Son illərdə Azərbaycan diasporu
bir çox uğurlara imza atıb
Vüqar
Əhmədov: “Diasporumuzun formalaşmasında sanki bir yenilənmə
var”
Müasir
dövrümüzdə Azərbaycan diasporunun formalaşıb
inkişaf etməsində təkcə müvafiq qurumların
deyil, eləcə də bu sahə ilə məşğul olan
ayrı-ayrı qeyri-hökumət təşkilatlarının
rolu az deyil. Müntəzəm olaraq müxtəlif ölkələrə
səfərlər edən həmin təşkilat nümayəndələri
təmasda olduqları insanlarla söhbətlərində Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ probleminin əsl
mahiyyəti, eləcə də Xocalı soyqırımı
barədə xarici ölkələrdən olan həmkarlarında
dolğun və ətraflı məlumat yaradır, onları Azərbaycanın
haqq işi uğrunda mübarizəyə cəlb edirlər. Bu
sahədə fəaliyyət göstərən təşkilatlardan
biri də Azərbaycan-Amerika Gəncləri İctimai
Birliyidir. İctimai Birliyin sədri Vüqar Əhmədov
“OLAYLAR”-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın
Azərbaycanın təbliği istiqamətində
qarşısında duran yeni vəzifələri barədə
danışıb. O, Azərbaycan diasporunun mövcud durumu, gənclərin
bu sahəyə olan marağı, eləcə də diaspor təşkilatlarının
gənclərin potensialından nə dərəcədə
istifadə edib-etmədiyi məsələsinə də
aydınlıq gətirib.
-Vüqar
müəllim, rəhbərlik etdiyiniz Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyi (AAYSA) olaraq müntəzəm şəkildə
Azərbaycanın təbliği ilə bağlı müxtəlif
ölkələrdə tədbirlər keçirirsiniz.
Yaxın vaxtlar üçün belə layihələr, tədbirlər
gözlənilirmi?
-Bu yaxınlarda baş tutan belə bir beynəlxalq tədbir
kimi Türkiyənin İstanbul şəhərində
keçirilən Qara Dəniz Ölkələri Gənc Liderlərinin
Forumunu qeyd etmək olar. Məlumat üçün qeyd edim ki,
birinci Forum 2013-cü ildə Bakıda keçirilmişdir.
Bakıdan sonra növbəti toplantının qardaş ölkə
Türkiyədə keçirilməsi qərara
alınmışdı. Dünyanın müxtəlif ölkələrindən
olan 25 nəfər gəncin bir araya gələrək bölgədə
gənclərin əməkdaşlığının
genişləndirilməsi ətrafında apardığı
müzakirələr əsas məqsədlərdən hesab
olunurdu. Forum Xocalı soyqırımının
ildönümünə təsadüf etdiyindən toplantı
öz işinə Xocalıda həlak olan insanların xatirəsini
bir dəqiqəlik sükutla yad olunması ilə
başladı. Daha sonra Forumun ilk sessiyası zamanı
“Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasının təqdimatı
keçirildi. Deyərdim ki, ilk dəfədir beynəlxalq
platformada biz Xocalıya ədalət təqdimatına nail
olduq. Bu qəbildən olan tədbirləri bu il dünyanın
müxtəlif ölkələrində, o cümlədən
Birləşmiş Ştatlarda da davam etdirəcəyik.
Qarabağ münaqişəsi, Xocalı soyqırımı,
Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə
çatdırmaq üçün bundan sonra da fəaliyyətimizi
davam etdirəcəyik.
-Xarici
ölkələrə səfərləriniz zamanı həmin
ölkələrdəki Azərbaycan diasporunun vəziyyəti
ilə tanış olursunuzmu və təssüratlarınız
necədir?
