Kataklizm diasporu,

diaspor növlərinin elmi izahı

 

Müstəqillik illərində diaspora sahəsinə xüsusi diqqətin ayrılması bu sahənin tədqiqatçılarını da diaspora sahəsində araşdırmalar aparmağa, elmi əsərlər ortaya qoymasına stimul verir. Elə bunun nəticəsidir ki, son illərdə bu sahədə çoxsaylı elmi məqalələr yazılaraq ictimaiyyətə təqdim edilib. Diaspora sahəsində müntəzəm olaraq elmi əsərlər yazan araşdırmaçılardan biri də fəlsəfə doktoru Rövşən Raqifoğludur. Onun qələmə aldığı növbəti elmi məqaləsi “Kataklizm diasporu, diaspor növlərinin elmi izahi” adlanır.

Müəllif yazır ki, müasir dövrün özünəməxsus xüsusiyyətlərindən biri də elmi – texniki nailiyyətlərin, çoxsaylı kəşflərin, qlobal dəyişikliklərin, müxtəlif sahələrdə nəzərə çarpan sürətli inkişaf tempinin məntiqi davamı olaraq yeni forma və metodların yaranması, yeni termin və elmi üslubların meydana gəlməsidir. Bu baxımdan istər siyasi, istər mədəni, istərsə də elmi və ya tarixi aspektdən daim maraq dairəsində olan diaspor məsələsi, diasporun formalaşması və inkişaf qanunauyğunluqları, problemlər və gələcək inkişaf perspektivləri də müxtəlif illərdə diqqətlə araşdırılıb, konkret təkliflər ortaya qoyulub: “Xüsusi maraq kəsb edən əsas məqamlardan biri də diasporun müxtəlif kriteriyalara əsasən növlərə bölünməsi və həmin növlərin yaranma şəraitinin, fəaliyyət strategiyasının təhlil olunmasıdır. Məsələn, britaniyalı sosioloq, professor R.Koen diasporu fəaliyyət kateqoriyası və ya çalışma növünə görə dörd yerə ayrılır: Birincisi, Faciəvi diasporlar – bunlar, uzunmüddətli siyasi çəkişmələrin yekunu olaraq yaranan və çoxsaylı tələfatla müşayiət olunan diasporlardır. Siyasi proseslərdən doğan həmin diasporlar elə siyasi konfliktlərdə də aktiv iştirakı ilə seçilir. Həmin növə yəhudi və fələstin diasporlarını aid etmək olar. İkincisi, Çalışqan diasporlar – Bura əcnəbi ölkələrdə müxtəlif fiziki işlərdə çalışan diasporlar daxildir. Onlar daha çox sakit yaşamağa və passiv həyat tərzinə üstünlük verir. Bu tip diasporların xaricə köç etməkdə əsas məqsədi yalnız çalışmaq və müxtəlif çətinliklərə baxmayaraq, yerli şəraitə uyğunlaşmaqdır. Həmin növün ən bariz nümunəsi isə Afrika və Hindistan diasporlarıdır.

