“Hollandiyanın hər
yerindən
Azərbaycan cəmiyyət və təşkilatlarının,
azərbaycanlıların səsi gəlir”
İlhan
Aşkın: “Ancaq bu səs güclü,
bizi
qane edən səviyyyədə deyil”
Hazırda
Azərbaycan diasporunun Avropada fəal olduğu ölkələrdən
biri də Hollandiyadır. Bu gün Hollandiyada onlarla Azərbaycan
cəmiyyət və təşkilatı fəaliyyət
göstərsə də, bu təşkilatlar sırasında
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
xüsusi fəallığı ilə seçilir. 20 ildən
artıq fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk
Mədəniyyət Dərnəyi bu illər ərzində bir
sıra uğurlu layihələr, tədbirlərə imza
atıb. Bu günlərdə isə Almelo şəhərində
adıçəkilən dərnəyin də təşkilatçılıq
etdiyi möhtəşəm mitinq keçirilib. Qondarma erməni
soyqırımna abidə qoyulması əleyhinə təşkil
olunan mitinqlə yanaşı dərnək yaxın vaxtlarda erməni
yalanlarını ifşa etmək məqsədilə digər
tədbirlər keçirməyi də düşünür.
Hollandiya Azərbaycan-Türk Mədəniyyət
Dərnəyinin gördüyü işlər, eləcə də
qarşıda duran hədəflərlə bağlı dərnəyin
rəhbəri İlhan Aşkınla söhbətləşdik.
“OLAYLAR”-a verdiyi müsahibədə İlhan Aşkın
Hollandiyada yaşayan azərbaycanlıların üzləşdiyi
problemlər barədə də danışıb.
-İlhan
bəy, hazırda Hollandiyada Azərbaycan diasporunun durumu
hansı səviyyədədir. Diasporumuzun fəaliyyəti
Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyi
olaraq sizi qane edirmi?
-Hollandiyada müxtəlif Azərbaycan cəmiyyət
və təşkilatları fəaliyyət göstərir. Bundan başqa xanımlarımızın təsis etmiş olduğu cəmiyyət
də var ki, onlar da həftədə iki saat
uşaqlarımıza Azərbaycan türkcəsini öyrədir,
xanımlarımızın müntəzəm olaraq
toplantılarını təşkil edirlər. Ümumiyyətlə,
hər bir təşkilat və fərd
Azərbaycan üçün bir şeylər etməyə
çalışır. Yaxşı bir misal var. Deyərlər ki, görülən hər bir
iş hər zaman
görülməyən işlərdən öndədir. Ancaq görülən işlərin məni qane edib-etməməsinə gəlincə, təbii
ki, qane etmir. Etiraf etmək
lazımdır ki, diasporamız Avropada param-parça olub. Heç kim bir-biri ilə bir araya gələ bilmir. Yaxud
buna maraq göstərilmir. Yəni, ortada
nəsə bir problem
var. Güclü bir federasiya yaradıb təşkilatlanma işləri
aparılmır.
Yalnız bəlli bir qurumlar
var ki, onlar
da digər təşkilatlara yetərincə
diqqət göstərmirlər. Sanki orada təmsil olunanlar azərbaycanlıdırlar,
bizsə yox. Ümumiyyətlə,
onların Hollandiyada yaşayan
bütün azərbaycanlılara
qarşı olan münasibəti təqdirəlayiq
deyil. Hər hansı bir
iş görərkən heç
bir Azərbaycan cəmiyyəti və təşkilatı
ilə məsləhətləşmə aparılmır,
müzakirələr keçirilmir. Sanki onlar pultla
idarə olunaraq öz
işlərini görürlər ki, bizim də bundan xəbərimiz
olmur. Ancaq bütün halda
ayrı-ayrı cəmiyyət və təşkilatların
gördükləri işləri, həyata keçirdikləri
layihə və tədbirləri alqışlayır, müsbət
qarşılayıram. Bütün halda Azərbaycan diasporu əlini
masaya vurduqda səs sala biləcək
gücə sahib ola
bilməyib. Düzdür, Hollandiyanın hər
bir yerindən Azərbaycan cəmiyyət
və təşkilatlarının, azərbaycanlıların səsi
gəlir. Ancaq bu səs
güclü, bizi qane edən səviyyyədə deyil. Bu da
təbii ki, yuxarıda qeyd
etdiyim kimi
parçalanmış şəkildə fəaliyyət
göstərməyimizlə bağlıdır. Buna bir misal
da göstərə bilərəm. Belə
ki, Almelo şəhərində
keçirilən möhtəşəm mitinqdə bizdən fərqli
olaraq bir dənə də
olsun Azərbaycan təşkilatının
nə sədri, nə də digər rəsmisi yox
idi. Çünki bir qısqanclıq hissi var. Belə düşünürlər ki, mitinqdə iştirak etsək
İlhan Aşkının nüfuzu
daha da artar.
