bundan bir neçə
gün əvvəl o, Xantı-Mansiysk Muxtar Dairəsi Azərbaycan
diaspor cəmiyyətləri Əlaqələndirmə
Şurasının Pıt-Yax şəhərində təşkil
etdiyi iclasda iştirak edir, çixişinda mərasimə
toplaşanlara ermənilərin Rusiyanın ən nüfuzlu
ensiklopedik nəşrlərində mütəmadi şəkildə
etdiyi saxtakarlııqlarla bağlı açıqlamalar
verir, hər birimizi ayıq-sayıq olmağa səsləyir və
həmin günlərdə bölgənin şəhərlərindəki
milli icmalarımızın işi barədə məlumatlar
toplayır. Sonra dəvət olunduğu Sankt-Peterburqa növbəti
dəfə yollanır, orada fəaliyyətdə olan “Bazar
günü Azərbaycan məktəbi”nin
direktoru Həsən Məsimovla görüşüb məktəbin
işi və şəraiti ilə yaxından tanış
olur... Bir il sonra baş tutmuş səfəri zamanı 14 iyun
2005-ci il tarixdə bu şəhərin Qoroxov küçəsindəki
60 nömrəli binanın fasadında Ümummilli lider Heydər
Əliyevin XX əsrin 40-cı illərinin sonunda təhsil
aldığı elm ocağında onun xatirə lövhəsinin
açılışında iştirak edir”. Əlihüseyn
Şükürov yazır ki, müəllifin başqa
kitablarında olduğu kimi 180 səhifəlik bu toplusunda da
verilmiş müfəssəl məlumatlardan geniş söhbət
açmaq olar: “Ramin Məmmədov Rusiyanın müxtəlif
subyektlərində diaspor təşkilatlarının
keçirdiyi toplantılarda da yaxından iştirak edir. O, “Azərbaycan-qədim
diyar” kitabında ÜmumRusiya Azərbaycanlıları
Konqresinin II qurultayında Azərbaycan Prezidenti İlham
Əliyev və Rusiya Prezidenti Vladimir Putinin nitq söyləmələri
barədə də söhbət açır. Müəllif
qurultayda öz qəhramanları-Fərman Salmanov, Əhməd
İsgəndərov, Əfrand Daşdəmirov, Tahir Salahov,
Çingiz Hüseynov, Tamilla Mahmudova, Yusif Əmiraslanov,
İlham Bədəlbəyli, Rüstəm Arifcanov və
başqa görkəmli alimlərlə, mədəniyyət
xadimləri və yazıçılarla, jurnalistlərlə
görüşür. İki hissədən ibarət
bu kitabda müəllif mötəbər tarixi qaynaqlara əsaslanaraq
Azərbaycanımızın keçdiyi çətin və
şərəfli tale yolu, mədəniyyətimiz, mənəvi
dəyərlərimiz barədə qədim dövrlərdən
günümüzə kimi tarixi dövrü yığcam
formada oxucu mühakiməsinə ünvanlayır. Bu da təsadüfi deyil. Müəllif
yaxşı dərk edir ki, ermənilər Moskvada həmişə,
xüsusilə də son 25 il ərzində əleyhimizə
çoxsaylı kitablar, jurnallar, qəzetlər buraxır,
nüfuzlu ensiklopediyalarda haqqımızda getmiş məqalələrə
əl qatmaqla məmləkətimizin tarixini
saxtalaşdırmağa cəhd edir, insanları
çaşdırmağa çalışırlar. İkinci
hissədə isə Aşıq Ələsgərin rusca və
azərbaycanca şerləri, Bakıda onun tədqiqatçısı-nəvəsi,
alim İslam Ələsgərlə, Moskvada nəticəsi
Firdovsi Ələsgərovla görüşləri, Perm, Usinsk
şəhərlərində fəaliyyət göstərən
Azərbaycan milli mədəniyyət mərkəzləri və
həmyerlilərimiz barədə məlumatlar yer alıb”. Əlihüseyn Şükürov yazır ki, Ramin Məmmədovun
“Azərbaycanlılar vətən uğrunda
döyüşüblər” kitabı Böyük Vətən
müharibəsində qazanılmış Qələbənin
60-cı ildönümünə təsadüf edir. Nəşrdə
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının
döyüş yoluna dair Moskvada işıq üzü
görmüş “Qeroi Sovetskoqo Soyuza” ensiklopedik toplusunda
getmiş məqalələr verilib: “Kitabın ikinci hissəsində
Rsmin Məmmədovun 2005-ci ilin may-iyun aylarında səfər
etdiyi yeni-yeni şəhərlərdəki qabaqcıl
soydaşlarımız haqqında da xeyli publisistik qeydlər də
əksini tapıb. Müəllifin
görüşdüyü Verxnaya Pışma (Sverdlovsk vilayəti)
şəhər Dumasının deputatı Elxan Quliyevə dair
iri yazı diqqəti cəlb edir. Ötən
əsrin 70-ci illərində bu diyarda fəhləlikdən
başlayan Elxan Quliyev Sverdlovsk Mühəndis-Pedaqoji
İnstitutunu və Rusiya Prezidenti yanında Dövlət
Qulluğu Akademiyasını bitirib. Deputatlıqdan
əlavə o, yaşadığı şəhərdə rəhbər
vəzifədə çalışır. Novıy
Urenqoy şəhərində məhsuldar əməyi ilə
böyük hörmət sahibinə çevrilmiş, neft sənayesi
sahəsinin ağsaqqalı, ZAO “Rospan-İnterneşnl”in Urenqoy
filialının baş direktor müavini Saleh Hacıyev haqqinda
verilmiş yazı da az maraq kəsb etmir. Saleh
Hacıyev peşəsinin dəyərli mütəxəssisi
olaraq, qüsursuz xidmətlərinə görə hələ
sovetlər dövründə iki ordenə və bir çox
medallara layiq görülüb. Daha sonra
oxuyuruq ki, Rafiq Mirzəyev hələ 1976-cı ildə Urenqoy
neft müəssisələrinin birində qazmaçı
köməkçisi kimi əmək fəaliyyətinə
başlayıb. Növbəti illərdə
o, neft ustası kimi böyük xidmətlər göstərib,
III dərəcəli Əmək Şöhrəti ordeninə
layiq görülüb. “Dostluq telləri” adlı kitabındakı
açıqlamalar göstərir ki, Ramin Məmmədov
doğmalarımızı soraqlaşa-soraqlaşa uzaq diyarlara
gedib çıxıb. Dərbənddən
sonra İrkutska, Ulan-Udeyə üz tutub. Yazıları
oxuduqca həmyerlilərimizin ən ucqar yaşayış məntəqələrində
belə Odlar Yurdunu ucaldan, göylərə qaldıran əməllərinə,
şərəfli vəzifələrə layiq
görüldüyünə, ali amallar
ünvanına çevrildiyinə qürur hissi keçirirsən.
