“Xidmət səviyyəsi Azərbaycan

turizminin bir nömrəli problemidir”

 

Eldar Aslanov:” Turizm obyektlərində xidmətin səviyyəsini

bu gün inkişaf etmiş ölkələrin turizm bazarındakı xidmətin

səviyyəsi ilə müqayisə edəndə bizdə xidmət aşağıdır”

 

Ölkədə turizm mövsümünə start verilsə də, bir qayda olaraq vətəndaşlar turizm istirahət mərkəzlərindəki xidmət səviyyəsi və qiymətlərin bahalığından şikayət edirlər. Reallıq ondan ibarətdir ki, Azərbaycanın turizm istirahət müəssisələrinin əksəriyyətində qiymətlər qonşu ölkələrdən dəfələrlə bahadır. Eyni zamanda bu qiymətin qarşılığında göstərilən xidmət səviyyəsi də aşağıdır. Bəs görəsən bundan çıxış yolu nədədir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Eldar Aslanov turizm müəssisələrinin mövsümə hazır olub-olmaması məsələsinə də aydınlıq gətirib.

 

-Eldar müəllim, artıq turizm mövsümünə demək olar ki, start verilib. Sizcə, ölkə ərazisində fəaliyyət göstərən turizm müəssisələri mövsümə tam mənada hazırdırlarmı?

-Bu barədə qəti fikir söyləmək bir qədər çətin olar. Ancaq mən onu deyə bilərəm ki, turizm müəssisələri bir qayda olaraq yaz mövsümündə yay turizm mövsümünə hazırlıqla bağlı təmirə dayanırlar. Mədəniyyət və Turizm Nazirliyi də aprel-may aylarında xüsusi komissiya yaradır ki, həmin komissiyaya mütəxəssislər, müvafiq nazirliklərin nümayəndələri daxil olur. Komissiya turizm zonalarında monitorinqlər həyata keçirir ki, turizm müəssisələri mövsümə nə dərəcədə hazırdırlar. Əgər mövsümə hazır olmayan müəssisələr olursa, onlar qara siyahıya daxil edilir və turistlərə həmin müəssisələrə getmək tövsiyyə olunmur. Ancaq ümumilikdə onu deyə bilərəm ki, ildən-ilə Azərbaycanda turizm mövsümü çeşidlənir. Artıq iki ildir ki, Azərbaycanda qış və yay turizm mövsümü var.  Arzumuz odur ki, Azərbaycanda mədəni turizm, ov turizmi, yaylaq, inanc, su və bu kimi digər turizm mövsümləri olsun. Bunlar hələlik arzulardır. Ancaq hələlik qeyd etdiyim kimi qış və yay turizm mövsümləri var.

-Turizm müəssisələrində bir qayda olaraq xidmət səviyyəsindən şikayətlənilir. Azərbaycan Turizm İnstitutu bu istiqamətdə hansı addımlar atır və institutda kadr hazırlığı necə həyata keçirilir?

-Demək olar ki, bu Azərbaycan turizminin bir nömrəli problemidir. Turizm obyektlərində xidmətin səviyyəsini bu gün inkişaf etmiş ölkələrin turizm bazarındakı xidmətin səviyyəsi ilə müqayisə edəndə bizdə xidmət aşağıdır. Bunun da bir çox səbəbləri var. Ən sadə səbəblərdən biri odur ki, Azərbaycanda turizm yeni bir sahədir, müasir turizmimizin cəmi 10 yaşı var. Ancaq Azərbaycanda turizmin tarixi 1908-ci ildən götürülür. O vaxt ilk dəfə Azərbaycanda turist klubu yaradılıb. Sovetlər dönəmində də turizm inkişaf etmişdi. Ancaq 1985-ci ildən sonra yaşanan hadisələr, həmvətənlərimizin Ermənistandan məcburi şəkildə köçürülməsi, Özbəkistandan mesxeti qardaşlarımızın Azərbaycana köç etməsi, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində soydaşlarımızın qaçqın düşməsi bu sahəyə də təsirsiz ötüşmədi. Həmin insanların əksəriyyəti ölkəmizin turizm komplekslərində, sanatoriyalarda yerləşdirildi ki, bu səbəbdən də həmin müəssisələr qeyri-işlək vəziyyətə düşdü. Həmin müəssisələrdə çalışanlar getdikcə öz vərdişlərini, işlərini unutdular. Hazırda da həmin müəssisələrin bir çoxu yararsız vəziyyətdədir.  Turizm müəssisələrinin bir hissəsində məskunlaşmış qaçqın və məcburi köçkünlər onlar üçün yeni tikilmiş komplekslərə köçürülür. Bu səbəbdən Sovet dövründən biz normal infrastruktur ala bilmədik. Müstəqilliyimizi bərpa etdikdən sonra neft gəlirlərinin digər sektora yönəldilməsi siyasəti çərçivəsində Azərbaycanda turizm sektoruna diqqət artdı, Mədəniyyət və Turizm Nazirliyi yaradıldı, turizm sektorunun inkişafı məqsəd kimi qarşıya qoyuldu. Həmin məqsəd qarşıya qoyulanda ilk növbədə verilən sual o idi ki, tikiləcək gözəl binalarda, otel və restoranlarda xidməti kim göstərəcək. Bu səbəbdən də Azərbaycan Turizm İnstitutu yaradıldı.

