“Həsən bəy Zərdabi
irsi:
keşməkeşli həyat yolu”
kitabının təqdimatı keçirilib
İyulun
15-də Beynəlxalq Mətbuat Mərkəzində kənd təsərrüfatı
üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika
Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənovun
“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat
yolu” adlı kitabının təqdimatı keçirilib. Mətbuat Şurasının
sədri Əflatun Amaşov, “Kaspi” qəzetinin
rəhbəri Sona Vəliyeva, millət vəkili
Jalə Əliyeva, eləcə də bir
sıra ziyalıların qatıldığı tədbiri
Əflatun Amaşov açıb.
Əflatun Amaşov kitab haqqında məlumat verib. MŞ sədrinin sözlərinə
görə, hər bir xalqın
həyatında az sayda insanlar olur ki, onlar xalqın inkişafında mühüm rol
oynayırlar. M.F.Axundov, Həsən bəy Zərdabi, Cavad xan,
Əlimərdan bəy Topçubaşov və s. bu kimi
insanların adlarını sadalayan sədr onların Azərbaycan
xalqının xalq kimi inkişafında mühüm rol
oynadıqlarını vurğulayıb: “Azərbaycan tarixinin
formalaşmasında, inkişafında nə qədər
Bakıxanovun rolu varsa, Azərbaycanın siyasi məfkurəsinin
inkişafında Həsən bəy Zərdabinin məhz o qədər
rolu var. H.Zərdabi Azərbaycanın
siyasi intibahının banisidir. Həsən bəy Zərdabi bizim üçün kimdir? O, 1875-ci ildə “Əkinçi” qəzetini
yaratmaq, 2 il onu çap etməklə
Azərbaycanda xalqın mənliyi, mövcudluğu,
özünüdərki ilə bağlı böyük
bir rol
oynamışdır”.
Kitabın müəllifi
Eldəniz Həsənov kitabı hazırlayarkən üz tutduğu mənbələr,
ona kömək edən insanlar
haqqında məlumat verib. O,
kitabın Həsən bəy Zərdabinin
170 illiyinə həsr edildiyini bildirib. Müəyyən səbəblərlə
bağlı Həsən bəy Zərdabinin heç
bir zaman yubileyinin keçirilmədiyini deyən müəllif
nəşrin redaktorlarından biri olan millət vəkili Jalə Əliyevanın
bu məsələni Milli
Məclisdə gündəmə gətirməsi və şəxsən
Prezident İlham
Əliyevə müraciət etməsindən
danışıb: “Prezident İlham Əliyev Həsən bəy Zərdabinin
170 illik yubileyinin
keçirilməsi haqqında Sərəncam imzaladı”.
Filologiya üzrə fəlsəfə
doktoru, “Kaspi” qəzetinin
baş redaktoru Sona Vəliyeva tədbirdə çox
insanın toplanmasından Zərdabinin
hər birimizin doğması olduğunun aydın olduğunu
bildirdi: “Mən kitabın
müəllifindən də çox həyəcanlıyam.
İçimdə Həsən bəy Zərdabinin
övladı kimi həyəcan var. İnanıram ki, bizim hər birimizin qəlbində
ona böyük məhəbbət
yer aldığı üçün
bura toplaşmışıq. Zərdabi Azərbaycan maarifçilərinin mətbuat
qolunu, eyni zamanda Azərbaycan təhsilini sözün
əsl mənasında böyük maarifçi kimi inkişaf etdirən, tarixdə müəyyən
sahələrdə ilk olaraq
imzasını atan böyük
bir şəxsiyyətdir. İlk
xeyriyyə cəmiyyəti, ilk qəzet yaradan, ilk məktəb
açan Həsən bəy Zərdabi olub. Bu böyük
insanın hər sahədə ilklərə imza
atması sanki taleyi olub. Moskvada təhsil alan ilk torpaqşünas
alim, ilk dəmiryolunun
elmi şəkildə izahının necə
çəkilməsini verən məhz Həsən bəy Zərdabi
olub. Zərdabinin böyük
şəxsiyyət olması təkcə onun
ilklərə imza atması ilə bitmir, içində
daşıdığı millətinə böyük
məhəbbətlə ölçülür.
Qız məktəbinin açılmasında Həsən bəy
Zərdabinin böyük rolu
var. O, H.Z.Tağıyev ilə dost olub. H.Z.Tağıyev
Zərdabini özünün məsləkdaşı,
ideya verəni kimi qəbul
etdiyi üçün
onun verdiyi məsləhətlərə
də əməl edirdi”. S.Vəliyeva
vurğulayıb ki, bu
cür böyük
şəxsiyyətin irsinin
araşdırılması vacib və əhəmiyyətli
bir işdir.
Daha sonra çıxış edən millət
vəkili Jalə Əliyeva Həsən bəy Zərdabinin
yaradıcılığı, mətbuatda gördüyü
işlər barədə məlumat verib. J.Əliyeva kitabın ərsəyə gəlməsində
görülən işlərdən danışıb. Tədbirin
davamında təqdimata toplaşan ziyalılar Həsən bəy Zərdabi,
eləcə də yeni nəşr
haqqında öz fikirlərini
bölüşüblər.
Aygün İbrahim
Olaylar.-
2014.- 16 iyul.- S.5.