Azərbaycan-Fransa əməkdaşlığı:

Tarix və müasirlik

 

İyulun 8-də Fransanın Kann şəhərində Azərbaycan günlərinə start verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirlər proqramı Azərbaycan – Fransa əməkdaşlığının daha da inkişafına və zəngin tarixə malik ikitərəfli münasibətlərin müasir dövrdə də uğurla davam etdirilməsinə geniş zəmin yaradır. “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında keçirilən tədbirlər iyulun 31-nə kimi davam edəcək. Bu müddət ərzində Fransa ictimaiyyəti ölkəmizin tarixi, adət - ənənəsi, mədəniyyəti, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rolu barədə ətraflı məlumat əldə edəcək. Həmin məlumatlar isə yalnız təbliğatçılıq baxımından deyil, Azərbaycanın Qərbi Avropanın əsas ölkələrindən sayılan Fransada tam yeni və daha müasir formatda tanıdılması, ölkə olaraq istər siyasi, iqtisadi, sosial, istərsə də mədəniyyət və idman sahələrində mövcud imkanlarının, təşkilatçılıq bacarığının nümayiş etdirilməsi baxımından önəmlidir. Qeyd olunanlar müstəqil Azərbaycan Respublikasının nüfuzunun beynəlxalq müstəvidə daha da artırılması ilə yanaşı, Fransada yaşayan soydaşlarımızın fəaliyyətini təkmilləşdirmək, ideoji və təbliğatçılıq işi istiqamətində onlara bir dövlət olaraq yaxından kömək göstərmək mənasında mühüm önəm kəsb edir. Bu isə hazırki dönəmdə olduqca vacibdaha çox gələcəyə istiqamətlənmiş bir addımdır.

Etiraf edək ki, müasir dövrdə Fransa erməni diasporunun aktiv fəaliyyət göstərdiyi ölkələrdən sayılır. Müxtəlif sferalarda nəzarəti ələ alan, aktiv lobbiçilik işi ilə diqqəti cəlb edən, Fransanın iri şəhərlərində cəmiyyət və ictimai birliklər yaratmaqla siyasi proseslərə və yerli hökumətin qərarlarına müdaxilə edən ermənilərin ən böyük uğuru isə əlbəttə ki, qondarma “erməni soyqırımı”nın Fransa parlamenti tərəfindən tanıdılmasıdır. Əlbəttə, Azərbaycan Respublikası və ölkə ictimaiyyəti bu qərara öz etirazını bildirdi. Lakin həmin illər məsələni yalnız siyasi konteksdə həll etmək mümkün deyildi. Odur ki, ikitərəfli münasibətləri inkişaf etdirmək, ideoloji fəaliyyəti düşünülmüş, konkret strateji proqram çərçivəsində həyata keçirmək, Azərbaycan xalqının uzun illər Fransa ictimaiyyətinin beyninə ermənilər tərəfindən yeridilmiş “qaniçən, zalım, qəddar” obrazını dağıtmaq tələb olunurdu. Məhz bu missiyanı rəhbər tutaraq qarşıya qoyulan məqsədə doğru inamla irəliləyən Respublikamız tarixi faktların üzə çıxardığı reallıqların, siyasi və iqtisadi sahədə əldə olunan razılıqların, mədəni əlaqələrin köməkliyi ilə qısa müddət ərzində mühüm nəticələrə imza atdı.

 

Tarix...

 

