Tarixi romanlar romantizmin övladlarıdır
Tarixi
romanlar ədəbi janr növlərindən yeganə
janrdır ki, burada romantik xəyallardan, daha doğrusu təxəyyül
məhsulundan daha çox istifadə olunur. Zatən romantizm sözünün
mənası da romanlarda
olduğu kimi deməkdir.
Müasir dövrdə yazılmış tarixi romanlarda ədəbi
metod məsələlərinə necə
əməl olunur? Elçin
Hüseynbəylinin “Şah Abbas” tarixi romanını
müqayisəli təhlil etməklə buna
bir aydınlıq gətirməyə
çalışacağıq.
Oxuduğum hər bir tarixi bədii əsərdə
ilk axtardığım özəllik müəllifin tarixi
faktlara münasibətidir. Çox təsadüf olunur ki,
yazıçı tarixi faktları təhrif edir, öz təxəyyülündə
yaratdığı hadisələrə
uyğunlaşdırır. Necə ki, Nizami Gəncəvi
Makedoniyalı İskəndəri Azərbaycana gətirmişdi.
Halbuki, İskəndər nəinki Azərbaycanda, heç
Qafqazda belə olmamışdır. Ə.B.Haqverdiyevin “Ağa
Məhəmməd Şah Qacar” pyesindən sonra tarixin az təhrif
olunduğu əsərlər barmaqla sayıla biləcək qədərdir.
Məhz bu mövzuda yazılan əsərlərə bu gün
ehtiyac daha çoxdur. Bu baxımdan Elçin
Hüseynbəylinin “Şah Abbas” romanı çox
güncəldir. Əsər Azərbaycan tarixinin
ən şanlı səhifələrini yazmış Səfəvi
dövlətinin xarakteri olduqca
ziddiyyətli şahı I Şah
Abbasın həyat və fəaliyyətindən bəhs edir. İlk olaraq qeyd edək ki, dünya savaş tarixinidə
silinməz izlər qoyan bu
böyük sərkərdə haqqında
istər Avropa, istərsə də türk tarixşünaslığında yetərli
qədər mənfi fikirlər səslənməkdədir. Hakimiyyət başına gəldiyi ilk
gündən 22 qızılbaş əmirini bir
andaca qətl elətdirən, 9-10
yaşlı qardaşlarına belə rəhm etməyib
onların gözlərinə mil çəkdirən,
doğma atasını Vəramin
qalasında göz dustağına
çevirən və onun azad
edilməsinə heç vəchlə
razı olmayan bir adama necə haqq
qazandırmaq olar? Oxuculara
xatırlatmaq istəyirəm ki, ulu babası Şah
İsmayılın Sultan Səlim Yavuza etimad göstərməməsinin
bir səbəbi
də I Səlimin hakimiyyətə gəlmək üçün atasını və
qardaşlarını öldürməsi idi.
Şərq tarixində taxt-tac uğrunda mübarizədə doğma
qardaşlarını öldürməsi, onların gözlərinə
mil çəkdirilməsi hadisələri
çox olub. Lakin onların heç biri bunu Şah
Abbas qədər xüsusi
bir qəddarlıqla həyata keçirməmişdir.
Müəllif əsərdə Şah
Abbasın öz hərəkətlərinə
haqq qazandırmasını belə təsvir
edir: “Səltənət davası olan yerdə nə yaş?
Sən taxt-tacın hökmünü
görsəydin, bu tövr
suallar verərdinmi?” Bir zamanlar
özlərinə müxalif olan qüvvələri yenən Qızıl Arslan qardaşını, onun
oğlanlarını qətl elətdirməkdən boyun qaçırtmışdı və ona bu məsləhəti
verən vəzirə acıqlanıb, onu hüzurundan qovmuşdu.
