Cavid yaradıcılığından bəhs edən mükəmməl əsər

 

Azərbaycan ədəbiyyatının böyük romantik şairi Hüseyn Cavidin yaradıcılığının öyrənilməsi bu gün də aktual olaraq qalır. Şairin ədəbi yaradıcılığına həsr olunmuş bir sıra ədəbiyyat olsa da, günümüzdə də Cavid yaradıcılığına müraciət edən çoxsaylı yazarlarımız var. Hüseyn Cavid haqqında işıq üzü görən nəşrlərdən biri də Əjdər Tağıoğlunun müəllifi olduğuHüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabıdır. Hüseyn Cavid yaradıcılığına həsr olunmuş bir sıra ədəbiyyat olsa da, bu monoqrafiya ciddi axtarışları və bir çox yenilikləri ilə diqqəti cəlb edir. Xüsusilə, araşdırıcının tədqiq etdiyi mövzuya baxış dairəsi maraq doğurur.

Romantizmin nəzəri-estetik mahiyyətinin dərkində daha çox dünya ədəbiyyatının inkişafını anlamaq baxımından “açar” problemlərin ən vaciblərindən biri demonizm problemidir. Əjdər Tağıoğlu zəngin elmi-tarixi, bədii və mifoloji materiallar əsasında  bu günkü Azərbaycan torpağında məskunlaşmış qədim türkdilli tayfaların birləşməsində və millət kimi formalaşmasında  Zərdüşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirilmələrlə əsaslandırmağa çalışır. Müəllifin demonizm termininin iki məna daşıması fikri həqiqətdir, elmi-nəzəri konsepsiyası dəqiq və aydındır.  Əlbəttə, demonizm insan ruhuna xas olan gözəllik və əzəmətlə yanaşı, hər şeyi inkar edən, şərin dağıdıcı qüdrətini özündə təcəssüm etdirir. Əjdər Tağıoğlu yazır ki, Şərqin bədii-fəlsəfi fikrinə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda orijinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyəti, Cavid sənəti, Cavid təbiətinə xas olmuşdur. Cavid ilhamının qaynaqları sistemində zərdüştiliyin-ona inanmağın, nurla zülmətin mübarizəsi haqqında təsəvvürlərin əhəmiyyətini araşdırmaq, bu mifoloji görüşləri dünya mədəniyyəti səpgisində izləmək elmdə gərəkli işdir. Cavid şeriyyətində zərdüştrilik sisteminin  əks-sədası qabarıq şəkildə özünü göstərir. Burada hər zaman  işığa, parlaq ideala can atmış ulu babalarımızın saflığı və mərdanəliyi ilə yanaşı, onların psixoloji mürəkkəbliyi, dərinlik, kamillik, ləngərliyinin təsviri də  diqqəti cəlb edir. Müəllif kitabın ikinci fəsilində “Hüseyn Cavid poeziyasında “İblis” faciəsinə qədər mifolojidemonik motivlər” başlıqlı yazısında maraqlı bir sual ortaya qoyur. Belə ki,  dünya demonizm poeziyasını Cavid demonizmi ilə əlaqələndirən, bir-birinə bağlayan, başqa sözlə tarixin dərinliklərindən süzülüb XX əsrə qədər gələn tamvahid ədəbi hadisə kimi birləşdirən “mənəvi körpüolmuşdurmu? Bəlkə Cavidin bədii irsi dünya mədəniyyətinə ikinci bir yolla deyil, məhz birbaşa başlanır? Elə Əjdər Tağıoğlu sual olaraq ünvanladığı mühüm məsələlərə özü aydınlıq gətirir və qeyd edir ki, dünya romantizmi ilə Cavid yaradıcılığını birləşdirən “mənəvi körpünüyada salmamaq bizi böyük bir tarixi həqiqətdən uzaqlaşdıra bilər. O zaman nəinki Cavid yaradıcılığının, ümumiyyətlə XX əsr Azərbaycan romantizminin sənət-estetik imkanları təsadüfi hadisə kimi göydən asılı qalar.  Bundan başqa “mənəvi körpünü” ötəri də olsa nişan verməsək Cavid romantizmini dünya ədəbiyyatında tam proses kimi izləmək bir qədər çətinləşər, şairin varislik mövqeyini də aydınlaşdırmaqda qeyri-səmimiliyə gətirib çıxarmış olar.

 

F.Məhəmməd

 

Olaylar.- 2014.- 19 iyun.- S.8.