Diaspor rəhbərləri KİV-lərlə

işləməyə maraqlıdırmı?

 

Müasir informasiya kommunikasiya texnologiyalarının inkişafı bütün sahələrə öz təsirini göstərməkdədir. Hazırda hər bir sahədə bu vasitələrdən geniş şəkildə istifadə edilir. Müasir informasiya kommunikasiya texnologiyalarından istifadə diaspor üçün də mühümdür. Düzdür, əksəriyyət diaspor təşkilatları internet resurslarına malikdir və onların fəaliyyətləri, gördükləri işlər və həyata keçirdikləri layihələr mənsub olduqları internet saytlarında öz əksini tapır. Ancaq bud a danılmaz bir faktdır ki, diaspor təşkilatlarının fəaliyyətlərinin geniş oxucu kütləsinə çatdırılması üçün kütləvi informasiya vasitələri ilə iş daha önəmlidir. Etiraf etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən əksəriyyət kütləvi informasiya vasitələrində diaspor fəaliyyəti, ayrı-ayrı təşkilatların gördükləri işlər barədə məlumatlar əksini tapır.

KİV-lər həmin məlumatlar bir qayda olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərlərdən alır. Ancaq eyni zamanda birbaşa diaspor təşkilatları ilə əlaqələr quran, təşkilat rəhbərlərindən müsahibələr dərc edən, onların fəaliyyəti barədə cəmiyyəti məlumatlandıran mətbu orqanlar, xəbər portalları da var. Maraqlıdır ki, diaspor təşkilatları bu kimi kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etməyə, onların sorğularını cavablandırmağa nə dərəcədə maraqlı olurlar? Ümumiyyətlə, diaspor təşkilatlarının rəhbərlərindən almaq, onlarla əlaqə yaratmaq nə dərəcədə asan və ya çətindir? Məsələ ilə bağlı bir sıra kütləvi informasiya vasitələri rəhbərləri, eləcə də diaspor sahəsində aktiv olan insanlarla əlaqə saxlayıb onların mövqeyini öyrəndik.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev  Azərbaycanı xaricidə təmsil edən diaspor təşkilatlarının sayının və onların fəaliyyətlərinin xeyli dərəcədə güclənməsinin sevindirici hal olduğunu qeyd edib. Baş redactor onu da təəssüf  hissi ilə qeyd edib ki, diaspor təşkilatlarının istər yaşadıqları ölkələrdə, istərsə də Azərbaycanda fəaliyyət göstərə media, kütləvi informasiya vasitələri ilə əlaqələri istənilən səviyyədə deyil: “Sanki diaspor təşkilatları özləri üçün çalışırlar”. Niyaz Niftiyevin sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə bağlı informasiyalar yaymasa, demək olar ki, həmin təşkilatların fəaliyyətindən xəbərsiz olarıq: “Diaspor təşkilatlarımızın rəhbərləri media ilə işləmirlər, və yaxud da işləmək istəmirlər. Biz yalnız onlarla Bakıda olanda təmas qura bilirik”. Baş redaktor onu da bildirib ki, diaspor mövzusu “Azadinform” İnformasiya Agentliyinin daimi gündəmindədir: “İnformasiya Agentliyi olaraq xaricdə fəaliyyət göstərən diaspor təşkilatları barədə bu və ya digər yolla informasiya əldə edib, saytımızda yerləşdirməyə çalışırıq. Bir müsbət məqamı da qeyd edim ki, son zamanlar bu işdə bizə Diaspor Jurnalistlər Birliyi də yardımçı olur. Diaspor Jurnalistlər Birliyi xaricidə yaşayan diaspor təşkilatları rəhbərləri ilə müsahibələr götürərək bizə və digər media orqanlarına göndərirlər. Biz də öz növbəmizdə bu yollarla boşluğu doldurmağa çalışırıq”.

