Ramin Məmmədovun əsərlərində
azərbaycançılıq
ideologiyası
Rusiyada yaşayan azərbaycanlıların təbliği,
onların tanıdılması məqsədilə
çoxsaylı kitablar yazan dəyərli soydaşımız
Ramin Məmmədov Dağlıq Qarabağ problemi, ermənilərin
xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər
barədə müntəzəm olaraq əsərlər,
kitablar yazaraq onu oxucularının ixtiyarına verib.
Ümumrusiya Azərbaycanlıları Konqresinin
(ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı
(RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region
hökuməti yanında millətlərə dair işlər
üzrə Məsləhət Şurasının, Azərbaycan
və Rusiya Jurnalistlər İttifaqının üzvü. Əlihüseyn Şükürov
yazır ki, Ramin Məmmədovun 15 səhifəlik “Həmvətənlərim,
unutmayın!” yazısında qədim zamanlardan bu günə
kimi ermənilərin iç üzünü, çirkin əməllərini
açıqlayan konkret faktlar gətirilir, onların
Xocalıda törətdikləri dəhşətli cinayətlər-soyqırım
açıqlanır. İşğal etdikləri
rayonlarımızın hər birində qanı su yerinə
axıdan erməni cinayətləri oxucu diqqətinə
çatdırılır: “Müəllif insanlara müraciətlə
yazır ki, Qarabağsız Azərbaycan yoxdur. Qarabağın Ermənistanla sərhədi
belə yoxdur. Yaxud götürək onun “Rusiyanın ürəyində”
kitabını. Bu toplu da rus dilində yazılıb. Buna
baxmayaraq Rusiyadakı həmyerlilərimizin latın
qrafikalı əlifbanı zəif bilməsini nəzərə
alaraq müəllif kitabın sonunda yeni əlifbamızı və
doğma dilimizdə “Qarabag problemi Rusiya nəşrlərində”
və “Nasionalizm, şovinizm SSRİ-ni dağıtdı,
Rusiyanı da parçalaya bilər” adlı geniş məqalələr
təqdim edib. Birinci məqalədə deyilir ki, Rusiya ictimaiyyətinə
Qarabağ probleminə dair geniş məlumatları
çatdıran “AzərRos-Rusiya azərbaycanlıları” və
“Azərbaycan Konqresi” qəzetləridir. “AzərRos” qəzetində
“Bakıda 1918-ci il mart hadisələri: əslində bu necə
olub”, “1990-cı ilin Qara yanvarı”, “Xocalı: ötən əsrin
ən qəddar faciəsi”, “Türkmənçay sülh
müqaviləsi” səpgili
yazılar mütəmadi dərc olunur. Qəzetin 2002-ci il 2-ci
sayında Moskvalı yazıçı Əbdül
Hüseynovun müsahibəsi dərc edilib. Burda Əbdül
Hüseynov haqlı olaraq dəhşətli Xocalı faciəsini Xatın faciəsinin
analoqu kimi göstərir. O, açıqlamasında söyləyir
ki, 1998-ci ildə Bakıda Hərbi Nəşriyyatda ona
Xocalıda ermənilərin törətdikləri
soyqırımı əks etdirən videolentlər təqdim
olunub. Əbdül Hüseynov çəkilişlərə
baxdıqdan sonra sarsıntı keçirdiyini etiraf edir. Və
ermənilərin azərbaycanlıları məruz
qoyduqları soyqırımla bağlı ayrıca kitab yazmaq qərarına
gəldiyini bildirir”. Əlihüseyn Şükürov yazır
ki, fizika-riyaziyyat elmləri doktoru, professor Hilal Muxtarovun 100
illik yubileyinə həsr olunmuş “Elm fədaisi” adlı 224 səhifəlik
kitabda alimin elmi nailiyyətləri barədə zəngin
faktlar, onun haqqında məşhur elm xadimlərinin fikirləri,
dost və qohumlarının xatirələri, fotoşəkillər
toplanıb: “Məsələn, dunya şöhrətli akademiklər,
Nobel mükafatçıları N.Q.Basov, A.M.Proxorov,
AMEA-nın akademiki Maksud Əliyev və başqaları onun
elmi işini yüksək qiymətləndiriblər. A.M.Proxorov
alim haqqında yazır ki, Hilal Muxtarovun elmi
araşdırmaları nəticəsində bizim ölkədə
və onun hüdudlarından kənarda təcrübədə
qaz radiospektroskopiyası molekulunun izometrlər əmələ
gətirən mikrodalğalı spektroskopiyasının əsaslı
tədqiqatlarının dönüş nöqtəsi qoyulub.