Şükufə Məmmədovanın, “Xülasət-ət təvarix Azərbaycan tarixinin
mənbəyi kimi” əsərində oxuyuruq: ”Şah Abbasdan sonra hakimiyyətə
gələn şahlar bir
qayda olaraq
qardaşlarının gözlərini
çıxarırdılar” (səh.149). Şah
isə bu işə haqq
qazandırır və “babası Şah Təhmasibin
belə bir kəlamını tez-tez xatırlayırdı ki, “Ağacı qurd
içindən yeyər” (yenə də orada,
səh.101). Amma elə məsələlər
vardır ki, burada Şah Abbasa bəraət
qazandırıla bilər. Belə ki, arxivin hər hansı dövrü və ya hər
hansı bir şəxsiyyəti haqda fikir yürüdərkən
ilk növbədə həmin dövrün ictimai siyasi mühitinə nəzər salmaq lazımdır. Şah
Abbasın hakimiyyətə gəldiyi dövr
Ərdəbil, Qaracadağ, Xalxal və Talışdan başqa bütün Azərbaycan
torpaqları osmanlı işğalı altında idi. Qızılbaş əyanları
silah gəzdirir, fitnə-fəsad törədir,
hətta dövlət işlərinə belə müdaxilə
edirdilər. Ölkə Osmanlılardan başqa
özbəklər və portegizlər tərəfindən də
təhdid olunurdu. Şah
İsmayılın ölümündən I Təhmasibin həddi-buluğa
çatdığı dövrədək
harınlaşan mərkəzi hakimiyyətə tabe olmayan
qızılbaş əyanları, I Təhmasibin
ölümündən sonrakı I Şah
Abbasın hakimiyyətə gəldiyi 1587-ci ilə qədər
onlar yenə də istədiklərini edir, nizam-intizama cəlb olunduqda isə ya qiyam qaldırır, ya da Osmanlılar tərəfə
keçirdilər. Şah Abbasın hətta
doğma anasını belə qətlə
yetirən bu azğınları qətl
etməkdə haqlı deyildimi? Bir yandan da bunu
beynəlxalq vəziyyət tələb edirdi.
İstanbul müqaviləsi bağlanandan sonra belə
osmanlılar səfəvilərin daxili
işlərinə qarışmaqda davam
edirdilər. Ümumiyyətlə müqavilədən əvvəl
və sonrakı dövrlərdə osmanlılar Şah Abbası heç
müstəqil padşah kimi
tanımırdılar. “Onu Şərq
vilayətlərinin valisi
adlandırırdılar”. Müqavilədən
sonrakı ilk illərdə şah özü də
osmanlıları qıcıqlandırmamaq üçün
hətta ölkə daxilində gördüyü
işlərin hesabatını verirdi.
Əsərdə oxuyuruq: ”Şah
Abbas osmanlıları sakitləşdirmək
üçün özünün
Herat səfərinə haqq
qazandırır. Aldığımız 24 qalanın
açarını bir qızıl və gümüş sandıqda sultan
həzrətlərinə göndəririk. Çünki,
qalalarımız və özümüz padşahi-cahan həzrətlərininik”. Görünür ki, şah 1590-cı il
müqaviləsinin pozulmasından çəkinirdi. O ki qaldı şahın öz
atasını zindanda saxlamasına, kor şah həqiqətən
də Vəramin qalasında saxlanırdı, amma
işgəncə altında yox. Bunu isə şərait tələb edirdi. Çünki Səfəvi
dövlətinin başı üzərini almış ölüm təhlükəsi birbaşa
Məhəmməd Xudabəndənin “xidməti” idi. Tarixdən bəllidir ki,
Şah Abbas Azərbaycan
Səfəvi dövlətini farslaşdırdı. Bir fakt da
məlumdur ki, o Azərbaycanı
Fars səfəvilər dövlətinə
qatmaqdan da vaz keçmədi. Lakin bir şey məlum deyil ki, o
bu addımı ölkəmizin bütövlüyü, xalqımızın mənafeyi
üçün edirdi,
yoxsa öz
torpaqlarını genişləndirmək üçün?
