Avropada diaspor
təşkilatlarımız
çoxdur“
Rəşad Quliyev: „Digər Avropa ölkələrindən fərqli olaraq Almaniyada diasporamız daha güclüdür“
Bu gün dünya ölkələrinin əksəriyyətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, cəmiyyət və birliklər ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayırlar. Sevindirici hal ondan ibarətdir ki, ildən-ilə bu kimi təşkilatların sayı artır və yeni cəmiyyətlər, birliklər təsis edilir. Yaxın vaxtlarda Avropa məkanını əhatə edəcək daha bir diaspor təşkilatının təsis edilməsi nəzərdə tutulub. Avropa Azərbaycanlıları Assosiasiyası adlanacaq qurumun yaranma zərurəti, qarşısına qoyduğu məqsəd və vəzifələr, eləcə də həyata keçirəcəyi layihələr, tədbirlər barədə Avropa Azərbaycanlıları Assosiasiyasının təsisçisi, Almaniyadakı Azərbaycan Mədəniyyət Evininh icraçı direktoru Rəşad Quliyevlə söhbətləşdik. „OLAYLAR“-a verdiyi müsahibədə Rəşad Quliyev Azərbaycan diasporunun mövcud durumu barədə də danışıb.
-Rəşad bəy, Avropa Azərbaycanlıları Assosiasiyasının yaradılması ideyası hansı zərurətdən meydana çıxdı və qurumun təsis olunması nə zamana nəzərdə tutulub?
-Əvvəla onu bildirmək istəyirəm ki, Avropa miqyasında fəaliyyet göstərən cəmi iki təşkilatımız var. Bunlardan biri Avropa Azərbaycan Cəmiyyetidir ki, həmin təşkilata iş adami, Qəbələ Futbol Klubunun prezidenti Tale Heydərov rəhbərlik edir. Qeyd edim ki, həmin təşkilatın fəaliyyəti sırf lobbiçiliklə bağlıdır və Avropada kifayət qədər uğurlu layihələri və işləri ilə tanınır. Digər təşkilat isə Avropa Azərbaycanlıları Konqresidir. Bu təşkilatın rəhbəri isə Samira Patzer-İzmayilovadır. Samira xanım 25 ildir ki, Almaniyada yaşayan, Almaniyada tam inteqrasiya etmiş, amma eyni zamanda öz dövlətini, millətini unutmayan vətənpərvər bir xanımdir. O, eyni zamanda musiqiçidri. Onun da fəaliyyətini uğurlu hesab edirəm. Qeyd edim ki, bu qurum Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənən bir təşkilatdır və fəaliyyəti sırf diaspora ilə bağlıdir. Ancaq düşünürəm ki, bununla kifayətlənmək olmaz.
-Avropa Azərbaycanlıları Assosiasiyasının əsas fəaliyyət istiqamətləri nədən ibarət olacaq və hansı sahələrə daha çox diqqət ayıracaq?
-Bizim
fəaliyyətimiz isə Almaniyada və Avropada yerli təşkilatlarla
əlaqə qurub inteqrasiya
siyasətini dəstəkləyəcək, milli
azlıq olan soydaşlarımızın
huquqlarının dövlət orqanlarından müdafiəsindən
tutmuş, milli mədəniyyətimizi
təbliğ etməyə qədər bütün
sahələri,
Avropa ölkələrinin yerli
parlamentləri, xarici işlər nazirlikləri
ilə əməkdaşlıq edərək, Avropa
komissiyası, Avropa parlamenti
və NATO kimi beynəlxalq qurumlarla
əməkdaşlıq edərək Avropa
ilə Azərbaycan arasında əməkdaşlığın,
Avropa xalqları ilə Azərbaycan
xalqı arasında dostluğun
güclənməsinə təkan verəcək. Eyni zamanda bilirsiniz
ki, Azərbaycanla Avropa arasında
siyasi, iqtisadi əlaqələr,
enerji təhlükəsizliyi sahəsində
əməkdaşlıq inkişaf etməkdədir.
