Azərbaycan ordusu –
vətənpərvərliyin
poladlaşmış ifadəsi
26 İyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür
Uşaq ikən dinlədiyimiz nağıllarda həmişə
bir qəhrəman axtarardıq. Bizlərə
nağılları sevdirən də o qəhrəmanlardı.
Əgər o nağılların içərisində ruhumuzu
oxşayacaq qəhrəman yoxdursa, nənəmizə
ağız büzərdik. Hər kəs ölkəsini divlərin
əlindən qurtaran qəhrəman olmaq istərdi. Biz isə
burada nağıl danışmırıq.
O, həqiqətən
var. Reallıqdır. O hər zaman bizim arxamızdadır. Həqiqətən
də yurdumuzun ona ehtiyacı var. Torpaqlarımızda
düşmən səsləri kəsilmədikcə, Vətənə
qarşı borclu qalmaq psixologiyasına aşacağıq.
Ölüm zəncirinin bir həlqəsinə çevriləcəyik.
Lakin türk adamının bu düşüncəsi
varlığımızın mövcudluğunu
xatırladır hər birimizə. Biz varıq. Yurd sevgisi
türkün həyat amalıdır, ilk görməli
olduğu işdir. Vəzifədir. Borc deyil. Heç bir millət
Azərbaycan türkü qədər yurdu üçün
canından imtina etməyə hazır deyil. Etmir də. Lakin Azərbaycan
ordusu ərdməlikdir, böyük ürəkdir. Azərbaycan
ordusu – böyük bir millətin sinəsini qürur
duyğusu ilə qabardan şanlı addır. İçdən
sevinc yerimizdir. O Azərbaycan vətənpərvərliyinin
poladlaşmış ifadəsidir. Ordumuz
varlığımızın güvən dayağıdır.
Zəfərləri və keçmişi bəşər
tarixi ilə yaşıddır. O böyük bir millətin
işıqlı gələcəyini irəli daşıyan
mayakdır. Azərbaycan ordusu – burada Vətənə xəyanət
şübhəsi yoxdur. Şübhə yox ki, düşmənə
qan səddi çəkən insanlıq şanıdır.
Çünki böyük bir məmləkətin şan və
şərəfinə O cavabdehdir. Azərbaycan adamı
yalnız iki şeyə güvənir: Biri millətin qərarı,
digəri ən əlim və ən çətin şərtlər
daxilində dünyanın təqdirlərinə haqqı ilə
layiq olan ordusuna. Millət və məmləkətinin şərəfinə
dil uzadanların sözünü kəsmək Azərbaycan əsgərinin
könül borcudur. Bizi zəif hesab edənlərə güclü
olduğumuzu sübut edən də odur, onlardır. Əsgərimiz
torpağına əl uzadan düşməni yerində oturdan
İlahi qüvvədir. Ordunun başında ölümə
gedən, sevə-sevə qanını axıdan, bədənlərini
Vətən üçün parça-parça etməkdən
zövq alan əsgərlərimiz haqqında danışmaq gərəksizdir.
Çünki Vətənin müdafiəsi üçün
canlarını ölümə yalnız Azərbaycan əsgəri
apara bilər. “Candan şirin heç nə yoxdur” deyənlərə
Vətən sərhədində düşmənə bədənindən
keçilməz qala tikən Azərbaycan əsgəri örnəkdir.
Ordumuz üçün Vətəni qorumaq əmr yox, namus
işidir. Şanlı tarix yaratmış Azərbaycan həmişə
qarşısında düşmən ordularını
görüb. Güclünün düşməni həmişə
var. Ən çətin anlarında ordumuz güvən yerimiz
olub. Biz ordumuzun tarixdəki qalibiyyətlərilə həmişə
öyünə bilərik. O həmişə
arxasındakı millətin iradəsinə dayaq taparaq irəli
gedib. Ordumuzun qabağında çatılması zəruri
olan hədəflər var. Qətiliklə ən çətin
mərhələləri arxada qoyub işıqlı hədəflərimizə
çatacağıq. Bunun üçün Azərbaycan əsgərinə
bir “İRƏLİ!!!” əmri bəsdir. Millət də
ordusuna öz idealının qoruyucusu kimi baxır. Azərbaycan
ordusu mərdlik rəmzidir. Hünər, ona layiq rəqib
olmaqdır. Vətənimin əsgərləri poladdan heykəllərdir.
Onların kim olduqlarını bilmək üçün
onlarla döyüş meydanına boy ölçmək
lazımdır. Ordumuz min illərin yüksək dəyər,
qüvvət, qüdrət və məğlubedilməzlik əsəridir.
Dünya sevgilərindən ən müqəddəsi də Azərbaycan
əsgərinin Vətən sevgisidir. Heç bir Vətən
torpağı da əsgərini bu qədər sevmir. Hər zəfərin
mayası sənindir. Hər zəfərin ən böyük
payı sənindir. O qaçmaq nədir, qovmaq nədir bilməz.
Ordumuzun hər əsgəri düşmən üçün
Yanardağ mənzərəsidir. Bayramın mübarək,
qardaş əsgər!
Mənsur Rəğbətoğlu
Olaylar.-
2014.- 26-27 iyun.- S.8.