Müəllifin Dərbənd görüşlərindən
bəlli olur ki, burada yazıb-yaradan şair Tahir Saleh həm də
bölgədə Azərbaycan milli-mədəni
muxtariyyatının sədridir. Bir fəal
ictimiyyətçi kimi onu Dağıstan Respublikasında
tanıyırlar, təkliflərini nəzərə
alırlar. “Dərbənd” qəzetinin səhifələrində
Tahir müəllimin məqalələrinə, şeirlərinə
tez-tez rast gəlmək mümkündür. Dərbənd
şəhər Təhsil İdarəsinin rəisi Şərəfəddin
Əhmədov da yaradıcı adam
olduğu bildirilir. İkinci Dünya müharibəsinin
ağır illərində və sonralar Dağıstana rəhbərlik
etmiş, görkəmli dövlət xadimi Əziz Əliyevin
həyat və fəaliyyətinə də Səlim müəllim
oxunaqlı bir kitab həsr edib. “Dostluq telləri”ndə
İrkutsk şəhərindəki qardaşlarımıza həsr
edilmiş fəsildə sevindirici nümunələr bizi daha
da fərəhləndirir. “Azərros v
İrkutskoy oblasti” qəzeti vətəndən bir neçə
min kilometr uzaqlarda Azərbaycan həqiqətlərini, tarixini,
mədəniyyətini və onları yaradan-yaşadan
insanlarımızı geniş təbliğ edir. Elə
yazılarin adlarından da bunu anlamaq asandır: “Rusiyada Azərbaycan
ili”, “Qarabağ, Qriboyedov: konfliktin mənbəyinə bir nəzər”,
“Gözəl şəhər-Lahıc”, “Üçəsrlik
münasibətlərin xronikası”, “Moskvada Heydər
Əliyevin heykəli qoyulacaq”, “Dekabristlər İrkutskda”,
“Vahid Ələkbərov: Mən xoşbəxtəm ki,
neftçiyəm”. Qəzetin təsisçisi və redaktoru Nəriman
Bədəlov müəllifi olduğu bir yazını belə
adlandırıb: “Mənim peşəm-insanlara kömək etməkdir”.
Dərginin 2005-ci ilə aid sonuncu sayında Nəriman
Bədəlovun “Azərros” MMM-nin İrkutsk nümayəndəliyinin
sədri kimi oxucularına hesabatı da dərc olunub”.
Əlihüseyn Şükürov qeyd edir ki, Ramin Məmmədovun
2007-ci ildə çıxmış “50-ci bahardan boylananda”
adlı kitabı onun yarıməsrlik yubileyi ilində
oxucularına qismən də olsa az-çox məhsuldar
keçirilmiş ötən dövrün hesabatıdır.
Müəllif ənənəsinə burda da sadiqlik göstərir-xalqlar
dostluğuna, məmləkətimizin təbliğinə və
nəhayət Rusiyada ölkəmizə olan diqqət və
marağa dair xeyli yazılar cəmləşdirib: “Amma burada zəmanəmizdə
o qədər də tez-tez rast gəlmədiyimiz, lakin hər
gün, hər an ehtiyacımız olan mənəvi bir sənəd,
bir namə, mənəviyyatnamə adlandırmaq hüququ
qazanmış Vəsiyyətnamə də yer alıb. Həmin
Vəsiyyətnaməni müəllifin atası, qabaqcıl
maarif xadimi, öz gərgin əməyi, ləyaqəti,
yüksək mədəniyyət səviyyəsi,
qayğıkeşliyi, elmi ilə Qəbələdə xalq
arasında və təhsil ictimaiyyətində “Müəllimlərin
müəllimi” adını qazanmış, Böyük Vətən
müharibəsindəki şücaətləri orden və
medallara layiq görülmüş Hüseyn Məmmədovun vəfatından
beş il qabaq yazmışdı.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 2
iyul.- S.15.