Qızı qoydun beşiyə, cehizi
çək eşiyə…
Cehiz almaq
bəlkə də valideynləri qız uşaqları doğulan gündən narahat
edən məsələlərdən biridir.
Əslində bu bir adətdir
ilk evlilərə bir
yardım məqsədi daşıyır. Zaman
keçdikcə toy adətləri dəyişsə
də, cehiz məsələsi dəyişməz
olaraq qalır. Daha doğrusu dəyişir. Amma
qız tərəfinin işini daha da çətinləşdirmək
yolu ilə.
Nədir cehiz? Bunu
hər kəs qızların ata evindən
ər evinə gətirdiyi əşyalar kimi
başa düşür. Bir çox ölkələrdə qız
uşağı hələ yetkinlik
yaşına çatmamışdan onun üçün cehiz
toplanır. Cehiz adətən, müxtəlif
növ mebellərdən, texnikadan,
xalça və yataq
dəstlərindən, məişət əşyalarından
və s. ibarət olur.
Cehizin Avropa, Cənubi Asiya, Afrika və
dünyanın digər yerlərində uzun tarixi var. Onun əsas funksiyaları-ərin yeni bir ev
qurması üçün ona dəstək olmaq, əri
vəfat etdikdə həyat yoldaşını təmin etmək.
Avropada cehiz böyük ailələrin güc
və sərvət qurmağına
və nikah vasitəsilə ittifaq siyasətində böyük
rol oynamağa imkan verirdi.
Orta əsrlərdə qız doğulandan dərhal
sonra cehiz toplanılmasına
başlanılırdı. Cehiz əsasən əldəqayırma yorğan, yastıq, ədyal, pərdələr,
müxtəlif qab dəstləri, bəzək
əşyaları, qızıl, büllur,
xalçalar və s.
ibarət olur. Cehiz verənin
imkanından asılı olaraq zamanla cehizə
pul və qiymətli kağızlar - əhəmiyyətli
məbləğlər əlavə
olunmağa başlandı. Belə ki, pul cehizdə əmlakı
üstələyir. Bu gün
dünyada ənənəvi cehiz hələ də mövcuddur,
lakin indi böyük hissəsini pul
– böyük məbləğlər,
üstəgəl xüsusilə mühüm
şəxsi əmlak və
daşınmaz əmlak tutur.
Ərə verilən qıza ata evindən
gündəlik həyat, ev-eşik üçün ən vacib
sayılan əşyalar verilir. Əvvəllər
qız evi bu əşyaları
oğlan evindən aldığı
başlığın hesabına əldə edirdi.
İllər keçdikcə bu adətin
forması və alınma mənbəyi dəyişikliyə məruz
qalıb.
Vaxtilə kasıb ailələrdə cehiz
anasından qızına bir miras tək
ötürülürdü. Qız doğulduğu
gündən başlayaraq, anası öz cehizindən qalmış əşyaları
və çatmayanları yenidən alaraq əlavə
edilir, ayrıca bir
sandığa yığırdı. El-oba
qaydasına görə, ev əşyalarının
çoxunu nişanlı qız özü hazırlayır, xalça,
corab toxuyur,
saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə
isə cehizi tamamilə yenidən
toplayardılar.
Tədarük işləri böyük
nişantaxdı mərasimindən sonra toy günlərinə
qədər davam etdirilirdi. Bu müddət
ərzində həmin avadanlığın bir
hissəsi qonum-qonşu qadınların
köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.
Yaxın qohumların verdiyi və qonaqların
özləri ilə qız toyuna gətirdikləri hədiyyələr də cehizə qatılırdı.
Qız evi
kasıb olduqda, çox
vaxt adaxlı oğlan
özü bu əşyaları
toplayıb toy gününə qədər
qızgilə çatdırır və gəlinapardı mərasimində
onu gəlin qız ilə birlikdə ər
evinə daşıyırdı.