Amma bu bilinir
ki, nə Şah Abbas, nə də ondan çox sonra hakimiyyətə
gələn Qacarlar özlərinə azərbaycanlı
demirdilər. Doğrudur, o Azərbaycan adlı bir bəylərbəylik yaratdı. Lakin şah Azərbaycanın
şimalını Osmanlılardan təmizləyib bu bəylərbəyliyə qatsaydı,
bağımsız Azərbaycan dövləti yaratsaydı, bu gün onun
nəticəsi necə də gözəl olardı?
Bəli, bu gün tarixi
ədəbiyyatda I Şah Abbası ən çox ona görə
qınayırlar ki, o,
Azərbaycan Səfəvi dövlətini farslaşdırdı,
fars əyanlarını dövlət vəzifələrinə
irəli çəkdi. Lakin tarixə nəzər salsaq
görərik ki, bu proses hələ kor Məhəmməd
Xudabəndənin dövründə başlanmışdı.
Onun fars qızı olan arvadı Məhdi Ülya
şahın acizliyindən istifadə edib
hətta dövlətdə şahdan sonra ikinci görəv
sayılan vəkil görəvinə
yüksəlmişdi. Şah Abbas hakimiyyətə gələnə qədər
bu qadın bir
neçə yüksək dövlət vəzifəsini
artıq farslaşdırmışdı. Bir
yandan şah nəinki
yüksək dövlət vəzifələrini, hətta
şəxsi mühafızəsini belə qızılbaşlara
etibar edə bilmir, bu işdə xristian gənclərdən
ibarət qulamlardan istifadə edirdi.
Şah Abbasın dövlət idarəçiliyində
farslara meyl etməsi
hansı zərurətdən irəli gəlirdi? Niyə
özünə müxalif olan
türk tayfalarına, xüsusən də
Təkəlü tayfasına qənim kəsilmişdi? Romandan oxuyuruq ki, “Şah Abbas
döyüşdə əsir tutduğu
düşmənlərini o şərtlə
bağışlayırdı ki, onlar Əlinin ali hakimiyyətini
qəbul etsinlər və saqqallarını qırxsınlar”. Eyni
addımı Osmanlılar da atırdı.
1590-cı il İstanbul
müqaviləsi imzalanarkən Sultan Səfəvilərə
ərazi iddialarından başqa “şiə
din xadimlərinin xütbələrində
Əli ilə yanaşı Əbubəkr, Ömər və
Osmanın xəlifəliyinin də qəbul olunmasını,
peyğəmbərin sevimli zövcəsi
Aişəyə lənət yağdırmamağı tələb
edirdi”. Qızıbaşlar
osmanlıları, osmanlılar isə qızılbaşları
din düşməni
adlandırırdı.
Şah Abbas qatı şiə
idi. Elçin Hüseynbəyli yazır: ”Şahın etimad göstərdiyi Xəttat Mir
İmad şiələrlə
sünnülər arasında barış yaratmaq
istədiyindən şahın əmri ilə edam
olundu”. Şəxsiyyəti olduqca ziddiyyətli olan bu insanı biz gah gözlərini qırpmadan onlarla
adamı edam etdirən, gah
da soyuqdan donmuş bir
uşağı atının çulu ilə
öz əlləri ilə büküb
xilas edən yerdə görürük.
Müəllif şahın bütün mənfi
və müsbət keyfiyyətlərindən qüvvətli bir təzad yaradır.
Şah Abbas Avropa
ölkələrini Osmanlılar əleyhinə qaldırmaq üçün var-gücü
ilə çalışırdı. Bunun üçün o xristian missionerlərinə İranda
sərbəst fəaliyyət yaradacağını vəd edirdi. “Xaçpərəstlər harda istəsələr torpaq
almaqda, ev tikməkdə,
alver etməkdə sərbəstdirlər”.
