Azəbaycan diasporu gənc olmasına
baxmayaraq indiyə qədər çoxlu işlər
görüb
Firəngiz
Bağırova: “Hollandiyadakı Azərbaycan
diasporunun
vəziyyəti məni hərtərəfli şəkildə
qane edir”
Bu gün
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi ölkələrdən biri
də Niderland Krallığıdır.
Hazırda bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı,
cəmiyyət və birliklər fəaliyyət göstərir.
Belə təşkilatlardan biri də “Odlar Yurdu” Cəmiyyətidir. “Odlar Yurdu” Cəmiyyətinin yaradılması istiqamətində
təşkilatlanma işlərinə 2004-cü ildən start verilib. 2007-ci ildə
isə cəmiyyət rəsmi olaraq qeydiyyatdan keçib. “Odlar Yurdu” Cəmiyyəti
fəaliyyət göstərdiyi bu illər
ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliği, Xocalı soyqırımının
Hollandiyada tanıdılması istiqamətində
çoxsaylı tədbirlər təşkil edib,
layihələr həyata keçirib.
“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz
Bağırova ilə söhbətimizdə o rəhbərlik
etdiyi qurumun ötən illər ərzində
gördüyü işlər və qarşıda duran vəzifələr
barədə danışıb.
Firəngiz Bağırova
“OLAYLAR”-a verdiyi
müsahibədə Niderland
Krallığındakı Azərbaycan diasporunun
vəziyyətindən də danışıb.
-Firəngiz xanım, rəhbərlik etdiyiniz “Odlar Yurdu” Cəmiyyəti nə zamandan fəaliyyət göstərir və təşkilatınızın əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
-“Odlar Yurdu” Cəmiyyəti
2007-ci ildən rəsmi qeydiyyatdan keçərək
təşkilat kimi yaradılıb. Ancaq bu vaxta
qədər də təşkilatın yaradılması istiqamətində
müəyyən işlər gedirdi. Daha dəqiq desək 2004-cü ildən təşkilatın
yaradılması istiqamətində işlərə
başlamışıq. Təşklilatın əsas məqsəd
və vəzifələrinə gəlincə isə, əsas
məqsədimiz ondan ibarətdir ki, hollandları Azərbaycan, Azərbaycan mədəniyyəti
ilə tanış etsin. Məlumat üçün qeyd edim ki, bu
istiqamətlərdə ötən müddət ərzində
çox böyük
işlər görülüb, tədbirlər
təşkil olunub, layihələr həyata
keçirilib. Belə layihələrdən
ən yadda qalanı “Sarı gəlin”
layihəsidir. Belə ki, hollandlardan ibarət xor qrupu ilə “Sarı Gəlin”
musiqisinin Azərbaycan dilində məşqlərini
etmişik. Nəticədə
Hollandiyanın müxtəlif şəhərlərində holland xoru ilə birlikdə
həmin musiqini ifa etmişik. Onu da deyim ki,
bu proses 8 ay davam etdi.
Çünki hollandlara
Azərbaycan dilini öyrətmək
lazım idi. Həmin layihəni İsveçrədə də həyata
keçirmişik. Eyni
zamanda fevral ayında
ölkənin müxtəlif yerlərində Xocalı faciəsinə
aid səhnəciklər nümayiş
etdirilib. Bu layihə
isə holland məktəblilərinin
iştirakı ilə baş tutub. Səhnəciklərin
hazırlanmasına 40-45 holland məktəblisi
cəlb edilib.
Bütün bunlarla yanaşı Azərbaycanın
milli bayramları, Bayraq
Günü, Müstəqillik Günü, 15 iyun-Milli Qurtuluş Günü də
hər zaman təşkilatımız tərəfindən
qeyd edilir. Əsas məqsədim
ondan ibarətdir ki,
keçirilən bütün tədbirlərə hollandları
cəlb edək və onlar da keçirdiyimiz tədbirlərdə
bizimlə birlikdə iştirak etsin.
-Keçirdiyiniz tədbirlərə hollandların marağı nə dərəcədədir? Təşkilatınızın keçirdiyi tədbirlər Hollandiyanın kütləvi informasiya vasitələrində işıqlandırılırmı?
