Toyyas mərasimlərimizın acınacaqlı vəziyyəti

 

Toya xarici müğənni dəvət edilmədiyinə görə ailələr boşanır

 

Son vaxtlar toy və yas mərasimlərimizin əndazəni keçməsi insanların ciddi narahatçılığına səbəb olub. Müxtəlif vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri, cəmiyyətin ziyalı təbəqəsinin ictimai qınağı da işə yaramayıb desək, fikrimizdə yanılmarıq. Dövlət isə hələ ki, mərasimlərin qanunvericiliklə tənzimlənməsini tətbiq etmək niyyətindən uzaqdır. Belə halda mərasimlərin təhrif edilməsinin, onların korlanmasının qarşısının alınması istiqamətində hansı addımların atılması zərurəti yaranır?

Millət vəkili Tahir Rzayev bildirib ki, Azərbaycan xalqı özünün tarixi, dili, təbii sərvətləri, görkəmli şəxsiyyətləri ilə bərabər həm də milli-mənəvi dəyərləri, adət-ənənələri, mərasimləri ilə seçilir və tanınır. Çünki adət-ənənələrimiz, bayram və məclislərimiz xalqımızın mənəviyyatının, dünyagörüşünün, fəlsəfi, etik-psixolojiictimai təfəkkürünün bir göstəricisidir: “Əlbəttə ki, öz tarixini bilməyən, dilini sevməyən, təbii sərvətlərini qorumayan, tanınmış şəxsiyyətlərini dəyərləndirib örnək hesab etməyən bir xalqın xoşbəxt gələcəyi ola bilməz. Xalq həm də milli-mənəvi dəyərləri qorumağa, inkişaf etdirməyə, mərasimlərinin, bayramlarının hörmətini əziz tutmağa, hörmətli etməyə borcludur. Onun üçün həm də zaman və məkan reallıqları, insanların maddi-mənəvi-psixoloji durumu, dövrün tələbi nəzərə alınmalıdır”. Onun sözlərinə görə, zaman dəyişdiyi kimi, insanların da hadisələrə, mərasimlərə, el şənliklərinə münasibəti dəyişə bilər. Çünki müasirləşməyə, yeniliyə, daha yaxşı yaşamağa, həyatda sərfəli, önəmli olanı seçib götürməyə cəhd zamanın tələbi olmaqla bərabər, həm də insanın arzusudur: “Mən elə bilirəm ki, biz babalarımızın çarıq geyib, arabada gəzib, yoxsul həyat keçirmələri ilə deyil, daha çox onların kişiliyi, mərdliyi, qəhrəmanlığı, alicənablığı, tələbkarlığı, zəhmətsevərliyi, uzaqgörənliyi ilə fəxr etməliyik. Nənələrimiz daxmalarda yaşayıb, bahalı maşınlarda gəzməsələr də, özlərinə dəbdəbəli toy etməyib, qızıla-zərə bürünməsələr də, sədaqətli, namuslu, sadə, cəsarətli olmaları, ərlərinə məhəbbətləri ilə yüksək ada, hörmətə, ağbirçəkliyə sahib olublar. Onlar bahalı imarətləri, saxta şan-şöhrəti, haram var-dövləti, yüngül həyatı deyil, ailəni, qohum-qardaşı, ata-ana nəsihətlərini, ərin şərəfini və namusunu hər şeydən üstün tutublar. Bu gün müstəqil Azərbaycanımızda milli-mənəvi dəyərlərimizi, nəcib adət-ənənələrimizi qoruyub yaşadan, vətəndaşlığı, ləyaqəti, ədəb-ərkanı həyatının mənası kimi dəyərləndirən insanlar çoxdur. Ancaq aramızda saxta şöhrətə, ada, yersiz ədəb-ərkana, bayağı, cansıxıcı həyata, süni görüntülərə uyanlar da az deyil. Çox təəssüflər olsun ki, belələri nəzərə çarpmaq, kimlərdənsə fərqlənmək, geri qalmamaq, varını-dövlətini nümayiş etdirmək, dost-tanışlarına göstərmək üçün çox vaxt özləri süniləşdikləri kimi, adət-ənənələrimizi, xüsusilə toyyas mərasimlərimizi də süniləşdirirlər”. Millət vəkilinin sözlərinə görə, toyyas mərasimlərinin bugünkü acınacaqlı vəziyyəti əksər insanları narahat etsə belə, xoşagəlməz, adət-ənənələrimizə yabançı olan, mərasimlərimizi gözdən salan halların aradan qaldırılması üçün ictimaiyyət tərəfindən lazımi təşəbbüslər göstərilmir: “ Çox təəssüflər olsun ki, bu, acı reallıqdır. Əksər insanlar bu gün toy dəvətnamələrinin səksəkəsi altında yaşayır. Bir gündə 3-4 toya dəvət olunan bir insanın düşdüyü vəziyyəti göz önünə gətirin. Birincisi, hər toyda iştirak etmək üçün xeyli pul vəsaiti lazımdır. Digər tərəfdən, toylar insanın günlərlə vaxtını aparır. Ən başlıcası toylardakı ab-hava, musiqi, davranış, yemək-içmək, dekorasiya, səs vasitələri, ifaçılıq milli toylarımızın ruhuna, demək olar ki, tamamilə yaddır. Bəy və gəlin toy mərasiminə milli havalarımızın, gözəl “Vağzalı”mızın sədaları altında daxil olmalı olduğu halda, əksər hallarda ispan, italyan, rus, türksair