Şah Abbasın əksinə olaraq osmanlılar isə xristianlardan
səfəvilərin əleyhinə istifadə etməkdə o qədər də maraqlı deyildilər. Osmanlılar Teymuraza cavab olaraq “Səfəvilər
osmanlılar ilə dindaşdırlar. Şəriət öz dindaşlarının üzərinə
başqa dinin nümayəndələrini
göndərməyə, onlara müttəfiq
olmağa, yardım göstərməyə
imkan vermir”. “Şah Abbasın özü
də osmanlılara nə qədər nifrət bəsləsə
də döyüşlərdə məğlub etdiyi osmanlıları qovmazdı”. Qaçan düşmənlərin yolunu bağlamaq ədalətli
şaha yaraşan iş deyil. Onlar da Məhəmməd
ümmətidir, qaçanları qovmayın”- demişdi.
“İki türk
dövlətini bir-birinə salışdırmaq Avropa ölkələrinin çoxdankı arzusu idi. Onlar uzaq
Avropadan belə bu iki türk dövlətlərinin
daxili işlərinə
qarışmağa çalışırdılar. İspan kralı şaha
yazdığı məktubunda bildirirdi ki, “İran əmirülümərasının
Bəhreyn adaları və qalaları tutmaqdan
rahatsızıq. Ümid edirəm ki, bu xırda
anlaşılmazlıq yoluna qoyulacaq və təbəəliyimizdə
yaşayan xaçpərəstlərə
və onların müəllimlərinə mərhəmətinizi
əsirgəməyəcəksiniz”. Şah
Abbas isə bütün
gücü ilə böyük
babası Şah İsmayılın
vaxtında buraxdığı səhvi islah
etməyə, portuqaliyalıları Fars
körfəzindən uzaqlaşdırmağa
çalışırdı. Səfəvi-osmanlı
savaşları zamanı I Şah
Abbasın əmri ilə Azərbaycanda torpaqların
yandırılması sonucunda min illər boyu xalqın böyük əziyyətlə əkin üçün yararlı hala
saldığı torpaqlar məhv olur, su quyuları doldurulurdu. Qurbanlıq üçün
toyun və ya yasın
heç bir önəmi
yoxdur. Çünki o hər ikisində kəsilir. Səfəvi-Osmanlı
savaşlarında də hansı tərəfin qələbə
qazanmasının əslində Azərbaycan üçün
heç bir önəmi
yox idi. Hər
iki halda
torpaqlarımız tapdanır, əhali var-yoxdan
çıxır, öz doğma
yerlərini tərk edirdi. Çünki
bu müharibələr Azərbaycan uğrunda gedir, Azərbaycan
ərazisində gedirdi. Şah
Abbas hərb elminin bütün incəliklərinə dərindən
bələd olan görkəmli sərkərdə
idi. Dövrünün
bir neçə görkəmli sərkərdələrinə
qalib gəlmişdi. Romanda
oxuyuruq: “Bütün
Batını ayaqları altına qoyan
Cığal oğlu Sinan
paşanı belə məğlubiyyətə uğrada
bildi. Məğlubiyyətlə
heç cür
barışa bilməyən bu mətin sərkərdə
zəhər içib özünü
öldürdü. Ölümündən
qabaq Osmanlı sərdarı bircə söz demişdi: ”o hamının axırına çıxacaq”.
Çox güman ki, Sinan paşa
“o” deyəndə Şah
Abbası nəzərdə tuturdu. O,
eyni zamanda çox müdrik idi. E.Hüseynbəyli yazır: “Gürcü knyazı Teymuraza
qızıl piyalə bağışlamışdı ki, kimin çörəyini
yediyini unutmasın”. Mütaliəni
çox sevən Şah
Abbasın kitabxanasında o dövrün demək olar ki, bütün hikmətli
kitabları toplanmışdı. Məhz onun
dövründə Azərbaycanda kitablar
qalınlığına, cildinin gözəlliyinə
görə deyil, mənasına və məzmununa
görə dəyərləndirilirdi. O ki
qaldı onun torpaqları
yandırmasına, bu zərurət idi, hərbin tələbi idi.
