Bütövləşmiş son türk şairi

 

Zirvədən enmədin, Vətən,

Kədərə sinmədin, Vətən

Sən gördün dinmədin, Vətən

Səndə məni öldürdülər

Deyən -  kövrək səsli, şirin ləhcəli, incə ruhlu, pərişan könüllü, ağır taxtalı bütövləşmiş Türk kişisi Akif Səmədin yaşasaydı    55  yaşı tamam olacaqdı. Düz on il bundan öncə bu gidi dünyanın qapısını birdəfəlik çırpıb da getdi Akif Səməd. Keçmişdən gəlmişdi, Adəm babamızın yadigarı idi.

Çox da yollar buz qarıymış

Fələklər bizə yarıymış

Bircə qarış yol varıymış

Adəmdən Akif Səmədə.

Bu dünyaya sözü olmadı,  ürəkdən getdi, ürəknən getdi Akif Səməd. Getdi, getdi gələcəyə. Gələcəkdə gözləyəcək bizi. İndi oğul istəyirəm varsın o gələcəyə. Varsın da sofu suların salamını çatdırsın Akif Səmədə. Bir də aralı Təbrizin, yaralı Şuşanın,… müjdəsini   versin  Ona.

Şuşasız evim evdimi

Dözən mənəmmi, devdimi

Kimə söyləyim dərdimi

Şuşaya gedə bilmirəm.

Sağlığında özü  gedə bilmədi  Şuşaya , ruhu gedər inşallah. O ruhu ki, artıq ona əbədilik verdi. O ruhu ki, artıq onu ram etmək mümkün deyil. O ruhu ki, bir göz qırpımında İncəni,  Şuşanı, Borçalını, Təbrizi, Göyçəni, Dərbəndi, Kərkükü, Saxanı,…dolaşmağa qadirdir. Ölümünü bilə-bilə yaşadı. Bir göstərdi ki, «öləndə son dəfə gülmək necolur». Çox yaşamağı yox, yaşamağı üstün bildi. Bəlkə elə bu səbəbdən birinci boylandı qırxıncı qapı.  «Ölüm ömürdə bir olar» deyib ölənə kimi heç ölmədən gəldi, uca haqqın yolunda Nəsimi taleyinə hazır oldu.

Nəsimi olmadım

Nəsibim olmadı

 

***

 

Onun haqqında söz demək çoox çətindir. Cahilin dəlilik adlandıracağı, aqilin həsəd aparacağı bir ömür yaşadı. Fikrində zərgər idi. Ütülü geyinib, ütülü salamlar verib, qoruqqaytaq daxilində ziyalılıq eyləmədi. Azmı görmüşük su görəndə balıq, dağ görəndə keçi olanları. Haşa, min haşa indiki üzündən, heç kəsə irişmədi, qırışmadı, əyilmədi. Ona görə əyilməz oldu, ucalaşdı, xocalaşdı Akif Səməd. Biləmmədik ozandımı, ocaqdımı, pirdimi?

 

***

 

Türkü sevdi, insanı sevdi. O, Türkü sevmək məktəbiydi. « mutlu türkəm deyənə»  misrası sanki boyuna biçilmişdi. Akifi bilmək üçün Mövlananı, Yunusu, Füzulini, Dadloğlunu, Xətaini, Ələsgəri, Vaqifi, Vurğunu bilmək vacibatdır. Akif onlardan yol almışdı. Akifi bilmək üçün ürəyindən keçirməlisən. Keçirsən biləcəksən böyük Türkün sadəliyini bu sadəliyin əzəmətli sufi qeyrətini.

 

***

 

Akif ruh adamıydı. O, möhtəşəm Türk ruhunun varılmamış qatlarına vara bildi. Onun gizi kodlarını açdı.Sonra da şerlərində bizə çatdırdı. O, şerlərində ki, Türk olmasan onları duymazsan, duymasan qavramazsan. O, şerlərində ki, onlar insanı paklaşdıra ucalda bilir. Akifin elə şerləri var ki, onlara hələ vaqif ola bilmirik. Ancaq oxuduqca ruhun dincəlir, könlün rahatlıq tapır. Kəskin mübahisələri, kəsən dəmir məntiqi vardı. Yəqin ki, hamının yadında olar. Adı özündən qorxulu Türkün Ərgənəkon bayramı  məhərrəmliklə üst-üstə düşəndə mollaların səməniyə qara  bağlayaraq bayram keçinmək təklifinə Akif Səməd  aşağıdakı şəkildə məntiqli susdurucu cavab  vermişdi :

Mən dindar deyiləm, dini hislərə hörmət edən adamam. Xahiş tələb edirəm.Onlar da mənim bayramıma hörmət etsinlər. Yaşıl səmənimə qara bağlamaq fikrinə düşməsinlər. Onsuz da bacarmazlar. Dünya yaşıllaşır. Yer, göy, çöl, çəmən. Sizdə o qədər qara hardandı ki

 Akif Səmədin fəhminin, mütailəsinin, səmimiyyətinin, halallığının gücü ilə çatdığı nöqtələr vardı ki, hələm-hələm heç bir mənəm deyən   şair çata bilib, siyasətçi. Heç kəs müasirimiz olan heçbir şairin Akif Səmədin halallığı ilə, qeyrətli vətəndaş mövqeyi ilə, Millət sevgisi ilə, Vətən sevgisi ilə müqayisədə üstünlüyündən danışa bilməz. Qarabağa da, hakimiyyətə yol halallıqdan keçir deyirdi Akif Səməd. Etirazı olan varmı? Ölkədə cərəyan edən bütün hadisələrə anındaca açıq münasibətini sərgiləyirdi. Vətəni canından çox sevirdi. Təbrizdən, Şuşadan, Dərbənddən, Tiflisdən, …. Narahat getdi. Ancaq bizə, Türk gəncliyinə umudlanırdı. Hərbi xidmətdə olduğumda mənə ünvanladığı məktubunda yazırdı: «Həmid bəy! İnan yaradanın birliyinə, mən özümdənmənəm-mənəm deyən Xuruşşov nəslindən ») , bizim nəsildən (qarğışa gəlmiş durğunluq keçid dövrü nəsli) sonra gələn Sizin nəsli (Azadlıq, müstəqillik dövrü) çox sevirəm umudluyam. Bizlər bacardığımızı etdik, Sizlər istədiyinizi edəcəksiniz. Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı davamı olmalıdırlar. Həmid, Sənin qopub gəldiyin Borçalı da Azərbaycandır. Durduğun sərhəddən beş addım o yandakı Dəmirqapı Dərbənd , yaralı Qarabağ da, aralı Təbriz Sizi gözləyir. Bu gün dünyanın diqqət mərkəzinə dönən Kərkük . «Harda Kərkük gəlir yadıma, boğazlanan bir Türk gəlir yadıma». unutmayaq ki, bu böyüklükdə Azərbaycan çox böyük Türk dünyasının ATA yurdudur. Baba yurd Doğu Türküstan da, Ana yurdu Türkiyə , bala yurd Kıbrıs da sizlərə bel bağlayıb, Sizlərə güvənib ayağa qalxıb  ayaqdadır. Tanrı bu yolda yar yardımcı olsun. Əmin Akif SƏMƏD »

Bir Akif Səmədin mənə bir sözü qaldı. Bu gün mən həmin sözü mürşidin müridinə olan son tapşırığı kimi qəbul edirəm. Mütləq edəcəm. Ruhun şad olsun mürşidim, başın sağ olsun millətim.

 

Həmid Ormanlı

 

Hemod@mail.ru

 

Olaylar.- 2014.- 24 iyul.- S.12.