Azərbaycan və Fransa arasında əlaqələrin kökü isə XII-XIV əsrlərə təsadüf edir. Tarixi mənbələrə əsasən söyləmək olar ki, məhz həmin dövrlərdə iki xalq arasında siyasi – ticarət əlaqələri mövcud olmuş, bu əlaqələr pərakəndə və qeyri müntəzəm xarakter daşısa da, zamanzaman yüksələn xətt üzrə inkişaf etmişdir. XIX əsrin əvvəllərində isə ikitərəfli münasibətlər mədəni sferada da özünü göstərdi. Bunun da məntiqi davamı kimi, Fransa mətbuatında Azərbaycanla bağlı yazılar yer aldı. Həmin materialların əksəriyyətinin müəllifi dünya şöhrətli yazıçı Aleksandr Dümadövrünün görkəmli şəxsiyyətlərindən, ictimai-siyasi xadimlərindən olan jurnalist Əhməd bəy Ağaoğludur. Ədəbiyyat sahəsində isə mövcud əlaqələri Mirzə Fətəli AxundovAbbasqulu ağa Bakıxanov kimi ədiblərimiz davam etdiriblər.    Siyasi əlaqələrə gəlincə xüsusi olaraq qeyd olunmalıdır ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi ilk dəfə beynəlxalq ictimaiyyət tərəfindən Parisdə tanınıb. Məhz həmin tarixi hadisədən sonra, iki dövlət arasında münasibətlər artıq daha geniş şəkildə, beynəlxalq əlaqələr və qarşılıqlı maraqlar müstəvisində quruldu. Təsadüfi deyil ki, ölkədə elm və təhsilin inkişafına çalışan Cümhuriyyət hökuməti xaricə göndərdiyi tələbələrin böyük əksəriyyətini (100 azərbaycanlı gəncdən 45-i) Fransaya ezam etdi. Həmçinin yeni qurulmiş dövlətin ötən əsrin 20-ci illərində xaricdə fəaliyyət göstərən diplomatik nümayəndə heyətlərindən biri də məhz bu ölkədə olub.  Əməkdaşlığın yüksələn xətt üzrə inkişafı, azərbaycanlıların Fransa ictimaiyyəti arasında artan nüfuzu soydaşlarımızın həmin illərdə bu ölkədə aktiv ictimai-siyasi, mədəni fəaliyyətinə də geniş zəmin yaratdı. O dövrdə Fransada məşhur olan soydaşlarımızdan Andre Osseyn (Əmənulla Hüseynzadə), Rober Osseyn (Rüstəm Hüseynzadə), Bani (Ümbülbanü Abdullayeva), Səlim Turan, Ceyhun Hacıbəyli, Timuçin Hacıbəyli, Ağaqasım Qasımzadə, Əkbərağa Şeyxülislamov, A.Fətəlibəyli, Miryaqub Mirmehdiyev və başqalarını göstərmək olar. Uzun illər məhz Fransada ölkəmizi yüksək tribunalardan təmsil edən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri, o cümlədən Əlimərdan bəy Topçubaşov Cümhuriyyətin dağılmasından sonra Vətənə qayıda bilməmiş, bu ölkədə qalmağa məcbur olmuşdur. 

 

Müasirlik...

 

3 yanvar 1992-ci ildə Fransa Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 21 fevral 1992-ci ildə onunla diplomatik münasibətlər qurdu. Milli lider Heydər Əliyevin xaricə ilk rəsmi səfəri də 19-22 dekabr 1993-cü ildə məhz Fransaya oldu. Həmin səfər yalnız qarşılıqlı əlaqələrin qurulması baxımından deyil, Azərbaycanın Avropaya inteqrasiyası, qazanılmış kövrək müstəqiliyin davamlı və möhkəm olması baxımından önəmli idi. İstər həmin il, istərsə də 13-15 yanvar 1997-ci ildə baş tutan səfərdə ümummilli lider Azərbaycan Respublikasının maraqlarını, beynəlxalq münasibətlər sistemində yürütdüyü siyasi fəaliyyət strategiyası, tarixi keçmişimiz, adət - ənənələrimiz, xalqımızın başına gətirilən faciələr barədə ətraflı məlumat vermiş, dünya dövlətlərini, o cümlədən Avropanı baş verənlərə biganə qalmamağa çağırmışdı. Səfərin digər önəmli tərəfi isə ondan ibarətdir ki, fəaliyyətinin ilk günündən diaspor siyasətini dövlət siyasəti səviyyəsinə qaldırmış H. Əliyev Fransada olduğu müddət ərzində bu ölkədə yaşayan soydaşlarımızla görüşmüş, onları milli azərbaycançılıq ideyası, mənəvi dəyərlər və ümummilli prinsiplər ətrafında mübarizəyə səsləmişdir: “Fransanın 60 milyon əhalisi var, onun 300 mini ermənidir. Prezident Jak Şirak mənimlə söhbətində dedi ki, Fransada 5 milyon müsəlman yaşayır. Sözsüz ki, o, müsəlman deyəndə ərəbləri, türkləri, farsları, azərbaycanlıları və s. nəzərdə tutur. Amma həmin müsəlmanların Fransanın siyasi həyatına elə bir təsiri yoxdur. Ancaq 300 min erməni Fransanın siyasətinə təsir edə bilir

