Qalibiyyət Missiyası

 

Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir. Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan çıxış yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var.

Məsələn, birincici dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı. İkinci dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də ikinci dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qol şəxsiyyəti dayandı. 1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi – siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaqöz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi. Doğrudan da, böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaqya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən gündən günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. Digər tərəfdən, sovet imperiyası hələ özünün dağılma prosesinin içində ikən özündən qopan milli dövlətlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü. Bu məqsədini heç olmasa gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı. Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklində göstərirdi. Sovet imperiyasının perifieriyasında yenicə yaranmaqda olan milli dövlətlərdə imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq qədər zəngin təcrübə, dərin siyasi düşüncə və siyasi iradə sahibləri çox az idi. Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı Azərbaycanda cərəyan edən hadisələr daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və hərtərəfli dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu. Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar. Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar, əksinə, Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər. Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi - siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı. Bu prosesin özürahat keçmədi. Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xaricidaxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginlik vəziyyətini aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əlieyv zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xaricidaxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı. Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının Sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu. Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeniçox mürəkkəb bir şəraitdə Azərbaycanın sonrakı inkişafın yolunu düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaqbunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu. Son 20 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosialhumanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolubu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır. Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi. Zamanın sınaq anında o, bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır, Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.

 

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru

 

Olaylar.- 2014.- 18 iyun.- S.4.