Keçən əsrin əvvəllərində
qeydə alınan və cehizə daxil olan ənənəvi əşyalar hər ailə üçün
vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq
üçün əbrişim şaldan tikilmiş
iki-üç canamaz, möhürqabı, yüz bir danəli
təsbeh. Daha sonra iki
adamlıq qırmızı yorğan və
qırmızı məxmərdən üzlənmiş böyük taxt
döşəyi, ikı yun döşəkçə,
iki ədəd mütəkkə, bir böyük
nazbalınc, qayınata-qayınana üçün
iki kiçik
döşək. Nişanlı qızın özü,
yaxud qız evi
qadınları tərəfindən bəy üçün
hazırlanmış tikmə əl işləri güləbətinli
tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan
on iki ədəd tənbəki
və pul kisəsi, 20-30 cüt
çarıqbağı, at üçün zinpuş,
qələmdanqabı və s. Yenə
məişət üçün dəstərxan
süfrə, əl-üz dəsmalı, isti
qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.
Gəlinin özü üçün
sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı,
sayı yeddi olmaqla iynə,
qıyıq, güləbətinli pərdəbağı, ipək
tumanbağı, taxça və güzgü pərdəsi, qara
ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun
məmulatından bir-iki xalça-palaz,
camədan-məfrəş, xurcun,
saxsı qab-qacaqdan nehrə, küpə,
kuzə, aşsüzən, ağac məmulatından
yeddi taxta
qaşıq, oxlov, çanaq,
çömçə,çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis
qab-qacaq, gəlinin yuyunması üçün böyük
teşt, farş,
qazan, gülabzən, mis
aftafa-ləyən, hamam satılı,
altı kabab şişi
və s. metal əşyalar.
El-oba adətinə görə buradakı mis,
yaxud saxsı su qablarını yeni mənzilə əsla
boş aparmaq olmazdı, onlar hökmən su ilə
doldurulmalı idilər. Bundan əlavə, gəlin özü
ilə ər evinə müxtəlif rəngli parçalardan
tikilmiş yeddi kiçik torbada yeddi cür taxıl növü
buğda, arpa, düyü, mərci, noxud,
lobya, darı və uğursuyu
deyilən bir səhəng təmiz
içməli su və bir
qab neft aparardı.
Qaydaya görə, qız gəlin
köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün
paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi
yerlərin adətincə, gəlinin bəxti ağ
olsun deyə, cehizlə, bəzən isə
elə qızın özüylə onun bir tay köhnə
ayaqqabısı da ər evinə
aparılarmış.
Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan
ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.
Ötən əsrlərdə varlı ailələrdən ərə
verilən qızların ata-anası övladlarına mal-qara sürüsü,
ev-imarət, zəmi və
bağ-bağça kimi
hədiyyələr qoşur, hökmdarlar isə gəlin
köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və
ya bir neçə kənd
bağışlayıblar.
Adətə görə
qıza verilən bütün əşyalar
onun şəxsi malı hesab
edilir. Müxtəlif
bölgələrdə qız ərə verdikdə ona qoşulan cehizə
"ağırlıq", "barxana/qız
barxanası", "verdik/verdük", "dədəverdi/dədəmalı",
"mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz",
"tuti", "xərcxəcələt"
(Salyan), "cehiz
qoşma/cehizləmə/cehizçilik", "cer-cehiz", "şeylan"
və bu kimi adlar daşıyır. Onun
"cehaz/ceyiz/cihaz" (Ordubad) deyiliş şəkilləri də vardır.