Nədən ki, Almelo
mitinqinə təşkilatçılıq edənlərdən
biri də İlhan
Aşkındır. Halbuki həmin mitinqdə on minlərlə insan iştirak edirdi. Bunu tək mən demirəm. Hollandiya mətbuatı, jurnalistlər
də yazırlar ki, Almelo mitinqində on minə yaxın insan iştirak edirdi. Elə mitinqə çoxlu
sayda insanın toplanmasıdır ki, Hollandiya erməniləri bundan ciddi narahatçılıq
keçirərək bizim
barədə ölçü
götürülməsi üçün
müvafiq orqanlara müraciət ediblər.
-Bəs Hollandiyadakı
digər türk diaspor təşkilatları,
cəmiyyətləri ilə
əməkdaşlığınız hansı səviyyədədir?
-Hollandiya Azərbaycan-Türk Mədəniyyət
Dərnəyi olaraq bu ölkədəki digər türk təşkilatları ilə
birlik və həmrəylik şəraitində
işləyirik. Özü də
Türk təşkilatları
ilə gördüyümüz
işlər, həyata
keçirdiyimiz layihələr
və tədbirlərdə
müəyyən uğurlara
da imza atırıq.
Onu da qeyd
edim ki, Azərbaycan təşkilat
və cəmiyyətlərindən
daha çox Türk təşkilatları
ilə Azərbaycan üçün daha faydalı iş görə bilirəm. Ancaq Azərbaycan təşkilat və cəmiyyətləri ilə
nədənsə ciddi
bir iş görə bilmirik. Hansısa bir iş görməyə cəhd göstəririk, lakin istəyimiz baş tutmur, bir araya gələ
bilmirik.
-Diaspor təşkilatı olaraq Azərbaycan səfirliyi ilə əlaqələriniz, əməkdaşlığınız
hansı səviyyədədir.
Çünki Dünya Azərbaycanlılarının
ikinci və üçüncü qurultayında
çıxışı zamanı
cənab prezident İlham Əliyev səfirliklərə diaspor
təşkilatları ilə
yaxından əməkdaşlıq
etməyi tövsiyyə
etdi. Dövlət
başçısının həmin tapşırıq
və tövsiyyələrinə
səfirliklər nə
dərəcədə əməl
edir?
-Hazırda Belçikada çalışan
Fuad İsgəndərovun
zamanında hansısa
bir işlər görülürdü. Cəmiyyətlərlə görüşlər keçirilir, onlarla məsləhətləşmələr aparılır, müəyyən
işlər tapşırılırdı.
Hazırda bu sahədə
bir qədər də aktivliyi artırmağa ehtiyac var. Hesab edirəm ki, prezident İlham
Əliyevin dediyi kimi səfirliklərimiz diaspor təşkilatlarına
diqqəti bir qədər də artırmalı, onların
fəaliyyətləri ilə
yaxından maraqlanmalıdırlar.
-Hazırda Hollandiyada
təxminən nə qədər azərbaycanlı
yaşayır?
-Bu gün Hollandiyada
təxminən 15-16 nəfər
Türkiyədən gələn
azərilər var. 10 minə
yaxın isə güneyli və quzeyli azərbaycanlı yaşayır. Ümumiləşdirilmiş şəkildə deyə bilərik ki, Hollandiyada 25-30 min azərbaycanlı yaşayır.
-Soydaşlarımızın üzləşdiyi
əsas problemlər nədən ibarətdir?
-Hollandiyada yaşayan
azərbaycanlıların üzləşdiyi
bir nömrəli
problem onların həyat
sığortasının olmamasıdır.
İnsanlar Hollandiyaya işləməyə
gələrkən onların
həyat sığortası
olmur. Bir çoxları burada
vəfat edir və onların cənazəsi imkansızlıqdan
Vətənə göndərilmir
və burada dəfn olunur. Bu problemi Azərbaycan
səfirliyi və müntəzəm olaraq Hollandiyaya səfər edən Azərbaycan nümayəndə heyətinin
diqqətinə çatdırıram.
Çünki bu ciddi bir məsələdir.
Təssüflər olsun ki, hələlik sözügedən
problemin həll edilməsi istiqamətində
heç bir tədbir görülməyib.
Ancaq mən bu istiqamətdə paralel olaraq fəaliyyətlərimi davam
etdirərək Türkiyənin
Diyanət Vəqfi ilə müəyyən razılaşmanın imzalanmasına
nail olmuşam. Belə ki,
həmin razılaşmaya
əsasən illik 50 avro ödənilməklə
insanlarımız həyat
sığortası olunacaq.
