Nöbəti qurultayın diasporun

inkişafında xüsusi rolu olacaq

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən diplomatik xidmət rəhbərlərinin beşinci müşavirəsində dövlət bvaşçısı bir daha diaspor təşkilatları ilə səfirlik və digər diplomatik nümayəndəliklərin əməkdaşlığının genişləndirilməsini vacib saydı. Hələ iki il əvvəl keçrilən dördüncü müşavirədə də prezident eyni iradları səsləndirmiş və səfirliklərlə diaspor təşkilatlarının birgə işləməsini tövsiyyə etmişdi. Bəs görəsən ötən müddət ərzində bu istiqamətdə nə dəyişib və hazırda səfirliklərlə diaspor təşkilatları arasında əlaqələr hansı səviyyədədir? Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli bu istiqamətdəki mövcud vəziyyət və qarşıda duran vəzifələr, bundan sonrakı proseslər, səfirliklərlə diaspor təşkilatları arasında mümkün əməkdaşlığın gələcək perspektivləri barədə danışıb.

-Samir bəy,bu günlərdə Bakıda prezidentin iştirakı ilə diplomatik xidmət rəhbərlərinin beşinci müşavirəsi keçirildi. Bu müşavirə öz-özlüyündə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının daha aktiv fəaliyyətinə təsir edəcəkmi?

-Xarici ölkələrdə fəaliyyət göstərən ölkə diplomatlarının iştirakı ilə keçirilən müşavirələr Azərbaycan xarici siyasətinin ümumi vəziyyətini, həmçinin ölkəmizin strateji maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılır. Məhz prezidentin iştirakı ilə keçirilən bu müşavirələrdə ölkə xarici siyasətini əhatə edən bütün məsələlərə toxunulur. Əlbəttə ki, belə mühüm iclasların ölkənin daxili inkişafı ilə bağlı olduğu kimi, xarici siyasət sahəsində də çox əhəmiyyətlidir. Eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın işinə də müsbət mənada təsiri mövcuddur. Çünki, ölkəmizin xarici siyasətini və onun hərtərəfli maraqlarının müdafiəsi istiqamətində diaspor təşkilatlarının da özünəməxsus yeri vardır. Xüsusilə cənab prezident İlham Əliyev Azərbaycanın diplomatik nümayəndəlikləri ilə ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın əlaqəli fəaliyyətinə xüsusi önəm vermişbu istiqamətlərdə ayrı-ayrı vaxtlarda bəzi diplomatdiaspor rəhbərləri arasında xoşagəlməz hadisələrin baş verməsini ciddi tənqid etmişdir. Dünya azərbaycanlılarının sonuncu qurultayında da dövlət başçısı bu məsələyə toxunaraq hər kəsi xəbərdar etmişdir. Hesab edirəm ki, ölkə xarici siyasətini əhatə edən belə müşavirələrin nəticəsi kimi diaspor təşkilatlarının fəaliyyətinə lazımi təsiri olacaqdır.

-Sizcə bu gün səfirliklər və digər diplomatik xidmətlərin diaspor təşkilatları ilə əlaqələri, əməkdaşlığı qaneedicidirmi?

-Səfirliklərimizlə diaspor təşkilatları arasındakı əlaqələr hələ də biz arzu etdiyimiz səviyyədə deyil. Doğrudur, hal-hazırda bir-birilə münaqişə aparıb xoşagəlməz hadisələrə yol verən məqamlar yoxdur. Amma ki, əlaqəli fəaliyyətin təşkili istiqamətində bir sıra ölkələrdə hələ də ciddi problemlər mövcuddur. Bu problemlər bəzən diaspor təşkilatlarının rəhbərləri üzündən baş versə də, bəzi hallarda da səfirliklərimizin işə laqeydliyiya soyuqluğu ucbatından yaranıb.

-Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayına hazırlıq hansı səviyyədədir?

