ELFİDA
Məscidlə
kilsənin kölgəsində eşq hekayəsi
hekayə
Elfida mavi gözlü, sarı saçlı xristian qızı. Tanrının gözəl əsəri. Baxanlar aşiq olmadan keçə bilmir. İncə dodaqları ilə səlist danışır, səsi bahar gecələri axan dağ çaylarının səsi qədər aydın və gözəl. Boynundan asdığı xaçmı gözəlləşdirir onu, yoxsa o gözəl boynumu xaçı, bilə bilmir insan. Barmaqları o qədər incədi ki, insan toxunmağa, əlindən tutmağa qorxur, incitməmək üçün. Gözlərində bir ümmanın dərinliyi, bilinməzliyi var bu qızın. Onunla danışa bilənlər, gözlərində özlərini görürlər . Elfida dininə bağlı xristian idi. Həftə sonları kilsə ayinlərinə qatılar, ön sırada əyləşər və diqqətlə rahibi dinləyirdi. Hər zaman Tanrını və İsanı düşünər, İncili mütaliə edər , insanlara əlindən gəldiyi qədər yaxşılıq edərdi. Yaşadığı şəhərin uşaqları bir mələk olduğunu düşünür, qocalar isə yeni bir xristian əzizəsi olduğuna inanırlar. Həftə sonları kilsədən çıxar , dostları ilə mütləq ya körpələr evini, ya da qocalar evini ziyarət edərdi. Uşaqlara hədiyyələr alırdı, onun üçün də bazar günü oldumu, uşaqlar həsrətlə onu gözləyərdilər. Elə ki , həyətdən içəri girdiyini gördülər, tez həyətə qaçır, onun ətrafında sevgi ilə dövrə vururdular. Qocalar evini ziyarət etdiyi zaman isə İncil oxuyar, ölümü gözləyən insanlara Tanrı və İsa sevgisini aşılamağa çalışardı. Bax belə bir qızdı, Elfida. Bu şəhər öz qədimliyi, tarixi binaları, bir də iki dinin nümayəndələrinin bir yerdə əmin -amanlıq içində yaşaması ilə seçilirdi. Müsəlmanlar və xristianlar dostca yaşayırdılar. Kimsə, kimsənin yanlışda olduğunu isbat etməyə çalışmadığı üçün narazılıq yaranmırdı. Qurban və Ramazan bayramlarında müsəlman qonşularını təbrik edirdilər. Ramazan ayı ərzində müsəlmanların oruc tutduqlarını bildikləri üçün onların gözləri qarşısında heç nə yemir , içmirlər. Qurban bayramında isə onların qurban paylarını böyük sevinclə qəbul edirdilər. Müsəlmanlar da həmçinin İsanın doğum gününü xristian qonşuları ilə bir yerdə olmağa, onları təbrik edib, hədiyyələr verməyə səy göstərirdilər . Bunların arasında bir tək evlilikdən söz gedə bilməzdi. İndiyə qədər heç kimsə öz dinindən olmayan biri ilə evlənməmişdi. Heç sevgi də olmamışdı, dillərə düşəcək qədər böyük. Sadəcə dindar olmayan insanlar gəzir, əylənirdilər, lakin heç onlar da bu munasibətləri rəsmiləşdirməyə cəhd etmirdilər. Sanki hər kəs nədənsə qorxurdu . Axşamları və sabahları kilsələrdən gələn zəng səsləri, minarələrdən yüksələn azan səsinə qarışır, göy üzündə xoş bir mənzərə yaradırdı. Şeytanı incidən bir məqamdı bu. Bir bazar günü, gözəl bahar bazarı. Şəhərdə yol kənarında olan ağaclar yamyaşıl donlarına bürünüb, parklarda olan güllərin üzərindən kəpənəklər uçuşur və Elfida kilsəyə tələsir. Tanrının evinə,Tanrıdan gedən söhbətə gecikmək olmaz . Gəlir və qapıdan içəri daxil olur. Hələ çox az adam gəlib. Əyləşir ön sırada olan hər zamankı yerində, çantasından İncili çıxarır və