Üçüncüsü, Ticarət diasporu – Bu, adından da göründüyü kimi kommersiya niyyətli diaspordur. Çalışqan diaspordan fərqli olaraq, ticarət diasporu yalnız yaşamaq deyil, daha yaxşı və yüksək səviyyəli həyat tərzi keçirmək, ciddi gəlir əldə etmək məqsədilə əcnəbi ölkələrə üz tutur və qısa zaman ərzində konkret nəticələr əldə edir. Qeyd olunan diasporun ən bariz növü Çin diasporudur. Dördüncüsü, İmperiya diasporu – Əsas məqsədi istər siyasi, istər iqtisadi, istərsə də ideoloji sahədə liderliyi ələ almaq və birinciliyi qorumaq olan bu cür diasporlar yarandığı ilk gündən imperiya siyasəti həyata keçirməklə nəinki fəaliyyət göstərdiyi ölkəni, ümumiyyətlə digər diasporları da öz təsir dairəsinə salmağa çalışır. Onların əsas istəyi aid olduğu ölkənin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan maksimum yararlanmaqla konkret nəticələr əldə etmək və liderlik mövqeyini qorumaqdır. İmperiya diasporunun ən bariz nümunələri Amerika, Britaniya, Fransa, İngiltərə, İspaniya və Portuqaliya diasporudur”. Rövşən Raqifoğlu qeyd edir ki,    bundan əlavə, mütəxəssislər diasporu yaranma tarixinə görə də bir neçə növə ayırırlar: “ 1-Qədim tarixə malik diasporlar (Bura, tarixin ən qədim mərhələlərində köç edən xalqlar, məsələn, yəhudi, Çin və erməni diasporları aid edilir); 2. Orta əsrlərə aid və daha çox “yatmış” diasporlar (məs. Amerika, Avropa ölkələri və Skandinaviya xalqlarının diasporu); 3. Gənc diasporlar – Bura daha çox qədim zamanlardan vətəni olan və bu üzdən Vətəninə bağlılığı ilə seçilən, yerdəyişmələrə meyl etməyən xalqlar, məsələn, yunan, Polşa və türk diasporları (Azərbaycan diasporu – R.M.) daxildir. Diasporları həmçinin yaranma şəraitinə görə də iki kateqoriyaya bölmək olar: a) Siyasi yerdəyişmələrdən doğan və daha çox məcburiyyət üzündən xaricdə məskunlaşmaqla yaranan diasporlar; b) Kataklizm diasporu. Tarixi proseslər, aparılan araşdırmalar və diaspor termininin hərfi mənası belə diasporun əsasən xalqın, etnik birliyin zorla köçürmə, soyqırım təhlükəsi, iqtisadi və coğrafi amillərin təsiri ilə yarandığını iddia edir. Lakin nə qədər qəribə olsa da diasporun digər növü, “kataklizm diasporu” öz prinsipləri ilə qeyd olunan sahəyə yeni yanaşmanın əsasını qoydu”

