Turizm xidməti göstərən müəssisələr

arasında rəqabəti gücləndirmək lazımdır

 

Bir qayda olaraq turizm mövsümündə insanlar ölkə ərazisində fəaliyyət göstərən ayrı-ayrı turizm istirahət mərkəzlərindəki qiymətlərin bahalığından şikayətlənirlər. Hətta bəzi hallarda sadə vətəndaşlar daxildəki turizm müəssisələrindəki qiymətlərin bahalığını əsas gətirərək xarici ölkələrə, xüsusilə qonşu Türkiyə və Gürcüstana üz tuturlar. Bəs görəsən bu sahədə qiymətləri tənzimləmək mümkündürmü? Yaxud hansı yolla turizm istirahət müəssisələrindəki qiymətləri sadə Azərbaycan vətəndaşının cibinə uyğun etmək olar? Bu və ya digər məsələlərlə bağlı suallara aydınlıq gətirmək üçün Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovla söhbətləşdik.

 

-Eldar müəllim, bir qayda olaraq sadə vətəndaşlar turizm istirahət mərkəzlərindəki qiymətlərdən şikayətlənir. Etiraf etmək lazımdır ki, bu gün turizm bazarında qiymətlər olduqca bahadır və bu qiymətlər sadə vətəndaşı qane etmir. Sizcə, hansısa inzibati metodlarla qiymətləri tənzimləmək mümkündürmü?

-Hesab edirəm ki, turizm obyektləri, turizm xidməti göstərən müəssisələr arasında rəqabəti gücləndirmək lazımdır. Rəqabəti gücləndirmək üçün hökumətin üzərinə düşən əsas iş turizm müəssisələrinin sayını artırmaqdır. Məlumat üçün qeyd edim ki, son on ildə Azərbaycanda otellərin sayı 5 dəfə artıb. 2010-cu ildə ölkədə 98 otel olduğu halda, bu gün otellərin sayı 517-ə çatıb. Ölkədəki turizm şirkətlərinin sayı isə son on ildə 3,7 dəfə artıb. “Azərbaycan-2020-Gələcəyə baxış” konsepsiyasının turizm bölməsinin sənədi hazırlanarkən biz bunları tədqiq etdik. Məlum oldu ki, 2010-cu ildə ölkəyə gələn turistlərin sayı 600 min nəfər idisə, 2013-cü ilin nəticələrinə görə isə Azərbaycana təxminən 2,5 milyon nəfərə yaxın xarici vətəndaş turist kateqoriyası ilə daxil olub. Hesab edirəm ki, bu iş davam etdirlməlidir. Ölkədə olan otellər, restoran, turizm şirkətlərinin sayı sürətlə artırılmalıdır. Çeşidli və bir-biri ilə rəqabət aparan müəssisələr olmalıdır ki, onlar arasında gedən rəqabət nəticəsində qiymətlər aşağı düşsün. Əgər bu gün hansısa bir rayonda cəmi bir otel varsa, həmin otelin hansı qiyməti tətbiq etməsindən asılı olmayaraq istənilən adam orada məcburi şəkildə qalacaq. Ancaq bir rayon və ya turizm bölgəsində birdən çox otel fəaliyyət göstərərsə, istər-istəməz onlar arasında rəqabət olacaq.  Təbii ki, burada bir çox subyektiv amillər də var. Təəssüflər olsun ki, bir çox hallarda turizm obyektləri ora qoyduğu sərmayəni, pulu bir mövsümə  götürməyi düşünürlər. Turizm şirkətləri, müəssisələrini bu məsələdə daha diqqətli və sayıq olmağa dəvət edirəm. Turizm biznesi bir illik, bir mövsümlük biznes deyil. Azərbaycan durduqca onun turizm potensialı da duracaq. Ona görə də ölkəmizin davamlı olan biznes sahələrindən biri- turizmi tədricən güclənən bir sahəyə çevirməliyik. Bu mənada keçmiş on il bizə çox böyük ümidlər verir ki, növbəti 10 il ərzində turizm sahəsində daha ciddi nailiyyətlər əldə edək. Bir daha qeyd edirəm ki, qiymətlərin inzibati əsaslarla deyil, bazar iqtisadiyyatı vasitələri ilə aşağı salınmasının tərəfdarıyam. Bu sırada maraqlı bir arqumenti də qeyd etmək yerinə düşərdi. Mətbuatın bu məsələyə həssaslığı ortaya çox maraqlı bir məqam çıxarıb. 2010-cu ilə qədər Azərbaycanda turizm qiymətləri sürətlə artırdı. Demək olar ki, hər mövsümdə keçən illə müqayisədə qiymətlərdə 25 faiz artım müşahidə edilirdi. 2011-ci ildən etibarən isə turizm obyektlərində qiymətlərin artım sürəti azalmağa başladı. Əgər 2010-cu ilə qədər əvvəlki illərlə müqayisədə hər il qiymətlər 25 faiz həcmində artırdısa, indiki halda bu artım 3-5 faiz arasındadır. Baxmayaraq ki, ölkəyə gələn turistlərin sayı artır. Təbii ki, buna yeni tikilən obyektlər, müəssisələr, rəngarəng xidmətlər təsir edir. Eyni zamanda mətbuatın bu məsələdəki pozitiv rolunu müsbət qiymətləndirə bilərəm ki, ictimai rəyi bu istiqamətə yönəldə bilir.