ayin başlayana qədərki zamanını dəyərləndirir. İnsanlar yavaş- yavaş kilsəni doldurur. İndi içəridə boş yer qalmayıb, hələ arxada ayaq üstə dayananlar da var. Bir az sonra Rahib içəri daxil olur, dualar oxuya- oxuya. Ayin başlanır. Bəziləri Tanrını və İsanı, bəziləri isə öz işlərini düşünürlər. Ancaq hər kəs Rahibin etdiyi dualara – Amin – deyir. Kimi ürəyi , kimi də sadəcə dili ilə. Ayin yavaş- yavaş sona yaxınlaşır və bitir. İnsanlar eyni təlaşla kilsəni tərk edib, evlərinə dağılışır. Elfida hər kəsdən sonra çıxacaqdı yenə, Tanrının evində onunla təkbaşına qalıb, söhbət etməyi çox sevir. Yenə elə olur, hər kəsdən sonra çıxır kilsədən. Bir az sonra dostları ilə qocalar evini ziyarət edəcək. Hələ bir az zamanı var. Bu zamanı boşuna xərcləmək istəmir. Fikri yaxınlıqdakı parka addımlamaq, kölgəlikdə olan skamyalardan birinə əyləşib, dünən mağazadan aldığı romanı oxumaqdı. Asta- asta parka doğru gedir. Birdən məscidin yanında ayaqları onu saxlayır, məscidin şadrvanında abdəst alan oğlana baxmağa başlayır. Uzun saçları onun üzünü görməyə imkan vermir, ancaq günəşdə parlayacaq qədər parlaq, qara saçları Elfidanı yolundan saxlayır, gedə bilmir. Suyun səsini dinləyir, onun əllərinə dəyib yerə düşən su necə də gözəl görsənir. Əllərini yuyur öncə, sonra ağız və burnunu. Üzünə su vuranda, suyun ətrafa sıçraması, yerə düşən su damcıları. Aman Tanrım, bu nə gözəllikdi! Elfida öz düşüncələrindən, özü qorxur və tez oradan uzaqlaşıb, parkdakı kölgəlikdə olan skamyalardan birində əyləşir. Kitabını açır və oxumağa çalışır. Heyhat oxuya bilməz, ağlında qara saçlı bir oğlan varkən, romandakı sarı saçlı oğlanı oxuya, düşünə bilməz. Kitabı bağlayıb, çantasına qoyur. Yaxınında olan göyərçinlərə kilitlənir baxışları, düşüncələri onların qanadında göylərə yüksəlir.
***
Gözəl bir bahar səhəri. Günəş
yüksəlməyə başlayır və nəhayət
quşluq vaxtı yetişir. Belə bir
gözəl gündə Düha namazını dükanında
qılmaq istəmir, dükanı qonşularına əmanət
edib məscidə yaxınlaşır. Şadrivanda
əyləşib, abdəstini alır. Daha
sonra məscidə daxil olub, iki rükət namazını
qılıb, dualar edir. Bu şəhərdə
doğulmuşdu Sami, bu şəhərdə və bir müsəlman
ailəsində. Uşaqlıqdan məscidlə,
Quranla həmahəng olmuş, gözəl bir müsəlman
kimi yetişmişdi. Hələ üstəlik
Quran hafizi idi. Ürəyində
Tanrının kəlamını gəzdirdiyi
üçün xoşbəxt idi. Yaraşıqlı
oğlan idi Sami. Qara gözləri,səliqəli
qaşları , dodaqları, uzun saçları, hündür
boyu gözəl göstərirdi onu . Bu
yaraşıqlı oğlanı çox qadınlar yoldan
çıxarmağa çalışsa da, o yolundan
dönmürdü. Allah ona Yusifin gözəlliyini,
həm də iffətini vermişdi. Balaca
dükanı vardı, cürbəcür ətirlərin
satıldığı balaca bir dükan. Sabah
tezdən evdən çıxır, sübh namazını məsciddə
qıldıqdan sonra dükanını açar, axşam
azanı oxunanda isə bağlayıb, evinə
qayıdardı. Yaşlı anası ilə
birlikdə yaşayırdı. Qadın hələ
o qədər də qocalmamışdır. Onun yeməyini hazırlayır, paltarlarını təmizləyirdi.