-Xidmət səviyyəsinin aşağı olmasının hansı səbəbləri var?

-Xidmət səviyyəsinin aşağı olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəblərdən biri ondan ibarətdir ki,  Azərbaycanda turizm mövsümüdür, mövsümü xarakter daşıyır. Məsələn, Nabrandakı obyektlər may ayından sentyabr ayına qədər işləyir. Sentyabr ayında həmin obyektlər bağlanır və orada işləyən insanlar gedib başqa sahədə çalışırlar. Nəticə etibarilə turizm müəssisəsində toplanılan təcrübənin çoxu unudulur. Bəzi hallarda növbəti mövsümdə həmin şəxs yenidən turizm obyektinə qayıdıb keçmiş işi ilə məşğul olmur, öz peşəsini dəyişir.  Hesab edirəm ki, peşəkarlığı, keyfiyyəti artırmaq üçün turizmi mövsümi olmaqdan çıxarmalıyıq. Çalışmalıyıq ki, turizm obyektləri il ərzində işləsinlər, insanlar öz işlərini itirib yenidən qazanmasınlar. Digər mühüm məsələ ondan ibarətdir ki, turizm müəssisələrinin sahibləri, onları idarə edən şəxslər bu məsələdə yetərincə tələbkar deyillər. Dəfələrlə şəxsi nümunəmizdə şahidi olmuşuq ki, turizm müəssisəsi kifayət qədər müştəri bolluğuna malikdir və kifayət qədər gəliri var. Ancaq onlar işçilərinin peşə biliklərinin artırılması üçün hansısa təlimlərə cəlb edilməsi istiqamətində addımlar atmırlar. Baxmayaraq ki, biz dəfələrlə Turizm İnstitutunun nəzdində qısamüddətli kursların fəaliyyət göstərdiyini bəyan etmişik. Biz restoranlar, otellər, digər turizm müəssisələrinə təlimlər verə bilərik. Onu da qeyd edim ki, bir çox hallarda müəyyən turizm müəssisələri bizi dəvət edir, onların xidmətçiləri, aşbazları, marketinq siyasətini aparanlar üçün təlimlər keçilir. Hətta menyunun necə dizayn olunmasına qədər  treyninqlər veririk. Onu da qeyd edim ki, bu o qədər xərcli bir iş deyil və yalnız təlimçinin qonorarının ödənilməsindən ibarətdir. Ancaq təəssüflər olsun ki, bu gün bazarda, xüsusilə ictimai iaşə bazarında, restoran biznesində xidmətlərin keyfiyyəti bizi qane etmir. Bələdçi, nəqliyyat xidmətləri, hava limanları, dəmir yolu, informasiya büroları, suvener xidmətlərində biz əvvəlki on ilə baxanda xeyli irəliləyiş əldə etmişik. Ancaq indiki vəziyyət təbii ki, bizi qane etmir. Hesab edirəm ki, bu istiqamətdə daha çox iş görülməlidir. Çünki “Azərbaycan-2020: Gələcəyə Baxış” konsepsiyasi və “Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı”nda bununla bağlı konkret bəndlər var. Sualınızda qeyd edilən iradı qəbul edir, bölüşürəm və düşünüəm ki, bu istiqamətdə səylərimizi artırmalıyıq. Ancaq bu səylər yalnız təhsil müəssisəsi tərəfindən olmamalıdır. Eyni zamanda sənaye də öz növbəsində buna diqqət yetirməlidir. Biz demirik ki, onlar işçilərini çıxarıb yalnız bizim məzunları işə götürsünlər. Onsuz da bizim məzunlar kifayət qədər bazara təqdim edilmir. Bizim istədiyimiz odur ki, bu gün bazarda işləyənlərin ixtisas artırılmasına yönəlik işlər genişləndirilsin.

-Bu gün turizm müəssisələrinin əsas problemləri hansılardır?

