“Mənim işim həm də diaspor
fəaliyyətidir”
Adilə Əliyeva: “Xaricdə musiqi ifaçılığı həm də diaspor işidir ”
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə yanaşı zəngin tarixi-mədəni irsimizin təbliği, Azərbaycan musiqisinin tanıdılması istiqamətində də aktivlik nümayiş etdirir. Azərbaycan musiqisinin təbliğini müxtəlif ölkələrdə yaşayan soydaşlarımız fərdi qaydada da həyata keçirirlər. Belə dəyərli insanlardan biri də dünya şöhrətli pianoçu Adilə Əliyevadır. Dünya musiqi aləmində özünü təsdiqləyən Adilə Əliyeva 25 ilə yaxındır ki, Fransada yaşayır. O, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib. Dünyanın məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt-diski yazılıb, eləcə də 200-dən çox müxtəlif radio və televiziyalarda haqqında mütəmadi xəbərlər, xüsusi verilişlər çəkilib.
-Adilə xanım, musiqi, incəsənətə gəlişiniz necə olub?
- Hələ 6
yaşım olanda radioda
ilk dəfə ifam
yazılıb. Simfonik orkestrlə isə ilk çıxışım 7 yaşımda Leo Qinzburqun dirijorluğu altında keçib.
Həmin ərəfələrdə “Dostluq
melodiyaları” adlı sənədli kinofilmdə D. Şostakoviçin İkinci
konsertini ifa etmişəm.
Bül-Bül adına orta
ixtisas musiqi məktəbini
bitirəndən sonra P.İ. Çaykovski
adına Moskva Dövlət
Konservatoriyasına daxil oldum,
oranı qırmızı diplomla bitirdim və aspiranturaya da qəbul oldum. Konservatoriyadan sonra
sayını itirdiyim ölkələrdə
unudulmaz konsertlər, müsabiqələr
başlandı. Hətta 1980-86-cı illərdə
Bakının o zamankı Oktyabr,
indiki Yasamal rayonunun deputatı da olmuşam.
- Bəs nə vaxtdan Fransada yaşayırsız?
- Həyat yoldaşım Sergey
Bespali ilə İsveçrəyə qastrola
getmişdik. Yeri gəlmişkən, o da musiqiçidir- vokalçı və dirijordur. Səfərimiz elə vaxta
təsadüf etmişdi
ki, hər tərəfdə gərginlik
hökm sürürdü.
1990-cı il idi. Çıxışımız yüksək qarşılandığından
bizə orda qalıb işləmək
təklifi etdilər.
Beləliklə, əvvəlcə İsveçrəyə, sonra
isə Fransaya köçdük.
-Azərbaycanın məşhur
bəstəkarlarından hansılarının
əsərlərini ifa
edirsiz və xaricilər bunu necə qarşılayır?
- Qürbətdə yaşasaq da bir an olsa
belə özümüzü
Azərbaycandan kənarda
hiss etmirik. Demək olar, hər
konsertimdə Azərbaycan
bəstəkarlarının əsərlərini ifa edirəm. Azərbaycanlı
bəstəkarlardan Qara
Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Oqtay Rəcəbov, Vaqif Mustafazadə, Arif Məlikov və başqalarının əsərlərini
ifa edirəm. Mənim Vaqif Mustafazadə ilə dost münasibətim var idi. Biz onunla
qonşu idik. Bir çox bəstələrinin ilk dinləyicisi
olmuşam...
-Səhv etmirəmsə siz eyni zamanda
musiqi tədris edirsiniz?
-Əlbəttə. Mən
Fransa Beynəlxalq Musiqi
Akademiyasının direktoruyam.
Eyni zamanda orada pianinodan
dərs deyirəm.
Burada
100-ə yaxın tələbə
dərs alır. Bizə Fransada, ümumiyyətlə,
Avropada böyük hörmət var. 1996-cı ildən
Fransada hər iki ildən bir mənim adıma beynəlxalq müsabiqə keçirilir.
Müsabiqə belə
adlanır: “Adilə Əliyeva adına
pianoçuların beynəlxalq
müsabiqəsi”. Hər dəfə
255 nəfərə yaxın
musiqiçi bu müsabiqədə iştirak
edir. Qaliblərin ümumi mükafat
fondu 26 min avrodur.
Bunun bütün xərcini Fransa dövləti ödəyir.
-Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində hansı
işlər görürsüz?
- Bütün Avropa və Amerika ölkələrində
konsertlərim olur. Hətta mən Vatikanda konsert vermişəm.
Orada Luçano Pavarottinin də konsert olmuşdu. Çox böyük konsert
idi. Azərbaycanın İtaliyadakı səfiri də konsertdə iştirak edirdi. Konsertdə kardinalla yanaşı,
eyni zamanda 40 yepiskop var idi.
- Fransadakı diasporumuzla əlaqələriniz necədir?
- Mənim işim
həm də diaspor fəaliyyətidir. Xaricdə musiqi ifaçılığı
həm də diaspor işidir. Mən özümü diaspor
nümayəndəsi hesab
edirəm. BMT-nin Cenevrədəki ofisində mənim konsertim olub. Orada 300-dən
çox diplomat var idi. Hamısı məni ayaq
üstə alqışlayırdı.
Bu çox böyük
bir uğur idi. Mənim diasporla çox
gözəl əlaqələrim
var. Diaspor təşkilatlarının
hər bir tədbirlərinə dəvət
alıram.
-Sizcə, məşhur musiqiçi olmaq üçün insandan əsas nə tələb olunur?
- Tanınmış musiqiçi
olmaq üçün
insandan istedad və bacarıq tələb olunur. Budan başqa isə çalışmaq lazımdır.
Bir də güclü məktəb keçmək
lazımdır. Amma
şans, qismət də olmalıdır...
- Azərbaycan üçün
darıxırsınızmı?
-Əlbəttə.
-Belə vaxtlarda ürəyinizdən hansı
musiqini ifa etmək keçir?
- Belə zamanlarda
Fikrət Əmirovun “Gözəlim sənsən”
musiqisini ifa edirəm. Bundan sonra da ağlayıb sakitləşirəm.
-Perspektivdə hansı layihələriniz var?
- Azərbaycan, Fransa
və İsveçrə
musiqiçilərindən ibarət
bir müsabiqə keçirmək istəyirəm.
Mənim
haqqımda “Musiqidə
yaşamaq” adlı bir sənədli film çəkilib. Bu film dünyanın 3 min telekanalında
göstəriləcək. Çalışırıq ki, bunun üçün sponsor tapaq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 24 iyul.- S.15.