Bizim və onların fəxri Müslüm Maqomayev
Öz qiymətini
sağlığında ala bilmiş dahi sənətkara
hər zaman alqışlar olsun!
Azərbaycan hələ
dünya xəritəsində ayrıca bir ölkə və dövlət olaraq təqdim olunmurdu. Onda dünyada SSRİ adlı nəhəng bir ölkə vardı. Bu
ölkənin bir yanında günəş
çıxanda digər başında gün
batırdı. Amma bu
ölkənin içində Azərbaycan adlı bir kiçik respublikadan çıxmış elə böyük şəxsiyyətlər vardı
ki, bütövlükdə SSRİyə
hörmət gətirirdi. “Xalqlar
həbsxanası” adlandırılan, mədəniyyətdən
uzaq hesab edilən bu qırmızı imperiya
məhz bu adamların sayəsində sivil hesab olunur,
rəğbət, ehtram qazanırdı.
Xüsusən sənət adamlarımız SSRİni
və əslində Azərbaycan xalqını fəxrlə təmsil
edirdilər. Rəşid Behbudov, Zeynəb
Xanlarova, Müslüm
Maqomayev, Polad Bülbül oğlu,..
Hansı xarici ölkədə konsert verirdilərsə, ifa
etdikləri ilk nəğmə Azərbaycana
aid idi. Bununla onlar təkcə Azərbaycana
olan məhəbbətlərini ifadə
etmirdilər, həm də dünyaya Azərbaycan
adlı bir ölkənin, bir
xalqın mövcudluğundan, imperiya əsarətində olmasından
dolayı yolla xəbər verirdilər.
Əskərlik
illərində bu şəxslərin mərkəzi televiziya ilə
nümayiş olunan konsertləri, radiotranslyasiyalar Vətəndən
uzaq olan bizlərin gözünü yaşardırdı. Ruslar Rəşid Behbudovun
adını eşidən kimi təbəssümlə
“Ooo! Arşin mal alan!” deyirdilər. Müslüm Maqomayev barəsində
isə... Ruslar Müslümün
azərbaycanlı olmasını həzm edə bilmir, qısqanır, sonra
onu heç çəkinmədən
“Naş ( “bizim”) Muslim!”
adlandırırdılar. Bu bizə ləzzət
verdiyi üçün
onu paylaşmaqdan
çəkinmir, bundan xüsusi
həzz alırdıq. Müslüm
hamıya – bütün dünyaya
bəs edəcək qədər möhtəşəm
müğənni idi. TV ilə hansısa
konsertindən sonra, ertəsi gün onun pərəstişkarı
olan zabitlər ona xatir bizə hörmət göstərirdilər.
Rus qadınları Müslümün
şəklini həsədlə, rəğbətlə, məhəbbətlə
sinələrinə sıxır, ani xəyallara
dalırdılar. Müslüm təkcə
sənəti ilə deyil, həm də zahiri görkəmilə,
yaraşığı, obrazı ilə cazibədar idi. Hər axşam
saat 21də Moskvanın 1ci kanalı ilə
ölkənin baş “Zaman”
(“Vremya”) xəbərlər proqramı nümayiş olunar, sonda hava haqqında məlumat
bölməsi Paxmutovanın “Nadejda” (“Ümid”) mahnısının motivləri
altında təqdim olunardı. Bu mahnı
isə hər axşam Müslümü
xatırladırdı. Çünki
o mahnının əvəzsiz
ifaçısı məhz Müslüm Maqomayev idi. İş o yerə
çatmışdı ki, ruslar Müslümə görə
hamımızda müğənnilik məharətinin olduğuna inanırdılar – Müslümün
yerliləryiksə, deməli, biz onun mahnılarını əzbər
oxumalıyıq.
Atam məzuniyyətlərini turizm səfərlərində keçirtməyi xoşlayırdı. Hər dəfə silsilə xatirələrlə dönərdi. Bir xatirəsi də Müslüm Maqomayevlə bağlı olmuşdu. Tiflisdə qaldığı mehmanxananın qarşısında böyük qələbəliyi görəndə təəccüblənmiş, Müslüm Maqomayevin də bu mehmanxanada qonaq olduğunu öyrənmişdi. İnsanlar Müslümü canlı görmək naminə cəhd göstərir, amma mehmanxananın içərisinə buraxılmırdı. Onu şəxsən və canlı görmək fürsətini qaçırtmaq istəmir və buna görə vestibüldə oturub gözləyir. Birdən liftin qarşısında Müslüm Maqomayev bir neçə adamın əhatəsində görünür. Atam tez irəli keçir və onun qarşısını kəsir. Əl uzadır, görüşürlər. O, Müslüm Maqomayevə Azərbaycan dilində bir sənətkarın sadə xalq nümayəndəsindən eşidə biləcəyi ən gözəl sözləri söyləyir.