Sami də anasının bir sözünü iki
etmir, “cənnət anaların ayaqları altındadır” hədisini
xatırlayıb, ona qulluq edirdi. Yaşı
otuza çatsa da hələ evlənməmişdi.
Anası hər zaman deyirdi; - ay oğul, başına
dönüm evlən, qorxuram ki, öləm tək qalasan- O isə
cavabında; - Allah varkən, tək qalmaram, qorxma ana- deyirdi. Bu dəfəsə yaşlı qadın nəvə
görmək istədiyini, gəlin qulluğu istədiyini
deyirdi, ancaq bütün sözlər havada asılı
qalırdı. Sami evlənmirdi ki, evlənmirdi.
Ana da oğlunu üzməmək
üçün üstünə getmir, qisməti ilə
barışırdı. Tək sevgi vardı,
onun üçün. O da Allah sevgisi.
Qəlbi indiyə qədər başqa bir sevgi
tanımamışdı, ancaq Allahını sevib, ona qulluq
etmişdi. Atasının
ölümündən sonra ailənin yükü onun
çiyinlərində qalmış, o da elə
atasının işini davam etdirib, ətir satırdı.
Ev, məscid və dükandan başqa bir yerə
getməzdi. Bir də hərdən
yaxınlıqdakı parka gəlir, göyərçinləri
izləyirdi.
***
“Aranızda
günahsız olan ilk daşı atsın” (Barnabas, 201)
Elfida ən çox bu ayəti sevirdi, onun
üçün də bağışlamağı,
insanları incitməməyi bacarırdı. İndi
özünü bağışlaya biləcəkdimi, görəsən?
Ağlındakı qara saçlı o oğlan
özünü günahkar saymasa da narahat bir halı vardı.
Sevgini iki kitabda- Quran və İncildə
araşdırmaq qərarına gəldi. İlk
öncə islamdan, Qurandan başladı. Çox
kitablar oxudu, araşdırdı. Yusif
sürəsinin sevgini və eşqi anlatdığını
öyrəndi. Oxudu, öyrəndi
Züleyxanın Yusifə olan sevgisinin, ehtirasının, ən
sonunda da ona qovuşmasının sirrini öyrəndi. İslama görə Yusifi sevən Züleyxanın tək
bir yolu vardı, Yusifin Tanrısını da sevmək. Sevmirdimi? Əlbəttə ki,
sevirdi. İsanın Tanrısı elə
Yusifin Tanrısı idi. İslama görə
İsa da, Məhəmməd də Allahın elçisi idi.
Daha sonra İslam alimlərindən Ruminin
yaradıcılığı ilə tanış
oldu, onun sevgi ilə bağlı yazdıqlarını hərfbəhərf
oxudu.
Bəli, Rumi də demişkən “araşdırdım,
axtardım dörd kitabda ayrılıq günahdı, gəl”
sözlərini özünə rəhbər etdi. Bu gün də
məscidin qarşısında gəlib dayandı. Quşluq vaxtı idi. Bir az
sonra Sami gəldi, şadirvanda əyləşib abdəstini
almağa başladı. Qara saçları,
yaraşıqlı saqqalı ilə yenə Elfidanın
gözlərini qamaşdırdı. Cəsarətli
bir qızdı, istədiyini, doğru olduğuna
inandığı şeyləri əldə eləmək
üçün mübarizə aparırdı. Məscdiə tərəf yaxınlaşmağa
başladı. Gəlib, düz Samin
başının üstündə dayandı. Sakitcə gözləməyə başladı.
Sami işini bitirib, ayağa qalxmaq istəyəndə,
başının üstündə dayanmış bu sarı
saçlı, mavi gözlü qızı gördü.
