Latviyada Azərbaycan
diasporunun formalaşma tarixi
Azərbaycan
diasporunun fəaliyyət göstərdiyi ölkələrdən
biri də Latviyadır. Təxminən 2 minə yaxın azərbaycanlının
məskunlaşdığı Latviyaya soydaşlarımız əsasən
Sovetlər Birliyi dövründə köçmüşlər.
II dünya müharibəsindən sonra elm, təhsil,
sosial-iqtisadi səbəblərlə Latviyaya yüzlərlə
azərbaycanlı miqrasiya etmişdir. 1991-ci ildə Sovetlər
Birliyinin dağılması Latviyada yaşayan
soydaşlarımızın diaspor hərəkatında fəal
iştirakına zəmin yaratdı. Latviyada yaşayan
soydaşlarımız milli-mədəni tədbirlərdə
bir yerə toplaşır, imkanları daxilində Vətənə
kömək və dəstək verməyin yollarını
müzakirə edirlər. İlk zamanlar Latviya rəsmilərinin
Azərbaycan diasporuna biganəliyi müşahidə olunurdusa,
son bir neçə ildə bu tendensiya müsbət istiqamətə
dəyişməkdədir. Latviya kütləvi informasiya vasitələrində
Azərbaycan və azərbaycanlılar barədə məlumatların
yayımlanması ənənəvi xarakter almağa
başlamışdır. Bu gün Latviyada bir neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət
göstərir. Bunlardan biri də "Azəri" Latviya Azərbaycanlıları
Cəmiyyətidir. "Azəri" Latviya Azərbaycanlıları
Cəmiyyəti 1988-ci ildə
Riqa şəhərində təsis edilmişdir."Azəri"
Latviya Azərbaycanlıları Cəmiyyəti bu ölkədə
yaşayan soydaşlarımızı öz ətrafında
birləşdirir. Cəmiyyət Azərbaycanın tarixi və
mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir, Azərbaycan və
Latviyanın bütün milli və
dövlət tarixi günlərini genişmiqyaslı tədbirlərlə qeyd edir. Cəmiyyət
yerli mətbuat, televiziya və radio ilə sıx əlaqələr
qurmuşdur. Cəmiyyət Azərbaycan və Latviya
uşaqlarına azərbaycanlıların doğma dil, tarix və
mədəniyyətini öyrədən “Bazar günü” məktəbi
təşkil edir. Azərbaycan mədəniyyəti və
tarixini Latviyada təbliğ etməklə Cəmiyyət milli
və etnik qrupların bu ölkənin mədəni həyatındakı
inkişafını, yerli əhali ilə
qarşılıqlı münasibətlərin
inteqrasiyasını dəstəkləyir.“Azəri” Latviya Azərbaycanlıları
Cəmiyyətinin sədri Ulduzhan Əhmədovdur.
“Azəri Vəhdət”
Azərbaycan Cəmiyyəti- Latviyadakı diaspor təşkilatlarımızdan
biri də “Azəri Vəhdət” Azərbaycan Cəmiyyətidir.
Cəmiyyət təkcə Azərbaycan ailələrini birləşdirmir.
Cəmiyyət bütün dövlət bayramlarında, əlamətdar
günlərdə, eləcə də 20 Yanvar, Xocalı faciəsi,
azərbaycanlıların soyqırımı tarixlərində müxtəlif tədbirlər
həyata keçirir. Cəmiyyət xalq diplomatiyası kimi məsul
missiyanı da üzərinə götürmüşdür.
Cəmiyyətin fəaliyyəti nəticəsində ölkələrimiz
arasında inkişaf edən mehriban qonşuluq münasibətləri
fonunda daha bir tarixi hadisə baş vermişdir. Riqanın
özünuidarə orqanı paytaxtda Azərbaycan-Latviya dostluq
parkının salınması üçün 3 hektar sahə
ayırmışdır.“Azəri Vəhdət” Azərbaycan Cəmiyyətinin sədri Əlirza Hüseynovdur.
Latviya-Azərbaycan Mədəniyyət
Assosiasiyası 1988-ci ildə Riqada yaradılmışdır.
Assosiasiyanın ətrafında əsasən ziyalılar
toplaşmışlar. Assosiasiya nəinki Azərbaycanda, eyni
zamanda kecmiş Sovet İttifaqının, Amerikanın,
İsveçin, Avstraliyanın və digər ölkələrin
azərbaycanlı icmaları ilə əlaqələr
yaratmışdır. Latviya televiziyası və radiosu, bir
çox latış yazıçıları, incəsənət
ustaları Assosiasiya ilə yaxından əməkdaşlıq
edirlər. Assosiasiyanın fəaliyyətində Azərbaycanda
gedən demokratik proseslər, ictimai-siyasi hadisələr, erməni
təcavüzkarlarının Azərbaycan torpağında
törətdikləri vəhşiliklər barədə həqiqətin
yayılması əsas yer tutur. Assosiasiyanın yaxından
iştirakı ilə Latviya Xalq Cəbhəsinin “Baltiyskoye
vremya” qəzeti 1992-ci ilin noyabrında bütövlükdə
xüsusi buraxılışını Azərbaycana həsr etmişdir. Latviya-Azərbaycan
Mədəniyyət Assosiasiyası Qarabağ hadisələrinin əsl mahiyyətini
açmaqla Latviya kütləvi informasiya vasitələrində
fəal təbliğat işləri aparır. Onun təşəbbüsü
ilə indiyə qədər yeddi latış jurnalisti
Qarabağın müharibə gedən bölgələrində
olmuş, bu barədə Latviya mətbuatında, radio və televiziyasında xeyli qiymətli
materiallar verilmişdir. Latviya-Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti Faiq Səfərovdur.
“Ocaq” Mədəniyyət Mərkəzi-Latviyadakı
“Ocaq” Mədəniyyət Mərkəzi 17 yanvar 2007-ci ildən
fəaliyyət göstərir. Mərkəz Azərbaycanda
demokratiyanın inkişafı sahəsində
qazanılmış uğurların, respublikamızın
iqtisadi inkişafının təbliğinə yönəlmiş
informasiya kampaniyası keçirir. Təşkilatın əsas
məqsədi Qarabağ münaqişəsi barədə,
Azərbaycanın zəngin tarixi və mədəni irsi
haqqında həqiqəti Latviya ictimaiyyətinə
çatdırmaqdır. Təşkilat hər il Latviya Seyminin
deputatlarının və jurnalistlərin iştirakı ilə
azərbaycanlıların soyqırımı gününə,
20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr
edilmiş aksiyalar kecirir. Latviyada yaşayan və təhsil alan
Azərbaycanlı Gənclər Cəmiyyəti bu təşkilatın
uğurlu işində mühüm rol oynayır. Bu cəmiyyət
gənclərdə vətənpərvərlik ruhunun güclənməsi,
milli-mənəvi dəyərlərin qorunub saxlanması
üzrə daim iş aparır. Latviyadakı azərbaycanlı
gənclər Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasını tamaşaya
qoymuşlar.“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi
yanında yaradılmış “Bazar günü” məktəbində
uşaqlara ana dili öyrədilir, onlara Azərbaycan ədəbiyyatı,
xalqımızın zəngin tarixi və mədəniyyəti,
milli musiqi və rəqslərimiz haqqında geniş məlumat
verilir. “Ocaq” Mədəniyyət Mərkəzinin rəhbəri
Roman Əliyevdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 26-27 iyun.- S.10.