Gənclərin diaspor
işinə marağı yüksəkdir
Bu
gün Qırğızıstanda fəaliyyət göstərən
çoxsaylı Azərbaycan diaspor təşkilatlarından
biri də Türkdilli Dovlətlərin Siyasətinə Dəstək
Fondudur. Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondu 2005-ci ildən Bişkekdə rəsmi şəkildə
fəaliyyətə başlayıb. Fondun fəaliyyətinin əsas
istiqaməti türkdilli dövlətlərin liderlərinin
müxtəlif ölkələrdə geniş təbliğatını
təşkil etmək, xalqlarımız arasında birlik və
əlaqələrin formalaşmasında dahi siyasətcilərin rolunu daha geniş auditoriyaya
çatdırmaqdır. Fondun bu günə qədər
gerçəkləşdirdiyi tədbirlər həm rəsmi,
həm də ictimai dairələrdə böyük maraqla
qarşılanıb. Eyni zamanda, fondun Azərbaycanda da
filialı var. Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun sədri Nüsrət Məmmədovdur.
Məlumat üçün qedy edək ki,
Nüsrət Məmmədov 1957-ci ildə Şəki rayonunda
anadan olub. 1975-ci ildə həqiqi
hərbi xidmətə çağırılıb. 1977-ci il hərbi
xidməti başa vurub Qazaxıstanın Çimkənd vilayətinə
gedib. 1980-ci ilin may ayına kimi Çimkənddə
yaşayıb və təsərrüfatın müxtəlif
sahələrində çalışıb. 1980-ci ildə
Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki
Pedaqoji İnstitutun Filologiya fakültəsinə qəbul olub.
Nüsrət Məmmədov 1990-cı ildə
Qırğızıstan Dövlət Universitetinin Hüquq
fakültəsinə qəbul olub. O, 1996-cı ildə həmin
universiteti müvəffəqiyyətlə başa vurub.
Nüsrət Məmmədov hazırda diaspor sahəsində
aktiv fəaliyyət göstərir və “Türkdilli dövlətlərin
siyasətinə dəstək fondu”nun prezidenti olaraq bu işi
uğurla icra edir. Qırğızıstandakı diasporumuz
arasındakı əlaqələrə toxunan fond rəhbəri
deyir ki, bu ölkədə bir neçə Azərbaycan
diasporu var ki, rəhbərlik etdiyi fond onlarla sıx əlaqədə
çalışır: “Məsələn, “Türkdilli
dövlətlərin siyasətinə dəstək fondu” olaraq
biz Qırğızıstan Azərbaycanlıları Konqresi,
Qırğızıstan Azərbaycanlılarının
Əlaqələndirmə Mərkəzi, “Xəzər”
İssık-Kul Azərbaycanlıları İctimai Birliyi,
“Sodrujestvo” bölgə milli etnik diasporlar şurası ilə
sıx əməkdaşlığımız var. Qeyd edim ki,
biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə
sıx əməkdaşlıqda işləyirik. Bu
yaxınlarda, biz ulu öndər, Heydər Əliyevin anadal
olmasının 91 illiyi ilə əlaqədar Bayalinov adına
Respublika Uşaq kitabxanasında böyük bir tədbir
keçidik. Həmin tədbirdə
Qırğızıstanın mədəniyyət və
informasiya naziri K. Taliyeva ilə yanaşı bir çox
tanınmışlar da iştirak etdilər. Fond olaraq
kitabxanaya nəşr etdirdiyimiz kitablar da hədiyyə etdik. Tədbirdə
çıxış edən nazir K. Taliyeva Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək Fondunun
Qırğızıstanın ictimai-siyasi həyatındakı
böyük rolundan danışdı. O, bütün
qeyri-hökumət təşkilatlarına “Türkdilli dövlətlərin
siyasətinə dəstək fondu” na bənzəməsini
tövsiyə etdi. Bundan başqa iki il bundan əvvəl “Həyat”
hotelində “Prezident İlham Əliyev” üçcildliyinin təqdimatını
keçirmişdik. Tədbiri Azərbaycanın
Qırğızıstandakı səfiri vəzifəsini, səfirliyin
müşaviri İlqar Cabbarov aparırdı. Tədbiri səfirliklə
birlikdə keçirirdik. Orada bir neçə nazirin,
Qırğızıstanın ən
tanınmışlarının, Rusiyanın, Amerikanın və
bir sıra dövlətlərin səfirliyinin müşavirləri
iştirak edirdilər. Tədbir, respublikanın kütləvi
informasiya vasitələrində də geniş
işıqlandırılmışdı. Təqdimatdan bir
gün sonra Azərbaycanın Qırğızıstandakı
səfir əvəzi İlqar Cabbarov mənə zəng edərək
dedi ki, kitaba böyük maraq var, o kitablardan 100 komplekt verə
bilərsinizmi? Cavabında dedim ki, biz kitabları məhz
oxunması üçün nəşr etdirmişik.