Başını aşağı salıb, getmək istəyəndə
Elfida ona səsləndi; - Ey oğlan, sizin dində sevgi
varmı, sevənlər neynəsin- Bu sualın cavabını
onun dini çoxdan vermişdi “Sevən, sevdiyini Allahdan istəsin,
çünki qəlblər Allahın əlindədir”. O da bu
cavabı verdi və tez məsciddən
içəri daxil oldu. Maraqlı bir cavab
olmuşdu. Demək sevən, sevdiyini
Allahdan istəməliydi. Duanın yeri və
məkanı olmazdı. Məscidin
divarlarına yaxınlaşdı, başını
aşağı salıb, əllərini səmaya
açdı və başladı dualar etməyə. Məscidin həyətindən dua edən bir xristian
qızı. Qəribə bir mənzərə
olsa da, bu əslində sevginin bütün dinlərdən
üstün olduğunu, Tanrının da elə sevgi
olduğunu göstərirdi.
Davudun dediyi
kimi, adam Allahın qoruması altında olduğu zaman, «quş
ovçusunun tələsindən xilas olmuş sərçə
kimidir.»
Bəli, indi o quş kimi azad idi. Duaları ilə məscidin
üzərindən səmaya yüksəlirdi. Saminin dini sevən sevdiyini Allahdan istəməsi, onun
inancı isə sevən sevdiyi üçün mübarizə
aparmasını deyirdi. Səbrlə məsciddən
çıxmasını gözlədi. Məsciddən
çıxan kimi onu izləməyə başladı, düz
balaca dükanına kimi. Dükana girdikdən
sonra, onun arxasınca içəri daxil oldu və ətirlərə
baxmağa başladı. Sami
başını aşağı salıb, utanqac bir
davranışla işin sonunu gözləyirdi. Ən gözəl ətirlərdən bir neçəsini
seçdi. Dəzgaha yaxınlaşdı,
qiymətini soruşdu. Gözlənilməz
cavab aldı; - mənim dinimdə hədiyyə vermək
sünnətdi, hədiyyəm olsun - Elfida təşəkkür
edib, gülümsədi. Gözəl bir qızdı
həqiqətən. Gözlərinə
baxmağa qorxurdu, gözlərinin maviliyində boğulmaqdan,
yox olmaqdan. Bahar şəhərə bir az
fərqli gəlmişdi deyəsən. Axşam
olurdu, yenə azan və kilsə zənglərinin səsi bir-
birinə qarışır, parkda göyərçinlər nəşə
ilə oynaşırdılar. Əlində
kitab, sevdiyi skamyada əyləşmişdi. Günəş
qürub etmək üzrəydi , ancaq o evinə
getmək istəmirdi. Ayaqları sadəcə
dinlənmək, ürəyi isə ayaqlarına yük olmamaq
üçün yerindən qalxmaq istəmirdi.
Atası, anası, bir də özündən balaca bir
bacısı vardı Elfidanın. Atası hər
fürsətdə yaxın dostunun oğlundan söz
açır, onun inanclı bir xristian olmasından
danışırdı. Məsələ
aydındı, evləndirmək istəyirdilər onu. Lakin o sevgi adlı bir inanca sahibdi ki, məscidin
yanında Tanrıya dua eləmək, kilsədə Məhəmməddən
danışmaq onun inancında günah deyildi. Ancaq bunu kimə, necə anlada biləcəkdi? Hələ sevdiyi insandan belə əmin deyildi, onunla
bir yola çıxmaq istəyirmi? Sevgi azad
insanların işidi, elə inanc və din də. Yalnız azad insanlar sevə və inancını
seçə bilərdi. Dünya isə
sevginin qollarına zəncir vurub, inancı çoxdan
şablonlaşdırmışdı.
***
İnsanları dinlərə, irqlərə, millətlərə
ayırdılar. Bu bəs etmirmiş kimi küçə- küçə,
ev- ev böldülər, ayırdılar
qardaşı, qardaşdan. Habillə, Qabildən bu yana insan
oğlu;- qardaşımı necə
öldürə bilərəm?- deyə
düşünür. Sevgini mənasız
adlandıranlar milyonlarca insanın ölümünə səbəb
olan savaşlara haqq qazandırdılar. Bütün
bunları düşünmək Elfidaya əzab versə də,
düşünməliydi. Bəlkə nəsə
tapdı, bəlkə əngəl ola bildi
nələrəsə, ancaq indi o, heç öz sevgisini
insanlara açıb, deyə bilmirdi. Necə ola
bilərdi, axı- bir xristian qızı müsəlmanlardan
birini sevəcək, ərə gedəcəkdi? Uşaqlar
olsa onlar hansı dinə qulluq edəcəkdilər?
