“Azərbaycan diasporunun
fəaliyyəti məni az da
olsa qane edir”
Tengis
Sade Baron zu Romkerhall: ” Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası
Ukraynadakı və Antalyadakı diaspor təşkilatları ilə
sıx əlaqədədir”
Bu gün
Avropa məkanında Azərbaycan diasporunun ən güclü
olduğu ölkələrdən biri də Almaniyadır.
Soydaşlarımızın sayı baxımından da Almaniya digər Avropa ölkələrindən fərqlənir.
Hazırda Almaniyada onlarla
Azərbaycan diaspor təşkilatı fəaliyyət
göstərir ki, onlardan
da biri Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi
Şurasıdır. Azərbaycan Diasporunun
Almaniyadakı Mərkəzi Şurası 2007-ci ilin yanvar ayından fəaliyyət
göstərir.
Mərkəzi Şuranın məqsədi –
Almaniyanın bütün həyat əhatəsində
yardıma ehtiyacı olan Azərbaycan diasporuna kömək
göstərilməsi, onların bərabər hüquqa
olmalarının təmin edilməsi, xüsusilə praktiki
yolla həyat üçün gərəkli olan
yardımın göstərilməsi, hüquqi məsləhətlərin
verilməsi və göstərilməsi, vətəndaşlarımızın
maraqlarını bütün ictimai səviyyələrdə
təmsil edilməsi və həmçinin Almaniya Federativ
Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti,
musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər
dövlət və qeyri dövlət idarələrilə Azərbaycan
Respublikası arasında sıx əlaqələrin
yaradılmasıdır. Almaniyadakı
Azərbaycan Diasporunun Mərkəzi
Şurasının prezidenti həmyerlimiz
cənab Tengis Sade Baron zu Romkerhalldır. Təsadüfi
deyil ki, məhz
yuxarıda sadalanan istiqamətlər
üzrə uğurlu fəaliyyət
göstərdiyinə görə Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası
Almaniyadakı ən aktiv diaspor
təşkilatlarından biri hesab edilir. “OLAYLAR”-a verdiyi müsahibədə Tengis
Sade Baron zu Romkerhall rəhbərlik
etdiyi qurumun
qarşısında duran vəzifələr,
yaxın vaxtlar üçün
həyata keçirəcəyi layihələr və tədbirlər
barədə danışıb.
-Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurasının qarşısına qoyduğu başlıca vəzifələr hansılardır və Mərkəzi Şuranın yaxın aylar üçün nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-Almaniyadakı
Azərbaycan Diasporunun Mərkəzi
Şurasının məqsədi Almaniyanın bütün
həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan diasporuna
kömək göstərilməsi, onların bərabər hüquqa malik
olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan
yardımın göstərilməsidir. Bununla yanaşı Almaniyada yaşayan azərbaycanlılara məsləhətlərin verilməsi,
onlara maddi və hüquqi yardımın göstərilməsi,
soydaşlarımızın maraqlarının bütün
ictimai səviyyələrdə təmsil
edilməsi, həmçinin Almaniyada yaşayan əhalinin Azərbaycan mədəniyyəti,
musiqisi, tarixi və
siyasəti ilə tanış etməkdir. Eyni
zamanda Mərkəzi Şuranın məqsədi
digər dövlət və qeyri-dövlət idarələri
ilə Azərbaycan arasında sıx əlaqələrin
yaranmasıdır. Yaxın aylar
üçün nəzərdə tutulan layihələrə gəlincə isə,
ermənilər tərəfindən zəbt edilmiış
torpaqlarımızın azad olunması və
Almaniyanın bu məsələdə daha fəal iştirak etməsilə
əlaqədar Almaniyanın Yever şəhərində
imza toplanması aksiyası nəzərdə
tutulur. Toplanılan imzalar birbaşa
Almaniyanın Bundestaqına göndəriləcək. İyulun 19-u
tarixində isə Almaniyanın Ebersüalde
şəhərində keçiriləcək beynəlxalq boks çempionatında 2015-ci ildə
Bakıda keçiriləcək ilk Avropa Olimpiya
Oyunlarının keçirilməsi barədə təbliğat
aksiyası keçiriləcək.
