Niderlandda Azərbaycan

diasporunun formalaşma tarixi

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi Avropa ölkələrindən biriNiderland Krallığıdır. Avropanın bu dövlətində təqribən 20 minə qədər soydaşımız məskunlaşıb. Niderland Krallığı azərbaycanlılarının çox hissəsi Türkiyədən olan soydaşlarımızdır. Haaqa, Amsterdam, Antverpen, Rotterdam və digər mərkəzlər də məskunlaşan azərbaycanlılar diaspor işində də fəal iştirak edir. Niderland Krallığında yaşayan azərbaycanlıların əksəriyyəti holland dilində danışa bilir. Bu göstərici soydaşlarımızın yerli cəmiyyətə adaptasiya olunmasının bariz nümunəsidir. Burada türk, rus diasporları ilə əməkdaşlıq münasibətləri quran azərbaycanlılar xalqımızın tariximüasir həyatı ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəal aparırlar.

Bu gün Nideland Krallığında onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, həmin təşkilatlar ölkəmizin haqq səsinin holland cəmiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, ermənilərin təcavüzkar siyasəti barədə müntəzəm olaraq müxtəlif  layihələr həyata keçirir, konfranslar, tədbirlər təşkil edirlər. Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyidir. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi ziyalı Azərbaycan  qadınları  tərəfindən  2004-cu ildə təsis edilib. Birlik qocalar evi, reabilitasiya mərkəzləri və universitetlərlə işləyir. Birlik üzvləri Hollandiyanın  müxtəlif qrupları arasında körpü yaratmaq üçün  çalışır. Fondun 50-dən çox konullusu vardır. Birliyin ən möhtəşəm tədbirlərindən birini 2007-2008-ci illərdə Apeldoorndakı “Veenkamp” və “Matenhof” yaşlılar evində “Odlar yurdu, küləklər şəhəri” layihəsini həyata keçirib. Həmçinin, Haarlemdəki “Reinalda” yaşlılar evində Novruz şənliyini, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dörd rəssamımızın “Haaqada Azərbaycan rəngləri” sərgisini təşkil edib. ApeldornHarlem  mətbuatında “Ana Vətən” Avropa Azərbaycanlı  Qadınlar  Birliyi, onun fəaliyyəti barədə dəfələrlə məqalələr dərc olunub. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti Gülşən Kazımova olub. Bu gün isə təşkilat “Ana Vətən” Niderland-Azərbaycan Qadınlar Birliyi adı altında fəaliyət göstərir. Hazırda təşkilata Mayisə Ağamirzəyeva rəhbərlik edir. Azərbaycan-Niderland Cəmiyyəti-2003-cu ildə yaradılmış Azərbaycan-Niderland Cəmiyyəti bu ölkədəki ən fəal diaspor təşkilatıdır. Niderland Krallığının müvafiq rəsmi orqanlarında qeydiyyatdan keçmiş cəmiyyətin əsas məqsədi  Azərbaycan tarixi ənənələrini, mədəniyyətini yaşatmaqdan, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin  Niderland Krallığında təbliğinə nail olmaqdan  ibarətdir. Cəmiyyət Niderlandda “Həftəsonu” məktəblərinin açılması istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Cəmiyyətin tərkibində mədəniyyət, idman, mətbuatla , dil, ictimai təşkilatlarla və nəzarət-təftiş komissiyaları fəaliyyət göstərir. Azərbaycan-Niderland Cəmiyyətinin sədri Ofelya Babayevadır. Benilüks Azərbaycanlıları Konqresi-Beniluks Azərbaycanlıları Konqresi 18 noyabr 2006-cı il tarixində Amsterdam şəhərində yaradılıb. Konqres yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ  münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır. Belə ki, fəaliyyəti müddətində Benilüks Azərbaycanlıları Konqresi Suzan Krugerin çəkdiyi "Ümid axırıncı olur" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olub. Həmçinin, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsi də Benilüks Azərbaycanlıları Konqresinin gördüyü işlər sırasındadır. Hazırda Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdur. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi-Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi 2005-ci ildə Rotterdam şəhərində təsis olunub. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımının ildönümü  burada müxtəlif  tədbirlərlə qeyd olunub. Eləcə də, xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması, artıq ənənə halını alıb. Cəmiyyətin xətti ilə burada təşkil olunan müxtəlif  mövzularda müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olub. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılıb. Xüsusilə bu cür tədbirlərə Holland ictimaiyyəti ilə bərabər, burada yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspor  təşkilatlarının nümayəndələri də cəlb edilib. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyinə Elxan İsazadə rəhbərlik edib. Hollandiya- Azərbaycan Türk Kültür Mərkəzi-Niderlandda ən böyük Azərbaycan diaspor  təşkilatlarından olan Azərbaycan-Türk Kültür Cəmiyyəti 1993-cü  ildə yaradılıb. Haaqada fəaliyyət göstərən bu qurumun təsisçiləri əslən Türkiyənin İqdır vilayətindən olan azərbaycanlılardır.  Mərkəz Azərbaycanın milli adət-ənənələrinin və mədəni irsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycan-Türk-Kültür Cəmiyyəti  2007-ci  ildə  Xocalı  şəhidləri üçün abidə ucaldıb. Cəmiyyyət dəfələrlə Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil edib, ölkəmizdəki qaçqın və məcburi köçkünlərə yardım göstərib, Gəncədə Qarabağ şəhidlərinin xatirəsinə bulaq kompleksi inşa etdirib. Azərbaycan-Türk Kültür cəmiyyəti şəhər bələdiyyəsi başkanının yüksək hizmət nişanı ilə də təltif edilib.. Hollandiya- Azərbaycan Türk Kültür Mərkəzinin sədri İlhan Aşkındır.

Vahid, Bolunməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti-Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Təşkilat Niderlandda rəsmi olaraq qeydiyyatdan keçib. Cəmiyyətin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizis. orada təbliğ edir. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik  Cəmiyyətinin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalarda“Azərbaycan guşə”lərinin yaradılmasıdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədri İradə Uluxanlıdır. Hollandiya Azərbaycan Evi-Azərbaycan həqiqətlərinin Niderland Krallığına çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliğində fəal iştirak edir. Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimlidir.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 5-7 iyul.- S.15.