Məhz buna görə də Avropa üçün Azərbaycanın
strateji əhəmiyyəti zaman keçdikcə daha da artmaqdadır. Məhz buna görə də bu əməkdaşlığı
gücləndirmək və xalqlar
arasında da dostluq
münasibətlərinin yaranmasına təkan vermək, müasir texnologiya və innovasiyalardan yararlanaraq
xalqımızın və respublikamızın xaricdə imicini gücləndirmək məqsədi ilə
bu təşkilatı qurmağa
qərar verdik
-Assosiasiyanın yaradılması ideyası belə deməyə əsas verirmi ki, Avropada daha çox fəaliyyət göstərməyə ehtiyac var?
-Bilirsiniz ki, bu
gün Avropa dünya siyasətinin aparıcı hissəsidir.
Təsadüfi deyil ki,
bu gün dünya ölkələrinin taleyi
bir çox vaxt məhz Avropada həll
olunur. Bundan başqa Avropa kifayət qədər
böyük ərazidir, burada
dünya əhalisinin 600 milyon
insanı məskunlaşıb. Düzdür,
son illər Azərbaycanın
dünyanın qabaqcıl musiqi, idman, bilik
yariışmalarında qalib olması
ölkəmizin nüfuzuna əhəmiyyətli
dərəcədə müsbət təsir edib.
Ancaq bununla
yanaşı biz durmamalı, fəaliyyətimizi
daha da genişləndirməli,
daha da əzmlə
mübarizə aparmalıyıq. Bundan başqa Birinci Avropa Oyunları Olimpiadasının Azərbaycanda
keçirilməsi təşəbbüsü
alqışlanmalıdir. Çünki bunun özü də həm
idmanımızın inkişafına, həm də ölkəmizin
Avropada təbliğ olunmasına ciddi təsir edəcək. Bu
işdə bizim də üzərimizə
ciddi iş düşür. Bu
oyunların keçirilməsi bizim üçün ölkəmizi təbliğ
etməkdə əla fürsətdir. Məhz bu
fürsətdən istifadə edərək yaxınlarda Azərbaycanla
bağlı Avropanın müxtəlif ölkələrində
tədbirlər keçirməyi düşünürük.
-Almaniyadakı Azərbaycan Mədəniyyət Evi ilə əlaqələriniz davam edəcək, yoxsa artıq bütün əlaqələr keçmişdə qaldı?
-Tamamilə xeyr. Bildiyiniz kimi mən Alman Azərbaycan
Mədəniyyət Evinin icraçı direktoruyam. Bundan əvvəl
də Belçika Azərbaycanlıları
Cəmiyyətinin sədri olmuşam. Amma buna baxmayaraq
mənim Azərbaycan Mədəniyyət Evi
ilə bağlı fəaliyyətim əvvəllər necə
idisə indidə o cür
davam etdirəcəm. Sadəcə hər bir fəaliyyətə zaman
tapıb zamanı uyğunlaşdırmaq lazımdır. Ümid edirəm ki, mən
bunu bacaracam.
-Hazırda Almaniyada Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirirsiniz?
-Avropada
diaspor təşkilatlarımız çoxdur. Burada
Almaniyanın da önəmli yeri var. Bildiyimə görə
qeyri-rəsmi statistikaya əsasən
ümumilikdə Almaniyada 300-ə yaxın
Azərbaycan təşkilatı mövcuddur.
Bunların bir çoxu
fəaliyyət göstərməsə də müəyyən
hissəsi fəaliyyətini zaman-zaman davam etdirir. Digər Avropa ölkələrindən fərqli olaraq burada diasporamız daha güclüdür. Səbəb
isə ondan ibarətdir ki,
minlərlə soydaşımız hər il
təhsil üçün bu
ölkəyə gəlir və Almaniyada obyektiv və subyektiv səbəblərdən
on illərdir formalaşmış bir Azərbaycan toplumu var. Burada sayımız digər
ölkələrə baxanda çoxdur. Bundan başqa illərdir ki,
müxtəlif sahələrə yerləşən
soydaşlarımız var. Fəxr edirəm
ki, bu gün
gənclərimiz bura hansısa böyük şirkətlərə menecer, həkim, mühəndis kimi
dəvət olunub işləyirlər. Bu bizim nə qədər
elmə bağlı olduğumuzu, intelektual bir xalq olduğumuzun göstərcisidir.