İki ölkə arasında qurulmuş diplomatik əlaqələr, münasibətlərin inkişaf dinamikası bu günuğurla davam etdirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də ölkə başçısı kimi xaricə ilk rəsmi səfərini 2004-cü ilin yanvar ayında Fransaya etdi. Həmin səfər Fransa ilə əlaqələrin yeni müstəvidə qurulması, ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi. Qısa müddət ərzində görülən tədbirlər, həyata keçirilən çoxşaxəli fəaliyyət proqramına Prezident İlham Əliyev 2012-ci ilin sentyabrında Fransaya növbəti səfəri zamanı xüsusilə toxunub: “Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ticarətin həcmi ildən-ilə artmaqdadır. Bu gün biz Azərbaycanın bu mədəniyyət ocağında görüşürük və dostlarımızla təmasda oluruq. Bu fürsətdən istifadə edərək Fransa-Azərbaycan əlaqələrinin mədəniyyət sahəsindəki fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Mehribanın təşəbbüsü ilə Fransanın mədəni irsinin qorunması üçün Strasburqda, Versalda, Normandiya bölgəsində müxtəlif layihələr icra edilmişdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilmişdir. Keçən il Bakıda Fransız Liseyinin təməl daşı qoyulmuşdur. Bakıda möhtəşəm “Plaisirs de France” sərgisi keçirilmişdir. Bu mədəniyyət ocağının fəaliyyətə başlaması məhz Mehribanın təşəbbüsü ilə mümkün olmuşdur. Fransa dövləti onun fəaliyyətini çox yüksək qiymətləndirib və Mehribanı “Fəxri Legionordeni ilə təltif etmişdir

 

Diaspor quruculuğu

 

Atılan addımlar, iki dövlət arasında qurulan sağlam münasibətlər diaspor sahəsinə də təsirsiz ötüşmədi. Qeyd etdiyimiz kimi, məhz milli lider Heydər Əliyevin həyata keçirdiyi və möhkəm təməllərə söykənən diaspor siyasəti artıq real nəticələr verməkdədir. Təxmini hesablamalara görə Fransada 200 minə yaxın azərbaycanlı yaşayır. Bu ölkədə yaradılan cəmiyyət və ictimai birliklərin sayı isə əksər statistik mənbələrdə 200-dən çox göstərilir. Onlardan xüsusi aktivliyi ilə seçilən “Azərbaycan Mədəniyyətini və Sivilaziyasını Öyrənən Mərkəz”i, “Azərbaycan Kültür Cəmiyyəti”ni, “Fransa-Azərbaycan Kültür Cəmiyyəti”ni, “Azərbaycan evini, “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”ni və s. qeyd etmək olar.

