Ukraynada Azərbaycan diasporu

üstün mövqelərə sahib olur

 

Bu gün daxili siyasi gərginlik dövrünü yaşayan Ukrayna Azərbaycan diasporunun fəal olduğu ölkələrdən sayılır. Ukraynaya azərbaycanlıların mühacirəti XIX əsrin sonu – XX əsrin əvvəllərində başlayıb. XX əsrin əvvəllərindən buraya təhsil almağa gələn azərbaycanlı tələbələr ictimai fəallıq göstərməyə başlayıblar. Onların fəallığı sayəsində Kiyev şəhərində Azərbaycan Milli Mədəniyyət Mərkəzi yaranmış və burada yığılan azərbaycanlılar Azərbaycan mədəniyyəti, poeziyası, ədəbiyyatı barəsində müzakirələr aparmışlar. Kiyevdən başqa, digər böyük şəhərlər - XarkovLvovda da azərbaycanlı gənclər təhsil aldıqları müəssisələrdə eyni istiqamətdə aparırdılar.

Ukraynada 1917-1918-ci il lərdə tanınmış yazıçı Tağı Şahbazi Simurq Xorvak şəhərində məskunlaşaraq "Cənub səsi" adlı qəzet nəşr etmişdi. Ukrayna 1920-ci ildə bolşevik işğalına məruz qalandan sonra Azərbaycan-Ukrayna münasibətlərində xeyli irəliləyişlər yarandı. Ukrayna-Azərbaycan arasında, eyni zamanda, tələbə-mütəxəssis mübadiləsi də aparılırdı. Müxtəlif sahələr üzrə mütəxəssis hesab olunan yüzlərlə azərbaycanlı Ukraynaya köçərək buranı özlərinə daimi yaşayış məskəni seçmişlər. Bunun nəticəsində Kiyev, Xarkov, Odessa, Lvov, Krım şəhərlərində və Valın, Vinnitso, Dnepropetrovsk, Donetsk, Zakarpatye, Zaparodce, Jitomir, İvano-Frankovsk, Kirovoqrad, Nikolayev, Poltava, Rovina, Ternopol, Suşk, Xerson, Xmelnitski, Cerkask, Cerniqo, Cernovisti vilayətlərində soydaşlarımız məskunlaşmışlar. Məskunlaşdığı şəhər və vilayətlərin ictimai işində fəallıq göstərən azərbaycanlılar Ukrayna dövlət idarələrində də irəli çəkilməyə başlayırar. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə edən Ukrayna və Azərbaycan arasında ikitərəfli diplomatik münasibətlər quruldu. Artıq beynəlxalq birliyin bərabər hüquqlu üzvü olan Ukrayna və Azərbaycan bütün sahələr üzrə münasibətləri inkişaf etdirirlər. Hazırda Ukraynada   500 min azərbaycanlı yaşayır. Bu şəxslər ötən əsrin əvvəllərindən  bu günə qədər davam edən intensiv mühacirət nəticəsində buraya gələnlərdir. 500 min azərbaycanlının bir-biri ilə əlaqə saxlaması və ictimai fəaliyyəti bəzi ölkələrdəki azərbaycanlıların fəaliyyətindən nisbətən daha fəaldır. Bu ölkədə onlarla Azərbaycan diaspor təşkilatı, mədəniyyət mərkəzi, kütləvi informasiya vasitəsi olmaqla yanaşı, ana dilimiz həm Ukrayna ali məktəblərində, həm də Azərbaycan dilli “Həftə sonu” məktəblərində tədris edilir. Azərbaycan folklor ansambllarının yaradılması isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edir. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü isə son  illərə qədər bir çox regional diaspor təşkilatlarını ətrafında birləşdirən Ukrayna Aərbaycanlıları Konqresi hesab edilirdi. 1999-cu ilin 21 martında təsis edilən UAK-ın yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyük idi. İlk təsis yığıncağında Ukraynanın 15 vilayətində filialı olan UAK-ın zamanla filiallarının sayı artmağa başladı. Bu gün isə Ukraynada ən fəal diaspor təşkilatı Ümumukrayna  Birləşmiş Diasporu hesab edilir. UAK-ın parçalanmasından sonra yaranmış boşluğu doldurmaq, Ukraynadakı soydaşlarımızı bir araya gətirmək üçün  yaradılmış Ümumukrayna  Birləşmiş Diasporu qısa müddətli fəaliyyəti dövründə bir sıra mühüm tədbirlər, həyata keçirib. Ukraynadakı Azərbaycan səfirliyi ilə də yaxından işləyən təşkilat bir müddət əvvəl paytaxt Kiyevdə  “Müasir Ukrayna: Azərbaycan diasporunun dövlətin inkişafındakı yeri və rolu” mövzusunda  3-cü  forumu keçirib. Forumda müxtəlif sahələrdə çalışan azərbaycanlı alimlər, iş adamları və ziyalılar iştirak edib. Forumun birinci hissəsində diasporun problemləri və inkişaf perspektivləri müzakirə olunub. UABD-nin sədri  Hikmət Cavadovun açılış nitqindən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli forum iştirakçılarını salamlayıb və forumun gedişinə uğurlar arzulayıb. Səfir bildirib ki, belə bir tədbirin ardıcıl olaraq üçüncü dəfə keçirilməsi təqdirəlayiqdir.  