Cehiz məişətimizin bir parçasına
çevrilib. Müasir dövrümüzdə də çox cehizi olduğu üçün
tərcih edilən evliliklər var. Məsələn,
qızın atası imkanlı adamdır-demək ki, qızına yaxşı cehiz
verəcək. Ev, maşın kimi əmlaklar düşünülərkən,
insan şəxsiyyəti kənarda
qalır. Qonşudan qalma
geri, deyimi ilə imkanı
zəif olanlar da
yaxşı cehiz almaq
üçün bütün
imkanlarını səfərbər edir. Hətta
evini satanlar da olur. Bunu
da bacarmayanlar banklardan böyük məbləğlərdə
kredit
alır və asılı vəziyyətə
düşürlər. İllərlə bu
krediti ödəmək məcburiyyətində
qalırlar. Elə ailələr var
ki, qızı üçün
cehiz almaq üçün götürdüyü
borc pulları “nəvəmin toyu olunca ancaq
bitirərəm”-deyə izah edir. Övladlar da valideynlərindən nə olursa-olsun
yaxşı cehiz tələb edir. Çünki sabahdan başına vurmaq problemi var. Əgər gəlin
yaxşı cehiz gətirməyibsə, onun günü qara olur. Televiziya
verilişlərinin birində xanım ekspert
belə bir fikir irəli
sürdü ki,
qızlar varlı atası olan oğlan axtarırlar, oğlanlar
da eynilə. Amma insanlar başa düşməlidirlər
ki, valideynlərin var-dövləti onu qazanan insanlara
məxsusdur. Qayınatanın var-dövlətinin onun övladı ilə evlənən insana aidiyyatı yoxdur. Evlənəcək
olan insanlar öz qüvvələrinə güvənməlidirlər.
Yalnız birlikdə qazandıqları onların şəxsi mülkü hesab olunur. Düzdür,
valideynlərin yeni qurulan
ailəyə dəstəyi mənfi yox,
müsbət haldır. Amma bu dəstək daha çox mənəvi
yöndə olarsa, daha
xeyirli olar. Oğlan öz
atasının puluna, qız da gətirdiyi cehizə güvənib, məsulliyyət
hissindən uzaqlaşır. Bu gün bu cür ailələrin sayı kifayət qədərdir.
Əgər ailənin möhkəmliyi verilən cehizin miqdarından asılı olsaydı, o zaman gündən-günə
bu sahədə irəli gedən ailələr
daha möhkəm olardı. Ancaq boşanmaların sayı bu
cür ailələrdə daha çox olur. İnsanlara-qıza və oğlana
cehizdən əvvəl mənəvi dəyərlər öyrədilməli,
müasir çətin həyatda
qazanmağın yolları aşılanmalıdır.
Uşağın istedadından asılı olaraq
bilik və yaxud hər
hansı bir qabiliyyətlər
aşılanmalıdır. Xüsusilə, qızlar üçün də bu
önəmlidir. Bu gün
bir qızın nə qədər çox cehizi olursa-olsun sabah bir çətin vəziyyətdə
qaldıqda- ya boşandıqda və yaxud həyat yoldaşının başına
bir iş gəldikdə
həmin cehizlər bir işə yaramayacaq. Amma qızlar onlara verilən bacarıqlarla həyatlarını qurtara bilərlər. Və yaxud da mütləq deyil ki, nəsə bir bədbəxt iş baş versin, öz dəstəyi ilə həyat yoldaşının
yanında olan qızlar ailəyə həm
mənəvi, həm də maddi dayaq durmaqla onu daha da
möhkəmləndirir. Övladlarına yaxşı tərbiyə
verir ki, bunu da heç bir cehiz əvəz edə bilməz. Cehiz amili isə daha çox milli dəyərləri əks etdirən əşyalardan
olsa daha yaxşı olar. Onlar evin
baş güncündə qoyular
və vətənin, ailənin dəyərini hər an ailə üzvlərinə xatırladar. Bu cür ailələrdə
də hüzur və xöşbəxtlik olar. Mən başqa birinin yanında sınmayım- deyə, xərcə
girmək, min-bir əziyyətlə cehiz almaq, sonra
da illərlə bu borcdan qurtara bilməməyin
ailə xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur.
Aygün
Olaylar.-
2014.- 10 iyun.- S.11.