Diaspor təşkilatlanmasında

qruplaşmalar yolverilməzdir

 

Mayisə Ağamirzəyeva: “Bütün diaspor təmsilçiləri ilə

normal dostluq və həmrəylik münasibətlərimiz var”

 

Bu gün Niderland Krallığında uğurlu fəaliyyət göstərən diaspor təşkilatlarından biri də“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyidir. On ilə yaxın müddətdir ki, fəaliyyət göstərən təşkilat təkcə zəngin tarixi-mədəni irsimizin deyil, eləcə də Azərbaycan həqiqətlərinin hollandlara çatdırılması istiqamətində çoxsaylı tədbirlər, layihələr həyata keçirib. Təşkilatın sədri Mayisə Ağamirzəyeva “Olaylar”-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr və gələcək planlar barədə danışıb.

-Mayisə xanım, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin yaxın aylar üçün nəzərdə tutduğu tədbirlər, layihələr nədən ibarətdir?

-Artıq 2014-cü ilin birinci yarısı geridə qalıb və keçən 7 ay birliyimiz üçün çox yaddaqalan olub. Az müddət ərzində bir çox layihələrə imza atdmışıq. Bu ilin ən faydalı layihəsi “Haaqa Azərbaycan Məktəbi”nin açılışı oldu. Qatıldığımız ən son tədbir təxminən 2 həftə öncə keçirilən “Dünya Qardaşlıq Festivalı” olub Məlumat üçün deyim ki, festival Niderland Krallığının 2-ci böyük şəhəri olan Haaqada yaşayan bütün xalqların mədəniyyətini nümayiş etdirmələri üçün şəhər bələdiyyəsi tərəfindən təşkil edilir. Birliyimiz bayrama Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələrinə aid bütün məlumatları toplayıb stend quraraq qatılmışdı. Stendimizdə xüsusilə Qarabağ haqqında kitab və rəsmlər, suvenirlər çoxluq təşkil edirdiş Bu da öz növbəsində digər xalqların nümayəndələrində maraq yaradırdı. Festivalda “Haaqa-Azərbaycan Məktəbi”nin kiçik şagirdlərinin milli rəqslərimizi ifa etməsi alqışlarla qarşılandı. Ümumiyyətlə, bu ilin sonuna qədər “Diasporamızın fəaliyyətində azərbaycanlı qadınların rolu və fəaliyyəti” mövzusunda konfrans, noyabr, dekabr aylarında “Bayraq günü” və “Həmrəylik günü keçirməyi planlaşdırmışıq. Bundan başqa Yeni il bayramı və birliyimizin 10 illik yubileyi münasibətilə böyük şənlik təşkil etməyi də düşünürük.

-Bir müddət əvvələ qədər təşkilat “Ana Vətən” Avropa Azərbaycan Qadınlar Birliyi kimi fəaliyyət göstərirdi. Təşkilatınızın adının dəyişməsi fəaliyyətinizdə də hansısa dəyişikliklər, yeniliklərə səbəb oldumu?

-Birliyimiz 10 il öncə Avropa Azərbaycan Qadınları Birliyi adı ilə fəaliyyətə başlayıb. Ancaq sonra düşündük ki, Niderland Krallığında fəaliyyət göstərdiyimiz və burdakı qadınları ətrafımızda birləşdirdiyimiz üçünAna Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi adlandırılması daha məqsədəuyğundur. Təşkilatımızın adının dəyişməsi ümumi fəaliyyətimizdə heç bir dəyişikliyə səbəb olmayıb, Nizamnaməmizdə əksini tapan məqsəd və amallar olduğu kimi qalır. Amma sıralarımıza qoşulan qadınların sayı artıb, Hollandiyanın hər bölgəsində demək olar ki, üzvlərimiz var. Tədbirlərimizin sayı da artıb və fəaliyyətimizdə daha aktiv dönəm baş verib.

-Bir diaspor təşkilatı olaraq Niderlanddakı digər Azərbaycan diaspor təşkilatları ilə əlaqələriniz, əməkdaşlığınız hansı səviyyədədir?

-Niderlandda fəaliyyət göstərən bütün diaspor təmsilçiləri ilə normal dostluq və həmrəylik münasibətlərimiz var. Bizim birlik Azərbaycan diasporasının kiçik bir parçasıdı və öz adımızdan deyə bilərəm ki, “Ana Vətən” Nederland Azərbaycanlı Qadınlar Birliyi hər zaman Vətənimiz naminə görülən işlərə və təşkilatçılara dəstək verməyə hazırdı. Bu baxımdan kim bizdən kömək istəsə və yaxud tədbirlərinə dəvət etsə böyük məmnuniyyətlə həmrəylik göstəririk. Bundan başqa qardaş Türkiyə Cümhuriyyətinin də bir çox cəmiyyət və qurumları ilə əməkdaşlıq edirik. Məsələn, Nederland Azərbaycan-Türk Kültür Dərnəyi, Türk Federasyonu, “BaladŞeir Vakfı, Hollanda Müsəlman Türk Cəmiyyətləri ilə bir çox işlər görmüşük. Qarşılıqlı olaraq onlar bizim, biz də onların təşkil etdiyi tədbirlərdə iştirak edirik.

