Alman Azərbaycan Mədəniyyət Evi diaspora

sahəsində mühüm işlər görüb

 

Ağa Ağayev: “Cəmiyyətimizin əsas məqsədlərindən biri bu ölkədə yaşayan azərbaycanlıların

assimilyasiya olmadan Alman cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir”

 

Hazırda özünün inkişaf dövrünü keçən Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrə xalqımızın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti, eləcə də Xocalı soyqırmı kimi hadisələri çatdırmaqla yanaşı zəngin tarixi mədəni irsimizin təbliği istiqamətində də çalışır. Azərbaycan mədəniyyətinin təbliği prosesində ayrı-ayrı ölkələrdə yaradılan Azərbaycan Mədəniyyət Evləri xüsusi rola malikdir. Sevindirici haldır ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız son illər mədəniyyət evlərinin yaradılması işinə daha çox diqqət ayırırlar. Xüsusilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı sözügedən məsələyə diqqət çəkməsi xaricdəki soydaşlarımız arasında bir aktivlik yaradıb.

Dövlət başçısının qurultayda söylədiyi “Biz indi xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına başlamışıq. Bu yeni təşəbbüsdür. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətindədir. Orada həm Azərbaycan mədəniyyət evlərinin fəaliyyəti təşkil edilməlidir, eyni zamanda, Azərbaycan ticarət evləri də yaradılmalıdır. Göstəriş verilmişdir ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılmalıdır. Orada Azərbaycan məhsulları təqdim edilməlidir, satılmalıdır, digər təbliğat xarakterli materiallar yayılmalıdır. Yəni, bu, bizim planlarımızda var və bu ildən başlayaraq artıq bu proses icra edilməyə başlanmışdır. Hesab edirəm ki, mütləq Azərbaycan diaspor təşkilatlarının imkanları da bu işlərdə öz rolunu oynamalıdır. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə göstərişlər verilmişdir. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işlərə qoşulmalıdır ki, biz bu işi maksimum səmərə və xaricdə yaşayan azərbaycanlıların maraqlarını təmin etmək şərti ilə həll edək. Bunun da həm orada yaşayan azərbaycanlılar, həm də bizim üçün böyük faydası olacaqdır” fikrindən sonra müxtəlif ölkələrdə bir neçə Azərbaycan Mədəniyyət Evi yaradılıb. Belə Mədəniyyət Evindən biri də Almaniyanın Köln şəhərində fəaliyyət göstərir. Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayevlə söhbətimizdə təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən danışdıq. Ağa Ağayev “OLAYLAR”-a verdiyi müsahibədə Alman Azərbaycan Mədəniyyət Evinin gələcək planlarından da söz açıb.

 -Ağa bəy, Alman Azərbaycan Mədəniyyət Evi olaraq cari il üçün hansı layihələr, tədbirlər keçirməyi düşünürsünüz?

-Alman Azərbaycan Mədəniyyət Evi fəaliyyətə başladığı 8 ay ərzində, diaspora sahəsində mühüm işlər görüb, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını Avropa ictimaiyyətinə çatdırmaq istiqamətində müxtəlif layihələr, tədbirlər həyata keçirib. Cəmiyyətimizin əsas məqsədlərindən biri Almaniyada yaşayan həmvətənlərimizin sosial ehtiyaclarının ödənilməsində fəal rol oynamaq, bu ölkədə yaşayan azərbaycanlıların assimilyasiya olmadan Alman cəmiyyətinə inteqrasiyasını sürətləndirməkdir.

-Çox qısa zaman ərzində yaranmasına baxmayaraq artıq Alman Azərbaycan Mədəniyyət Evi bir sıra layihələr tədbirlər təşkil edərək müəyyən səs-səda yaradıb. Qısa zaman ərzində bu işləri görmək üçün hansısa dəstək olubmu, yoxsa yalnız öz hesabınıza bu kimi tədbirlər təşkil edirsiniz?