Müslüm bu təriflər qarşısında çox məmnun olsa da, atama rus dilində cavab verir. Atam bunu xoşlamır və ona Azərbaycan dilində daha bir neçə söz deyir. Yenə də cavab rus dilində olur. Atamın nəhayət “Müslüm, sən axı azərbaycanlısan, mənimlə niyə rusca danışırsan?!” etirazına böyük sənətkar gülümsəyir, köks ötürür, sonra yenə rus dilində “Hə, mən azərbaycanlıyam, Azərbaycan mənim atamdır, Rusiya isə anam” deyib, uzaqlaşır. Atam özü də bu sözləri deyəndə dərindən köks ötürdü. Sonralar mən Müslümün bir neçə müsahibəsində də bu cür cavablar verdiyini oxudum. Bəlkə də yanındakı adamlara nəzərən o məhz rus dilində danışmışdı. Hər halda Azərbaycan dilini bilməsəydi, atamın dediklərini başa düşməzdi. Sadə rusların ona böyük məhəbbəti olsa da, o, əslən rus olmadığı üçün daim “KQB” nəzarəti altında idi. Bir sənətkar olaraq bu ona çox pis təsir edirdi. Dəfələrlə onu azad buraxmalarını tələb etmişdi. Daim izləyici nəzərlər altında olması heç kəsdə xoş ovqat doğura bilməzdi. O isə öz mahnıları ilə insanlarda xoş və estetik duyğular oyatmalı idi. Ətrafına qoşulan hər yeni nümayəndədən zarafata salıb rütbəsini soruşardı. Məşhur rus parodiya ustası Vladimir Vinokur onun xarici səfər heyətinə daxil ediləndə hələ gənc və tanınmamış birisi idi. Müslümün rütbə ilə bağlı sualı qarşısında karıxıb qalanda Müslüm ona “Bilirəm, mənə aşağı rütbəli göndərməzlər, sən yəqin ki, polkovniksən” demişdi və sonralar bunun heç də belə olmadığını bilsə də, Vinokura “yoldaş polkovnik” deyə müraciət edərdi. Dünya şöhrətli rus müğənnisi Alla Puqaçyova Müslümin pərəstişkarı olduğunu öz məşhurluğunun pik nöqtəsində olarkən də etiraf etməkdən qalmır və bununla qürur duyurdu. Bir dəfə Leninqradda olarkən Müslümün sadə sovet adamı kimi 3 qəpiklik su avtomatı qarşısında durduğunu görmüş, xəlvətcə gedib onun su içdiyi stəkanı ən əziz nişanə kimi götürmüşdü. Bu stəkan uzun illər Allanın evində servantın ən dəyərli qabı idi. Qastrolda olduğu şəhərlərdə onun afişalarının konsert gününə qədər heç olmasa bir neçəsi qorunub qalsın deyə həddən artıq çox və möhkəm kleylə yapışdırırdılar. Adamlar onun afişalarını səliqə və ustalıqla qopardır, öz evində və ya iş yerində divara yapışdırırdılar. Partiya funksionerləri onun fotosu ilə və böyük tirajla təqvim plakatlarının buraxılışına qısqanclıqla yanaşırdılar. Müslüm bariton səsinə rəğmən çox mülayim, mehriban, xeyirxah insan idi. Rostov Flarmoniyası müflis olduğu üçün ona kömək məqsədilə müraciət etmişdi. Müslüm onları böhrandan çıxartmaq üçün konsertdə çıxış etməyə razılıq verdi. Müslümün adı ilə stadionu doldurdular. Müslüm isə bir bölmə deyil, saatlarla oxuyası oldu. Buna görə də ona 3 qat qonorar ödədilər. Amma müqavilədə bir bölmə göstərildiyi üçün sonra “OBXS” Müslümə qarşı cinayət işi açmışdı. Bu barədə ona məlumat verəndə Müslüm Parisin məşhur “Olimpiya” konsert salonunda solo konsert verirdi. Ona Fransada qalmaq, dünyanı rahatca fəth etmək və milyonçu olmaq təklif edildi. Amma Müslüm həm Vətənini əbədi olaraq atmaq istəmədi, həm də mühacirətinə görə qohumlarının incidiləcəyini rəva bilmədi. Ümumiyyətlə, sovet