Kanadada Azərbaycan

diasporunun formalaşma tarixi

 

Azərbaycan tarixində ikinci dəfə dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi diaspor sahəsinə də ciddi diqqət ayırmağa başladı. Bu sahəyə ayrılan diqqət və qayğı tezliklə Azərbaycan diasporunun formalaşması, inkişaf etməsinə gətirib çıxardı. Sevindirici haldır ki, bu gün dünyanın əksər ölkələrində Azərbaycan diaspor təşkilatları, cəmiyyət və dərnəkləri fəaliyyət göstərir.

Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi ölkələrdən biri də Kanadadır. Hazırda Kanadada 170 minə qədər azərbaycanlının yaşadığına dair məlumatlar var. Onların əksəriyyətini cənublular və türkiyəli azərbaycanlılar təşkil edir. Cənublu soydaşlarımız güclü maddi və intellektual imkanlara malikdirlər. Azərbaycanlıların Kanadaya mühacirəti əsasən XX əsrin əvvəllərindən etibarən başlayıb. Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, bununla paralel olaraq Azərbaycan Demokratik Respublikasının süqutu soydaşlarımızın Kanadaya mühacirətini intensivləşdirmişdir. Lakin kütləvi mühacirət 1940-cı illərdən sonra baş verib ki, bunun nəticəsində soydaşlarımız Ontario, Ottava, Monreal, Kvebek və digər şəhərlərdə məskunlaşıblar. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Kanada azərbaycanlılarının fəaliyyətində canlanma yaranmışdır. 1989- 90-cı illərdə Şimali Azərbaycandan Kanadaya mühacirət prosesinin güclənməsi buradakı diasporumuzun daha da təkmilləşməsinə şərait yaratdı. Azərbaycanlıların Kanadada təşkil etdiyi tədbirlər siyahısına etiraz çıxışları, lobbiçilik, kütləvi infomasiya vasitələri sahəsində təbliğat, ikitərəfli əlaqələr, Kanada-Azərbaycan münasibətlərinin inkişafı və s. daxildir. İlk zamanlar güclü erməni və yunan icmalarının müqaviməti ilə üzləşən soydaşlarımız birgə fəaliyyət nəticəsində müəyyən qədər onları neytrallaşdırmağa nail olmuşdur. Kanada azərbaycanlılarının kütləvi informasiya vasitələrində fəaliyyətini qismən müsbət qiymətləndirmək olar. Burada 1992-ci ildən etibarən təbliğat işinə diqqət yetirməyə başlayıblar. Hazırda Kanadada azərbaycanlılar tərəfindən təsis olunmuş "Odlar Yurdu" (www.radioodlaryurdu.com) yayımlanır. Bundan başqa,  əvvəllər "Qurtuluş" jurnalı yayınlanırdı. Sonradan onu "İldırım" jurnalı əvəz elədi. İlk zamanlar "Azerbaijan Post" qəzeti nəşr edilirdi. Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə KanadadaAzCan TV” adlı Azərbaycan telekanalı açılıb. Kanada Azərbaycan Dərnəkləri Federasiyası ilə RO GERS TV arasında bağlanan müqaviləyə əsasən, sentyabrın 1-dən efirə çıxan “Az Can TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla RO GERS TV-nin nəzdində fəaliyyət göstərir. Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biriAlberta Azərbaycan Mədəniyyət Mərkəzidir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzi Kanada Azərbaycan Təşkilatları Assambleyasının  üzvüdür. Mərkəz 2006-cı ildə təsis edilmişdir. Mərkəzin məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü  rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Bu baxımdan Mərkəz tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sabina İskəndərovadır.

Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası-Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilmişdir. Assosiasiyada Kanadanın müxtəlif  yerlərində fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan həqiqətlərinin yayılması, respublikamız barədə dolğun  təsəvvürün formalaşdırılması istiqamətində qurmuşdur. Assosiasiya, həmçinin, Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası bundan başqa Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır. Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatcılığı ilə aksiyalar təşkil olunur. Hazırda assosiasiyanın fəaliyyəti  müsbət  nəticələr verməkdədir. Dünyanın tanınmış ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada keçirdiyi  tədbirlərə qatılması ilə bir sıra uğurlar əldə edilmişdir. İndi bu ölkənin ictimaiyyəti də Azərbaycan barəsində ətraflı məlumatlanmaqdadır. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundovdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 26-27 iyun.- S.10.