Lakin müxtəlif illərdə təşkil olunan tədbirlərə, təbliğat xarakterli görüşlərə baxmayaraq, etiraf olunmalıdır ki, həmin cəmiyyətlərin fəaliyyəti müasir dövrün tələbləri ilə yanaşdıqda arzuolunan səviyyədə deyil. Bir çox halda ümumi işdə diqqəti cəlb edən pərakəndəlik, həmçinin təşkilatçılıq işinin zəif şəkildə aparılması həmin birliklərin təsir gücünü, beynəlxalq münasibətlər sistemində cərəyan edən hadisələrə cəld və kəskin reaksiyasını minimuma endirir. Digər səbəb, ideoloji işin, təbliğatçılıq siyasətinin uğurla aparılması üçün əsas silahlardan sayılan diaspor mətbu orqanlarımızın Fransada azlığıdır. Bir zamanlar mühacir soydaşlarımız “Azərbaycan” (1926), “PROMETNEE” (Prometey, 1926), “Qafqaz” (1935) və s. kimi dərgilərdə öz sözlərini deyirdilərsə, bu gün həmin meydan demək olar ki, yox səviyyəsindədir. Fransada Azərbaycan diasporunun yalnız “Körpü” jurnalı fəaliyyət göstərir. Azərbaycan və fransız dillərində çıxan həmin dərginin ilk sayı 2005-ci ildə Türkiyədə işıq üzü görüb. Jurnal “Azərbaycan-Fransa Gənclik Assosiasiyası”nın orqanıdır. Lakin maliyyə problemi üzündən dərgi çox az sayda və fasilələrlə oxucuların görüşünə gəlir. Jurnalda əsasən milli mədəniyyətimizi, tariximizi əks etdirən, eləcə də turizmə aid olanFransada təhsil alan azərbaycanlı tələbələrin uğurlarından söz açan məqalələr dərc olunur. Bundan əlavə, Sovetlər dönəmində diaspor quruculuğu sahəsində yaşanan boşluqlar, Avropada, o cümlədən də Fransada soydaşlarımızın diqqət və qayğıdan kənar qalması da bu istiqamətdə ciddi problemlərin və çatışmazlıqların ortaya çıxması ilə nəticələndi. Bu gün Azərbaycan diasporundan danışarkən qeyd olunan həlli vacib problemlər və Fransadakı soydaşlarımızın digər ölkələrin diaspor təşkilatları ilə müqayisədə nəzərəçarpacaq dərəcədə geri qalması da məhz həmin illər bu sahədə yol verilən boşluqlardan qaynaqlanır. Odur ki, müasir dövrdə Azərbaycan diasporunun Fransa cəmiyyətinə inteqrasiyası və yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq tempi ilə ayaqlaşması üçün bu sahəyə diqqəti artırmaq, mövcud problemləri ətraflı müzakirə etmək çox önəmlidir. Bunun üçün soydaşlarımızı narahat edən problemlərin həlli və ən əsası diaspor mətbu orqanların sayının artırılması da olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, Fransada Azərbaycan diasporunun fəaliyyətinin daha da formalaşması bu ölkədə erməni amilinin və ermənipərəst mövqeyin bir qədər zəifləməsinə, eləcə də uzun illər ermənilərin yalaniftira dolu bəyanatları ilə “maariflənmiş” Fransa ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə daha düzgün, obyektiv məlumat əldə etməsinə səbəb olar. Bu gün ermənilərin Fransada aktiv fəaliyyət göstərən cəmiyyətlərindən “Ermənistan Azadlıq Cəbhəsi” (1979-cu il), “Orliqrupu (1981-ci il), “Erməni Gəncləri İttifaqı” (1990-cı il), “Ermənistan Azadlıq Hərəkatı” (1991-ci il), eləcə də “Ermənistanın Siyasi Məhbuslarına Kömək Komitəsi”, “Ermənistanın Yeni Müqaviməti – ASALA” və s. təşkilatları misal göstərmək mümkündür. Həmin orqanlar yarandığı ilk gündən yalnız diasporçuluğa xas mitinq və nümayişlər, etiraz aksiyaları, küçə yürüşləri keçirməklə kifayətlənmir, terror hadisələrinə əl atmaqdan belə çəkinmirlər. Belə hadisələrin əksəriyyəti Parisdə (4 aprel 1973-cü il, 24 oktyabr 1975-ci il, 14 may 1977-ci il, 6 iyun 1977-ci il, 8 iyul 1978-ci il, 8 iyul 1979-cu il, 8 noyabr 1979-cu il, 18 noyabr 1979-cu il, 22 dekabr 1979-cu il, 26 sentyabr 1980-ci il, 13 oktyabr 1980-ci il, 15 dekabr 1980-ci il, 14 yanvar 1981-ci il, 5 fevral 1981-ci il, 4 mart 1981-ci il, 11 iyun 1981-ci il, 20 avqust 1981-ci il, 22 avqust 1981-ci il, 24 sentyabr 1981-ci il, 25 oktyabr 1981-ci il, 26 oktyabr 1981-ci il, 27 oktyabr 1981-ci il, 28 oktyabr 1981-ci il, 5 noyabr 1981-ci il, 14 noyabr 1981-ci il, 15 noyabr 1981-ci il, 16 noyabr 1981-ci il, 18 noyabr 1981-ci il, 17 yanvar 1982-ci il, 19 yanvar 1982-ci il, 21 iyul 1982-ci il, 26 iyul 1982-ci il, 2 avqust 1982-ci il, 8 avqust 1982-ci il, 12 avqust 1982-ci il, 22 yanvar 1983-cü il, 28 fevral 1983-cü il, 8 iyul 1983-cü il, 15 iyul 1983-cü il, 4 fevral 1984-cü il, 29 dekabr 1984-cü il, 3 mart 1985-ci il, 28 noyabr 1985-ci il, 20 mart 1986-cı il, 4 sentyabr 1984-cü il, 9 sentyabr 1986-cı il, 10-15 sentyabr 1986-cı il, 16 sentyabr 1986-cı il, noyabr 1986-cı il), eləcə də Marseldə (19 may 1980-ci il, 5 dekabr 1980-ci il, 9 sentyabr 1983-cü il), Lionda (5 avqust 1980-ci il, 18 iyul 1980-ci il, 20 iyul 1983-cü il, 29 iyul 1983-cü il, 13 avqust 1984-cü il, 17 mart 1986-cı il) və Strasburqda (9 noyabr 1980-cı il) baş verib[“Dirçəliş XXI əsr”, aprel 2002-ci il].