dövləti onun ifrat məşhurluğuna ciddi maneə olur, bu hal sosializm prinsiplərinə zidd hesab olunurdu. Bir azərbaycanlı sənətçinin kumir olmasının ideoloji yanlışlıqları da aranıb tapılırdı. Tamara Sinyavskaya ilə ailə qurması beynəlmiləl ailəyə münasibəti bir qədər yumşaltmışdı. Amma o təkcə Azərbaycan türkü deyil, onun adı da Müslüm müsəlman idi. Ölkə Sovetlər Birliyi adlansa da, rus millitarizmi özünü buxovlaya bilmirdi. Buna görə də Müslüm daim balanslaşdırılmış davranış qurmağa və beynəlmiləl xarakterə üstünlük verirdi. Bu ona özünü təsdiq və sənət zirvəsini fəth etməkdən, öz ölkəsini və xalqını daha yaxşı tanıtmaqdan ötrü lazım idi. “Rusiya mənim anamdır!” deməklə də bunu nəzərdə tuturdu. Əslində isə o Rusiyada yox, Azərbaycanda Bakıda doğulmuşdu, anası Ayşət xanım Maykopda doğulsa da, atası türk, anası adıgey idi. Müslümün atası Məhəmməd 2ci Dünya Müharibəsinə getmiş və 15 gündən sonra ölüm xəbəri gəlmişdi. 1942ci ilin 17 avqustunda dünyaya gəlmiş Müslüm hələ atasını tanımayacaq qədər körpə idi. Atası Məhəmməd teatr rəssamı, anası Aişət isə dramatik aktrisa olmuşdu. Müslüm əmisi Camal kişinin himayəsində yaşadı, tərbiyyə və təhsil aldı. Əsas təhsili isə musiqi yönümlü idi. Babası Müslüm Maqomayev Azərbaycan opera sənətinin banilərindən biri olmuşdu. Adətən babalar öz fitrətini övladdan daha çox nəvəyə ötürür. Məşhur Müslüm Maqomayevin böyük istedadını nəvəsi Müslüm yaşatdı. O, ilk musiqi təhsilini indiki Bülbül adına musiqi məktəbində fortopiano və kompozisiya üzrə aldı. Əmisi onun mükəmməl musiqiçi olması marağında idi. Bülbül adına məktəbdə vokal şöbəsi olmadığı üçün onu Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə qəbul etdilər. Burada o məşhur müsiqi müəllimi Milavanovdan dərs aldı. İstedadlı şəxsin mükəmməl müəllim əlinə düşməsi dahilər doğurar. Oğlan ifaçıların səsinin batma ehtimalı onları gənclik illərinə kimi izləyir. Bu səbəbdən evdə onun müğənniliyə başlamasına hələ icazə vermirdilər. Amma evlərinin qarşısında Dənizçilərin Mədəniyyət evi yerləşirdi və Müslüm gizlincə də olsa, 15 yaşında buradakı tədbirlərdə oxumağa başladı. 19 yaşında o artıq Bakı Hərbi dairəsinin peşəkar mahnı və rəqs ansamblının solisti idi. 1962ci ildə o, Ümumdünya Tələbə və Gənclərin Helsinqi festivalında “Buhenvald harayı” mahnısı ilə özünü dünyaya tanıtdı. Onun məşhurluq günəşi 1962ci ildə Moskvada Azərbaycan Mədəniyyət və İncəsənət günləri keçirilərkən, Kremlin Qurultaylar Sarayının səhnəsində parladı. Növbəti ildə o artıq Çaykovski adına Konsert zalında solo konsert verirdi. Həmin il o hələ konservatoriya təhsili almadan M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti oldu. Dünya şöhrətli drijor Niyazi ondakı istedadı yüksək dəyərləndirir, ona düzgün istiqamət verir, sanki qanadı altına alıb ona hər sahədə qahmar çıxırdı. Opera səhnəsində müxtəlif rollar ifa etməklə yanaşı o estradadan da yayınmır, müxtəlif konsertlərdə çıxış edirdi. Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi ikən fövqəladə istedad sahibi olmasını və Niyazinin təkidli təqdimatlarını nəzərə alaraq, Azərbaycan respublikasının rəhbərliyi onu opera sənətinin zirvəsi sayılan İtaliyaya, Milan şəhərinin dünya şöhrətli “La skala” teatrında təkmilləşməyə göndərdi. Müslüm italyanca bir azca öyrənmişdi, burada yaşadığı iki il ərzində həm bu dili, həm də opera sənətinin bütün incəliklərini mükəmməl öyrəndi. İtaliyada “Sevilya bərbəri” operasında Fiqaronun, “Toska” operasında isə Skarpianın obrazı onun tərəfindən xüsusi məharətlə hazırlandı. Sonra bu obrazların ariyalarını o müxtəlif estrada konsertlərində də ifa edirdi. “La skala”dan qayıtdıqdan sonra Müslümü Moskvadakı Böyük Teatrda işləməyə dəvət etdilər. Bu, bütün İttifaq üzrə vokal ifaçıların ən böyük arzusu idi. Amma Müslüm bu təklifi qəbul etmədi. O öz sənətinin konkret bir sahə ilə məhdudlaşmasını istəmirdi. Gah Azərbaycan Opera və Balet Teatrında müxtəlif rollar oynayır, gah da aylarla ittifaq respublikalarına qastrol səfərinə çıxırdı. Həm opera, simfonik, həm də müasir estrada janrında əsərlər üzərində işləmək bir sənətkar üçün çox çətindir. Üstəlik, içində bəstələnmək istəyən çox melodiyalar kükrəyirdi. Onun bəstələdiyi mahnılar daha böyük populyarlıq qazanırdı. Filmlərə musiqi yazmaq və rol almaq arzusu da onu öz cazibəsinin əsirinə çevirmişdi. O, bunların hamısına çatışdı. Bəstəkarlar ona mahnı təqdim etmək üçün min bir vasitədən istifadə edirdilər. O kimin mahnısını oxuyurdusa, həmin bəstəkara ümumittifaq şöhrəti qazandırırdı. Həm də o hər mahnını oxumurdu. Musiqisi və sözləri onu tutmayan mahnılara diqqət göstərmirdi. Qəbul etdiyi mahnını isə sanki yenidən bəstələyir, ciddi oranjeman etdirir və özünküləşdirirdi. Hətta bəstəkar da öz mahnısına heyran qalırdı. Repertuarında Azərbaycan klassiklərinin mahnılarından, estrada bəstələrindən tutmuş rus və italyan xalq mahnılarına, müasir caz, roknrol, arabeski, pop mahnılarına qədər hər cür musiqi vardı. Onun qrupunda bekvokal oxuyanlar böyük konservatoriya keçibmiş kimi sonradan məşhur müğənni olurdular. T.Xrennikov, Q.Qarayev, A. Paxmutova, O.Feltsman, İqor Krutoy, A. Babacanyan, B.Şainski, P.Bülbüloğlu ən gözəl mahnılarını onun üçün bəstələyirdilər. Müslüm özü onlarca filmə musiqi bəstələdi, çox filmlərdə rol aldı, hətta “Nizami” filmində baş rolu məharətlə ifa etdi. Ü.Hacıbəyovun “Sənsiz” romansı onun ifasında əvvəlki ifaçıların hamısından fərqlənirdi. 46 illik peşəkar sənəti dövründə Azərbaycanın və SSRİnin bütün fəxri adlarına layiq görüldü. Sov.İKP rəhbərliyində L.Brejnev və ümumilli lider H.Əliyev Müslümün sənətinə ən yüksək dəyər verir və onu qoruyurdular. Amma zaman öz işini görür və Müslüm qocalırdı. 60 yaşından sonra o, səhnədə az görünməyə, tədricən uzaqlaşmağa başladı. Hamının nəzərində cavan və şux Müslüm olaraq qalmaq istəyirdi. Ömrünün son akkordlarını vurduqda cəmi 66 yaşı vardı. “Fəxri xiyaban”a doğru “Azərbaycan” mahnısını ifa edərək yol aldı. Arxasıyca çoxminli pərəstişkarları addımlayırdı. Onun üçün iki ölkədə daha çox hüzn tutdular: Vətəni Azərbaycanda və onu özlərinki hesab edən Rusiyada. Musiqi dünyasından bir atəş qopub, ulduzların sırasına qalxdı – daim yüksəkdə qalmaq üçün.
Hafiz Mirzə
Olaylar.- 2014.- 16 iyul.- S.10.