Fasiləsiz davam edən osmanlı
hücumları ona iqtisadiyyatı bərpa
edib nizami ordu yaratmağa imkan vermirdi.
Şah Abbası qınayanlar ən çox diqqəti onun
görkəmli dövlət xadimlərinə, xüsusilə də
Fərhad xan Qaramanlının qətlinə
yönəldirlər. Müəllif yazır: “Fərhad xan səltənətin əsas dayaqlarından idi. Onun rəyi olmadan hakimlərin təyini,
çıxarılması mümkün olmurdu”. Bilinməyən tarixçinin
XVII yüzilin başlarında
yazdığı “Tarix-i Qezelbaşan”
( Qızılbaşların tarixi) əsərində Fərhad xan haqqında oxuyuruq:
”Yüksək “Övlad-Fərzənd” ləqəbinə layiq görülmüş,
heç bir xoşbəxtin
təsəvvür edə bilməyəcəyi ali
bir rütbəyə və möhtərəm
bir mənsəbə yetişmişdir.
Kiçik bir qüsur üstündə bu
görkəmli dövlət xadimini
başı kəsildi və Herat
bazarında nizəyə vuruldu”. Mənim isə bu məsələyə
münasibətim belədir: “Şah Abbas Fərhad xan üçün nələr etməmişdi?
Çingizxanın imperiyasını bərpa etməyi
qarşılarına amac qoyan
özbəklər Herata hücum
edən zaman o, döyüş meydanından qaçdı. Şah Heratı özbəklərdən
təmizləyəndən sonra Fərhad
xanı yenidən ora hakim
təyin etdi. O, isə itaətdən
boyun qaçırtdı və nəticədə
edam olundu”. Şah Abbas vergi yığmaq üçün
xüsusi qəddarlıqda məşhur olan “Tacıböyüklər” adlanan
dəstələr yaratdı. Boyu uzun və iri cüssəli
adamlardan yaradılan bu
dəstələr vaxtı ilə monqol
baskakları kimi xalqın içərisində
vahimə yaradırdılar. Lakin bir sıra digər işlərdə
olduğu kimi bu işdə də Şah
Abbasa haqq
qazandırmaq mümkündür. Çünki, osmanlıların fasiləsiz
yürüşlərindən qorunmaq, tez-tez baş verən
iğtişaşları yatırmaq üçün
qüvvətli ordu, ordu
üçün pul, pul üçün isə
vergiləri vaxtında yığmaq zəruri idi. Şah Abbası
qınağa çəkənlər dünən, bu gün çox
səbəblər göstərirlər. Məsələn,
doğma oğlunun
ölümünə fərman verməsi, gürcü
knyazı Laursaba tabe olub itaətə gələcəyi təqdirdə
Kürün güney
hissəsini verəcəyini vəd etməklə Azərbaycan
torpaqlarını hərraca qoyması, vədinə naxələf
olub 1612-ci il Sərab
barışına görə osmanlılara vəd
etdiyi iki yüz yük ipəyi onlara verməyib əvəzində həmin ipəklə
Venesiyadan odlu silah alması, xalqı öz
doğma yerlərindən
köçürməsi (böyük sürgün) və b. (məhz
sonuncu hadisəni müəllif “tarixin qəmli simfoniyası” adlandırır).
Romanda oxuyuruq: “Şah Abbas bilirdi ki, xaçpərəstlər
Şərqi Gürcüstanda və
Üçkilsədə yaşayan din qardaşlarına yardım etmək istəyirlər.