-Azərbaycan Turizm İnstitutu bu sahə ilə bağlı kadrların hazırlanmasında hansı rolu oynayır?

-Məlum olduğu kimi Azərbaycan Turizm İnstitutu 2006-cı ildə yaradılıb. İnstitut fəaliyyətə 3 ixtisas, 1 fakultə və 200 tələbə ilə başlamışdı. Hazırda Azərbaycan Turizm İnstitutunun 11 bakalavr ixtisası üzrə təxminən 1700, 15 magistr ixtisası üzrə 130 və doktorantura, aspirantura ixtisasları üzrə təxminən 55 nəfər doktorantı var. 2011-ci ildən isə Bakı Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb və orada da hazırda 460 şagird təhsil alır. Həm peşə məktəbi, həm də institutun artıq məzunları var. Azərbaycan Turizm İnstitutunun bu günə qədər 996 məzunu olub. Həmin məzunların böyük əksəriyyəti bu gün turizm obyektlərində işləyirlər. Bizim Məzunlar Cəmiyyəti həmin məzunlarla yaxından işləyir.

-Bu gün turizm sektorunda çalışanların sayı təqribən nə qədərdir?

-Bu gün rəsmi statistikaya görə, turizm sektorunda işləyənlərin sayı təxminən 10 min nəfərdir. Ancaq mənim şəxsi qənaətimə görə, bu rəqəm daha çoxdur.  Çünki bir çox hallarda qeydiyyata düşməyən, mövsümü çalışan işçilər də var. Ancaq Azərbaycan Turizm İnstitutunun məzunlarının sayı heç min nəfər də deyil. Belə olan halda deyə bilərik ki, turizm sektorunda çalışanların onda biri məhz peşəkarlar, bu sahədə təhsil almış şəxslərdir. Onu da deyim ki, yerdə qalan 9 min nəfəri heç də qeyri-peşəkar hesab etmirəm. Onlar da təhsilli, təcrübəli insanlardır. Ancaq bu sahədə peşəkar təhsul almış şəxslər deyillər. Sevindirici haldır ki, gündən günə Azərbaycanda yeni tikilən turizm obyektlərinin sayı artır. Ona görə də Azərbaycan Turizm İnstitutunun kadrlarına tələb çox böyükdür. Hətta bəzi hallarda  birinci kursdan olan tələbələr turizm obyektlərində çalışırlar və onlar bizdən xahiş edirlər ki, dərs saatlarını iş qrafiklərinə uyğunlaşdıraq. Halbuki bu qadağandır və onlara ilk növbədə təhsillərinə fikir vermələrini tövsiyyə edirik. Ancaq bir daha onu deyə bilərəm ki, turizm müəssisələrində xidmətin səviyyəsi aşağıdır.

-Ölkəyə gələn xarici turistlər üçün Azərbaycanın hansı turizm zonası daha cəlbedici görünür?

-Məlum olduğu kimi bu gün Azərbaycanda 7 marşurut var və hər bir marşurutun içərisində çoxlu sayda alt marşurutlar mövcuddur. Məsələn, Bakı şəhərinin özündə 40-a yaxın alt marşurut var. Ancaq Bakı özü bir turizm məkanıdır. Xarici turistlər üçün təxminən 3-5 il əvvələ qədər daha çox şimal və cənub marşurutu cəlbedici görünürdü.  Azərbaycanda son 4-5 ildə aparılan güclü işlərdən biri də o oldu ki, ölkədə yeni bir istiqamət məşhurlaşmağa başlayıb. Bu da Bakı-Şamaxı-İsmayıllı, Oğuz-Şəki-Qəbələ-Qax-Zaqatala-Baləkən istiqamətidir. Bu istiqamət üzrə hərəkət edərkən yolların kənarında çoxlu sayda xarici turistləri görmək mümkündür. Bu gün qeyd etdiyimiz istiqamət daha çox məşhurdur. Xüsusilə, son dövrlər Qəbələnin sürətlə inkişaf etməsi, burada müxtəlif beynəlxalq festivalların keçirilməsi, Şəkinin mədəni turizm məkanı kimi diqqəti cəlb etməsi bu bölgəni xarici turistlər üçün daha cəlbedici edir. Təbii ki, Bakı və Abşeron da ölkənin paytaxtı olaraq əsas turizm zonası kimi mövcuddur. Hazırda Dağlıq Qarabağ marşurutu ermənilər tərəfindən işğal altında olduğu üçün tərəfimizdən istifadə edilmir və həmin marşurut demək olar ki, işləmir. Bizim əsas məqsədlərimizdən biri o olmalıdır ki, cənub və şimal marşurutunu, Bakını əvvəlki kimi canlı tutaq. Eyni zamanda Qəbələnin inkişafında davamlılığı təmin edək. Vacib bir istiqamət olan Naxçıvan, Gəncə-Göygöl-Gədəbəy istiqamətini də gücləndirməliyik. Aran rayonları isti və yaşıllığı az olduğu üçün ora da cip safari üçün cəlbedici, maraqlıdır. Bu istiqamətlər də turizm çeşidliyi baxımından gələcək illərdə qarşımızda duran vəzifələrdən biri olmalıdır və turizm şirkətləri buna daha çox diqqət yetirməlidirlər.

 

S.İsmayilbəyli

 

Olaylar.- 2014.- 19-21 iyul.- S.8.