Maşın göndərin problem yoxdur, nə qədər
lazımdır kitab verək. Onlar maşın göndərdilər,
kitablardan 100 komplekt səfirliyə verdim. Səfirlik də
öz növbəsində bütün maraqlananlara kitabları
payladı. Yeri gəlmişkən, İlqar Cabbarov çox
gözəl bir insandır, peşəkar diplomatdır. Öz
Vətənini, xalqını, Prezidentini sevən bir
adamdır. Biz onunla bir neçə tədbir
keçirmişik. Mən görürdüm o, bu tədbirlərin
yüksək səviyyədə keçirilməsi
üçün necə can yandırır”. Fond rəhbəri
gənclərin diaspor işinə verdiyi töhfələrdən
də danışıb. Bildirib ki, rəhbəri olduğu
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondunun nəzdində gənclər təşkilatı var: “Təcrübənizi
hansı formada bölüşdürürsünüz” deyəndə
gənclərimiz fondun fəaliyyətində bilavasitə
iştirak edirlər. Fondun tam fəaliyyəti onların təcrübələridir
- desək yanılmarıq.
-Ümumiyyətlə,
gənclərimizin diaspor işinə marağı olduqca
yüksəkdir. Gənclərimizin çoxu burada həyata
göz açanlardır. Onlar mədəniyyətimizi,
tariximizi, ədəbiyyatımızı, Azərbaycanda gedən
prosesləri öyrənmək, bilmək istəyirlər. Bir
neçə dəfə gənclərimiz Azərbaycanın
bayrağını, nəşr etdirdiyimiz kitabların onlara
verilməsini xahiş ediblər. Əlbəttə, biz
onların xahişlərinə biganə qalmamışıq”.
Nüsrət Məmmədov Qırğızıstandakı əsas
fəaliyyət istiqamətlərinə də toxunub. Bildirib ki, rəhbərlik etdiyi
fondun əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini,
ədəbiyyatını, Azərbaycanda gedən ictimai-siyasi
prosesləri, ulu öndərimizin irsini, Prezidentimiz İlham
Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini
təbliğ etməkdir: “Bu istiqamətlərdə
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondu olaraq indiyə qədər 59 kitab nəşr etdirib pulsuz
yaymışıq, bir çox tədbirlər keçirmişik.
Keçən ilin fevral ayında Vahid Mustafayevin müəllifi
olduğu “Xoca” filminin geniş şəkildə təqdimatını
keçirdik və Qırğızıstanda fəaliyyət
göstərən bir çox kanallar filmi göstərdilər.
Tamaşaçı kütləsi tərəfindən film
böyük rəğbətlə qarşılandı. Bunu nəzərə
alaraq filmi qırğız dilində dublyaj etdirdik. Belə bir
hadisəni də xatırlatmaq istəyirəm. 2009-cu ildə
xalq diplomatiyası çərçivəsində
Qırğızıstan Parlamentinin o vaxtkı
deputatlarının Azərbaycana səfərini təşkil
etmişdik. Nümayəndə heyətinə Qırğızıstan
parlamentinin birinci vitse-spikeri Çolpon Bayekova
başçılıq edirdi. Mart ayının 13-də bizi
Prezident İlham Əliyev qəbul etdi. Görüş
zamanı Çolpon Bayekova Prezident İlham Əliyevə dedi:
“Biz Azərbaycanın başına gətirilən faciələr
haqqında bu kitablardan məlumat almışıq”. Məncə,
bizim fəaliyyətimizə bundan yüksək qiymətin
verilməsinə ehtiyac yoxdur. Onu da xatırladım ki, cari
il, avqust ayının birinci
ongünlüyündə “Türkdilli Dövlətlərin
Siyasətinə Dəstək Fondu” Bakıda “Azərbaycan,
Qırğızıstan, Rusiya, Qazaxıstan, Moldova və
İsrail arasında mədəni əlaqələrin
inkişafı” adlı beynəlxalq forum keçirəcək.