-Təşkilatımızın
keçirdiyi tədbirlər barədə
qəzetlər, eləcə də yaşadığım Assen regionunun televiziya, radiosunda məlumat
verilir. Onun
simasında Azərbaycanı tanıyan hollandların ölkəmizə
marağı daha da
artır. Xüsusilə, azərbaycanlıların qonaqpərvərliyi
hollandlar tərəfindən müsbət
qarşılanır və onlar ölkəmiz
barədə daha çox
məlumat almaq istəyirlər. Onlar Azərbaycanın musiqisini
daha çox sevir, mədəniyyətimizlə yaxından
tanış olmağa
çalışırlar. Bizi hökumət
tədbirlərinə dəvət edərək orada Azərbaycan musiqisinin
səsləndirilməsini istəyirlər. Ümumiyyətlə,
hollandlar Azərbaycanın musiqisi,
mədəniyyətini çox sevirlər.
-Bəs rəhbərlik etdiyiniz təşkilatın qarşıdakı planları, həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-Məlum olduğu kimi 2015-ci ildə
Azərbaycanda I Avropa Oyunları
keçiriləcək. Bununla bağlı
Hollandiyada fəaliyyət göstərən
digər Azərbaycan cəmiyyətləri, təşkilatlarla
birlikdə müəyyən layihələrimiz, tədbirlərimiz
nəzərdə tutulur. Ona
görə də hazırda əsas diqqətimizi bu istiqamətə yönəltmişik. Onu da qeyd
edim ki, həmin layihə
ilə bağlı yaşadığım Assen
bölgəsi üzrə də müəyyən planlarım var. Bununla bağlı yerli bələdiyyə ilə məsləhətləşmə
aparmışam. Bakıya gəlməzdən əvvəl bələdiyyədə
görüş keçirib
layihə ilə bağlı fikir
mübadiləsi apardıq. Hollandiyaya
qayıtdıqdan sonra yenidən yerli bələdiyyədə görüş
keçirib qeyd etdiyim layihə barəfə müzakirələr
aparacağıq.
-Həyata keçirməyi nəzərdə tutduğunuz layihə nədən ibarət olacaq?
-Belə bir ideyam var
ki, 2015-ci il, I Avropa Oyunları ərəfəsində
yaşadığım əyalətdə bir
həftə müddətində Azərbaycan həftəsi keçirilsin və bütün
şəhər Azərbaycana aid nümunələrlə
bəzədilsin. Eyni zamanda
şəhərin muzeyləri, ictimai nəqliyyatında
Azərbaycan haqqında məlumatlar verilsin.
Paralel olaraq şəhərdə
quraşdırılan geniş ekranlarda Azərbaycanla əlaqədar süjetlər
verilsin. Ümumiyyətlə, bu böyük bir layihədir. Onu da qeyd edim
ki, bu layihəni həyata
keçirmək üçün müəyyən
vaxt və bəlli bir
miqdarda vəsait lazımdır.
-Hollandiyada Azərbaycan həftəsinin keçirilməsi yalnız I Avropa Oyunları ərəfəsində baş tutacaq, yoxsa bu layihə davamlı olacaq?
-Azərbaycan həftəsi çərçivəsində tədbirlər I Avropa Oyunları başlayan ərəfədə, oyunlar keçirilən günlərdə və ondan sonra təşkil olunacaq. Ümumiyyətlə, biz çalışacağıq ki, mütəmadi şəkildə Hollandiyada Azərbaycan həftəsi qeyd edək.
-Yaşadığınız Assen şəhərində azərbaycanlıların sayı nə qədərdir və sizin fəaliyyətinizə qarşı ermənilər tərəfindən hansısa maneçilik törətməyə cəhdlər olurmu?
-Mənim
yaşadığım Assen şəhərində
500 erməni ailəsi yaşayır. Azərbaycanlılara gəlincə
isə, orada yaşayan
tək azərbaycanlı ailəsi mənim ailəmdir. Buna baxmayaraq biz hər zaman Assen şəhərində Xocalı
soyqırımı, 20 Yanvar faciəsini qeyd edirik. Düzdür,
ermənilər nəsə etməyə cəhd göstərə
bilərlər. Ancaq Hollandiya
demokratik bir ölkə
olduğu üçün
bunu edə bilmirlər. Çünki
hollandlar belə məsələlərə
qarışmırlar. Düzdür, müəyyən
çətinliklərlə üzləşirik, ancaq bu bizim
üçün problem
deyil. Qarşımıza çıxan hər
hansı problemləri həll edə bilirik.