Aksiya
çərçivəsində burada videostend quraşdırılacaq, bukletlər və
sair paylanacaq.. Həmçinin
Milli Qəhrəman Çingiz
Mustafayevə həsr edilmiş xatirə
gecəsi, Almaniyanın Maqdeburq şəhərindəki
Dövlət Musiqi Konservatoriyasında bəstəkar
Üzeyir Hacıbəyovun doğum
gününə həsr edilmiş xatirə
gecəsi keçiriləcək.
-Almaniyadakı Azərbaycan Diasporunun Mərkəzi Şurası olaraq bu gün Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətini, vəziyyətini necə dəyərləndirirsiniz?
-Mən hər zaman çıxışlarımda bildirirəm
ki, əgər bir
şəhərdə 50-70 azərbaycanlı yaşayırsa,
deməli 9-10 yeni təşkilat təsis
etmək olar. Mən bir
hüquqşünas kimi,
bu təşkilatların təsis edilmələri
üçün bütün
hüquqi sənədləri təmənnasız
olaraq hazırlayıram. Keçən ildən
bu günə qədər 15 yeni təşkilat təsis etmişik.
Nə qədər çox sayda diaspor təşkilatlarımız
təsis olunub fəaliyyət göstərərsə
- bu bizim xalqın səsi,
gücü deməkdir. Əgər, bir aksiyanın
keçirilməsi üçün bir müraciət göndərilirsə və ya hər hansı bir problemin həlli üçün
bir təşkilat müraciət
edirsə, indi artıq 10 təşkilat
müraciət edəcək və bu da yaranan problemin
həlli üçün çox
keyfiyyətli bir nəticə verə bilər.
1990-cı illərdə Almaniyada təxminəm
250-300 diaspor təşkilatı var idisə, indi isə
onların sayi 3500-dən çoxdur.
Fəaliyyət barədə onu qeyd etmək istərdim ki,
fəallarımız var və getdikcə
sayları artmaqdadır. Məsələn, fəallardan
Bielefeld şəhərində Alman-Azərbaycan
Mədəniyyət Mərkəzini rəhbəri Təranə
Tağıyevanı, Hannoferdəki “Xəzər” Cəmiyyətinin
rəhbəri Etibar Qəniyevi, Kölndəki
Alman-Azərbaycan Mədəniyyət evinin
rəhbəri Ağa Ağayevi,
Alman-Azərbaycan Gənclər Birliyinin
rəhbəri Elnur Rixteri,
Alman-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin
rəhbəri Azad Əzizovu və sairələrini
nümunə gətirmək olar. Əlbəttə,
təşkilat rəhbərləri maariflənməlidirlər.
Mənə zəng edəndə, əlbəttə mən bütün nüansları onlara
başa salıram. Amma
çoxları mənə “əziyyət” verməmək üçün müraciət etmirlər,
özləri istədikləri kimi fəaliyyət
göstərirlər. Lakin son
illərdə Diasporla İş
üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının Almaniyadakı səfirliyi tərəfindən
forumlar, tədbirlər keçirilir.
Burada fəallar birlikdə görüşüb
məsləhətləşir, bir-birinə məsləhətlər
verirlər.
-Ümumiyyətlə, bu gün Azərbaycan diasporunun fəaliyyəti sizi qane edirmi? Diasporumuz Azərbaycanı dünyada tam mənada tanıda bilirmi?
-Bu
günkü Azərbaycan diasporunun
fəaliyyəti məni az da
olsa qane edir. Bir çox
təşkilatlar maliyyə dəstəyində çətinlik
olmasından bəhs edirlər. Öz
qüvvələrilə nə bacarırlarsa onu
da edirlər və bu da çox cüzidir.
Amma tələb olunan
maddi dəstək olsa,
təşkilatlar əllərindən gələni əsirgəməzlər.
Mən buna inanıram. Hesab
edirəm ki, 2011-ci ildəki “Avrovizion” qələbəsindən sonra Azərbaycana olan
münasibət yeni eraya
keçib. Almaniyada yaşayan əhali xalqımızın tarixi, mədəniyyəti ilə
maraqlanırlar. Mən bunu keçirdiyim
görüşlərdəki suallardan
görürəm.