Eynulla Mədətli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xaricdə yaşayan azərbaycanlılara hər zaman dəstək verir və diaspora fəaliyyətini yüksək qiymətləndirir. Forumun birinci hissəsində Ukraynada fəaliyyətə başlamış Diaspora TV-nin və UABD-nin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının  (RAGT) və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə nəşr etdirdiyi dərsliyin təqdimatı da keçirilib. İştirakçılar təqdim olunan dərsliyin  azərbaycanlı məktəblilər və ümumilikdə Azərbaycan dilini öyrənmək istəyənlər üçün çox dəyəli tədris vəsaiti olduğunu qeyd ediblər. Müzakirələrdə Ukraynadakı azərbaycanlıların ölkənin ictimai-siyasi həyatında aktivliyini artırılmasının vacibliyi vurğulanıb.  UABD sədri  Hikmət Cavadov təşkilat üzvlərini seçkilərdə iştirak etməyə və fəallıq göstərməyə çağırıb. O qeyd edib ki, yalnız onların bu aktivliyi sayəsində Ukraynanın ictimai-siyasi həyatına inteqrasiya etmək, azərbaycanlıların Ukrayna Radasına daxil olmaq, azərbaycanlı iş adamları üçün geniş fəaliyyət imkanları yarana bilər. Sevindirici haldır ki, məhz həmin toplantıdan keçən qısa müddət ərzində sözügedən televiziya kanalı fəaliyyətə başlayıb.  “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” tərəfindən təsis olunmuş “Diaspora TV” telekanalının məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimayyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyəsətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir. Sutkada 18 saat efirdə olacaq “Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanacaq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılacaq. Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC şirkətləri  ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutub. “Diaspora TV” digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarət olacaq. Verilişlərin Azərbaycan, rus, ukrayn, ingilis və digər dillərdə yayımlanması nəzərdə tutulub. “Diaspora TV” Ukrayna, Rusiya həm də xarici aparıcı distribütor şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır. “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu”nun uğurlu fəaliyyətinin nəticəsidir ki, bu ölkədəki soydaşlarımız artıq Ukraynanın ictimai-siyasi həyatında, seçkili orqanlarında aktiv iştirak edərək üstün mövqelərə malik olurlar. Belə ki, bu günlərdə Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda isə Qafqaz Xalqlarının Ukrayna Konqresinin rəhbəri Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında vacib postlara seçiliblər. Paşa İlisuyskiy (Məmmədov) Ukrayna Xarici İşlər Nazirliyi Radasında yer alıb. Ukraynanın xarici siyasətini müəyyənləşdirən məşvərətçi orqan olan Xarici İşlər Nazirliyi Radası eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. Paşa Məmmədov Ukrayna XİN Radasında təmsil olunan  yeganə azərbaycanlıdır. O, əvvəllər Qax rayonunun keçmiş icra başçısı, hazırda isə Azərbaycanda Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi olan Xəyyam Məmmədovun oğludur. Ukraynanın tanınmış jurnalisti Rəna Nəzərova isə 25 may seçkilərində Kiyev şəhər Radasına üzv seçilib. O, Vitali Kliçkonun “Udar” Partiyasından seçilib və yerli hakimiyyət orqanında təmsil olunan yeganə azərbaycanlı qadındır. Bundan başqa, tanınmış hüquqşünas, “Maydan” hərəkatı iştirakçılarının hüquqlarını fəal müdafiə edən  Aqiyə Axundova Ukrayna Nazirlər Kabinetinin qərarı ilə Dövlət İcraçıları Xidmətinin rəisinin birinci müavini təyin edilib. Bu günlərdə isə Ukraynada yaşayan azsaylı xalqlar, o cümlədən azərbaycanlılar yeni seçilmiş Prezident Pyotr Poroşenkoya məktubla müraciət ediblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri və Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyevin imzası ilə göndərilmiş məktubda Pyotr Poroşenko təbrik edilir və ölkənin gələcəyi naminə Ukraynada yaşayan azsaylı xalqlar tərəfindən dəstək ifadə olunur. Bildirilir ki, seçkilərin nəticələri Ukraynanın etnik millətlərdən ibarət vətəndaşları üçün də gələcəyə böyük ümidlər verir. Məktubda həmçinin, Ukraynada yaşayan azərbaycanlıların hər bir sahədə ölkənin inkişafına öz töhfəsini verməyə hazır olduğu bildirilir. Müraciətdə Konqresdə və Assambleyada birləşən təşkilatlar adından bir sıra təkliflər də qeyd olunub. Qeyd edək ki, Ukrayna Millətlər Assambleyasında Ukraynada yaşayan azərbaycanlı, macar, tatar, yəhudi, rus, qaqauz və digər xalqların diaspor təşkilatları birləşir. Qurumun rəhbəri isə həmyerlimiz Rövşən Tağıyevdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 12 iyun.- S.15.