Bundan başqa Heydər
Əliyev Fondu bu
yaxınlarda Kölndə Azərbaycan gecəsi təşkil etmişdi. Həmin tədbirə minlərlə
alman, Almaniyada yaşayan müxtəlif xalqlarn
nümayəndəsi gəlmişdi. Bir
neçə il bundan əvvəl
bu cür layihələr
üçün yalnız arzu
etmək olardi. Amma bu gün bunlar
baş verir. Gələcəyə
də ümidliyəm. Çünki buna çox
potensialımız var.
-Assosiasiya olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də Xocalı soyqırımınının Avropada tanınması ıstıqamətində konkret hansı vasitə və formalardan istifadə etməyi düşünürsünüz?
-Bununla bağlı geniş planlarımız var. Yaxınlarda iclasımız olacaq və bu iclasda biz geniş fəaliyyət proqramı qəbul edəcəyik. Öncədən deyib hadisələri qabaqlamaq istəmirəm. Zamanı gələndə bununla bağlı sizə geniş açıqlama verəcəyik.
-Assosiasiyanın həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlərin maliyyə mənbəyi necə qarşılanacaq?
-Son
illər qeyri-hökumət təşkilatlarının
inkişafı ilə bağlı mühüm
addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının fəaliyyəti
buna sübutdur. Bu layihələr çərçivəsində
yüzlərlə təşkilatımız maliyyə
qaynağı ilə təmin olunur və
müəyyən qədər gələcək fəaliyyəti
üçün stimul
yaranır. Ümid edirəm ki, QHT-lərə Dəstək
Şurasının gələcəkdə büdcəsi daha da artacaq
və onlar xaricdəki Azərbaycan təşkilatlarının
da müxtəlif maraqlı layihələrini
dəstəkləyə biləcəklər.
-Xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətində iştirakı hansı səviyyədədir?
-Sıravi gənclərimiz,
tələbələrimiz arasında ölkəmizin təbliğatı
üçün aktiv
fəaliyyət göstərən gənclərimiz var. Bunlarla yanaşı
ölkəmizdə tanınmış iş
adamları olan gənclərimizin,
xüsusən də son dövrlər gənclərimizin
Azərbaycanın taleyinə biganə qalmaması aktiv fəaliyyəti təqdir olunur.
Məsələn ölkə
başçısının qızı Leyla
Əliyevanın Xocalıya Ədalət kampaniyasını, „Gilan“ Holdinqin prezidenti, Avropa Azərbaycan
Cəmiyyətinin rəhbəri Tale Heydərovun
Avropada, Ziya Məmmədovun
oglu, Anar Məmmədovun
Amerikada gördüyü
işləri, həyata keçirdiyi layihələri
təqdir edirəm.
-Rəhbərlik edəcəyiniz Assosiasiyanın sözügedən təşkilatlarla birgə əməkdaşlığı mümkün görünürmü?
-Ümid edirəm ki, gələcəkdə bizim də fəaliyyətimizin uğurlu olması üçün onlarla əməkdaşlığımız mümkün olacaq və həyata keçirəcəyimiz layihələrdə bu gənc dostlarımız da öz əllərindən gələni əsirgəməyəcəklər. Bizim əsas proritet fəaliyyətimiz isə Avropanın beynəlxalq və yerli qurumları ilə birgə layihələr həyata keçirmək olacaq. Bu gün biz təşkilatımızın yaranmasından, onun zərurətindən danışdıq. Ümid edirəm ki, gələcək müsahibəmizdə təşkilatımızın uğurlu fəaliyyətindən söhbət açacağıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 31 iyul.- S.15.