-Birinci keyfiyyət problemidir. İkinci problem isə keyfiyyətə uyğun adekvat qiymətin olmamasıdır. Bu iki problem Azərbaycanda turizmin inkişafının səviyyəsi ilə bağlıdır. Yəni turizmin inkişafı hələ o səviyyəyə çatmayıb, rəqabət o qədər şiddətli deyil ki, şirkətlər bir-biri ilə rəqabətdə daha uyğun qiymət siyasəti müəyyənləşdirsinlər. Özümüzdə görürük ki, həm Bakıda, həm də regionlardakı turizm müəssisələrinin kifayət qədər müştəriləri var. İndiki keyfiyyət və mövcud müştəri onları qane edir. Onu da deyim ki, ildən-ilə Azərbaycanda turizm müəssisələri, otellərin sayı sürətlə artır. Hazırda 40-a yaxın otelin tikildiyi barədə məlumat var. Bu gün ölkədə 517 otel fəaliyyət göstərir ki, onlar rəsmi şəkildə lisenziya alıblar. 2014-cü ildə ölkə rəhbərinin şəxsi iştirakı ilə bir neçə otelin açılış mərasimi olub. Bu ilin sonuna qədər də regionlarda bir neçə otelin açılışı nəzərdə tutulub. Hesab edirəm ki, hazırda əsas problemlərdən biri həmin turizm müəssisələrinin uğurlu marketinq siyasəti aparmamalarıdır. Bir çox qonşu ölkələrin turizm şirkətlərinin, otellərinin Azərbaycanda apardıqları marketinq, reklam siyasəti nəticəsində kifayət qədər turist Türkiyə və Gürcüstana gedir. Ancaq bizim ölkəmizdə olan turizm şirkətləri öz müəssisələrinin marketinq, reklam siyasətini nə dərəcədə qura bilirlər? Burada hesab edirəm ki, bir problem var. Bu gün CNN, BBC və  dünyanın digər məşhur turizm dərgilərini vərəqləsək görərik ki, orada Azərbaycanla bağlı reklam çarxları gedir, ölkəmizin ayrı-ayrı sahələrdəki nailiyyətləri, mətbəxi, xalçası, tolerantlığı təbliğ edilir. Bu təbliğat Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə həyata keçirilir. Ancaq bu təbliğatın ardınca paytaxtda və ayrı-ayrı regionlarda fəaliyyət göstərən turizm müəssisələri, otellər nə dərəcədə həmin reklamdan çıxış edərək öz müəssisələrində ayrı-ayrı istiqamətlər üzrə hansı turizm, marketinq strategiyalarını qururlar? Turizm istirahət müəssisələrinin uğurlu marketinq siyasətinin olmaması bu sahədə mövcud olan problemlərdəndir. Hesab edirəm ki, turizm müəssisələrinin keyfiyyət, qiymət və uğurlu marketinq siyasəti problemi tədricən həllini tapdıqca Azərbaycanda turizm daha sürətlə inkişaf etməyə başlayacaq.

-Bir qayda olaraq vətəndaşlar turizm obyektlərində qiymətlərin bahalığından şikayətlənirlər. Sizcə, bu sahədə qiymətləri hansısa formada tənzimləmək mümkündürmü?

-Bu suala bir neçə dəfə cavab vermişəm. Eyni zamanda hökumət rəsmilərinin də bu sualla bağlı fikirləri olub. Azərbaycanda turizm obyektlərində qiymətlər bir çox ölkə ilə müqayisədə bahadır. Qiymətlərin baha olmasının isə bir neçə səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, qiyməti bazar tənzimləyir. Əgər təklif olunan qiyməti müştəri ödəyirsə və bu gün qış turizmi zamanı Şahdağda bir yer tapmaq üçün bir həftə əvvəl müraciət etmək lazımdırsa, eləcə də Nabranda, respublikanın cənub rayonlarında, paytaxt çimərliklərində yer tapmaq çətinlik yaradırsa, deməli bazarda qiymət özünü doğruldur. Ancaq bu qiymət bir çox hallarda əhalinin daha aztəminatlı hissəsini narahat edir. Bəs bunun üçün nə etmək lazımdır?

Burada iki yol var. Birinci yol odur ki, mövcud bazar subyektlərinə inzibati üsullarla təsir etməkdir ki, bu bazar iqtisadiyyatı şəraitində qəbuledilməzdir. Sahibkarlığın ən mühüm göstəricisi onun azad olmasıdır. Azad sahibkar qanun çərçivəsində öz biznesini qurub vergisini ödəyir. Biz ona məhsulu hər hansı bir qiymətə satma deyə bilmərik. Bunu bazar tənzimləyir. Sahibkar qiyməti təklif edir. Əgər sahibkarın təklif etdiyi qiymətlə həmin malı alan yoxdursa, o iflas edərək bazardan çıxır. Yaxud məcburiyyət qarşısında qalaraq qiyməti aşağı salır. Ona görə də biz inzibati üsulla qiymətləri aşağı sala bilmərik. Düşünürəm ki, inzibati üsulla qiymətlərin aşağı salınması qəbuledilməzdir və bu turizmə böyük bir zərbə ola bilər.

-Bu sahədə mövcud olan qanunlarda hansısa yeniliklər gözlənilirmi?

-Məlumat üçün qeyd edim ki,   “Turizm haqqında” yeni qanun hazırlanıb. Parlamentin payız sessiyasında həmin qanunun müzakirəsi nəzərdə tutulur. Qanunda turizm sahəsi ilə bağlı ciddi yeniliklər gözlənilir. Turizm sahəsində biznesə başlayanlar, bu sahəyə investisiya qoyanlara müəyyən güzəştlərin edilməsi, onların təşviq edilməsi üçün müəyyən nüanslar fikirləşilib. Hesab edirəm ki, həmin nüanslar da bazarda turizm xidmətləri göstərən subyektlərin sayının sürətlə artmasına xidmət edəcək ki, bu da keyfiyyəti artıracaq. Çünki kimin daha çox müştəri əldə etməsi üçün ciddi rəqabət olacaq. Bu qiyməti də daha optimal vəziyyətə salacaq.

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2014.- 8 iyul.- S.4.