Sığorta olunan insanlar və onların ailə üzvlərindən kim rəhmətə getsə cənazə Türkiyənin Diyanət
Vəqfinin yardımı
ilə Azərbaycana aparılacaq. Soydaşlarımızın digər bir
problemi isə dil bilməmələri ilə bağlıdır.
Hollandiyaya yeni gələn
insanlarımız bu ölkənin dilini bilmədikləri üçün
uzun müddət çətinliklərlə qarşılaşırlar.
Bunu nəzərə alaraq Hollandiya Azərbaycan-Türk
Mədəniyyət Dərnəyi
dil kursları açıb. Həftədə 4 gün təşkil edilən kurslarda insanlarımıza holland dili öyrədilir. Bunun üçün xüsusi
müəllimlər seçilib.
Onu da qeyd
edim ki, holland dilini öyrənmək istəyən
soydaşlarımız bunun
üçün heç
bir vəsait ödəmirlər. Kurslar tamamilə
pulsuzdur. Çünki hər bir soydaşımızın
yaşadığı ölkənin
dilini bilməsi şərtdir. Əgər sən
yaşadığın ölkənin
dilini bilmirsənsə
o ölkəyə inteqrasiya
edə də bilməzsən. Ona görə
də Hollandiyaya gələn hər bir azərbaycanlının
nəzərinə çatdırırıq
ki, ilk növbədə
dil problemini həll etməlisən.
Yaxud Hollandiyaya gələn soydaşımız
burada iş tapmaqda çətinlik çəkir. Bunun da başlıca
səbəbi yenə onların dil bilməməsi, biriləri
ilə ünsiyyət
yaratmaqda çətinlik
çəkməsidir. Biz də əlimizdən gəldiyi qədər həmin insanlara iş tapmağa, onları iş
sahibləri ilə əlaqələndirməyə çalışırıq. Ümumiyyətlə, hər bir azərbaycanlının
fərqli problemləri
var ki, Holandiya
Azərbaycan- Türk Mədəniyyət Dərnəyi
olaraq insanlarımızın
üzləşdiyi həmin
problemlərin həllinə
yardımçı olmağa
çalışırıq. Hollandiyada hansısa problemlərlə
üzləşən soydaşlarımızın
hamısının problemlərini
biz həll edirik desək də doğru olmaz. Ancaq hansısa məsələdə
yardım üçün
bizə müraciət
edən insanlarımızı
heç bir zaman geri əliboş
qaytarmır, onların
üzləşdiyi problemləri
yoluna qoymağa əlimizdən gəldiyi qədər çalışırıq.
-Bəs keçirdiyiniz tədbirlər, mitinqlər
zamanı lazım olan əyani vəsaitlər, bayraqlar, kitablarla
təmin olunursunuzmu?
-Bu günlərdə Almelo şəhərində keçirilən
möhtəşəm mitinq
zamanı məni
ən çox utandıran məsələ
də məhz o oldu ki, minlərlə
Türk bayrağı
arasında cəmi 3-4
Azərbaycan bayrağı
vardı. Onu qeyd edim ki, bizim burada
Azərbaycan bayrağı
almaq şansımız
yoxdur. Mitinqdə Türk bayraqları
o səbəbdən çox
idi ki, Hollandiyadakı
Türk cəmiyyətlərinə
Türkiyədən minlərlə
bayraq göndərilir.
Düzdür, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də getdikləri ölkələrə
Azərbaycan bayraqları
aparır və onları təşkilatlara
verir. Ancaq hələ ki,
bizə gəlib çatmayıb. Halbuki Hollandiya
Azərbaycan Türk Mədəniyyət Dərnəyi
diaspor təşkilatları
arasında bəlkə
də ən çox etiraz aksiyası, mitinq keçirən bir təşkilatdır. Bu səbəbdən bizim Azərbaycan bayrağına
daha çox ehtiyacımız var. Eyni zamanda Azərbaycanla bağlı kitablar, keçirdiyimiz tədbirlər
zamanı lazım olan bir sıra
əyani vəsaitlər
hələ bizə gəlib çatmayıb.
Ancaq onu da etiraf
edim ki, dərnəyimizin maddi problemləri olduğu zaman həmin köməyi bizdən əsirgəmirlər. Bir məqamı
da qeyd etmək
istərdim ki, dərnəyimizin 20 illiyinə
həsr olunmuş “Azərbaycan” adlı kitab nəşr etdirmişik. Anadolu türkçəsində nəşr
olunan kitab maliyyə vəsaitimiuz az olduğu
üçün məhdud
sayda işıq üzü görüb. Çox istərdim ki, bu kitab Azərbaycan
türkçəsinə, Holland dilinə tərcümə
edilsin. Nəticə
etibarilə dərnək
olaraq 20 il
ərzində gördüyümüz
işlərdən hər
kəs xəbərdar
ola bilsin.
Olaylar.-
2014.- 7-9 iyun.- S.15.