Qeyd olunan faktlar Fransada təşkil edilmiş terror hadisələrinin az bir hissəsidir. Maraqlıdır ki, bütün bunlara baxmayaraq, bu ölkədə ermənilərə münasibət dəyişməyib, əksinə, aktiv fəaliyyəti ilə seçilən erməni diaspor nümayəndələri Fransada güclü lobbi quruculuğuna nail olmaqla hakimiyyət dairələrinə, parlamentə təsir etmək imkanına malikdirlər. Bununla belə, bu gün tam əminliklə söyləmək olar ki, erməni diasporunun Fransada hegomonluğu tədricən zəifləmək üzrədir. Azərbaycanın müstəqillik əldə etməsilə bu ölkədə yaşayan soydaşlarımızın fəallaşması yeni mübarizənin, informasiya təbliğat savaşının əsasını qoymuş oldu. FransaAzərbaycan münasibətlərinin dövlət başçıları səviyyəsində daha sıx qarşılıqlı maraqlar müstəvisində qurulması, bu ölkədə cəmiyyət birliklərimizin yaradılması isə həmin mübarizənin daha effektli, daha məqsədyönlü aparılmasına zəmin yaradır. Proses bu gün uğurla davam edir. Fransada Azərbaycan günlərinin təşkili, müstəqil Azərbaycan Respublikasının təbliği ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı gələcəyə ümidlə baxmağa əsas verir. Önəmli məqamlardan biri odur ki, Heydər Əliyev Fondu bu günədək milli adətlərimizin, tariximizin, zəngin mədəniyyətimizin, bir sözlə azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində Fransa ilə yanaşı, İtaliya, Almaniya, Yunanıstan Rusiyada da analoji tədbirlər təşkil edib. Atılan addımlar isə ölkələr xalqlar arasında əlaqələrin qurulması, həmçinin milli lider Heydər Əliyevin xüsusi önəm verdiyi milli birlik, milli həmrəylik ideyalarının yaşadılması, dünya azərbaycanlılarının vahid Vətən azərbaycançılıq ideologiyası ətrafında birləşməsi baxımından önəmlidir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 16 iyul.- S.15.