-Bu gün Hollandiyada onlarla Azərbaycan təşkilatı, cəmiyyəti fəaliyyət göstərir. Azərbaycan təşkilatları arasında birlik, həmrəylik mövcuddurmu?
-Mən də hərdən belə informasiyalar eşidirəm.
Bəzən isə facebook
sosial şəbəkəsində
müəyyən xoşagəlməz
yazılarla rastlaşıram.
Sadəcə olaraq həmin
yazılara münasibət
bildirib özümü
o səviyyəyə endirmək
istəmirəm. “Odlar Yurdu” Təşkilatı
olaraq Hollandiyada fəaliyyət göstərən
bütün Azərbaycan
təşkilat və cəmiyyətləri ilə
yaxından əməkdaşlıq
edirik. Eləcə də, digər
cəmiyyətlər bir-biri
ilə sıx əməkdaşlıq edir.
Bu əməkdaşlıq istər Xocalı soyqırımının tanıdılması
ilə bağlı keçirilən tədbirlərdə,
istər Azərbaycana
aid hər hansı tədbir və ya konfransların keçirilməsində özünü
göstərir. Bu kimi tədbirlərdən əvvəl hər zaman təşkilat və cəmiyyət sədrləri bir yerə toplaşıb vahid mövqedən çıxış edir,
birgə tədbirlər
keçiririk. Xüsusilə, Novruz bayramı şənliklərində hər
zaman bir yerdə oluruq. Ola bilər ki,
kimsə bir başqasının sözünü
qəbul edə bilmir. Bu sırf şəxsi münasibətlər
zəminində ola bilər. Həmin münasibətləri təşkilatlarası
münasibətlərə aid etmək lazım deyil. Hesab edirəm ki,
şəxsi münasibətləri
təşkilatlararası münasibətlərə
aid etmək düzgün
deyil. Ancaq onu da deyə
bilərəm ki, təşkilat kimi Hollandiyada bizim birliyimiz var. Xüsusilə,
Mayisə Ağamirzəyevanın
rəhbərlik etdiyi
“Ana Vətən” Niderland
Qadınlar Cəmiyyəti,
Ilhan Aşkının
sədrlik etdiyi Hollandiya Azərbaycan-Türk
Kültür Dərnəyi,
Benilüks Azərbaycanlıları
Konqresi, Elxan Mirhəşimlinin rəhbərliyi
ilə fəaliyyət
göstərən Azərbaycan
Evi ilə çox sıx əlaqələrimiz var. Digər
ölkələrdə də
bu cür neqativ hallara rast gəlməmişəm.
Mən ifaçı olduğum üçün müxtəlif
ölkələrə dəvət
alıram və həmin ölkələrdə
Azərbaycan təşkilatlarının
keçirdiyi tədbirlərdə
Azərbaycan musiqilərini
ifa edirəm. Almaniyada müntəzəm olaraq keçirilən tədbirlərdə
iştirak edirəm.
Hər zaman təşkilat və cəmiyyətlərimiz
arasında birlik, həmrəylik, sıx əməkdaşlıq müşahidə
edirəm. Ümumiyyətlə, mənim bu cür
məsələlər barədə
danışmaq heç
də xoşuma gəlmir. Biz real işlə məşğul olmalıyıq
ki, işimiz irəli getsin.
-Bəs bu gün
Hollandiyada Azərbaycan
diasporunun vəziyyəti,
durumunu necə qiymətləndirirsiniz? Bu ölkədəki Azərbaycan
diasporunun vəziyyətini
qaneedici hesab etmək olarmı?
-Bizim diasporumuz hələ gəncdir. Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətə
başlamasının 12 ilini
qeyd etdi. Hollandiyada elə diaspor təşkilatları var ki, yüz illərdir
ki, fəaliyyət göstərir. Ancaq Azərbaycan
diasporu çox gəncdir. Ancaq Azəbaycan diasporu
gənc olmasına baxmayaraq indiyə qədər çoxlu işlər görüb.
Ümumiyyətlə, Hollandiyadakı Azərbaycan
diasporunun vəziyyəti
məni hərtərəfli
şəkildə qane
edir. Diaspor təşkilatları olaraq Diasporla İş üzrə Dövlət Komitəsindən
maddi və mənəvi dəstək
alırıq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 15 iyul.-
S.15.