-Bu gün Almaniyada yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemləır hansılardır və sizin rəhbərlik etdiyiniz Mərkəzi Şura həmin problemlərin həlli istiqamətində hansı işlər görür?
-Almaniyada yaşayan azərbaycanlılar arasında o qədər də problem yoxdur. Olan problemləri də mən artıq həll etmişəm və mənə müraciət etdikdə, çalışıram ki, həmin problemləri həll edim. Məsələn: uzun müddət ərzində Almaniya hakimlərinin ermənilərin Dağlıq Qarabağa süni məskunlaşmasına dair verilən qərarların son qoyulması ilə əlaqədar əlimdə olan faktlar əsasında Bundestaqa müraciət etdim. İndi artıq bu barədə heç bir hakim belə bir qərar vermir. Mənə elə gəlir ki, bu mənim ən böyük qələbəm idi Problemlərin həlli istiqamətində peşəkar hüquqşünas olduğum üçün, bu problemləri yalnız biz həll edirik. Facebook sosial şəbəkəsi vasitəsilə hər həftə təmənnasız hüquq məsləhətlərinin verilməsi barədə reklam veririk.
-Bəs, Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədidir və sizin keçirdiyiniz tədbirlərə səfirlik dəstək verirmi. Çünki cənab prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III Qurultayında səfirliklərə diaspor təşkilatları ilə sıx əməkdaşlıq etməyi tövsiyyə etmişdi?
-Səfirlik rəhbərliyinin və ən əsas Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri xanım Samirə Patzer-İsmayılovanın bu sahədə əməyi çox böyükdür. Ümumiyyətlə, səfirliklə və Koordinasiya Mərkəzi ilə sıx əməkdaşlıqdayıq.
-Almaniyadakı Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabəırlik, həmrəylik varmı?
-Tədbirlərdə,
forumlarda tanış olduqda,
əlbəttə biri-birimizi dəvət edirik, sıx əlaqə saxlayırıq. Amma elə təşkilatlar da
var ki, təsis edildikdən
sonra onlara zəng edib təbrik edirik, təmənnasız olaraq
bütün məsələlərdə
kömək göstərəcəyimizi bildiririk.
Onlar da öz növbələrində bildirirlər ki, biz heç
kəsdən asılı olmaq istəmirik
və heç kimin dəstəyinə
ehtiyacımız yoxdur.
-Digər ölkələrin diaspor təşkilatları, xüsusilə türk təşkilat və cəmiyyətləri ilə əlaqələr hansı səviyyədədir?
-Almaniyadakı Azərbaycan
Diasporunun Mərkəzi Şurası
Ukraynadakı və Antalyadakı diaspor təşkilatları
ilə sıx əlaqədədir. Biz
Almaniyadakı türk təşkilatlarına
məlumatlar göndəririk, istəyən bizə müraciət
edir. İstəməyəni isə məcbur
edə bilmirik. Amma heç kim bu günə qədər bizə müraciət
etməyib.
-Sizcə, diaspor sahəsində hansısa problemlər mövcuddurmu və daha ciddi uğurlara imza atmaq üçün siz nələri təklif edərdiniz?
-Hesab edirəm ki, müntəzəm
olaraq forumlar, seminarlar keçirilməlidir. Təşkilatlar
bu tədbirlərdə digər fəalların
fəaliyyəti ilə tanış olmalıdırlar, məsləhət
almalıdırlar. Eyni zamanda
görəcək işlərini
planlaşdırmalıdırlar. Düşünürəm
ki, bu ən çox türkdilli xalqlar arasında olsa
müsbət effekti lap
çox olar. Ən əsası sizin
kimi xalqını sevən, işini sevən jurnalistlər təşkilatlarla
əlaqə saxlayıb məqalələr yazsa,
şərhlər aparsa, mənə elə
gəlir ki, bu təşkilatların
fəaliyyətinə ən
gözəl bəhrə verə bilər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 25 iyun.- S.15.