melodiyalar altında gəlir və ağsaqqalarımızın, ağbirçəklərimizin, qarşısında elə abırsız rəqslər edib, hoqqa çıxarırlar ki, adamın üzü qızarır, əti tökülür. Bəy gəlini eybəcər şəkildə bağrına basanda, yaxud, dizlərinin üstündə oturdub fason göstərəndə, heç kimə macal verməyib toy boyu atılıb-düşəndə və gəlin də ondan geri qalmayanda, musiqiçilər bayağı havaları bir-birinə calayıb, qulaqları cingildədəndə, süfrədə bir-birinin üstünə qalaqlanan yeməklərin qoxusu iştahları pozanda, çığıra-çığıra danışan, oynayan insanların səsi müdhiş bir mənzərə yaradanda nə edəcəyini bilmirsən. Necə olursa-olsun toydan tez uzaqlaşmaq, qulaqlarına, əsəblərinə dinclik vermək istəyirsən. Desəm ki, bugünkü Azərbaycan toyları şənlənmək, istirahət etmək üçün yox, əzab-əziyyət çəkmək, əsəbləri, səhhəti korlamaq üçündür, əksər insanlar mənimlə razılaşarlar”. T.Rzayev əlavə edib ki, keçmişdə toylarımıza bir-iki xanəndə dəvət edilər, az adda yemək verilər, el havaları çalınar-oxunar, bəylə gəlin ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duası altında yola salınardı. Bu gün elə toylar var ki, həmin məclisə 25-30, hətta daha çox müğənni, musiqiçi dəvət olunur. Oxuyanların çoxu da 15-20 dəqiqə fonoqrama yolu ilə atılıb-düşür və pulunu alıb gedir. Çox toylarımızda ancaq müğənnilərə verilən pulun miqdarı 30-40 min manatı ötüb keçir. Hətta, toy mərasimlərimizə son illər xarici müğənnilərin dəvət olunması da artıq dəbə düşüb. Həmin əcnəbi müğənnilər-rus, türk, ingilis ifaçıları bir çox hallarda toylarımızdan 100 min manatlarla pul qazanırlar. Ancaq çoxları onların ifasını düzgün başa düşmür, nə oxuduqlarını anlamırlar. Bu yaxınlarda tanıdığım bir nəfər mənə belə bir əhvalat danışdı. Dedi ki, vəzifəli bir nəfərin oğlan toyunda respublikanın tanınmış 25-30 nəfər sənət adamı iştirak edib, toya şən əhval-ruhiyə gətirməyə çalışsalar da, axırda bu qız evini qane etməyib. Onlar xarici müğənnilərin toya dəvət olunmamasını, gəlin-qızlarına hörmətsizlik kimi qiymətləndiriblər. Bu əsnada münasibətlər korlandığına görə gəlin 20 gündən sonra bəy evini tərk edibboşanmağa qərar verib. Bax, bu, əsl nadanlıqdır. Kənddə, rayonda yaşayıb, ancaq öz el-obamızda toy etməyi, qonşunu, kasıb qohumunu əziz məclisinə çağırmağı özü üçün əskiklik bilən, ayıb sayantoy etmək üçün borca düşüb Bakının bahalı şadlıq evlərinə üz tutan insanları necə nadan adlandırmayım? Ancaq övladlarımızın xoşbəxtliyi, gənclərin səadəti dəbdəbəli toylarla, təmtəraqlı şadlıq evləri, xarici ifaçılar, çalıb-oxuyanların çoxluğu, yeməklərin bolluğu, iştirakçıların vəzifəsi ilə deyil, qarşılıqlı səmimiyyətlə, məhəbbətlə, sədaqətlə, ailə quranların bir-birini sevmələri və qiymətləndirmələri ilə ölçülür. Bahalı, təmtəraqlı toy məclisləri, bəy və gəlini müşayiət edən çox qiymətli maşın karvanları, atəşfəşanlıq, qurama dekorasiyalar, geyimlər, oyunlar, ifalar xoşbəxtliyin meyarı yox, əcaiblikdir. İnsanın özünün, öz malının, pulunun dəyərini və qədrini bilməməsidir. Yüngül şan-şöhrət yolunu tutmasıdır, başqaları ilə bəhsə girməsidir, özünü ucaltmaq yox, əslində özünü alçaltmasıdır. Mən dəbdəbəli toy edib borca düşən, müflisləşən, aldığı pulu illərlə geri qaytara bilməyib xəcalət çəkən, ürəkağrısı keçirən, hətta, ev-eşiyini girov qoyan insanlar tanıyıram. Bu çox təəssüfləndirici bir haldır. Axı, bankdan aldığı pulu sonra necə ödəyəcəyini fikirləşməyən bəzi insanlar bir neçə saatlıq quru şöhrət xatirinə sonrakı bütün həyatlarını zəhərləyirlər. Əlbəttə ki, belə hallar ailə quran gənclərimizin də həyatından yan keçmir və nəticədə bir çox gənc ailələr dağılır. Hamımız yaxşı görürük ki, milli dəyərlərimizə yad olan hallar, meşşan həyat, ruhumuzu oxşamayan məclislər, saxta məhəbbətlər üzərində qurulmuş ailələr, qurama nikahlarsair bizi xərçəng kimi içərimizdən yeyib parçalayır. Adımıza, mənliyimizə xələl gətirir, səhhətimizə, həyatımıza, büdcəmizə ziyan vurur. Ancaq buna son qoymağa çalışmırıq”.