Amma osmanlılar buna imkan vermirlər. Şah onlara vəd verməklə xaçpərəstlərin
dəstəyinə nail olmaq
istəyirdi”. Və yaxud romandan
digər bir sitat: ”Şah Abbas Kartli knyazı Simona Bərdəni
osmanlılardan azad edəcəyi təqdirdə
Gəncə bəylərbəyliyinin bir
hissəsini vəd etmişdi”. Vəzifə
təyinatı zamanı əslində rüşvəti əvəz
edən “peşkəş” vergisinin
alınması da məhz bu
gün “cənnətməkan” adı verdiyimiz bu şahın
“xidməti” idi. Onun həyata keçirdiyi bütün
tədbirlər Azərbaycan türklərinin hər vəchlə
özündən uzaqlaşdırmasına, onları bir yerdən başqa yerə
köçürməklə iqlim dəyişikliyinə
məruz qoyub qırmaq, fars
ünsürlərini ucaltmaq idi. ”İran Aslanı”
adlandırılan (niyə Azərbaycan Aslanı
yox?) bütün
bunları özü də başa düşürdü.
Əsərdə oxuyuruq: ”Şah
Abbas qorxurdu ki, qəbri murdarlansın, onun
üçün də qəbrinin gizli saxlanmasını istəyirdi”. I Şah Abbasın həyata keçirdiyi
bütün işlər bir
siyasi və hərbi manevr
idi və tamamilə dağınıq ölkəni
birləşdirmək, iqtisadiyyatı bərpa etmək zərurətindən
irəli gəlirdi. Heç şübhə yoxdur ki, müəllif əsəri yazmazdan
qabaq həm səfəvi, həm də
osmanlı tarixinin o
dövrə aid mənbələrini dərindən
mənimsəmişdir. Əks təqdirdə belə gözəl
əsər hasilə gəlməzdi. Çox
təqdirəlayiq haldır ki,
yazıçı istinad etdiyi
o dövrün qaynaqlarını tarixi
yazışmaları ərəb və fars
sözlərindən təmişləmiş, bugünkü
oxucular üçün
oxunaqlı etmişdir. Yazıçı romantik xəyallardan daha çox tarixi faktların bütövlüyünü,
toxunulmazlığını qoruyub saxlaya bilmişdir. Lakin müəllif
əsərdə I Şah Abbas
haqqında bütün mənfi və
müsbət fikirlər qeyd edilsə də
bunların hansında onun haqlı olub olmaması göstərilmir. Çünki, elə işlər vardı ki, Şah Abbasa
həqiqətən də haqq
qazandırmaq olardı və ya əksinə.
Bu dövrdə mövcud olan kifayət qədər
ziddiyyətlər maraqlı bir debat roman yarada
bilərdi. Epiloqda isə dahilərin
divanına bənzər bir divan qurmaq olardı.
Romanın sonunda əsrlərdən bəri
Şah Abbasa atılan
böhtanlar sonucunda Şah müəllif tərəfindən həbs
olunur. E.Heseynbəyli əsərdə Şah Abbasla özü arasında maraqlı bir məhkəmə qurur.
Özü isə müstəntiq rolunda onu ittiham
edir. Sonda şahın
günahsızlığı sübut olunur, o azad
olunur və bugünkü
bağımsızlığımızı görüb
ürəkdən sevinir. Beləliklə də
Elçin Hüseynbəyli Şah Abbası Azərbaycan xalqına qaytara bildi. QEYD: Mənim
isə bir oxucu kimi qərarım belədir. Bu gün
onun haqqında səslənən
saysız- hesabsız mənfi fikirlərin əksəriyyəti
onun şəninə yaraşmır. Çünki Şah Abbas öz dövrünün
adamı idi. İnsanın insanı vəhşicəsinə
istismar etdiyi bir cəmiyyətdə insan
istəsə belə ədalətli ola
bilməz, ideal toplum
yarana bilməz.
Əsər məktəbli
gənclərdə vətənpərvərlik, tarixi keçmişimizə məhəbbət
yaratmaq baxımından olduqca
güncəldir. Güman edirəm ki, Təhsil Nazirliyi bu əsəri orta və ali məktəblərin
ədəbiyyat dərsliklərinə daxil
edəcək və bununla da
Səfəvilər dövrü tarixinə
aid bir sıra
qaranlıq məqamlara aydınlıq gətirəcək.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 12 iyun.- S.11.