Sosial problemlərin epik
lövhələrlə təsviri
Nəriman Həsənzadənin yaradıcılığında romantizmlə realizmin vəhdəti
Həyatda öz izi, öz yolu olan, heç kimə
bənzəməyən insanlar çoxdur. Ədəbiyyatda da
belədir. Bayağılıqdan uzaq, heç kəsi təkrar
etməyən, özündən sonra ya bir məktəb, ya da
bir iz qoymağa çalışan şairlər,
yazıçılar vardır. Nəriman Həsənzadə
kimi. Şair, dramaturq, ictimai xadim. Ən əsası isə
milyonlarla şeir pərəstişkarlarının sevimlisi
olan N.Həsənzadəni bugünki Azərbaycan şerinin nəhənglərindən
saymaq olar.
Nəriman Həsənzadənin
yaradıcılığında ilk diqqətimi çəkən
onun tarixi mövzulara daha çox yer verməsidir. Onun tariximizə dair yazdığı əsərlər
xronoloji ardıcılıqla tariximizin demək olar ki,
bütün əsas dövrlərini əhatə edir. Bu
mövzuda şair “Pompeyin Qafqaza yürüşü”, ”Atabəylər”,
“Zümrüd quşu”, ”Nəriman” və. b poemaları qələmə
almışdır. Poemalarının mövzu genişliyi
şairin tariximizi dərindən bilməsindən xəbər
verir. Çünki, o, yazdığı hər bir poemadan qabaq
həmin dövrün tarixini öyrənir və bu işə
böyük enerji sərf edirdi. Lakin o, təkcə Azərbaycan
tarixini bilməklə kifayətlənmir, antik tarixi də dərindən
bilirdi. Onun “Rəsul Həmzətova məktub” poemasında Araz
çayını nəzərdə tutaraq
yazdığı misralar bunu
sübut edir:
Qoca vergilinin
“Eneida”sı,
Danışıb bu
çaydan eradan əvvəl.
N.Həsənzadə
yaradıcılığını tarixi mövzularda əsərlər
yazan digər müəlliflərdən fərqləndirən ən
əsas cəhət ondadır ki, o, keçmiş hadisələri
romantik təxəyyüldə verməklə yanaşı
tarixi müasirliyi də qoruyb saxlayır. Onun tarixi mövzuda yazdığı elə
bir əsəri yoxdur ki, orada tarix təhrif olunsun. O, hər
hansı bir qəhrəmanı özü istədiyi kimi canlandırsa
da tarixi bütövlük qorunub saxlanılır.
Şairin
tarixi poemaları içərisində “Atabəylər”
xüsusi yer tutur. Əsər Azərbaycan tarixinin çox
maraqlı, maraqlı olduğu qədər də keşməkeşli
dövrü olan, xalqımızın tarixində silinməz iz
buraxan Şəmsəddin Eldənizin böyük zəhmət
bahasına yaratdığı Azərbaycan Atabəyləri (Eldənizlər) dövlətindən bəhs
edir. Əsərdəki hadisələr konkret olaraq
Naxçıvanda cərəyan etsə də burada söhbət
Dərbənddən Fars körfəzinə qədər uzanan
türk elindən vahid Azərbaycandan gedir.
Aran, Azərbaycan bütün məmləkət,
Bir bayraq altında birləşsin fəqət.
Əsər
türkçülüyü, azərbaycançılığı,
dövlətçiliyi təbliğ etmək baxımından
olduqca önəmlidir. Şairin məhz bu özəlliyini qeyd
edən sevimli alimimiz Nizami Cəfərov yazır: ”Nəriman Həsənzadə
mənsub olduğu millətə, həmin millətin tarixin hər
hansı dövründə qurduğu dövlət, millətin
dövləti ilə fəxr edən vətəndaş
şairdir. O xalqın ki, Nəriman Həsənzadə
kimi şairi var, onun dövləti də olmalıdır.
Çünki Nəriman Həsənzadə kimi şairi olan
xalqın dövləti olmaya bilməz”. Ümumiyyətlə
şairin xalqımızın milli azadlıq mübarizəsindən
bəhs edən bütün əsərləri qiymətlidir.
Bu tarixi poemaları qələmə almaqla o, öz xalqına
bir tarixçidən daha böyük xidmət göstərə
bildi.
Adətən sənət
adamlarından, şairlərdən hansı əsərinin daha
üstün olmasını soruşanda cavab verməkdə
çətinlik çəkirlər. Bir valideyn
üçün övladlarının hamısı bir
olduğu kimi, yaxud bir əlin beş barmağının
ağrısı bir olduğu kimi sənətkar
üçün, şair üçün də
yazdığı bütün əsərlər eynidir. Amma təbii
ki, hər bir şairin yaradıcılığının
şah əsəri olur. Zənnimcə “Zümrüd quşu”
poemasını Nəriman Həsənzadə
yaradıcılığının şah əsəri hesab
etmək olar. Tarixi faktlarla zəngin olduğunu nəzərə
alsaq əsəri tarixi poema da hesab etmək olar. Əsər o qədər
xoşuma gəlib ki, onu dəfələrlə oxumuşam. Ona
görə də bu poema haqqında bir az geniş dayanmaq istəyirəm.