-Dünya Azərbaycanlıları Konqresinin növbəti qurultayının bu ilin payızında keçirilməsi planlaşdırılır və bu istiqamətdə təşkilati işlərə artıq start verilib. Qurultayın keçiriləcəyi ölkə və vaxtı ilə bağlı önümüzdəki ay konqresin idarə heyətinin keçiriləcək toplantısında qərar veriləcək. Bu qurultayın digər qurultaylardan daha da möhtəşəm keçirilməsi nəzərdə tutulur. Dünya Azərbaycanlıları Konqresinin qurultayları hər zaman ümumdiaspor hərəkatına öz təsirini göstərib. Növbəti qurultayın da diasporumuzun inkişafı istiqamətində xüsusi rolunun olacağına əminəm.

-Bir müddət əvvəl konqresin həmsədri Sabir Rüstəmxanlı indiyə qədər DAK-dan ayrılan hər kəsə müraciət edərək növbəti qurultaya birgə getməyi tövsiyyə etdi və belə bir çağırış etdi. Ötən müddət ərzində DAK həmsədrinin bu çağırışına müsbət reaksiya verən oldumu?

-Sabir Rüstəmxanlı təkcə Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq deyil, ümumiyyətlə hər zaman diaspor təşkilatlarımızın birgə fəaliyyəti, Güney Azərbaycan məsələsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində, güneyli soydaşlarımızın müdafiəsi uğrunda ayrı-ayrı fərdləri və təşkilatları nəinki birliyə çağırmış, onların birgə fəaliyyəti üçün çox işlər görmüşdür. Sabir bəy təkcə millət vəkili kimi dünya azərbaycanlılarının müdafiəsi  istiqamətində bu günə kimi bir çox işlər görmüşdür. Təbii ki, onun Dünya Azərbaycanlıları Konqresi həmsədri olması bu müddət ərzində konqresin fəaliyyətinə böyük müsbət təsir göstərmişdir. Zaman-zaman konqresin ayrı-ayrı qruplara parçalanmağına çalışılsa da bu məqsədə nail ola bilməmişlər. Sabir bəy də bir müddət öncə müraciət edərək özünə inanan, milli birliyimizə sədaqətli olan dostlarımızı qurultayda iştirak etməyə dəvət etdi. İnanıram ki, anti-Azərbaycan dairələri Dünya Azərbaycanlıların Konqresinin  müqəddəs hədəfləri uğrunda mübarizəsində məyus olacaqlar.

-Ümumiyyətlə, konqresin önümüzdəki aylarda qarşısında duran başlıca vəzifələr hansılardır?

-Önümüzdəki aylarda Dünya Azərbaycanlıları Konqresinin əsas fəaliyyət proqramı növbəti qurultaya hazırlıq işləri və nəzərdə tutulan tədbirin yüksək səviyyədə keçirilməsidir. Eyni zamanda ilin sonunda konqres tərəfindən xarici ölkələrdə bir sıra ölkələrdə tədbirlərin keçirilməsi də planlaşdırılıb.

-Bəs Beynəlxalq Diaspor Mərkəzi qarşıdakı aylarda hansı layihələr, tədbirlər keçirməyi düşünür?

-Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq isə 2014-cü ilin yarımilini uğurla başa vurduğumuzu qeyd edə bilərəm.  6 ay ərzində Beynəlxalq Diaspora Mərkəzi tərəfindən 11 tədbir keçirilib. Onlardan 7-si müxtəlif xarici ölkələrdə baş tutub. Xüsusilə Azərbaycan Respublikası Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Çexiyada keçirdiyimiz tədbirləri qeyd etmək istərdim. Brno TexnolojiMassarik Universitetlərində Qarabağla bağlı informasiya guşələrinin yaradılması və Texnoloji Universitetdə Qarabağ guşəsinin daimi qalacağı ilə bağlı əldə etdiyimiz razılıq Qarabağ həqiqətləti və ölkəmizin təbliği istiqamətində atılmış mühüm bir addımdır. Növbəti yarımil fəaliyyət proqramımız da artıq hazırdır. bu istiqamətdə ictimaiyyətimizi mətbuat vasitəsilə məlumatlandıracağıq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 10 iyul.- S.15.