Millət vəkili bildirib ki, toylarımız kimi yas mərasimlərimizi də ucuzlaşdırırıq: “Bu, lap dəhşətdir. Qurana, şəriət qanunlarına əsaslansaq da, çox vaxt müqəddəs kitabımızda yazılanlara, məsləhətlərə əməl etmirik. Yas mərasimlərimizi də təmtəraqlı keçirməyi özümüzə şərəf sayırıq. Yaslarımıza mərsiyəxanlar, ölü oxuyanlar dəvət edirik. Ölü ağlayanlar dəvət edirik. Başqaları bizim ölümüzə göz yaşı axıdır, ağlayır, özümüz isə söhbətə girişirik. Əgər mən özüm əzizimin itkisinə göz yaşı töküb ağlaya bilmirəmsə, özgənin pulla yalandan mənim ölümə ağlaması hansı əxlaqa, insanlığa uyğundur? Bu, gülüş doğuran haldır. Yas mərasimlərinin də bol-bol yeməklər, şirniyyatlar, meyvələr, mineral sularla bəzədilməsi, yasda bir deyil, bir neçə mollanın iştirakı quru şöhrətpərəstlikdən başqa bir şey deyil. Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf edən ölkələrindən biri olsa da, hər birimiz iqtisadiyyatımızın, varımızın, dövlətimizin qədrini bilməliyik. Qənaətcil olmalı, israfçılığa yol verməməliyik. Ancaq toyyas mərasimlərində biz bunun tam əksini görürük. Süfrəyə gətirilən yeməklərin, ərzaq məhsullarının, içkilərin, suların, demək olar ki, 60-70 faizi istifadə olunmur, tullantıya çevrilir. Digər tərəfdən, məclislərdəki hay-küy, şit hərəkətlər, ifalar, açıq-saçıq geyimlər, tərifli nitqlər, təkəbbürlü ifadələr mənəviyyatımızın korlanmasına, aşağılanmasına xidmət edir. Bayramlarda, yastoy mərasimlərində, ad günlərində yol verilən israfçılığa görə mən deyərdim ki, dünyada bizə bərabər heç bir xalq ola bilməz. Xarici qonaqlarımız da bu fikri səsləndirirlər. Məgər biz bu qədər israfçılığa yol verməklə səxavətli, əliaçıq, var-dövlətli olduğumuzu sübut etmək istəyirikmi? Yox, belə deyil! Bu gün şəhər, qəsəbə və kəndlərimizdə keçirilən toyyas mərasimlərində israfçılıq nəticəsində tullantıya çevrilən 10 tonlarla ət, toyuq, balıq, meyvə, çörək, tərəvəz və sair məhsullar və onlara çəkilən xərclər bu dövlətin var-dövlətidir, nemətidir. Bu var-dövlətə belə laqeyd münasibət təkcə məclis sahibinin öz cibinə, puluna düşmənçiliyi kimi yox, dövlətin iqtisadiyyatına, maddi nemətlərinə düşmənçilik kimi də qiymətləndirilməlidir”.

 

Alim

 

Olaylar.- 2014.- 2 iyul.- S.6.