Həcmcə çox da böyük olmayan poemada bir çox məsələlərə
toxunulur və xalqımızın milli mənəvi dəyərlərinin
qorunması baxımından böyük önəm kəsb
edir.
Qızlar
qeyrət olub, ağıl olublar,
Dağda
qar əriyir, seli başlayır.
Qızlar
qız doğulub oğul olublar,
Hər
xalqın ağ günü belə
başlayır.
Şair olduqca haqlıdır,
çünki, xalqımız əsrlər boyu namuslu qız-gəlinlərilə
fəxr edib. “Zümrüd quşu” mənim
uşaqlıq və gənclik çağlarımda silinməz
izlər buraxıb. Atam onu evimizə gələn hər
kəs üçün oxuyardı:
Dul qalmaq
yetimlik nişanəsiymiş,
Ər qadın ömrünün kaşanəsiymiş.
Sonralar gənckən dul qalan bir gəlinin
gizli hıçqırıqlarının şahidi oldum və
o zamandan Nəriman Həsənzadənin yuxarıdakı
misralarını daha çox dərk etməyə
başladım. Poemada:
Kimin
ürəyində bir duyğu varsa,
Deməz ürək səsi ötəri səsdir.
Məhəbbət
dünyada yetim qalarsa,
Bir könül ağrısı bir əsrə bəsdir.
-misralarını lirik şerin
yüksək nümunəsi hesab etmək olar.
Əsərlərində daim yenilik yaradan
şair həyatımızın elə bir sahəsi yoxdur ki,
ondan yazmasın. Bu günümüzdən
yazmaqla keçmişimizi də unutmur. Və
onun yazdığı hər bir tarixi əsər bu
günümüz üçün olduqca aktualdır.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov
yazır: ”Nəriman Həsənzadənin
tarixə müraciətində böyük bir mütəfəkkir
məsuliyyəti var ki, o həmin məsuliyyəti
tarixçilərdən də, siyasətçilərdən də
tələb etməkdə tamamilə
haqlıdır”. Ona görə ki, o, tarixi əsərləri
qələmə alarkən tarixi təhrif etmir. Tarixi təhrif edib hadisələri öz təxəyyülünə
uyğunlaşdıran şair və
yazıçıların əksinə olaraq. O,
xalqımızın milli azadlıq mübarizəsindən bəhs
edən bir neçə poemanın müəllifidir. Bu tarixi poemaları yazmaqla şair öz xalqına həqiqətən
də böyük xidmət göstərmiş oldu.
Nizami Cəfərov qeyd edir ki, ”Nəriman Həsənzadə
tarixin övladıdır. Onun
yaradıcılığı Azərbaycan ədəbiyyatının
məhz tarixi hadisəsidir”.
N.Həsənzadə lirik şairdir, məhəbbət
şairidir. Bunu şairin şeirlərinə
yazılmış mahnılar da sübut edir. Bu gün ən çox ifa olunan mahnıların
içərisində onu şeirlərinə
yazılmış çoxlu mahnıya rast gəlmək olar.
Lirik şerlərində təsvir etdiyi qəhrəman
öz sevgisinə ürəkdən bağlıdır.
O, sevgilisinin asta pıçıltısını belə
eşidir, sevgilisinin səsindən başqa heç bir səsi
duymur, sevgilisinin səsini eşitdiyi üçün həyata,
dünyaya minnətdarlıq edir.
Yenə səsin
gəldi qulaqlarıma,
Həyata, dünyaya minnətdaram mən.
Sən
asta pıçılda eşidim səni,
Özgəsi çağırsa onda karam mən.
Bu təmiz və ülvi məhəbbət
N.Həsənzadəyə böyük Füzulidən
keçib. Məcnun da özgə
qızlara baxandan sonra ağlamışdı. Səbəbini
soruşanlara ”Ağlayıram ki, gözlərimi
yuyum, təmizləyim, özgə qızlara
baxdığım gözlərlə Leyliyə baxmayım”. İnsan da böyük yaradanla ibadət zamanı
razi-niyaz edərkən ətrafında heç kimi
duymamalıdır. Necə ki, İnsan
sevdiyi ilə bir yerdə olanda heç kimi hiss etməməlidir.
