Kitab bazarında vəziyyət

 

Pirat kitablar elmi nəşrləri sıxışdırır

 

Bazarlarda satışa çıxarılan dərs və əlavə tədris vəsaitləri, eləcə də dərs ləvazimatlarının qiymətlərində pərakəndəlik hökm sürür.

Belə ki, müxtəlif firma və nəşriyyatların istehsalı olan bu növ məhsullar həddən artıq baha qiymətə təklif olunur. Təhsil sahəsi strateji sahə hesab edilməsinə baxmayaraq hazırda satışa çıxarılan dərs vəsaitlərinin içərisində həm dövlət hesabına çap olunan, həm də özəl mətbəələrin nəşrləri var. Məsələ orasındadır ki, onların standart qiyməti hələ ki, müəyyən edilməyib. Məhz bunun nəticəsidir ki, üzərində “pulsuz” yazılan kitablar yüksək qiymətlə satışa çıxarılır. Dövlət isə ölkədə bazar iqtisadiyyatının hökm sürdüyünü əsas gətirərək qiymət məsələsinə müdaxilə etməkdən çəkinir. Belə vəziyyəti nəzərə alan parlament dərs vəsaitləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olan nəşriyyatları Əlavə Dəyər Vergisindən azad edib. Bundan sonra yalnız dövlət sifarişi olmayan ədəbiyyata vergi tətbiq olunacaq. Bəs, bu yenilik kitab bazarında olan neqativ halların aradan qaldırılmasına nə dərəcədə təsir edəcək?

Birmənalı şəkildə etiraf edilməlidir ki, vətəndaşların kitaba olan marağının artırılması məqsədilə atılan hər bir addım yüksək qiymətləndirilməlidir. Xüsusən kitab yarmarkalarının, imza günlərinin və ən nəhayət elektron kitabxana kataloqlarının təşkili davamlı şəkildə həyata keçirilməlidir. Ən azından bu kimi tədbirlər vətəndaşların kitaba olan marağının artırılması baxıından stimullaşdırıcı rol oynaya bilər. O ki qaldı kitabların baha qiymətə təklif edilməsinə, sirr deyil ki, bu məsələdə obyektiv amillər üstünlük təşkil edir. Belə ki, əvvəllər satıcılar bəhanə edirdilər ki, ƏDV yüksək olduğundan dərs vəsaitlərini aşağı qiymətə satmaq mümkün deyil. Qeyd edək ki, qanunda edilən dəyişikliklə bu bəhanə ortadan qalxıb. Ancaq bir məsələ var ki, qiymətlərə nəzarət edəcək mexanizm olmadığından vətəndaşlar uşaqlarının təhsil alması üçün dərs vəsaitlərini aşağı qiymətə ala bilmirlər. Təsadüfi deyil ki, bu kimi hallar nəzərə alınaraq demək olar ki, təkcə dərs vəsaitlərində deyil, eləcə də insanların kitaba marağını artırmaq məqsədilə kitab istehsalı sahəsinə bir sıra güzəştlərin edilməsini təkif edirlər. Məsələn, təklif olunur ki, orjinaldan tərcümə ədəbiyyatına da eyni güzəştlər tətbiq edilsin ki, bu sahədə olan neqativ hallar aradan qalxmış olsun. Araşdırmalar göstərir ki, sözün həqiqi mənasında bu gün Azərbaycanda tərcümə sahəsində ciddi problemlər var. Dünyanın mütərəqqi nəşrlərinin Azərbaycanda yayılması məsələsində çox ciddi natamamlıqlarlar mövcuddur. Məhz belə halların aradan qaldırılması məqsədilə düşünülmüş addımların atılması zərurəti yaranıb. Yeri gəlmişkən xatırladaq ki, xeyli müddətdir ki, Prezidentin sərəncamı ilə Tərcümə Mərkəzi şəbəkəsi yaradılıb və bu strukturun fəaliyyətini təmin etmək məqsədilə xeyli vəsait ayrılıb. Amma görüntü ondan ibarətdir ki, hələ də bu sahədə konkret nəticələr ictimaiyyətə təqdim edilməyib. Bu sahədə nəzərə çarpan digər problem ondan ibarətdir ki, həm çap, həm də tərcümə işi ilə ixtisaslı mütəxəssislər məşğul olmadığından bu sahələr pərakəndə xarakter alıb. Bunun isə elmi kitabların istehsalı və satışına təsiri istisnasızdır. Həmçinin, məlumdur ki, prezidentin sərəncamı ilə dünya və Azərbaycan ədəbiyyatının bütün nümunələri latın qrafikası ilə dövlət hesabına şap edilərək bütün məktəb və kitabxanalara pulsuz paylanılır. Etiraf edilməlifir ki, bu hadisə ölkə tarixi üçün ən böyük və əhəmiyyətli hadisələrdən biridir. Eyni zamanda, ensklopediyalar da dövlət hesabına çap edilir. Bütün sadalananlara baxmayaraq dərslik çapında piratçılıq yolu ilə dövlət hesabına çap olunmuş dərsliklərin surətini çıxarıb hansısa yollarla gəlir mənbəyinə çevirmək istəyən qüvvələr var. Hansı ki, bütün məktəblər və şagirdlər dövlət hesabına dərsliklərlə təmin olunurlar. Ekspertlərin sözlərinə görə, təhsil sahəsi millət üçün strateji əhəmiyət daşıdığından onun inkişafına birmənalı şəkildə dövlət tərəfindən dəstək verilməsinə ehiyac var. Dövlət isə öz növbəsində təhsilin inkişafı, əhalinin maarifləndirilməsinə maraqlı olduğunu mütəmadı nümayiş etdirir. Bu baxımdan hesab olunur ki, yaxın gələcəkdə lazım olan güzəştlər elmi nəşrlərə də şamil ediləcək. Çünki, hazırki şəraitdə elmi nəşrlərin dəstəyə çox böyük ehtiyacı var. Tədqiqatlar göstərir ki, bu gün elmi-populyar ədəbiyyat istisna olmaqla, sıfr fundamental elmə aid ədəbiyyatları çap etdikdə maya dəyəri çox yüksək olur. Belə əsərlər baha başa gəldiyindən faktiki olaraq bu kitabları satmaq mümkün olmur. Çünki onu maya dəyərindən aşağı qiymətə satışa qoymaq mümkün deyil. Odur ki, Azərbaycanda elmin inkişafını stimullaşdırmaq üşün elmi ədəbiyyat nəşrlərinə güzəştlər edilməlidir. Eyni zamanda ölkədə dərsliklərin çapına xüsusi diqqət yetirilməlidir. Çünki, bəzi hallarda dəxli olmayan adamların yazıları dərsliklərə salınır. Qeyri-peşəkarlıqla, bədiiliyə dəxli olmayan yazılara dərsliklərdə rast gəlmək mümkündür. Mövcud vəziyyət deməyə əsas verir ki, Azərbaycanda dərsliklərin çapı ilə bağlı ardıcıl islahatların aparılmasına ehtitac var. Xüsusən, kitab çapına dövlət nəzarətinin artırılması vavib şərtlərdəndir. İstənilən halda bu sahəni bazarın öhdəsinə buraxmaq düzgün hesab edilmir. Yalnız elmi ədəbiyyatın çapına, orjinal əsərlərin tərcüməsinə dəstək verilməsi nəticə etibarilə elm və mədəniyyətin inkişafına təkan verə bilər.

 

Alim

 

Olaylar.- 2014.- 24 iyul.- S.13.