Hilal Muxtarov elm öyrənməklə
yanaşı, gəncləri də elmlə məşğul
olmağa ruhlandırıb. Öz övladlarının da
hamısını elm yolu ilə istiqamətləndirə
bilib”. Əlihüseyn Şükürov qeyd edir ki, Ramin Məmmədov
ölkəmizin və xalqımızın Böyük Vətən
müharibəsindəki misilsiz xidmətlərinin təbliğinə
öz yaradıcılığında kifayət qədər
yer ayırıb. Onun qələbənin 65 illiyinə həsr
etdiyi “Müharibə yox, sülh olsun!” kitabı da bu qəbildəndir:
“Toplunun səhifələrini vərəqlədikcə, azərbaycanlıların
Böyük Vətən müharibəsi cəbhələrində
göstərdikləri igidliklərdən, arxa cəbhədəki
fədakar əməyindən bəhs edən məqalələrdə,
müharibə veteranlarının, Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş
soydaşlarımızın hünəri barədə
maraqlı və yığcam portret oçerklərdəki
faktları oxuduqca insanda bir coşqunluq hissi yaranır. Kitab
xalqımızın ümummilli lideri Heydər Əliyevin
müharibə veteranları haqqında fikirləri ilə
açılır. Burada həm də Azərbaycan neftçilərinin
cəbhəyə töhfəsi barədə dörd dəfə
Sovet İttifaqı Qəhrəmanı, marşal G.K.Jukovun
fikirləri, eləcə də bəzi statistika məlumatları
yada salınır. Kitabda Azərbaycan Respublikasının
Dövlət Himninin rusca mətninin verilməsini də
alqışlamaq lazımdır. İki dəfə Sovet
İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında məqalədə
bu vətən oğlunun sərkərdəlik qabiliyyəti,
şəxsi igidliyi və tank briqadasının xüsusi
polkuna komandirlik məharəti barədə maraqlı faktlar, əlbəttə
Rusiyadakı həmvətənlərimiz və rusdilli oxucular
üçün daha maraqlı olacagına şübhə
yoxdur. Bizim xalqın yetirmələrinin döyüş
bacarığı, mərdlik və cəsarəti bu
yazılarda lazımınca təbliğ olunur. Özü də
təkcə kişilərimiz yox, igid qadınlarımız da.
İkinci dünya müharibəsində döyüşən
orduda xidmət etmiş Azərbaycan qızlarından bir
neçəsi haqqında topluda maraqla söhbət
açılır. Qadın təyyarəçilərimizdən
Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova,
Moskvanın müdafiəsində iştirak etmiş və 1941-ci
ildə əsir düşmüş, əsirlikdən
qaçıb partizanlara qoşulub faşizmə qarşı
mübarizəni davam etdirmiş və döyüşlərin
birində həlak olmuş tibb bacısı Aliyə Rüstəmbəyova,
snayperçi Ziba Qəniyeva, tibb bacıları Züleyxa
Rzayeva, Pakizə Manafova, Şəfiqə Əhədova və
başqaları haqqında yazılmış qısa məqalələr
maraqla oxunur və qəhrəmanın daxili aləmini
açır. Bununla kifayətlənməyən, qürbətdə
məskunlaşmış soydaşlarımızı həmişə
arayıb-axtaran qələm əhli kimi Ramin Məmmədov
Rusiyanın müxtəlif əyalətlərində
yaşayan, artıq yaşa dolmuş müharibə
veteranlarına da bu topluda xeyli səhifə ayırıb. Bu
münvalla Voronej şəhər Levoberejni rayonunun Fəxri vətəndaşı,
müharibə əlili, 93 yaşlı Məmməd Cəbrayılov,
biologiya elmləri doktoru, professor, SSRİ-nin fəxri
ixtiraçısı, Rusiyanın əməkdar elm xadimi, uzun
illərdir Borovsk şəhərində (Kaluqa vilayəti)
Ümumrusiya Kənd Təsərrüfatı İnstitutunda
çalışan, 90 yaşlı Əli Əliyev, pedaqogika
elmləri doktoru, professor, Moskvada yaşayan, Rusiya Təhsil
Akademiyasının müxbir-üzvü , Beynəlxalq Təhsil
Tarixçiləri Komitəsinin üzvü, 90 yaşlı Qədriyə
Səlimova, Moskvada yaşayan, uzun illər trolleybus
sürücüsü işləmiş, 89 yaşlı
Müseyib Əliyev kimi müharibə veteranlarını səfərləri
zamanı axtarıb tapmış və bu topluda onların hər
birinə dair ayrıca oçerk vermişdir. 2011-ci ildə
birinci, ikinci və 2013-cü ildə üçüncü nəşrləri
işıq üzü görmüş “Odlar Yurdunun
övladları Rusiya tarixində” ensiklopedik kitabında Ramin Məmmədovun
əvvəlki kitablarında getmiş materialların əksəriyyəti
sistemləşdirilib və son illərdə etdiyi səfərləri
zamanı topladığı məlumatlar da əlavə
edilib. Rusiyanın 100-ə
yaxın şəhərində fəaliyyət göstərən,
yaxud vaxtilə orada çalışmış, lakin əbədiyyata
qovuşmuş alimlər,
dövlət xadimləri, deputatlar, iqtisadiyyatın ən
