Böyük Britaniyada Azərbaycan

diasporunun məskunlaşma tarixi

 

Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Böyük Britaniyadır. Böyük Britaniya ilə Azərbaycanın münasibətləri XVIII əsrin əvvəllərindən başlayıb. Azərbaycanın neft sənayesinə maraq göstərən ingilislərin məşhur və nüfuzlu şirkətləri Azərbaycan neftinə investisiya qoymağa başladılar.

XIX əsrin sonlarından etibarən azərbaycanlıların Böyük Britaniyaya mühacirəti başlandı. XX əsrin onilliklərində soydaşlarımız Britaniyada öz icmalarını yaratmağa nail olmuşlar. Cənubi Azərbaycandan bu ölkəyə kutləvi mühacirət 50-60-cı illərdə başladı. II dunya müharibəsindən sonra artıq Böyük Britaniyada Azərbaycan diasporunun formalaşması prosesi başlandı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra Britaniya azərbaycanlıları xeyli fəallaşıblar. Son məlumatlara gorə, Böyük Britaniyada 20 minə yaxın azərbaycanlı yaşayır. Jurnalist tədqiqatçı Fazil Rəhmanzadənin araşdırmalarına görə, Britaniyada Cənubi və Şimali Azərbaycandan, Türkiyədən bura koçən mühacirlərlə yanaşı, Gürcüstandan, 1988-ci il deportasiyası nəticəsində Ermənistandan, Orta Asiyadan və Rusiyadan köçən azərbaycanlılara da rast gəlmək olar. Britaniyada azərbaycanlılar digər türkdilli xalqlarla sıx əməkdaşlıq edirlər. 1990-cı ildə Londonda təsis olunan Dünya Türkləri Komitəsində təmsil olunan azərbaycanlılar bir sıra tədbir və görüşlərdə türk dilli diasporun nümayəndələrinin iştirakını təmin edirlər. Hazırda türk dilli diasporlarla birgə fəaliyyət göstərən Azərbaycan diasporu burada mütəşəkkil qruplardan hesab olunur. Azərbaycan Böyük Britaniya arasında olan tərəfdaşlıq münasibətləri burada yaşayan soydaşlarımızın fəaliyyətinə müsbət təsir göstərir. London, Mancestr, Edinburq, Dublin və digər iri şəhərlərlə yanaşı, kiçik şəhərlərdə də çoxsaylı azərbaycanlılar məskunlaşıblar. Soydaşlarımız elm və iqtisadi sahədə xeyli uğurlar əldə ediblər. Böyük Britaniyanın ali və orta məktəblərində, iri şirkətlərində yüzlərlə azərbaycanlı çalışır. Siyasi cəhətdən fəal olan həmvətənlərimiz Azərbaycanı burada təmsil etməyə çalışır, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa səy gostərirlər. Britaniya azərbaycanlılarının əksəriyyəti cənubi azərbaycanlılardan ibarətdir. Cənublular burada kifayət qədər maddi və intellektual imkanlar əldə ediblər. Soydaşlarımız Böyük Britaniyanın iqtisadiyyatının və elminin inkişafın da müəyyən rol oynayıblar. Əsasən iqtisadi və texniki mütəxəssislər kimi dövlət və iri şirkətlərə işə dəvət olunan azərbaycanlılar ictimai həyatda da fəal iştirak etməyə çalışırlar. Soydaşlarımız informasiya sahəsində də bir sıra uğurlar əldə ediblər. Britaniyanın tanınmış TV kanalları və qəzetlərində Azərbaycanla əlaqəli bir sıra məqalələr və cıxışlar olub və bu proses hazırda da davam etməkdədir. "Times", “Herald Tribun of Europa" və digər tanınmış qəzetlərlə yanaşı, "BBC" və digər TV kanalları Azərbaycana böyük diqqət verirlər. Bu gün Böyük Britaniyada onlarla Azərbaycan cəmiyyət və təşkilatı fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycan Türkləri Cəmiyyətidir. Azərbaycan Türkləri Cəmiyyəti XX əsrin 90-cı illərinin sonunda fəaliyyətə başlayıb. Cəmiyyətin əsas fəaliyyət sahələri mədəni tədbirlər, Azərbaycanın Britaniyadakı səfirliyinin qarşısında piketlərin keçirilməsi, bədii və poeziya gecələrinin təşkilindən ibarətdir. Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəridir. Azərbaycan Gənclər Klubu 2005-ci ilin iyul ayından fəaliyyətə başlamış Azərbaycan Gənclər Klubu Britaniyadakı ən fəal diaspor  təşkilatlarından hesab olunur. Təşkilatın bu ölkədəki türk diasporu ilə də sıx əlaqələri mövcuddur. Ötən müddət ərzində bu təşkilat türk icmaları, habelə Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ilə birlikdə xalqımıza qarşı torədilmiş terror və soyqırım aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı çox saylı etiraz aksiyaları, fotosərgilər, elmipraktik konfranslar təşkil edib. London “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Londondakı “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü  ilə qurulub. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir. London “Azərbaycan Evi”nin məqsədi  Azərbaycanla Britaniya arasında mədəni  və dostluq bağlarını mohkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir.“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış  mərasimi 2008- ci il 14 noyabr tarixində London Hackney Bələdiyyəsi spikeri oIan Rathbone, Azərbaycanın Britaniyadakı o zamankı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının  üzvü  Lord Fraserin də iştirakı ilə həyata keçirilib. Qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilib. “London-Azərbaycan Evi”nin təsisçisi və sədri Ali Tekin Atalardır. “Caspian-Khazri” Cəmiyyəti 2006-cı ilin aprelində fəaliyyətə başlamış “Caspian Khazri” (London Azərbaycan Məktəbi) qısa müddət ərzində özünü  yerli cəmiyyətdə tanıtmış və İngiltərədə yaşayanların tələbatlarını hiss edə bilmişdi. İlk növbədə Londona köçüb gələn və ya burda anadan olan azərbaycanlı uşaqlarının milli məktəbə ehtiyacları olduğunu müəyyən edən “Caspian-Khazri” Cəmiyyəti 2006-cı ildə özünün  böyük  layihələrindən birini həyata keçirib. Layihə çərçivəsində Böyük Britaniyanın  paytaxtı London şəhərində Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verilib. Bu məktəbə olan tələbatın və sevginin artan gücünü  qarşılamaq məqsədi ilə çox keçməmiş Londonun digər bölgəsində də ikinci məktəb qurulub. Bu məktəblərin qarşısına qoyulan əsas məqsəd İngiltərədə yaşayan azərbaycanlı uşaqlara pulsuz olaraq ana dilini, Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası, adət-ənənələri və milli rəqslərini öyrətməkdir. Məktəblərə 5 yaşından 14 yaşına qədər uşaqlar qəbul olunur. Balacalar  üçün, həmçinin dram, rəsm və nağıl dərsləri kecirilir. Bu məktəblər Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən maliyyələşdirilir, lazımi vəsait və dərsliklərlə təchiz olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 11 iyun.- S.15.