 -Fəaliyyət göstərdiyimiz 8 ay ərzində bir sira mühüm tədbirlər keçirmişik 20 yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Məclisinin inteqrasiya üzrə komitəsinin sədri Arif Unalbir sıra Alman ictimaiyyətində önəmli mövqe tutan insanların iştirakı ilə geniş bir konfrans təşkil etmişdik. Konfransda iştirak edən almantürk icmalarının nümayəndələrinə 20 yanvar hadisəsi, Rus qoşunlarının Bakıda törətdikləri vəhşiliklərlə bağlı geniş məlumat verilmişfilm izlənmişdi. Konfransda millət vəkili Arif Unal da çıxış etmişdi. Konfransdan sonra şəhidlərimizin xatirəsinə ehsan verilmişdi. Cəmiyyətimiz Xocalı faciəsinin 22 illiyi ilə əlaqədar da geniş tədbirlər planı ilə çıxış etmişdi. Belə ki, fevral ayının 21-də Köln universitetinin böyük zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş elmi praktiki konfrans keçirilmişdi, Konfransa Azərbaycandan millət vəkili, Dağlıq Qarabağın Azərbaycan İcmasının nümayəndəsi Rövşən Rzayev, millət vəkili, tarixçi professor Musa Qasımlı, Soyqrım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və Xocalı Soyqrımı Tanıdılması İctimai Birliyindən Səriyyə Cəfərova qatılmışdı. Bundan başqa tədbirdə Almaniyadakı Azərbaycan və Türk diasporasının nümayəndələri də iştirak etmişdi. Fevral ayının 23-də isə cəmiyyətimiz Kölnün mərkəzi Breslauer Platz HBf-dən Dom Platteyə qədər Xocalı yürüş-mitinqi təşkil etmişdi. Köln polisinin məlumatına görə yürüş-mitinqə 500-dən artıq  insan qatılmışdı. Həm konfransımız,  həm də yürüş-mitinqimiz Alman, türk və Azərbaycan mediasında geniş işıqlandırılmışdı.

Alman-Azərbaycan Mədəniyyət Evinin növbəti tədbiri mart ayının 20-də Novruz bayramı ilə əlaqədar olmuşdu. Həmin bayram təbirimizdə Avropanın müxtəlif yerlərindən 1100 soydaşımız iştirak etmişdi. Tədbirimizə Azərbaycan da məşhur müğənnilər dəvət olunmuşdu. Bunların sırasında  Abbas Bağırov, Könül Kərimova, Elton Hüseynəliyevin adlarını qeyd edə bilərəm. Onu da qeyd etmək yerinə düşər ki, dövlətin keçirdiyi tədbirlər xaric olmaqla Alman-Azərbaycan Mədəniyyət Evinin təşkil etdiyi həmin tədbir Almaniyada  keçirilmiş ən geniş və iştirakçı sayı çox olan tədbir kimi tarixə düşdü. Cəmiyyətimiz 31 mart-Azərbaycanlıların Soyqrımı Günüqondarma erməni soyqrımı ilə bağlı da türk diaspora təşkilatları ilə bərabər müxtəlif tədbirlərə imza atmışdı. May ayında isə ümummilli liderimizin Heydər Əliyevin doğum günü ilə bağlı cəmiyyətimizin ofisində 150 nəfərin iştirakı ilə ad günü ziyafəti təşkil etmişdik. Ən nəhayət 28 may-Respublika Günü münasibətiylə mayın 31-də Bonn şəhərində məşhur “Bu Şəhərdə” qrupunun iştirakı ilə əyləncəli tamaşa təşkil etdik, Eyni zamanda həmin tamaşanın Hamburqda təşkil edilməsinə də dəstək olduq. Bütün bu sadaladığım tədbirləri Alman-Azərbaycan Mədəniyyət Evi olaraq cəmi 8 ay ərzində yüksək səviyyədə təşkil etmişik. Ən əsası isə ötən 8 ay ərzində Almaniyada yaşayan azərbaycanlılarımızı bir araya toplamaq hədəfinə nail olmuş sayıla bilərik.

-Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfirliyi Mədəniyət Evi olaraq sizinlə nə dərəcədə əməkdaşlıq edir və sizə dəstək olur?

 -Bu suala cavab vermək üçün bir məqamı xatırlatmaq istərdim. Belə ki, bir neçə gün əvvəl Almaniya və Azərbaycan arasındakı mədəni əlaqələrin 195 illiyi ilə əlaqədar Kölndəki St.Pantaleon kilsəsində Mədəniyyətlərarası musiqi körpüsü adlı tədbir keçirdik. Həmin tədbir əsasən almanların iştirakı və Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə baş tutmuşdu. Tədbirdə Almaniyadakı azərbaycanlıların Koordinasiya Şurası da fəal iştirak etmişdi. Tədbirin giriş hissəsində Alman-Azərbaycan Mədəniyyət Evinin adından çıxış edən Altay Rüstəmli öz çıxışında Qarabağ probleminə toxunaraq, torpaqlarımızın işğal faktını bir daha alman qonaqların diqqətinə çatdırmışdır.

 -Ümumiyyətlə, Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları arasında birlik, həmrəylik mövcuddurmu?

 -Alman-Azərbaycan Mədəniyyət Evi olaraq hər bir soydaşımızla, diaspor təşkilatı ilə yaxından əməkdaşlıq etməyə çalışırıq. Təkcə Azərbaycan diaspor təşkilatları ilə deyil, eyni zamanda Türk diasporu ilə də normal münasibətlər qurub əlaqələrimizi, əməkdaşlığımızı inkişaf etdiririk. Yuxarıda da qeyd etdiyim kimi Alman-Azərbaycan Mədəniyyət Evinin 31 mart-Azərbaycanlıların Soyqrımı Günüqondarma erməni soyqrımı ilə bağlı türk diaspora təşkilatları ilə bərabər müxtəlif tədbirləri keçirilib.

 -Hazırda fəaliyyət göstərdiyiniz Köln şəhərində nə qədər azərbaycanlı yaşayır?

 -Təkcə Köln və ətrafında 15 minə yaxın azərbaycanlı yaşamaqdadır ki, onların da 3 minə yaxını respublikamızdandır.

 -Yaxın aylarda Alman-Azərbaycan Mədəniyyət Evi olaraq bu ölkədə Azərbaycanla bağlı hansısa tədbirlər keçirməyi nəzərdə tutmusunuzmu?

 -Alman Azərbaycan Mədəniyyət Evi olaraq gələcəkdə də Azərbaycan həqiqətlərinin Alman ictimaiyyətinə çatdırılmasında və soydaşlarımızın Alman cəmiyyətinə inteqrasiya olunmasında, onların sosial həyatlarının təminatında fəal olmağı qarşımıza məqsəd qoymuşuq. Bu sahədə dövlətimizin dəstəyinə də ciddi ehtiyac duyuruq, Xatırladım ki bu günə qədər təşkilatımızın ofis kirayə xərcləri öz tərəfimizdən qarşılanıb və keçirdiyimiz tədbirlərin əksəriyyəti öz imkanlarımız sayəsində ərsəyə gəlib.

-Azərbaycan diasporu Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı kimi hadisələr barədə Alman cəmiyyətində nə dərəcədə dolğun məlumat formalaşdıra bilib?

 -Alman-Azərbaycan Mədəniyyət Evi ilə bağlı onu deyə bilərəm ki, cari ildəki fəaliyyətlərimiz sırasında ən önəm verdiyimiz Köln şəhərində Xocalı abidəsinin qoyulması layihəsidir. Ciddi maliyyə imkanları tələb edən bu layihənin gerçəkləşdirilməsi, onun həyata keçirilməsi üçün cəmiyyətimizin şansı çox yüksəkdir. Bu günə qədərki fəaliyyətimizlə buradakı azərbaycanlılarımızın rəğbətini qazana bilmişik, Əgər dövlətimizin maddi dəstəyi olarsa bu layihəni də ərsəyə gətirəcəyimizə əminik.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 5 iyun.- S.15.