-Niderlandda Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Ümumiyyətlə götürəndə çox da yüksək qiymətləndirməzdim. Amma onu da nəzərə almaq lazımdır ki, azərbaycanlıların Hollandiyada məskunlaşmasının tarixiçox deyil. Bu qısa müddətdə diaspora yeni-yeni formalaşır və təbii ki, hər bir yeni fəaliyyətə başlanan işdə müəyyən qüsurların da olması mümkündür.

-Bu ölkədəki diaspor təşkilatlarımız arasında birlik və bərabərlik, həmrəylik mövcuddurmu?

-Doğrusunu söyləsək, müəyyən qruplaşmalar da hiss olunur. Zaman-zaman belə hallar mətbuatda da hallandırılır. Bir çox diaspor təşkilatlarının rəhbərləri öz müsahibələrində bu fikirləri səsləndiriblər. Ancaq fikrimcə, qərib ölkələrdə diaspor təşkilatlanmasında qruplaşmalar yolverilməzdir. Fürsətdən istifadə edib bütün təşkilatların rəhbərlərinə səslənərək bildirmək istəyirəm ki, umu-küsü vaxtı deyil. Hamı birlik həmrəylikdən danışır, amma bəzən onların özləri belə qruplaşmalara yol verirlər. Yeni yaranmış inkişafa doğru addımlayan Azərbaycan Respublikasının dünyada dostları ilə bərabər düşmənləri mövcuddur. Erməni diasporası kimi tarixi 100 ilə söykənən güclü rəqibimiz var təəssüf ki, təşkilatçılıq baxımından onlara çox zaman uduzuruq.

-Cəmiyyətinizin keçirdiyi tədbirlər, konfranslara müvafiq təşkilatlar, səfirliklər, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək verilirmi?

-Dəstəyə hər zaman ehtiyacımız var. Çünki Avropada maliyyəsiz fəaliyyət göstərmək çox çətindi. Hər hansı bir tədbirə hazırlaşanda  nisbətən  ucuz yerlər tapmaq üçün bələdiyyələrin, ictimai təşkilatların, kitabxanaların, teatrların rəhbərlikləri ilə çoxsaylı danışıqlar aparmaq məcburiyyətində qalır, fəaliyyətimizin mənasını, maraq dairəsini, cəmiyyətə faydasını izah etmək zorunda qalırıq. Onu da qeyd edim ki, Hollandiyada ictimai işlərə önəm verilir, aktivlik göstərən təşkilatlara, insanlara hörmətlə yanaşılır, hər cür yardım edilir. Hətta əvvəllər yabançı millətlərin nümayəndələrinə ictimai işlərlə məşğul olmaq üçün dövlət tərəfindən qrantlar da ayrılırdı. Təəssüf ki, iqtisadi krizislə əlaqədar olaraq artıq bu qrantlar verilmir, sadəcə mənəvi dəstək yaxud hər hansı bir obyektdə tədbir keçirilməsinə icazə verilir. Ona görə Vətənin dəstəyinə xüsusi ehtiyacımız var. Milli mətbəximizi təbliğ etmək, mədəniyyət festivallarında stend hazırlamaq, Azərbaycana aid materialları almaq onların sayını artırmaq, daşımaq üçün maliyyə avadanlıq sıxıntısı çəkirik. Bütün bu işləri birliyimizin üzvləri olan qadınların şəxsi vəsaitləri hesabına hazırlayırıq. Azərbaycana yolu düşən hər bir üzvümüz ordan milli suvenirlər, geyimlər, atributlar gətirir. Azərbaycanda dövlət orqanlarına hər hansı bir üçün rəsmi müraciət etdikdə isə hələ ki, heç bir süründürməçiliklə rastlaşmamışıq. Məsələn, sonuncu dəfə   Haaqa-Azərbaycan məktəbi”nin təşkil edilməsində Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Nederland Krallığında fəaliyyət göstərən səfirliyi Azərbaycanda fəaliyyət göstərənTəhsil  Nəşriyyat-Poliqrafiya Müəssisəsi iləAzPoliqraf  Nəşriyyat-Poliqrafiya Müəssisəsinə etdiyimiz müraciətlər müsbət qarşılandı məktəbin açılması üçün əllərindən gələn köməkliyi əsirgəmədilər. Azərbaycanda nəşr edilən uşaq ədəbiyyatı, Azərbaycan xalq nağılları, şair yazıçılarımızın uşaqlar üçün yazdıqları hekayə povestlərindən bir neçə nüsxə, Azərbaycan haqqında ingiliscə kitablar cəmiyyətimizə hədiyyə edildi. Milli Məclisin üzvü, Niderland Krallığı üzrə məsul şəxs olan Adil Əliyev birliyimizin mədəniyyət festivallarındakı stendlərdə nümayiş etdirilən atributlar, suvenirlərlə təmin edilməsinə dair müraciətlərimizə həmişə müsbət yanaşır. Məncə, hər kəs, hər bir dövlət orqanı, dövlət məmuru, adamları diaspor təşkilatlarına yardım etməlidir. Çünki biz yabançı ölkələrdə Azərbaycanı təmsil edirik.