Avrasiya İnformasiya Agentliyinin (www/avrasiya.net) təsisçisi və baş direktoru Cavid Şahverdiyev də deyir ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələri onu yetərincə qane etmir: “Düzdür, yerli mətbuatda ara-sıra diaspor təşkilatı rəhbərlərinin müsahibələrinə rast gəlirəm. Sözün açığı, ancaq fəaliyyətlərini daha çox işıqlandırdıqlarını qəbul etmirəm. Heç bir diaspor təşkilat rəhbərinin kütləvi informasiya vasitələrində müsahibələrində media ilə əlaqələrinin qurulması təkliflərinə rast gəlmirəm. İş ondadır ki, bizim media yalnız onları axtarır. Ancaq diaspor təşkilatlarının rəhbərlərinin özləri Azərbaycanın kütləvi informasiya vasitələrinə çıxmaqda o qədər də maraqlı deyillər”. Baş direktor onu da vurğulayıb ki, bu iradını heç də hamıya şamil etmir: “Şəxsən bizim sayt üçün Rusiya Federasiyası və Ukraynadakı diaspor təşkilatlarıyla əlaqələr qurmaq çətindir. Facebook sosial şəbəkəsində olan dostlarım arasında yetərincə həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatı rəhbərləri var. Amma sorğularıma cavab vermirlər. Çünki, onların çoxunun başı biznesə qarışıb və fəaliyyətlərini daha çox bu istiqamətə yönləndirlər. Dediklərimlə bağlı bir məqamı xatırladım. Bir müddət öncə mən Moskvada beynəlxalq tədbirdə iştirak edərkən Rusiyanın Gürcüstandakı keçmiş səfiri Feliks Stanevski mənlə söhbətində Rusiya Federasiyasındakı Azərbaycan diaspor təşkilatlarından gileyləndi. O, mənə bildirdi ki, Moskvada keçirilən əksər tədbirlərdə iştirak etmək üçün onlara dəvətlər göndərilsə də, lakin gəlib iştirak etmirlər. Onun dedikərindən: "Ermənilərin bizə yaxınlaşmasına ehtiyac yoxdur, onsuz da onlar bizə yaxındırlar, aramızdadırlar. Amma  biz istəsək belə.azərbaycanlılar bizə yaxınlaşmırlar. Hətta mediaya belə çıxmırlar". Onun sözündən belə çıxdı ki, bizim oradakı nümayəndələrimizin Rusiyanın yuxarı təbəqəsi ilə əlaqə qurmaqda maraqları yoxdur. Başları diaspor quruculuğuna yox, daha çox biznesə qarışıb”. Cavid Şahverdiyev bildirib ki,  Hollandiyada bir diaspor təşkilatı rəhbəri var və onunla tez-tez danışır, əlaqə yaradır:  “Bir ayağı Avropadadır, bir ayağı Asiyada. Ancaq hələ də ondan müsahibə almaq mənə nəsib olmayıb. Çünki biznesindən vaxt tapa bilmir”. Baş director onu da deyib ki,  rəhbərlik etdiyi saytın e-mail ünvanına xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən keçirilən tədbirlərlə bağlı ara-sıra məlumatlar daxil olur: “Amma məlumatlar gələn diaspor təşkilat rəhbərindən daha geniş hansısa açıqlama almaq müşkül məsələyə çevrilir. Onlarla əlaqə qura bilmirik. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin bəzi Avropa ölkələrindəki nümayəndələri ilə də əlaqə yarada bilmirik. Daha doğrusu, əlaqə yaratsaq da suallarımızdan qaçırlar”. Cavid Şahverdiyev diaspor təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələrinin genişləndirilməsi məqsədilə bəzi təkliflər də səsləndirib: “Mənə elə gəlir ki, diaspor təşkilatlarımızla kütləvi informasiya vasitələri arasında əlaqələri möhkəmləndirmək lazımdır. Həmçinin bizim üçün əlçatmaz olan bəzi diaspor təşkilatı rəhbərləri ilə Diasporla İş üzrə Dövlət Komitəsi hər ay virtual görüş təşkil etməlidir. Təyin edilən vaxtda skayp vasitəsilə həmin təşkilat rəhbəri ilə danışmalıyıq”.

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin sözlərinə görə, bir çox fəal diaspor nümayəndələri cəmiyyət tərəfindən o qədər də tanınmırlar. Birlik sədri deyir ki, bəziləri burada medianı günahlandırırlar: “Amma bu faktdır ki, əvvəlki illərlə müqayisədə bu gün kütləvi informasiya vasitələrində diaspor mövzusuna xüsusi diqqət göstərilir. Məsələn, aidiyyati dövlət qurumu mütəmadi olaraq diaspor təşkilatlarının gördüyü işlərlə bağlı xəbərləri mediada yayır. Eyni zamanda media orqanları özləri fərdi olaraq diaspor mövzusunda materialları dərc edirlər. Xüsusən son illər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi KİV layihələri və fərdi jurnalist yazıları ilə bağlı müsabiqələrdə diaspor mövzuna yer verilir. Fondun elan etdiyi KİV layihələri müsabiqəsində diaspor mövzusu istiqaməti üzrə qalib olan media orqanları müxtəlif səpkili yazılar dərc edirlər. Bu da nəticədə diaspor mövzusunun kütləvi informasiya vasitələrində daha çox işıqlandırılmasına gətirib çıxarır. Məhz bunun da nəticəsidir ki, artıq, diaspordan yazan jurnalistlər şəbəkəsi yaranıb. Yəni bu gün Azərbaycan mediası diaspor mövzusuna və ya diaspor nümayəndələrinin mediada işıqlandırılmasında daha çox maraqlıdır. Çünki bu gün Azərbaycan həqiqətlərinin dünyada təbliği işi prioritetdir. Bu işi də əsas həyata keçirən qüvvə diasporumuzdur. Məhz buna görə də media diasporla işləməyə, onun fəaliyyətindən yazmağa maraqlıdır. Amma bəzən biz praktikada bəzi diaspor nümayəndələrinin mediaya yaxınlıq etmək istəklərinin olmadığının şahid oluruq. Hətta belə diaspor nümayəndələri ölkəyə gələrkən belə, mediaya çıxmağa maraqlı olmurlar. Məsələn, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçirildi. Bu tədbirdə bir sıra diaspor üzvləri də iştirak edirdilər. Amma onlar elə səssiz-səmirsiz gəlib getdilər ki, heç birindən medianın xəbəri olmadı. Demək olar ki, heç birini mediada görə bilmədik. Hətta bəziləri bizə Bakıya gələndə əlaqə saxlayacaqlarını belə, demişdilər. Amma heç biri Bakıda olanda əlaqə saxlamadılar. Bunun hər hansı inciklik və ya inamsızlıq olduğunu anlamaq olmur. Hər halda diaspor təşkilatlarının bu “soyuqluğu”nun səbəbi ciddi araşdırılmaldır”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 24 iyun.- S.15.