-Son illərdə xaricdəki Azərbaycan diasporu bir
çox uğurlara imza atıb. Deyərdim ki, diasporumuzun
formalaşmasında sanki bir yenilənmə var. Bura da mən
daha çox diaspora hərəkatına yeni qoşulan xaricdə
yaşayan və təhsil alan gənclərimizi, yeni yaranan təşkilatların
rolunu aid etmək istəyirəm. İstər Xocalı
soyqırımı, istər Qarabağ həqiqətləri,
istərsə də Azərbaycan mədəniyyətinin və
incəsənətinin təbliği ilə bağlı hər
il onlarla yadda qalan tədbirlər, aksiyalar və
görüşlər keçirilir. Təbii ki, bu fəaliyyətlər
öz-özlüyündə Azərbaycanın müsbət təbliği
və qarşılaşdığımız işğal
faktları haqqında dünya ictimaiyyətini məlumatlandırmaq
yönündə atılan mühüm addımlardı. Lakin,
burada məni narahat edən digər məsələ odur ki,
heç də xaricə təhsil və
çalışmağa gedən gənclərimizin
hamısı orada müsbət fəaliyyətlə məşğul
olmurlar. Getdikləri ölkədə Azərbaycandakı
problemləri siyasiləşdirərək özlərinə
nüfuz qazanmağa çalışırlar. Lakin bir məsələni
unudurlar ki, bu hərəkətləri onlara nə
yaşadıqları cəmiyyətdə, nə də öz
ölkələrində hörmət gətirməyəcək.
Mən daha çox bizim diasporumuza yaşadıqları ölkələrin
cəmiyyətlərinə dərindən nüfuzetməyə,
orada lazımlı peşəkar bir mütəxəssisə
çevrilmələrini tövsiyyə edərdim. Belə olan
halda onlar yeri gələndə Azərbaycanın milli
maraqlarını daha çox müdafiə edə bilərlər.
Təbii ki, bu illərlə zəhmət tələb edir. Məncə
elə lobbiçilik ənənəsini yaratmaq
üçün illərlə məqsədyönlü şəkildə
çalışmaq lazımdır. Lakin eyni zamanda
yaşadıqları ölkələrin cəmiyyətlərinə
dərindən nüfuz edərək öz milli kimliyini
unutmamaq ən vacib məsələdi. Bunu hər zaman
yaşatmaq və milli kimliyini qoruyaraq yaşadıqları cəmiyyətin
bərabər hüquqlu üzvünə çevrilmək
olar. Digər toxunmaq istədiyim məsələ xaricdə
yaşayan diaspora və Azərbaycanda fəaliyyət göstərən,
ölkəmizin təbliği işində çalışan
təşkilatlar arasındakı fikir ayrılığı
ilə bağlıdır ki, bu da məni narahat etməyə
bilmir. Təbii ki, xaricdə yaşayan diasporanın ölkəmizi
layiqincə təmsil etmək üzərinə düşən
ən vacib vəzifəsidir. Lakin bununla yanaşı xarici
ölkələrə Azərbaycanı təbliğ etmək
üçün gələn təşkilatlara və şəxslərə
də diaspora hər zaman dəstək olmalıdı, onlarla
sıx əməkdaşlıq etməlidi.
-Bəs
diaspor təşkilatları xarici ölkələrdə təhsil
alan gənclərin potensialından istifadə edirlərmi?
-Hesab edirəm ki, bu gün xaricdə təhsil alan gənclər
artıq özləri çox effektiv şəkildə təşkilatlanırlar
və onların təşəbbüsləri ilə
dünyanın müxtəlif ölkələrində Azərbaycan
cəmiyyətləri yaranır. Azərbaycan gənclərinin
və tələbələrinin diasporaya qoşulması
açıqcası bu hərəkata yeni nəfəs gətirdi.
Xarici dilləri bilən, müasir informasiya kommunikasiya vasitələrindən
effektiv istifadə edə bilən, dünyanın ən
aparıcı universitetlərində təhsil almış gənclərin
istər akademik dairələrdə, istərsə də
ictimai-siyasi məkanda apardığı təbliğatın əminəm
ki, müsbət nəticılərini hələ on illiklərdən
sonra da hiss edəcəyik. Əsas məsələ bu şəbəkələşmənin
davamlı olması və əməkdaşlığın
gücləndirilməsidir. Gənclərin diaspora hərəkatına
qoşulmağının digər üstünlüyü ondan
ibarətdir ki, onların yaşadıqları cəmiyyətin
yeni üzvü olaraq oraya inteqrasiya olmağa və yeni nəsil
kimi gələcəkdə orada yaşamağa şansları
var. Bu isə onlara gələcəkdə
yaşadıqları ölkənin bərabərhüquqlu
üzvü olmağa və Azərbaycanın təbliğində
yaxından iştirak etməyə imkan verir.
-Ümumiyyətlə,
gənclər diaspor hərəkatında nə dərəcədə
fəaldırlar?