-KİV-lərlə əməkdaşlığınız hansı səviyyədədir?

-Bu sual son zamanlar mətbuatda çox müzakirə edilir. Bəzi mətbuat orqanları diaspor təşkilatlarını qınayaraq onlarla işləməkdə maraqlı olmadıqlarını səsləndirirlər. Çox təəssüflə bildirmək istəyirəm ki, bəzi mətbuat orqanlarının diaspor təşkilatlarına göstərdiyi maraq həyata keçirdikləri layihələr çərçivəsində olur. Layihə müddətində müsahibə almaq üçün inadkarlıq göstərən bəzi media orqanları layihə bitdikdən sonra göndərdiyimiz tədbir xəbərlərini min bir bəhanə ilə işıqlandırmamağa çalışırlar. Hətta gördüyümüz işlərin mahiyyətini kiçildən orqanlar da olur. Fürsətdən istifadə edərək ad çəkmədən belə mətbuat orqanlarına müraciət etmək istəyirəm ki, biz bu xəbərləri Azərbaycan mətbuatına çıxarmaqda heç bir maddi maraq güdmürük, ancaq burda fəallıq göstərən insanlara mənəvi qida vermək məqsədi daşıyırıq.

-Cəmiyyətiniz Azərbaycan həqiqətlərini Niderland cəmiyyətinə hansı formada çatdırır?

-Hollandların Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı haqda çox az məlumatları var. Ona görə kiçicik bir informasiyanın yayılması, 5-10 nəfər insanın belə məlumatlanması ölkəmiz üçün faydalıdır. Bu məqsəd naminə hər bir vasitədən yararlanmağa  çalışırıq. Xüsusilə avropalılar belə qanlı hadisələrə başqa cür yanaşırlar. Onlar ağlayıb-sızlayan, mitinqlərdə bağıran xalqlara sadəcə acıyırlar. Onların anlaya biləcəkləri ən maraqlı forma bu faciələrin mədəni formada -teatrla, rəqslə, musiqi, opera ilə çatdırılmasıdır. Məsələn, yuxarıda qeyd etdiyimDünya Qardaşlıq Festivalı”nda iştirak edərkən Azərbaycan stendinə bir holland təşkilatının rəhbəri üzvləri yaxınlaşdılar. Biz onlara Azərbaycan onun mədəniyyəti, tarixi, Dağlıq Qarabaq müharibəsinin səbəbləri haqda danışanda çox təəccübləndilər bir erməni təşkilatları ilə işbirliyində olduqlarını bildirdilər. Onların sözlərinə görə, ermənilər bu faciələri, müharibənin səbəblərini başqa cür anlatmışlar. Biz bu təşkilata ingilis dilində Qarabağa aid kitab bağışladıq gələcəkdə birgə layihələr həyata keçirmək barəsində razılaşdıq. Demək istədiyim odur ki, bəzən insanlar bizim fəaliyyətimizi mənasız adlandırır hollandlara Novruz atributlarını göstərməyin anlamı var ki?”-deyirlər. Mən 10 ildən artıq dövrdə burda yaşadığım üçün demək istəyirəm ki, bu fikir yanlışdı. Əgər biz 20-30 hollandı başqa millətlərin nümayəndələrini bir araya toplayıb, mətbəximizi, rəqslərimizi nümayiş etdiririksə Qarabağda insanların köçkün düşməyə məcbur olduqlarını, təəssüf ki, bayramı öz el-obalarında keçirmədiklərini onların diqqətinə çatdırırıqsa, bu Azərbaycan həqiqətlərinin azacıq da olsa kütləyə çatdırılmasıdı. Bundan başqa, hər il Xocalı faciəsi haqqında Niderland Krallığının Milli Məclisinə Petisiya (ərizə) təqdim edirik. Bu yaxınlarda Almelo şəhərindəQondarma Erməni soyqırımıabidəsinin açılmasına etiraz edərək mitinq keçirən türk təşkilatlarına biz Almelo şəhər Bələdiyyəsinə şikayət ərizəsi təqdim etməklə qatıldıq. Həmin ərizədə Xocalı soyqırımının yaxın keçmişdə baş verdiyini nədənsə dünya ölkələrinin buna soyuqqanlı yanaşdığını, “erməni soyqırımı”nın isə keçən əsrin əvvəllərində olub-olmaması sübut edilmədiyi halda dəstəkləndiyini qeyd etmişdik.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 12-14 iyul.- S.15.