müxtəlif sahələrində çalışan mütəxəssislər,
hərbçilər, polislər, diaspor icmaları, onların
mətbu orqanları, rəhbərləri, fəalları, bir
sözlə Rusiyanın ən ucqar bölgələrində
çoxdan və yenicə yaranmış Azərbaycan mədəniyyət
mərkəzləri, ən uzaq diyarlarında uzun illər boyu
yaşayan və əmək cəbhəsində uğurlara
nail olan fərasətli, qeyrətli, bir çox çətinlikləri
dəf etməyi bacaran həmvətənlərimiz-700-dən
çox adamın hər birinə dair ayrıca
portret-oçerk yazılıb. Bir məsələni qeyd etməyə
bilmirəm. Belə ki, həmin kitabın birinci nəşri əslində
iki cilddə çıxmalı idi. Lakin müxtəlif səbəblərdən
müəllif kiçik şriftlə 496 səhifədən
ibarət toplunu nəşr etdirməklə əsas məqsədinə
nail oldu. Sevindirici haldır ki, bu gün həmin ensiklopedik
kitab Rusiyanın Dövlət kitabxanasında və əyalət
kitabxanalarında, diaspor icmalarımızda, əlbəttə,
öz ölkəmizin də əksər kitabxanalarında, mərkəzi
kitab mağazalarında oxucuların istifadəsinə təqdim
olunub. “50-ci bahardan boylananda” kitabında “Azərbaycan Rusiya nəşrlərində”,
“Ürəklər Vətənə bağlı”, “Bizdən
uzaqlarda...”, “Bu gün ermənilər bizə qarşı
böyük saxtakarlıq edirlər”, “Azərbaycanın
mövqeləri möhkəmlənir” və s. kimi yazılar
gedib. Materialların adlarından göründüyü kimi əsas
məqsəd ölkələrimiz arasında inkişaf edən
əlaqələri və diaspor icmalarımızın
işini göstərməkdir. Eləcə də Ramin Məmmədovun
müəllifi olduğu məqalələrin, oçerklərin,
elmi-publisistik yazıların və kitabların siyahısı
verilib. Həmvətənlərimiz Tümen vilayətində”
adlı toplunun birinci nəşrində Bakıda və Rusiyada
rusca işıq üzü görmüş xeyli kitabların
üz qabığının birinci səhifəsinin şəkli
və hər topluya dair bir-iki səhifəlik açıqlama
verilib. Zaqafqaziyada ən böyük sayılan Azərbaycan Rus
İcmasının fəaliyyətindən, onun keçirdiyi,
yaxşı mənada, əks-səda doğuran qurultaylardan,
başqa tədbirlərdən bəhs edən ayrıca
yazı da bu nəşrdə təqdim olunub. Belə
açıqlamalar həm də, “Bakıda bir nəfər də
olsun rus məktəbi qalmayıb, rusları qovublar” deyən
Jirinovski kimi danışığına, hərəkətlərinə
nəzarəti itirmiş və başqa bizə məlum olan və
olmayan böhtançılara, millətlərarası
münaqişələri qızışdıranlara müəllifin
mesajıdır. Beləliklə oxuculara bildirilir ki, təkcə
son on ildə Moskvada və başqa şəhərlərdə
işıq üzü görmüş “Heydər Əliyev”,
“Sabit Orucov”, “Əziz Əliyev”, Fərman Salmanovun “Kəşf
kimi həyat”, Çingiz Hüseynovun “Doktor N”, Stanislav
Çernyavskinin “Azərbaycanın yeni yolu” və “Azərbaycan:
istiqamət seçimi”, Yaqut Nemətovun “Təhsil XXI əsrdə”,
Valeri Tatarintsevin “Kişi”, Əbdül Hüseynovun “XX əsrin
100 məşhur azərbaycanlısı”, Bakıda İvan
Tretyakovun “Qadın Allahı”, Aidə Feyzullayevanın “Azərbaycan
yazıçıları Rusiyada”, Yelizaveta Qasımovanın
“Öz torpağım (Azərbaycanın rus oğulları)”,
A.Qritçenkonun “Həlak olmuşlara əbədi xatirə”
adlı kitablar rusdilli vətəndaşlar üçün nəzərdə
tutulub. Bir qədər irəliyə gedərək qeyd etmək
istərdim ki, 2011-ci ildə işıq üzü
görmüş “Odlar Yurdunun övladları Rusiya tarixində”
adlı ensiklopedik oçerklər kitabının səhifələrində
də Ramin Məmmədov Yuri Pompeyevin “Qarabağ gündəliyi”,
Aleksandr Qoryaninlə Aleksandr Sevastyanovun “Ruslara azərbaycanlılar
və Azərbaycan haqqında”, İlqar Məmmədovla Tofiq
Musayevin “Erməni-Azərbaycan münaqişəsi”, Musa Mərcanlının
“Erməniçilik, Rusiya, Qafqaz” kitablarına dair məlumatlara
da xüsusi yer ayırmış, açıqlamalar verib.
Ümumiyyətlə Ramin Məmmədov hələ lap gənc
vaxtlarından öz təcrübəsində azərbaycançılığa
dair rusca nəşrlərin yayılmasına, təbliğ
olunmasına geniş yer verib. Belə ki, adı çəkilən
sahəyə dair kitabları o hələ Sovet dövründə
hər dəfə Bakıdan məzuniyyətdən qayıdarkən
Rusiyaya aparması və orada yayması bizə məlumdur”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 9 iyul.- S.15.