N.Həsənzadə özü də məhz bu
sevgini ürəkdən yaşayır, əks halda belə
gözəl sevgi şeirləri yarana bilməzdi. Xalq
şairi B.Vahabzadə yazır: ”Hissi
şair kimi qələmə almamışdan əvvəl onu
insan kimi yaşamaq vacibdir. Bax, budur sənətin
nüvəsi, cövhəri, canı”. Böyük
şairimizlə razıyam. Amma, zənnimcə
burada bir ziddiyyət vardır. Məsələn,
Hafiz Şirazi bütün həyatı boyu məhəbbətdən
yazıb, bütün yaradıcılığında gözəlləri
vəsf edib. Halbuki bildiyimə görə
həyatında heç bir qadınla
yaşamamışdır. Nəriman Həsənzadə
haqqında ən tanınmış alimlər fikir söyləmişlər,
əsərlər, məqalələr yazmışlar.
Hörmətli qələm sahibi Salatın Əhmədli
şairin “Poylu beşiyimdən məktub” poemasına “Xalq
şairi Nəriman Həsənzadəyə Poylu beşiyindən
məktub” kitabını qələmə almışdır. Dünya şöhrətli alimimiz Nizami Cəfərov
isə şair haqqında “Nəriman Həsənzadə”
adlı bir kitab yazmışdır. Dörd fəsildən
ibarət bu kitabda N.Həsənzadə
yaradıcılığının müxtəlif şaxələri
təhlil olunur. “Bir şerin poetikası” bölməsində
N.Cəfərov şairin “Dilənənlər” şeirini təhlil
edir, bir sahə müvəkkilinin “Babək fərman verən
dildə, Sabirin asta-asta ağladı güldürən
şeirlər yazan dildə, Koroğlunun “Hoydu, dəlilərim,
hoydu” hayqıran dildə dilənməsini” yolverilməz hesab
edir. Əsərdə həmçinin N.Həsənzadənin
diplomatik bacarığından, şairin tarixi mövzulara
tez-tez müraciət etməsindən və onun “Ədəbiyyat”
qəzetindəki fəaliyyəti ətraflı təhlil
olunur.
“Şairlik özünəməxsus bir
diplomatiyadır” adlanan ikinci fəslində şairin diplomatik
bacarığından söhbət açır. Ümumiyyətlə bu əsərdə Nizami Cəfərov
şairin yaradıcılığının bir neçə
xüsusiyyətini göstərir Türkçülük,
müasirlik, milli estetik normativlik. Əsər
dövrünün eybəcərliklərinin real təsvirini
vermək baxımından bütün dövrlər
üçün aktualdır. 90-cı illərin
hadisələri baş verərkən Nəriman Həsənzadə
ona ziyalılardan ilk etiraz edənlərdən, haray salanlardan
oldu.
Azərbaycan
harayı var, içimdədi,
Nə ağırdır bu torpağın heysiyyəti.
Dərdin
alım, dərdlər eyni biçimdədi,
Fərqi varsa ağrısını çəkəndədi.
Namərd qonşuların öz məkrli
siyasətlərini xalqımız üçün çox
ağır bir zamanda həyata keçirmələri şairi
sarsıtdı.
Bizə
düşmən çıxıb dost dediyimiz,
Tarixin gör hansı mərhələsində.
Nəriman Həsənzadə
vaxtaşırı tənqidlərə də məruz
qalıb. Onu ən çox heç nəyi
dərinə varmamaqda, hər şeyi üzdən keçməkdə
suçlandırırlar. Abbas Hacıyev
“Yazıçı şəxsiyyəti və bədii
qanunauyğunluq” əsərində yazır: ”O,
belə ciddi, sosial problemlərin təsvirini geniş epik
lövhələrlə vermir. Kiçik detal
xarakterik hadisə fonunda oxucunu düşündürmək Nərimanın
şeirləri üçün daha səciyyəvidir. Lakin təəssüf ki, o, bəzən “kiçik”
hadisələri lüzumsuz yerə daha da xırdalayır, əhvalatlara
üzdən yanaşır, təsvirçiliyə varır və
özü-özünü təkrar edir”. Amma,
zənnimcə Nəriman Həsənzadə bir şair kimi
olduqca diqqətlidir. Onda güclü
yazıb yaratmaq fantaziyası var. O, hər hansı bir hadisənin
dərininə varır. Mirzə İbrahimov şairin
1987-ci ildə çap olunan seçilmiş əsərlərinə
yazdığı ön sözündə onun ən yaxşı
xarakteristikasını vermişdir: ”Xeyirə,
xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd,
bir insan olaraq o bəzən həyatın təzadlarını
unudur, hamı ilə çox yumşaq, mülayim rəftar
edir. Belə hallarda pisi yaxşıdan seçmək
çətin olduğu kimi, onu yaxşı tanımayanlara
xasiyyət davranışında çox şeylər sirli
qalır və anlaşılmaz görünür”. Güclü fəlsəfi düşüncəyə
malik olan şair bəzən dərin düşüncələrə
dalır, dünyanın hadisələri haqqında
düşünür. Onu maraqlandıran
suallara cavab axtarır.