Kataklizm diasporu-Müəllif yazır ki, Kataklizm yunanca κατακλυσμός sözündən götürülüb, mənası “daşqın”, “sel” deməkdir. Yer kürəsində atmosfer və vulkanik proseslərin təsiri nəticəsində üzvü maddələrin xarakterinin və özünəməxsusluğunun kəskin şəkildə dəyişməsi prosesi kataklizm adlanır. Mütəxəssislərin fikrincə kataklizm geoloji dövrün sonunda yaşanan və bütün orqanizmlərin məhvinə səbəb olan, bununla da yeni həyat mərhələsinin başlanğıcına zəmin yaradan çevrilişdir. Bir sözlə, təbiətdə və cəmiyyətdə baş verən istənilən dağıdıcı çevriliş elmdə kataklizm anlayışı (məfhumu)  ilə izah olunur: “Kaliforniya Universitetinin professoru R. Brubeyker kataklizm terminindən diaspor sahəsində də uğurla yararlanmağı bacardı və elmə yeni söz gətirdi - “Kataklizm diasporu”, başqa sözlə, “Çevriliş diasporu”. Həmin diaspor nümayəndələri dezinteqrasiya (bütövün öz tərkib hissələrinə parçalanması - R.M.), böyük imperiyaların çökməsi nəticəsində yaranır. R. Brubeykerin sözlərinə görə, Kataklizm diasporunu adi diasporlardan fərqləndirən əsas cəhət  ikincilərin, yəni adi diasporların daha çox könüllü olaraq yerdəyişmələr nəticəsində yaranmasıdır amilidir. Onların formalaşması üçün on illər lazımdır və həmin proses düşünülmüş stratefi fəaliyyət proqramının davamı olaraq yaranır, inkişaf edir. Lakin kataklizm diasporu siyasi dönəmin və beynəlxalq aləmdə yaşanan ictimai - siyasi proseslərin qəflətən dəyişməsi ilə ortaya çıxan əlverişli şəraitin məhsulu kimi tez və gözlənilməz zamanda siyasi arenaya atılır.  Qeyd etdiyimiz kimi, kataklizm diasporunun yaranma səbəbləri dünya müharibələri və həmin müharibələrin yekunu kimi böyük imperiyaların çökməsi, nəticədə yeni, müstəqil dövlətlərin yaranmasıdır. Başqa sözlə desək, bu növ diaspor hərəkatı insanların yerdəyişməsi ilə deyil, coğrafi yerdəyişmələrin, iri dövlətlərin dağılması ilə sərhədlərin dəyişilməsi və xırda respublikaların yaranması ilə ərsəyə gəlir. Bu zaman müəyyən insanlar hər hansı yerdəyişməyə yol vermir, ata-baba torpaqlarından ayrılmır və yaşanan hadisələrə bir növ biganə qalaraq, əvvəlki yerdə yaşamağa üstünlük verirlər, aid olduğu və yeni yaranmış ölkənin hüdudlarından kənarda sadə həyat tərzini davam etdirməyə çalışırlar. Həmin şəxslər hətta aktiv ictimai – siyasi proseslərə qatılmasalar belə diaspor adlanılır və “kataklizm diasporu”nun nümayəndəsi sayılırlar. Diasporun bu iki növü (adi qaydada yaranan diaspor və kataklizm diasporu) arasında paralellik aparsaq daha çox fərqli xüsusiyyətlərin ortaya çıxdığının şahidi olarıq. 1-Adi halda diaspor insanların xaricə axını nəticəsində yaranırsa, kataklizm diasporu ərazilərin bölünməsi və sərhədlərin dəyişməsi zəminində ortaya çıxır, 2-Adi halda insanlar aktiv ictimai-siyasi fəaliyyəti ilə seçilən diaspor  yaratmaq üçün illərlə çalışır və tarixi vətənlərinin milli maraqlarını qorumaq uğrunda mübarizə aparırlarsa, kataklizm diasporu ani vəziyyətdə yaranır və bu üzdən heç də hamının arzu və istəyini əks etdirmir”. Rövşən Raqifoğlu yazır ki, diasporlar adətən aid olduqları ölkənin hüquqları, milli-mənəvi dəyərləri uğrunda aktiv fəaliyyəti ilə seçilirlərsə, kataklizm diasporu adətən passiv təsir bağışlayır və bəzən baş verən hadisələrə narazılığını bildirməklə öz ölkəsinin əleyhinə belə təbliğat aparır; Diasporun düşünülmüş və strateji fəaliyyət proqramı mövcuddursa, kataklizm diasporu əsasən dağınıq halda fəaliyyət göstərir və bu üzdən də konkret nəticələr əldə etmək onlar üçün xeyli çətin olur: “Qeyd etdiyimiz kimi, kataklizm diasporunun yaranma səbəbi iri imperialist dövlətlərin süqutu və yeni – yeni müstəqil respublikaların yaradılması ilə sərhədlərin dəyişilməsidir. Yaxın tarixin ən böyük imperiyalarından biri də SSRİ olub. İttifaqın dağılması ilə muxtar respublikalar müstəqillik əldə etdilər ki, bununla da paralel kataklizm diasporlarının formalaşmasına zəmin yarandı . Həmin dövrdə vaxt itirmədən milli maraqlara və dövlətçilik prinsiplərinə uyğun diaspor siyasətini reallaşdırmağa çalışan ölkələrdən biri də Azərbaycan Respublikası idi. Müstəqilliyinin ilk illərindən milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə ciddi önəm verən dövlətimiz bu istiqamətdə dünya azərbaycanlılarının köməyindən maksimum yararlanmaqla, tarixi həqiqətləri həm də onların vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, ideoloji fəaliyyət strategiyasının həyata keçirilməsində diasporun gücündən düşünülmüş şəkildə istifadə etmək kimi önəmli missiyanı həyata keçirməyə çalışdı. Qısa zaman ərzındə konkret nəticələr əldə edən müstəqil Azərbaycan Respublikası yalnız milli lider Heydər Əliyevin hakimiyyəti dövründə vahid proqram, qarşılıqlı yardım və dövlətçilik prinsipləri əsasında fəaliyyət göstərməyə başladı. Hər il ölkədə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, paytaxt Bakıda Dünya Azərbaycanlılarının Qurultaylarının təşkili, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının dərc olunması, soydaşlarımızın istər Vətəndə, istərsə də ölkə hüdudlarından kənarda respublika prezidenti ilə görüşərək, problemlərin həlli istiqamətində müzakirələr aparması dövlətin bu sahədə atdığı önəmli addımlardan sayılır. Azərbaycan diasporu isə aparılan islahatların məntiqi davamı olaraq dünyanın demək olar ki, bütün ölkələrində cəmiyyət və ictimai birliklər yaradır, müxtəlif səviyyəli toplantılar keçirir, qəzet və jurnalların dərcinə, hətta radio və televiziya vasitələrinin yaradılmasına nail olurlar. Məhz qarşılıqlı əməkdaşlıq və səmərəli iş birliyinin nəticəsidir ki, bu gün Azərbaycan diasporu müdafiə taktikasından, hücum taktikasına keçməklə təbliğatçılıq istiqamətində önəmli addımlar atır”.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 3 iyul.- S.15.