-Əvvəlki illərlə müqayisədə bu
gün demək olar ki, gənclər diaspor hərəkatında
daha da fəallaşıblar. Xaricdə təhsil alan gənclərin
dövlət proqramının qəbulu, eyni zamanda xaricdə təhsil
alan Azərbaycanlı gənclər təşkilatlarının
fəaliyyətinin gücləndirilməsi gənclərdə
diaspora hərəkatına marağı artırıb. Digər
tərəfdən Azərbaycan gəncliyi dövlət
proqramı və digər proqramlar bu gün gənclərin
diaspor hərəkatında və xaricdə Azərbaycanın
təbliğ olunması istiqamətində atdığı
addımlara dəstək verir. Bütün bu tədbirlər və
təşəbbüslər gəncləri diaspora işinə
daha da həvəsləndirir və əlavə stimul verir.
-Bu
günlərdə Xocalı soyqırımının 22-ci
ildönümü qeyd edilir. 22 il ötməsinə baxmayaraq hələ
də bu faciəni dünyada tam mənada tanıda bilməmişik.
Siz konkret hansı təkliflər irəli sürərdiniz ki,
həmin addımları atmaqla soyqırımı tanıtmaq
istiqamətində daha ciddi irəliləyiş əldə etmək
olar?
-Xocalı faciəsindən 22 il ötsə
də, bu faciənin tanıdılması üçün fəal
beynəlxalq kampaniya son 5-6 ildə güclənib. Təbii ki,
burada Azərbaycan dövlətinin dəstəyi və iradəsi
müstəsna rol oynayır. Lakin gənclər və tələbələr,
qeyri-hökumət təşkilatları da bu prosesdə fəal
olmalıdır. Bizim Xocalı soyqırımını
tanıtdırmaq üçün daha çox
şansımız var, Belə ki, bu ən yaxın tarixdə
baş verən hadisədir. Burada əsas məsələ
lobbi qrupları ilə ünvanlı işləmək,
müntəzəm şəkildə Avropa və Birləşmiş
Ştatlar parlamentlərində, eyni zamanda beynəlxalq təşkilatlarda
Xocalı soyqırımını gündəmə gətirməkdir.
Biz nail olmalıyıq ki, hər il dünyanın nüfuzlu
siyasətçiləri, dövlət
başçıları və beynəlxalq təşkilatları
Xocalı ilə bağlı müraciətlər etsinlər.
Soyqırımla bağlı bu gün kifayət qədər
fotofaktlar və dəlillər var. Ermənilər də bu fakt
qarşısında aciz qalıb söz tapa bilmirlər. Hesab edirəm
ki, soyqırımın tanıtımı istiqamətində səylərimizi
artırmalıyıq. Gec və ya tez bu sahədə real nəticələr
əldə olunacaq.
-Bu
gün Azərbaycan diasporu yeni imkanlar, taktiki gedişlərdən,
hücum taktikasından tam istifadə edirmi?
-Bu istiqamətdə deyərdim ki, işləri bir qədər
surətləndirmək çox vacibdi. Bizim müdafiədən
çox hücuma daha çox əsasımız var.
Torpaqlarımız hələ də işğal
altındadır, Bizə qarşı ermənilərin törətdikləri
vəhşiliyi sübut edən faktlar var. Ermənilər
artıq psixoloji, siyasi və diplomatik müstəvidə
uduzduqlarının fərqindədirlər. İndiki məqamda
biz hücum taktikasını daha da gücləndirməliyik.Yalnız
ildönümlərində deyil, hər ay müxtəlif tədbirlər
və təşəbbüslərlə çıxış
etmək lazımdı. Düşünürəm ki, Azərbaycan
dövləti də bu istiqamətdə olan təşəbbüslərə
maddi və mənəvi dəstəyini artırmalıdı.
Azərbaycan tərəfi Ermənistandan qat-qat güclü tərəfdi.
Bu gücü daha çox nümayiş etdirmək
üçün diplomatik və beynəlxalq səviyyədə
hücum taktikasını artırmalıyıq. Ermənilər
bütün sahələrdə və səviyyələrdə
təzyiqləri gündəlik hiss etməlidi. Bunun
üçün artıq Azərbaycanda həm mütəxəssis
potensialı var, həm də sözümüzü deyə
biləcək gənclər və diaspora fəalları
mövcuddur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 1-3 mart.- S.15.