Allh gözəldir və gözəl olanı sevir, Allah
sevgidir, sevənləri sevir- Bu sözləri hansısa müsəlman
aliminin kitabından oxumuşdu. Bəli, Allah gözəllik
və sevgisə, insanlar niyə əngəl olurlar sevgidən
gözəllik doğmasına? Məscidlə
kilsənin birlikdə qıydığı nikah daha gözəl
olmazmı?! Məhəmməd də,
İsa da gözəlliyi, sevgini anlatmaq üçün gəlməmişdimi,
məqsədləri eyni deyildimi?
Onlar eyni məqsəd üçün mübarizə
aparıblarsa, onların iziylə gedənlərin düşmən
olmasında bir yanlış yoxdumu?
Bütün bunları düşünmək ona əzab
versə də, əzab verməyən bir düşüncəsi
vardı ürəyində. Saçları Günəşlə
parlayan o yaraşıqlı oğlan. Bütün
sözlər sevgini anlatdığı, sevgidən
yazdığı zaman gözəl olurdu. Ürək
sevdiyini düşündüyü zaman daha ahənglə
döyünərdi. Sami- bu ad onun ya
başlanğıcı, ya da sonu olacaqdı, ancaq sevgi sonsuzdu,
sonsuzluğa aparan yoldu. Bu yolda əvvəl – axır , başlanğıc və son sözləri
yoxdu. İndi yenə şadıvanda abdəst alan
sevdiyinə baxırdı uzaqdan, sonra yaxınlaşdı. Əllərini onun çiyninə qoyub, bütün
sərhədləri aşaraq; - səni sevirəm, səni
çox sevirəm. Bir olan Tanrıya, onun
elçiləri olan Məhəmmədə və İsaya and
olsun ki, səni çox sevirəm- söylədi. Bu sözlər o qədər gözəl səsləndi
ki, etiraz edə bilmədi. Necə edə
bilərdi ki, əgər Quranda və İncildə
yazılanlar ayətdisə, Allahın insana bəxş etdiyi
sevgi və gözəllik də bir ayətdi. Ayağa
qalxdı, əllərini tuta bilməzdi – dini izn vermirdi , ancaq tutdu. İndi yeni bir dinə-
eşqə iman etmişdi . Uzun
zaman baxışdılar. , dodaqları möhürlənmişdi
. Gözləri ilə danışır.
Sonra məscidin yanından kilsəyə
doğru addımladılar. Rahiblər əllərinə
daşlar alıb, atmaq istəyəndə səmadan bir səs
yüksəldi: “İlk daşı günahsız olan
atsın, deyə” susdular. Kilsənin yanından
keçib getdilər. Bu dəfə Saminin dostları əngəl
olmaq istədi onlara, ola bilmədilər. Bir səs daha yüksəldi göylərdən
“Sonunda zamanın, İsa imam olacaq, müsəlmanlara deyə”.
Qoca yazıçı qan- tər içində yuxudan
oyandı.
Allah xeyirə çevirsin,gördüyü
yuxu nə idi . Televizoru açdı ki,
görsün dünyada nələr baş verir.
-Ukraynada
vətəndaş müharibəsi davam edir!
-Suriyada
qardaş qırğını səngimək bilmir
.
Əsəbləşib,
televizoru söndürdü, yuxuda gördüklərini
yazmağa başladı; - Elfida mavi gözlü, sarı
saçlı bir xristian qızı...
Tural Sahab
P.S. Daha gözəl bir dünya
üçün, bir gün daha savaşmağa dəyər.
Olaylar.- 2014.- 11
iyul.- S.10.