Ürək
öz meylini ürəyə salır,
Ömür azaldıqca arzu çoxalır.
Bir insan bəşərin
qeydinə qalır,
Min fikir yurd salır bir başda dostum.
Öz Vətəninə ürəkdən
bağlı olan şair özünü vətənsiz, Vətəni
isə özündən ayrı təsəvvür etmir. Onun yaradıcılığının əhatə
dairəsinə nəzər saldıqda öz Vətəninə
sevgisinin miqyası bəlli olur. Şeirlərinin birində
yazır:
Xoşbəxtlik-
deyirlər- bax, o vətəndə yaşamaq deməkdir,
Vətənsiz yamandır- o insanı burulğandan
burulğana salır.
N.Həsənzadənin
yaradıcılığında lirik şeirlərlə
yanaşı ictimai motivli şeirlər də çoxdur. Bu baxımdan
onun gənclər üçün qələmə
aldığı “Kimin sualı var?” şerində:
Mənim
sualım var cavab ver bu gün,
Mən
axı nə qədər lal durmalıyam,
İndi əlimi
yox, görünmək üçün,
İndi mən səsimi qaldırmalıyam.
-deyərək cəmiyyətin eybəcərliklərini
etiraz edir. Heç də təsadüfi
deyildir ki, bu poemanı müasirləri “poetik dəqiqliyi ilə
seçilən”, “düşündürən poema”
adlandırırlar. Bəzən də
taleyindən şikayət edir. Lakin onun
yazdığı hər hansı bir şeir nikbin sonluqla bitir.
O, nədən yazırsa-yazsın əsərlərinin əsas
qayəsi xalqına xidmət, millətini xoşbəxt
görməkdir. Onu əsərlərinin əsas
mövzusu sadə xalq, xalq qəhrəmanları, bir fədakar
ana, bənzərsiz Azərbaycan təbiətidir. Onu bugünkü Azərbaycan ədəbiyyatının
nəhəngi hesab edənlər tamamilə haqlıdırlar.
Əvəzsiz alimimiz olan Nizami Cəfərov yazır:
“Əsrimizin ikinci yarısında sosial estetik problemləri
yaradıcılığında bütün miqyası ilə əks
etdirən Nəriman Həsənzadə böyük
S.Vurğundan sonrakı dövrün elə bilirəm ki, ən
gözəl şairidir”.
Böyük mütəfəkkir olan N.Həsənzadə
öz yaradıcılığına tənqidi yanaşan
şairlərimizdəndir. Zənnimcə
o haqqında yazmaq istədiyi hadisəni dönə-dönə
düşünür. İşlətdiyi
hər bir sözün sahibidir. Böyük Füzuli kimi
sözü az və vaxtında işlətmək
istəyir. Yazdıqlarının məsuliyyətini dərindən
dərk edir:
Söz
var desəm köçürərlər, yazılar,
Söz
var yaxşı, söz var yaman yozular.
Ürəyimiz
yaralanar, pozular,
Öz
sözünü bilməyəndə dil bir az.
Yazdıqlarının məsuliyyətini dərindən
dərk edən, onları müdafiə etməyi bacaran
şair:
Qalsam-kimliyimə
cavabdehəm mən,
Getsəm-kimliyimi Vətəndən soruş.
-deyir
Nəriman Həsənzadə təbiətin
ona verdiyi uzun ömürdən, fitri istedaddan bacarıqla
istifadə etmişdir. Lakin bütün bunları
özünə bəs bilmir və “Bir az möhlət istəyirəm
ömürdən”- deyir.
Yaradıcı insanlar iki cür olur. Onların bir qismi tarix yazır, digər qismi isə
öz adlarını tarixə yazırlar. Nəriman
Həsənzadə isə həm tariximizi yazır, həmdə
öz adını Azərbaycan tarixinin ən şanlı səhifəsinə
yaza bilir. Azərbaycan poeziyasının nəhəngi
olan N.Həsənzadə ədəbiyyatımıza ona
qədər olmayan çox şeylər gətirdi və
bununla da “güclü bir üslub, güclü bir məktəb
yaratdı” (N. Cəfərov). O,
çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızı
zəhginləşdir. Bu gün bütün varı-yoxu tək
yaradıcılığından və bir də qələmdən
ibarət olan şair, elə bu qələmlə də
xalqının xidmətində daim vardır:
Bu
geniş dünyada öz aləmim var,
Sənlə
sevincim var, sənsiz qəmim var.
Dünyada
var-yoxum bir qələmim var,
Sənin xidmətində daim varam mən.
Yeqzar Cəfərli
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq cərəyanlarının izlənməsi
və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 13 iyun.- S.12.