Qeyd edək ki, forumda Rusiya Federasiyası İctimai
Palatasının katibi, Kurçatov mərkəzinin Prezidenti,
akademik Yevgeniy Velixovun, Qazaxıstandan Muxtar Şaxanovun,
Qırğızıstandan İlgiz Aytmatovun
başçılıq edəcəyi nüfuzlu nümayəndə
heyətləri iştirak edəcək. Xatırladaq ki, forumda,
digər tanınmış şəxslərlə
yanaşı, deputatların, nazirlərin də iştirakı
gözlənir. Həmçinin forum çərçivəsində
Muxtar Şaxanovun fondun sifarişi ilə Azərbaycan dilinə
tərcümə olunaraq nəşr edilmiş «Həqiqət
formulu və məhəbbətin Everest zirvəsi»
kitabının təqdimatı, fondun sifarişi ilə RF OOO
«AMATUS» kinostudiyasının lentə aldığı
«Çingiz Aytmatov- sivilizasiyaların dialoqu» sənədli filminin
çəkilmiş hissəsi nümayiş etdiriləcək.
Muxtar Şaxanovun «Həqiqət formulu və məhəbbətin
Everest zirvəsi» adlı əsərinin böyük bir hissəsi
mərhum Prezident Heydər Əliyevə həsr olunub.
“Türkdilli Dövlətlərin Siyasətinə Dəstək
Fondu”nun sifarişi ilə RF OOO «AMATUS» kinostudiyasının
lentə aldığı «Çingiz Aytmatov-
sivilizasiyaların dialoqu» sənədli filmində 2008-ci ildə
Bişkekdə ulu öndərin 85 illiyi ilə əlaqədar
fond tərəfindən keçirilən tədbirdə
Çingiz Aytmatovun çıxışı öz əksini
tapıb. Bundan başqa, 2008-ci il Qırğızıstanda
Çingiz Aytmatov ili elan olunmuşdu. Tale elə gətirdi ki,
Çingiz Aytmatovun yubileyi təkcə Azərbaycanda fondun təşəbbüsü
və maliyyə dəstəyi ilə qeyd olundu. Fevral
ayının 25-də Prezident İlham Əliyev Çingiz
Aytmatovu fondun sədri ilə birlikdə qəbul etdi və
“Dostluq” ordeni ilə təltif edildi. Həmin
görüntülər də filmdə öz əksini
tapıb”. Qirğizistanın rəsmi dairələrinin bu
ölkədəki Azərbaycan diasporunun fəaliyyətinə
olan münasibəti, soydaşlarımıza qarşı sərgilədiyi
mövqeyə gəlincə isə fond rəhbəri deyib ki,
Qırğızıstanda diasporumuza yüksək səviyyədə
münasibət var: “Bildiyiniz kimi Qırğızıstan
demokratik bir dövlətdir. Demokratik dövlətin atributu olan
hakimiyyətin hər 3 qolu işləyir.
Qırğızıstanda diasporumuza yüksək səviyyədə
münasibət var. Məsələn, biz fond olaraq hakimiyyətdən
ulu öndərimiz Heydər Əliyevin adını əbədiləşdirmək
üçün torpaq sahəsinin ayrılmasını, həmin
torpaq sahəsində ulu öndərin adını
daşıyacaq parkın salınmasını, onun abidəsinin
ucaldılmasını xahiş etmişdik. Xahişimizi nəzərə
alan dövlət tərəfindən şəhərin ən
mənzərəli yerində parkın salınması
üçün torpaq sahəsi ayrıldı. Məncə,
bu, hakimiyyətin diasporumuza yüksək münasibətinin
göstəricisidir”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 19-21 iyul.- S.15.